Şou-biznes

Mayda toysuz qalan müğənnilər...

10 May 2016 07:59
6 Şərh     Baxış: 3 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Axırıncı dəfə toya getdiyimiz yadımızdan çıxıb"

Azərbaycanda əksəriyyət hələ də may ayında toy etməkdən çəkinir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, çoxları may ayını ağır, "vay ayı" hesab etdiyindən toyların, məclislərin sayı ötən aylara nisbətən çox az olur. Bəs görəsən, qazancları toylardan çıxan şou-biznes nümayəndələri, müğənnilər bu ayda nə işlə məşğuldur?

Müğənni Nadir Qafarzadənin köməkçisi Ruslan bəy müğənninin çox çətin vəziyyətdə olduğunu bildirdi: "Əslində, 5-6 ay bundan əvvəldən toylar azalıb. Ümumiyyətlə camaat toy etmir. Axırıncı dəfə toya getdiymiz yadımızdan çıxıb".

Köməkçi müğənninin başqa biznesi olmadığını, ehtiyatda olan pulu ilə dolandığını dedi: "5-10 manat olan puldan yavaş-yavaş xərcləyirik. Başqa variant yoxdur". 

Bəstəkar-müğənni Cabbar Musayev isə ötən ildən başlayaraq may ayında keçirilən toyların artdığını qeyd etdi: "Yavaş-yavaş xalqımız başa düşür ki, may ayında toy etmək olarmış. Daha doğrusu, buna keçən ildən başlanılıb. Bu ayda toy etməməklə bağlı o qədər versiyalar var ki, hamısı da mənasız. Allah şükür, bu ay dəvətlərimiz çox olmasa da, var. Ötən illərdə demək olar ki, toylar yox idi".

Aşıq Zülfiyyə isə may ayını "vay ayı" adlandıranları qınayıb: "Dollar bahalaşandan bəri toylar sıfıra bərabər olub, çox zəifləyib, demək olar ki, yoxdur. Baxırsan ki, hər yerdə eyni vəziyyətdir. Heç kəsdə vəziyyət yaxşı deyil. Bunu qafiyələndirirlər - "may ayı-vay ayı", qoy bunu desinlər - " may ayı, toy ayı" (gülür). Bir də ki, ən gözəl may ən gözəl yaz aydır. Toy etmək üçün may ayı daha gözəl vaxtdır. Bu ay təbiətin, gül-çiçəklərin oyanan vaxtıdır. Bir tək Məhərrəm ayından başqa bütün aylarda toy etmək olar. Bir də günlərlə də bağlı inancalar var, guya birinci gün belədir, ikinci gün elədir... Mənə çatmır belə şeylər".

Müğənni Xəyam Nisanov may ayında məclislərə dəvət aldığını dedi: "Bildiyiniz kimi əksərən sovet dövründə may ayında toy etmirdilər. Bu, müsəlmanlara aid deyil, əslində heç bir qanunda da yazılmayıb ki, may ayında toy etmək olmaz. Nə yəhudilərdə, müsəlmanlarda belə qayda yoxdur. Sovet dövründə rus camaatı toy etmirdi. Amma bizim üçün may ayında həmişə tədbirlər olub. Deyim ki, son illərdən başlayaraq insanlar bu ayda toy edirlər.  Toy olmasa da ayın sonu bir-iki məclisə dəvətim var və bu normal bir haldır". 

Gənc müğənni Leyla Ramazanlı da toya dəvət aldığını bildirdi: "Əvvəllər may ayında toy etmirdilər. Amma indi bu inanc get-gedə qırılmağa başlayıb. Bu, sovet dönəmindən qalan bir inancdır. Amma artıq Azərbaycanda bu ayda çox toylar olur. Tanıdığım insanlar da var ki, onlar mayda ailə qurublar. Maşallah, ailələri də möhkəmdir. Hər şey Allah talanın qismətidir..."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.