Şou-biznes

"Pul vermədim, verilişdə mənə "bayağı müğənni" dedi" - FOTO

3 İyun 2016 11:19
21 Şərh     Baxış: 5 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az müğənni Talıb Talenin qafqazinfo-ya müsahibəsini təqdim edir:

- İfa etdiyiniz "Bilirsən ki" mahnısı sosial şəbəkələrdə fenomenə çevrilib, hətta "Youtube"da baxış sayı 7 milyona yaxınlaşır...

- Bu, ürəkdən gələn bir mahnıdır. Süni musiqi parçası deyil, bu səbəbdən bəstə və sözlər tamaşaçının ürəyinə yatıb. Bir məsələ də var ki, klip də uğurlu alınıb, musiqi ilə vəhdət təşkil edib. Klip mahnını yaşadır.

- "Youtube"dan baxış sayına görə qonorar alırsız?

- Aylıq maaş kimi pul alıram. Orta hesabla məbləğ qalxıb-enir, 700-800 dollar gəlir əldə edirəm. Elə olur ki, 1000 manatdan çox qonorar götürürəm. Yeni videolar yerləşdirdikcə məbləğ də artır. Ümumi rəsmi kanalımda 25 milyondan çox baxış sayı var. Ən çox "Bilirsən ki" mahnısına görə maaş alıram. Maraqlısı da odur ki, mahnıya hər gün ən azı 20 min insan baxır. Fanat kütləsi var ki, göstəricilər yüksək səviyyədədir. Çoxları bunu qəbul etmək istəmir. Sosial şəbəkələrdə, "youtube"da yazırlar ki, baxış sayı saxtadır. Saxtakarlıq qeyri-mümkündür. Orada elə bir sistem qurulub ki, bütün nəticələr şəffaf şəkildə göstərilir.

- Sizi bir müğənni kimi qəbul etməyənlər də var...

- O dəfə verilişlərdən birinin qonağı olmuşdum. Çox əsəbləşdim, məni belə təqdim edəcəklərini bilsəydim, getməzdim. Yeni bir müğənni fəaliyyətə başlayanda nə etməlidir? Pul verib mahnı almalı, aranjman etməli, efirə çıxmalıdır. Mən bunları etmədən məşhurlaşmışam. Bu səbəbdən həmin sahədə işləyən insanları qıcıqlandırıram. Həmin verilişdə məni "bayağı adlandırılan müğənni" kimi təqdim etdilər. Niyə məni bayağı adlandırırsız? O kanal klipimin təqdimatına gəlmişdi. Yaxın insan var idi, onlara pul vermişdi.

Kanalın maqazin verilişi məni elə gözəl tərif edib ki... Hər şey pulun əlindədir. Daha sonra həmin kanalda efirə çıxmaq istədim. Dedilər ki, kütlən böyük olsa belə, pul verməlisən. Mən isə bu təklifi qəbul etmədim, bir az aramızda söz-söhbət yarandı. Bunun acığına həmin verilişdə məni bayağı müğənni kimi təqdim etdilər.

- Bayağı müğənni necə olur?

- Bəsit mahnılar ifa edən müğənnilər var. Ancaq mənə qarşı qərəzli mövqe ortaya qoydular. Mən o kateroqiyaya aid deyiləm. İlk dəfə bayaq dediyim verilişdə məni bayağı müğənnilər kateqoriyasına saldılar. Mahnılarda müəyyən jarqon sözlər olur, adi ifadələr yer alır ki, bunlar bayağı adlanır. Axı mən bayağı mahnılar oxumuram... Əvvəlki mahnılarımda aranjman keyfiyyəti yaxşı deyildi. O da təzə-təzə sənətə başlamışdım, sonra studiyamı qurdum, bu problem aradan qalxdı.

- Özünüzün səsyazma studiyanız var. Başqa müğənnilər də pul müqabilində bu məkandan yararlanırlar?

- Nadir hallarda olur. Çünki işlərim çox olur, yalnız öz mahnılarımı ifa edirəm. 100-dən çox mahnım var. 99 faizinin aranjmanı və musiqisinin müəllifi mənəm.

- Sizə yazdığınız mahnıları almaq üçün müraciət edirlər? Açıqlamanızda qeyd etmişdiz ki, bəzi insanlar müəyyən məbləğlə mahnınızı alıb hər yerdə müəllifin özləri olduğunu bildirirlər...

- Müraciət edənlər çox olur, ancaq həmin insanlara uyğun mahnı tapa bilmirəm. Bu yaxınlarda Şəbnəm mahnımı ifa etdi. Amma deyim ki, çox mahnılar yazmışam, onların aranjmanına başım qatışıb. Yeni albom ərsəyə gətirməyə hazırlaşıram. Siz dediyiniz kimi də mənə müraciət edənlər də var. Deyiblər ki, mahnını mənə sat, öz musiqi parçam kimi hamıya təqdim edib. Bu hal bir dəfə baş verib.

