Şou-biznes

İyirmi manatlıq jurnalist, Hürrəm Elza, bakılı Doğuş, Pərvazın Vasifə "ilişməyi" - HƏFTƏBECƏR

6 İyun 2016 09:15
9 Şərh     Baxış: 4 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (79-cu say) təqdim edir.

Müğənni-bəstəkar Rəhim Rəhimlini, yəqin ki, sosial şəbəkələrdə görəniniz olmayıb. Heç mən də rast gəlməmişəm. Demə, başqa səbəb varmış. Sənətçi insanların aqressiv davranışını görəndə şok olurmuş. Ən çox da sənətçilərə yazılan təhqirlərə məəttəl qalırmış: "Hansısa əcnəbi müğənni konsertində maykasını çıxaranda normal baxırlar, amma bizimkilər adi bir şou göstərəndə təhqir edirlər. Niyə, mənimlə nə düşmənçiliyin var?"

Əslində, Rəhimin dediklərində həqiqət var. Düzdür, insanlar son zamanlar bir xeyli aqressivləşiblər. Xüsusən də çal-çağır əhlinə qarşı. Bu da səbəbsiz deyil. Məsələn, Vasif Məhərrəmlinin tamaşaçısına sözlə ifadəsi mümkün olmayan münasibətini görən insan istər-istəməz Rəhimə qarşı da aqressivləşir, Əhmədə qarşı da, Məmmədə qarşı da. Necə ki, jurnalistikada oxşar durum yaşanır. Bir "baş redaktordan" və bir noutbukdan ibarət "saytlar" da mətbuatdır, ciddi mətbu orqanları da. Belə olan halda düşüncə formalaşır ki, bütün saytlar bir nəfərdən ibarətdir, istənilən yazını istənilən saytdan iyirmi manata çıxartdırmaq olar. Dolayısıyla Rəhimin dedikləri nə qədər haqlıdırsa, bu cür münasibətin yaranmasında Vasif kimi həmkarları bir o qədər təqsirkardır.

Elza Seyidcahanı heç bilirsiniz Türkiyədə kimə bənzədiblər? İbrahim Tatlısəsə? Yooox! Bülent Ersoya? O da yox! Hürrəm Sultana! Hürrəm kimi, hətta ondan da hökmlüymüş, özü deyib e. Sonra da toy mahnıları yazmadığı üçün sevindiyini dilə gətirib: "Yazdığım əsərlərin, etdiyim layihələrin təşəkkürünü, bərəkətini görəndə sevinirəm. Şükür edirəm ki, nə yaxşı, toy mahnıları yazmamışam".

Elza xanımın müğənniliyi mənimçün qətiyyən maraqlı deyil. Deyərdim ki, "Gupguplar" şeiri oxumağını xeyli üstələyir. Oxumaq isə ən yaxşı halda gündəmdə qalmaq üçün vasitədir. Ancaq bəstələri, xüsusən də bəzi əsərləri möhtəşəmdir. İntəhası, toy üçün mahnı yazmadığına sevinməyi anlaşılan deyil. Nöşün ki, onun "Toy adamları" adlı bəstəsi var. Həm də ki toy mahnısı yazmaq qəbahət deyil. Sadəcə, daha üst səviyyədə bəstəkar olmaq yetərlidir. Bilməyənlər üçün deyim ki, Fikrət Əmirovdan Tofiq Quliyevə qədər bir çox sənətkarlarımız toy mahnıları yazıblar.

Doğuş deyib ki, mən bakılıyam. Ona zarafatca deyiblər ki, adam haradan evlənirsə, oralı olur. Yəqin ona görə bakılı olduğunu düşünüb. Məni qınamayın, deyəsən, Doğuş Xoşqədəmi bakılı qız bilir ha. Statistika həvəskarları üçün deyim ki, sənətçi 60 faiz bakılıdır. Qalan qırx faizin haralı olduğu haqda, hələ ki, dəqiq məlumat yoxdur.

Gənc xanəndə Pərvaz İbrahimlini mən tanıyanda onun 11 yaşı vardı. İlk muğam müsabiqəsinin yaddaqalan laureatlarından idi. İndi gedib "Stefano Ricci"nin qabağında şəkil çəkdirib, smayliklərlə paylaşıb. Ayə, sən kimə gəlirsən? Guya camaat bilmir ki, Vasif Məhərrəmliyə "ilişirsən"? Bax sabah səni duelə çağırsa, deyəcəksən ki, mətbuat elədi.

Milli komandamızın və Bakı "İnter"inin futbolçusu Pərdis Fərcad Azad Almaniyanın məşhur modeliylə dörd il əvvəl nə hoqqadan çıxıbsa, iş gedib Berlin Məhkəməsinə qədər çıxıb. İndi Pərdisin bu əməlini azərbaycanlıların almanlara soyqırımı kimi qiymətləndirsələr, nağaracuğaaa?

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.