Şou-biznes

Google-dakı Səidə Dadaşova, Familin Şəbişi, "Rəqsanə pəhrizi", Təranəyə eşq elanı - HƏFTƏBECƏR

13 İyun 2016 09:15
37 Şərh     Baxış: 7 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (80-ci say) təqdim edir.

Zarafat-zarafat gəldik çıxdıq 80-ci həftəyə. Manıs tayfasının səkkiz günə evlənib, səkkiz günə boşandığı bir dövrdə səksən həftə oxunduğum üçün hər birinizə səmimi təşəkkürlərim var. Qulpqoyan dayı da hamınıza salam söyləyir.

"Eurovision"da təmsilçilərimizə nə verirlərsə, başlayırlar soyunmağa. Bu dəfə Dilarə çimərlik geyimində fotosessiya elətdirib. Səidə Dadaşova da sosial şəbəkədə yazıb ki, Azərbaycan xanımına belə geyimlər yaraşmır.

"Sənətçidir, gedib çimərlikdə yox, lüt fotosessiya etdirsin. Bəsdirin, sənət adamı işiylə, səsiylə fərqlənsin. Hamı bunu edə bilər. Görmüşük ki, sənət adamı örnək olar: geyimi, səsi, özünü aparmağı ilə... Bu ən sadə yola əl atıb..."

Əgər kimin imkanı varsa, Səidə Dadaşova yazıb Google-da axtarış versin. Təxminən 4-5 il öncəyə aid "allı-güllü" fotolar çıxacaq. Dilarənin yaşını bilmirəm, amma onda Səidənin öz yaşı 30-u keçmişdi. Əslində, Dadaşovanın tənqidində qəbahətli bir şey yoxdur. Qəbahətli olan odur ki, özü çox da uzaq olmayan keçmişdə yetərincə açıq fotolar çəkdirib. Bəlkə özünün də yadından çıxıb. Amma internet adamın üzünü qaraldan şeydi, nə paylaşırsansa, illər sonra şahid qismində qabağına çıxır.

Xəbəriniz olsun ki, Famil Şəbişi sevir və heç vaxt da atmayacaq. Famil Şəbiş ilə rəsmi nikahdadır. Özü də illərdir bir yerdədirlər. Elə bilirsiniz zarafat edirəm? Müğənni Şəbnəm Tovuzlu müsahibəsində belə deyib. Sevgi dastanları sırasına Namiq və Aygün, Leyli və Məcnun, Samir Bağırov və Samiraldo, Əsli və Kərəmdən sonra Şəbiş və Famil də əlavə olundu. Gözünüz aydın olsun!

"Stefano Riççi" söhbətinin qəhrəmanı olan müğənni son günlər sosial şəbəkədə yazdığı təhqirlərə cavab verib. Öz aləmində üzrxahlıq edib. Amma üzrü günahından betər olub.

"Kütlə şəklində danışmaq başqadır, fərd başqa. Mən sosial şəbəkədə bir nəfərə sözümü yazmışam. Niyə hamı üzərinə götürür? Xalqla nə işim var? Mən xalqdan dolanıram, bu ölkənin bir nümayəndəsiyəm. Millətimi təhqir etmək fikrim olmayıb, etməmişəm də. Mən hay-küylü müğənniyəm. Hansı verilişə çıxsam, nə desəm, səs-küy yaradır. Məndən inciməsinlər, amma təhqir dolu şərhləri yazanlar bekar adamlardır. İşləri yoxdur, bütün günü oturub, kiməsə nəsə yazırlar".

Jurnalist etikasını və digər məsələləri nəzərə alıb, bura yazmaq istədiklərimi ürəyimdən keçirirəm. Başa düşürəm, indi bir çoxlarınız da mən düşündüklərimizi düşünürsünüz. Amma və lakin şəxsiyyət vəsiqəsi və şəxsiyyəti olan hər kəs anlamalıdır ki, heç bir fərdi təhqir etmək olmaz. Xüsusən də o şəxs sənə təhqir yazmayıbsa. Məsələn, "Həftəbecər"ə kimsə yazır ki, bu həftə yazdıqlarınızın yeri yoxdur. Və dəfələrlə belə yazanlar olub. Sizcə, mən onu təhqir etməliyəm? Əlbəttə, YOX! Yaxud kimsə yazır ki, sizinlə eyni rayondanam, amma sizi bəyənmirəm. Sonrasını özünüz bilirsiniz.

Prodüser Təranə Səmədovaya üç ayrı-ayrı xanım sevgi təklifi edib. Deyirəm, Allah o "qeyrətdən" bir az da qırmızı şalvar geyinən o gədələr var ha, şou aləmindəkiləri deyirəm, bax onlara verəydi.

Samiraldonun canı yanmasın, erkəkdi, erkək. Hansı qızın yanından keçirsə, adına söz çıxardırlar. O gün də gecə klublarının birində müğənni Mətanət Əsədovayla rəqs edəndə görüntülənib. Bax indi bundan sonra kim cürət edib Mətanətə yaxın dura bilər? Samiraldo atları sürər həmin adamın üstünə. Hə, o Samiraldonu görüb "özlərini itirən" atları deyirəm.

Bunu yazmağım bəlkə də doğru deyil. Amma son 3 ayda "Rəqsanə pəhrizi" və idman sayəsində 93 kilodan 88 kiloya düşmüşəm. Rəqsanənin verdiyi açıqlamaları oxuyursunuz, ardınca 500 metr piyada yeriyirsiniz, daha sonra 1 kilometr orta sürətlə qaçırsınız. "Rəqsanə pəhrizi" üçün ilk günün reseptini təqdim edirəm:
"Pulqabımda azı 1000 manat olmasa, depressiyaya düşürəm. Tez-tez depressiyaya düşmürəm. Düşəndə də çətin çıxıram. Məsələn, məni pulumun azlığı depressiyaya sala bilər, pulum kasad olsa, ölərəm. Mənim pulqabımda ən azı 1000 manat olmalıdır, yoxsa həmin gün depressiyaya düşürəm. Bu, məndən asılı deyil. Həqiqətən, beləyəm... 37 yaşıma keçmişəm, bu yaşıma qədər heç kim tərəfindən atılmamışam. Ancaq kimisə mən təpik vurub atmışam. Məndən ayrılmaq mümkün deyil. Gedənlərim hamısı yalvarıblar"

Maraqlıdır, Rəqsanə müğənni olana qədər min manatı bir yerdə görmüşdümü? Əgər görməmişdisə, bəs niyə bu yaşına qədər sağdır? Axı pulu az olanda ölə bilər. Hə, bir də bu məqam diqqətimi çəkdi. Deyir ki, bu yaşıma qədər heç kim tərəfindən atılmamışam, amma kimisə mən təpik vurub atmışam. Rəqsanə xanım, bədənində təpiyinizin izi olan şəxslərin sayını açıqlaya bilərsinizmi? Amma elə rəqəm deyin ki, sonra ordan-burdan mənə yazmasınlar ki, qardaş, o "təpik izindən" məndə də var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.