Şou-biznes

Rəşad İlyasov: "Mən gec-gec çıxmıram, başqaları tez-tez çıxır"

5 İyun 2016 20:28
5 Şərh     Baxış: 1 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaqlar üçün təşkil edilən moda gecəsinə qatılan müğənni Rəşad İlyasov vusavat.com-a müsahibə verib.

Milli.Az həmin müsahibəni təqdim edir:

- Uzun müddət fasilədən sonra "Qanuni-musiqilər" adlı konsert proqramı ilə çıxış etdiniz.  Yenidən konsert vermək barədə düşünürsünüz?

- Konsert gözəl keçdi, mahnıları akustik versiyada ifa etdim. Bu versiyaları çox sevirəm. Ondan sonra yeni təkliflər aldım, konsertlər verdim. Sadəcə olaraq mətbuata bu haqda məlumat vermədim. Konsert vermək sənətçini inkişaf etdirir, iki saat yarım canlı oxumaq məsuliyyət tələb edir. Bunlar sıradan gecələr deyil, musiqimizə töhfədir.  Qanuni musiqi gecələrində insanlar gözəl təamlardan daddıqdan sonra konsert başlayır, çəngəl-bıçağın səsi mahnını öldürmür. Konsert boyu tamaşaçılarla gözəl ünsiyyət qururam. Sənətkarlardan öyrənmişəm ki, səhnə baryerlərini qırmaq lazımdır, qonaqlara qarşı səmimi olmalısan. Bu yay da konsert verəcəyəm, bu barədə geniş danışmaq istəmirəm. Müəyyən detallar var ki, onların həllini gözləyirəm, sıradan tədbir etməmək üçün çalışıram.

- Televiziyaya gec-gec çıxmağınızın səbəbi nədir?

- Mən televiziyaya gec-gec çıxmıram, başqaları tez-tez çıxır. Lazım olsa da, olmasa da, efirdədirlər. Yaxşı işi olmayan sənətçi verilişdə qonaq olmamalıdır. Bizdə monotonluq var, mən də monotonluqdan qaçıram.  Yeni sənətə addımlayanda bir çox mahnı oxudum, sonra gördüm ki, bəstəkarlar həmin mövzu da mahnılar təklif edir. O zaman Tarkan belə özünü təkrarlayırdı, "Şımarık", "Şıkıdım", "Kuzu-kuzu" kimi mahnılar oxuyurdu. Mən sənətimə fərqli aspektlərdən baxıram. AZTV-də yeni "Yaradanlar və yaşadanlar" adlı proqram var, rəhbərlik belə qərar verdi ki, proqramın aparıcısı mən olmalıyam. Deyilənə görə, layihə uğurlu alınır. Gələcəkdə hegemon sənətkarların musiqilərinə də, filmlərimizdə səsləndirilən mahnılara da  müraciət edəcəyik. Azərbaycan musiqisini daha doğru çatdırmağa çalışırıq. Mən televiziya işçilərimizə çox əsəbiləşirəm. Kadr arxası fon musiqilərində əcnəbi mahnılardan istifadə edirlər. Əgər ehtiyac varsa, istifadə edin, yoxsa hər kadrı əcnəbi mahnı ilə təqdim etmək doğru deyil. Xarici ölkələrdə bizim musiqini zövq ala-ala dinləyirlər. Bizim  istedadlı ifaçılarımız çoxdur. Radioları televiziyalardan daha çox önəmsəyirəm, çünki onlar doğru strategiya tutublar, televiziyalarımız isə yox.  Bəzi telekanallar elə veriliş edirlər ki, sanki bina tikmisən, pəncərəsi sarı, qapısı yaşıldır, avanqard, klassik üslublar bir-birinə qarışıb.  Bəzi musiqili veriliş aparanların musiqidən anlayışı yoxdur. Bu hal məni narahat edir.

- Siz mədəniyyət proqramı təqdim edirsiniz. Lakin hazırda  maqazin xarakterli proqramlar reytinqlidir. Bu sizi narahat etmir?

-  Mən o fikirlə razı deyiləm. İnsana nəyi verirsənsə, onu da qəbul edir. Şou proqramlar reytinq toplaya bilər, mənə də sevdiyim ifaçının şəxsi həyatı maraqlıdır, amma  gözəl musiqi hər zaman öndədir. Insanlar onlara təqdim edilənə baxırlar.

- O zaman sözü gedən verilişlərin reytinqli olmasında tamaşaçı günahkar deyil, televiziyalar onlar bu verilişlərə baxmaq məcburiyyətində qoyur?

- Hər iki tərəf günahkardır. Televiziyalar özləri bu işi tənzimləməlidir. Türkiyədə artıq televiziyalara ciddi nəzarət var. Mən də sərbəstliyi sevirəm, amma hər şeyin həddi var. Mən konsertlərimdə sərbəst oluramsa, bu o demək deyil ki, hər şeyi özbaşınalıq həddinə çatdırmalıyam. Televiziyaların işi insanları maarifləndirmək, onların zövqünü oxşamaqdır. Bizdə isə çox vaxt bu amil unudulur.

- İllərdir ki, sənətdəsiniz, lakin fəxri adınız yoxdur. Bir neçə sənətçimiz Azərbaycanda deyil, Dağıstanda fəxri ad aldılar. Başqa ölkədən fəxri ad almağa münasibətiniz necədir?