- Albom çıxarmağa sizi nə vadar edir? Yəqin ki, hamı kimi albomdan gəlir əldə etmirsiz...

-Yoxdur, bu biznes iflasa uğrayıb. Haradasa albom mənə maraqlı gəlir. İtirəcəyim heç nə yoxdur. Müəyyən şəxslər var ki, albom çıxarmağımı istəyir, maliyyə ayırır. Ötən il Türkiyədə yaşadım, çox şeyin şahidi oldum. Orada müğənnilər ancaq albom üzərində çalışırlar. Albom çıxandan sonra konsert turları təşkil edilir. Bizdə isə tamam fərqlidir, ancaq toy üçün çalışırıq.

- Toya gedirsiz?

- Bir müddət toya getmədim, sonra isə gördüm ki, tək konsertlə hər şey düzəlmir, dolanmaq olmur. Demirəm ki, toya getmək çətin bir şeydir. Sadəcə olaraq ansambl yaratdım, bütov toylara da gedirəm. Apardığım toylar fərqlənir, səpkisi başqa cür olur. Toy qiymətlərimdə dəyişiklik olub. Hamıda qiymət azalır, məndə isə artır. Tez-tez məclisə getmək istəmirəm. Qoy mənə dəyər verən insanlar çağırsınlar. Ən çox Rusiyaya toylara gedirəm.

- Sizdən sonra Nuri Şənləndirici səhnəyə çıxmağa başladı. Nurinin sizi yamsıladığını deyirlər.

- Bu barədə məlumatsızam. Nurinin oxumağını bəyənirəm, şəxsi tanışlığımız isə yoxdur. Ola bilər ki, ifa tərzimizdə müəyyən bənzərlik var. Azərbaycan kişi müğənnilər sırasında ən çox Nurinin səsini xoşlayıram. Qadınlardan isə çoxları var. Sadəcə olaraq kişilər elə bil bir çığır üzərində gedir, hamısı oxşar ifa edir, seçmək olmur. Peşəkar oxusalar da mahnıları tutmur, öz cığırları yoxdur.

- Sizin məşhur "Gecəmiz" mahnısı ətrafında qalmaqal yaranmışdı. Mahnının müəllifi kimi siz yox, Azəri qızı Günelin qardaşı Tunarın olduğu qeyd edilmişdi...

- Hə, əvvəl səsimi Tunarın səsinə bənzətmişdilər. Hətta mahnını saytlara yerləşdirəndə adımın Tunar olduğunu qeyd etmişdilər. Daha sonra məsələyə aydınlıq gətirdik. İndi isə Tunarla, ola bilsin ki, yeni əməkdaşlığımız baş tutacaq. Hətta elə olub ki, ifa etdiyim mahnıları yenidən almaq istəyiblər. Qazaxıstanlı, türkiyəli və yerli müğənnilər mənə müraciət ediblər. Demişəm ki, vaxtı gələndə verərəm, oxuyarsız.

- Elə həmin mahnının sözlərində erotik ifadələrə rast gəlirik... Bəlkə də mahnı bu səbəbdən daha çox dinlənildi?

- Bəlkə, bu sözlərə görə camaat həmin mahnını sevdi, partlayış yaratdı. İnsanların hissləri var, hər kəs də həmin şeyləri yaşayır. Pis don geyindirmək lazım deyil. Hər bir insanın həyatında sevgi və müəyyən hisslər var. Əslində, bu mövzuda bir çox mahnılar var, ancaq dinlənilmir. O mahnılarda erotik sözlər və səslər də yer alıb, lakin tamaşaçı qəbul etmir.

- Azərbaycanlı müğənnilər sırasında ən çox Rusiya toylarında siz, Rəqsanə və Nuri Şənləndirici iştirak edir...

- Nuri orada yaşayır, fəaliyyət göstərir. Toy sahəsinə təzə daxil olmuşam. Əvvəl çox baş qoşmurdum. Tələbatın da çox olduğunu görürəm. Rusiya və Azərbaycan toy qiymətləri arasında çox fərq var. Rusiyada 2-3 qat çox pul tələb edirik.

- Toydan başqa, əlavə bir biznesiniz var?

- Yox, ancaq toy və konsertlərdən gəlir əldə edirəm. Bundan başqa, "Youtube"dan qonorar alıram. Düşünürəm ki, restoran biznesi açım. Elə bir şey yaradacam ki, bunu indiyə kimi heç kəs etməyib. Yeni bir şey olacaq. Gələn il həyata keçirəcəm. Bundan başqa, film üzərində çalışırıq. Ssenarisini özüm yazmışam. Yeni mövsümdə özümü aktyor kimi sınayacam. Payızda çəkilişlərə start verəcəyik. Filmin texniki vasitələrini özüm sifariş etmişəm, maliyyə köməkliyi edənlər var. Ola bilsin ki, filmdə bir çox tanınmış sima qatılacaq.

- Müğənnilərin aktyor kimi özünü sınaması birmənalı qarşılanmır...

- Özüm şou-biznesə qarışmıram, həmin mühitə yaxın durmuram. Düzdür, orada tanış dostlar var. Lakin onların dedikləri mənə maraqlı deyil. Əsas xalqın rəyidir. Bu sahədə dostluq var, ancaq ikiüzlü insanlar çoxdur. Üzə gülüb, arxanca danışırlar. Görürəm, mənə danışırlarsa, deməli, məndən də başqasına danışacaqlar. Efirlə bağlı bir şey demək istəyirəm.

TV insanları elə öyrənib ki, guya, müğənnilər onları görən kimi qabağına qaçmalıdırlar. Mən demirəm ki, müğənni özünü dartmalıdır. Elə deyirlər ki, pul ver, efirə çıxardım. əgər verilişinə lazımamsa, çağır. Efirə çağırır, TV-yə çıxana bir neçə saat qalmış deyir ki, müəyyən məbləğdə pul gətir. Onda məni niyə çağırırsan? Azərbaycan efirləri pul, şəxs tanışlıqlardan ibarətdir.

- Sizcə, toy biznesi monopoliyaya çevirilib?

- Xalq səni tələb edirsə, toya çağırılacaqsan. Belə şeylər çox olub. Sonradan qulağıma çatır ki, bəzi insanlar imkan verməyiblər. Hətta Almaniyada toya çağırıblar, buna mane olublar. Deyiblər ki, onu toya çağırmayın, ayıbdır, özünüzü biabır etməyin.

- Bir az da şəxsi həyatınız barədə danışaq, evlisiz?

- Məndən əlavə iki qardaşım var, anam rəhmətə gedib, atam isə yaşayır. Subayam, bu yaxınlarda ailə həyatı quracam, namizəd var. İşlərim bir az çoxdur. Bu səbəbdən gecikmə olur. Ən azından gələcək xanımımın kim olduğunu bilirəm. Ola bilər ki, mahnılarımı xoşlasın, ancaq bu sahəyə aidiyyatı yoxdur. Adam var ki, şəxsi həyatı barədə danışmağı sevir, mən də isə əksinədir. Toyum qapalı olacaq, şou-biznes nümayəndlərindən az adam iştirak edəcək.

- Bu sənət üzvlərinin evlilikləri də uzunmüddətli olmur. Bunun səbəbi nədir?

- Müğənniyə baxır... Bir çox ifaçıların gözəl ailə həyatları var. Şou-biznes həyat tərzi çətindi,belə şeylər çox olur. Belə nəticəyə gəlirəm ki, boşanmalar qısqanclığa görə olur. Özümü belə insanlara aid etmirəm. Gec ailə həyatı quracam, evlənmək üçün gecdir, 34 yaşım var. Başım işə qarışıb, evlənməyə marağım olmayıb. Hər şeyin vaxtı var.

- Aşıq Ələsgərin kötücəsisiz. Sizi aşıq musiqiləri ifa edən zaman görməmişik.

- Aşıq mahnılarını bilirəm, bir az saz da ifa edirəm. Amma məndən aşıq olmaz. Həmin musiqini öz tərzimə uyğunlaşdırıram. Elə olub ki, aşıq mahnılarını sevməyiblər, mən ifa edəndən sonra bəyəniblər. Aşıq Ələsgərin kötücəsi kimi təqdim olunmağı sevmirəm. Düşünürəm ki, bu cür təqdim olunandan aşığın adından istifadə etmiş oluram.

- Vergi ödəyirsiz?

- Bəli, ancaq bu sahədə bir mexanizmin tərəfdarıyam. Hər şey söz üzərində gedir. Ancaq toy sahibi ilə müğənninin müqavilə bağlamasını istərdim. Bu sistem qurulsa, əla olar.

- Azərbaycanda hansı məşhur müğənni ilə əməkdaşlıq etmək istərdiz?

- Ola bilər, Röyanın mahnılarını sevirəm, səsi səsimə uyğun gəlir. Məncə, bizdə əməkdaşlıq uğurlu alına bilər. O vaxtlar Röyaya bir mahnı göndərmişdim, bəyənmişdi. Daha sonra bir səs çıxmadı. Həmin mahnı arxivdə qalıb, ifa etməmişəm. 3 ilin söhbətidir, Röyanın köməkçisi demişdi ki, mahnını çox bəyənib.

Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.