- Bu pis hal deyil. Dağıstanda bizim sənətçilərə maraq göstərirlər, onların musiqilərini sevirlərsə, bu əladır. Mən yeni sənətə gələndə Nisə Qasımova ilə çalışırdım. Dərbənddə konsert proqramı ilə çıxış etdik. Nisə xanımı maşına minməyə qoymurdular.  Nəsibə Abdullayeva mənim müsahibim olmuşdu, ondan soruşdum ki,  Orta Asiyadan Azərbaycan musiqiçiləri necə görünür? Dedi ki,  onlar Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə və Nisə  Qasımovanı görürlər. Azərbaycan musiqisi deyəndə adı çəkilən musiqiçiləri xatırlayırlar.

Müğənnilərimiz Türkiyə şou-biznesinə qatılmağa can atırlar, lakin çoxları  orada qəbul olunmur. Sizcə, bunun səbəbi nədir?

- Türkiyədə yaradıcılığını davam etdirən özbək müğənni Yıldız Usmanova var, onu qardaş ölkədə çox sevirlər. Heç kim inciməsin, neçə ildir ki, Türkiyəyə gedirlər, gözəl çıxışlar, performanslar sərgiləyirlər, amma Yıldız qədər partlada bilmirlər. Türk tamaşaçısını ram etmək lazımdır. Türklərin Zeynəb Xanlarovaya, Rəşid Behbudova böyük sevgisi var.  Röyanın, Aygünün, Brilliantın çıxışlarını çox bəyənirəm, lakin Yıldız Usmanovanın çıxışlarına baxanda daha doğru strategiya tutduğu görünür.

- İlhamə Quliyeva ilə sizin "Yaşın nə fərqi var" duetiniz olmuşdu.  İlhamə xanım vəfat etdikdən sonra  bir çox müğənnilər onun mahnılarına müraciət etdilər. Siz də İlhamə xanımın mahnılarını oxumaq barədə düşünürsünüz?

- Mən İlhamə xanımın sağlığında onunla duet oxumuşam. O vaxtlar onunla duet oxumaq üçün İlhamə xanıma brilliantlar təqdim etdilər, amma heç biri ilə oxumadı. Onun mahnısını oxumaları pis hal deyil, lakin İlhamə xanım duet məsələsində çox həssas idi. Mənimlə duet oxumaq istəyini bildirəndə şoka düşdüm. Görürsünüz, musiqi, sözlər yerində olanda quşu gözündən vurmaq olur. Bu bizdə alındı.

İlhamə xanımın mahnılarını oxuyanlara gəldikdə isə deyə bilərəm ki, oxusunlar, amma unutmasınlar ki,  bəzi mahnılara toxunmaq olmaz.  Zeynəb Xanlarova bir dəfə müsahibəsində demişdi ki, Cahangir Cahangirovun "Ana" mahnısını oxumaq istəyib, lakin anlayıb ki, Rəşid Behbudovdan sonra o mahnıya toxunmaq olmaz.  Görün, necə  gözəl yanaşmadır. Bizim üçün səhnə repertuar seçimindən başlayır, oxuduqlarımıza diqqət etməliyik.

- Moda gecəsində modelyerlərə etirazınızı bildirdiniz ki, geyimlərdə bayrağımızdan istifadə etməsinlər. Bəzi sənətçilər də bayrağı geyim, aksessuar kimi istifadə edir.

- Bayrağa həssas yanaşıram. Vətənpərvərlik imic deyil, o hər bir insanda olmalıdır. Vətənpərvərliyi imic kimi istifadə edən ifaçılarımız da var, süni danışıb, süni gülürlər. Onlara baxanda ətim tökülür, amma arıqlamıram.  Hər vətəndaş öz ölkəsini, millətini sevməlidir. Xüsusilə biz azərbaycanlılar vətənimizə sahib çıxmalıyıq. Vətənini sevən milləti başqa millətlər də sevir. Yadımdadır ki, Türkiyəyə dünya ulduzu gəlmişdi, həmin gün Ajda Pekkan da konsert verirdi. Proqramda ikisi barədə də anons verdilər, sonra vaxt az olduğu üçün aparıcılar bildirdilər ki, bir sənətçi barədə süjet verə bilərlər. Onlar öz müğənnilərini seçdilər və Ajda barədə süjet efirə getdi. Bizdə əcnəbi sənətçi barədə 8, öz müğənnimiz barədə isə 2 dəqiqə süjet verirlər. Halbuki, onlar müsahibədə vermirlər, jurnalistin mikrofonunu itələyir. Hətta o anı da efirdə göstərirlər. Ayıbdır. Mətbuat 4-cü hakimiyyətdir, özünü ucuz tutmamalıdır. Mən hazırda mətbuat işçisi kimi danışıram, anam 40 ilin jurnalistidir, özüm də veriliş təqdim edirəm.

- Son zamanlar geyim tərziniz dəyişib, rəngarəng geyimlərə üstünlük verirsiniz. Geyimlərinizi kim seçir?

- Geyimlərimi xanımım seçir. Tikişi də bacarır, lakin həkim olduğu üçün vaxtı olmur. Sadəcə rəngləri, formaları seçir. Onun geyim zövqünə inanıram.

- Həyat yoldaşınızdan başqa hansı məsləhətləri alırsınız?

- İnsan zövqlüdürsə, hər sahəyə xitab edər. Əvvəllər mahnılarımı anama, indi isə xanımıma dinlədirəm. Rus təhsilli insandır, Avropaya açılımı güclüdür, əcnəbi musiqinin gözəlliyini o mənə göstərir. İkimizin fikirləri bir araya gələndə əla iş ortaya çıxır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.