Şou-biznes

Vüsalə Əlizadə: "Düşünürdüm ki, görəsən, məni belə sevən olacaq?"

29 Fevral 2016 18:05
14 Şərh     Baxış: 11 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teleaparıcı Vüsalə Əlizadə musavat.com saytının suallarını cavablandırıb.   Teleaparıcı ilə söhbətə rol aldığı "Qardaşlar" serialından danışaraq başlayırıq. 

- "Qardaşlar" serialında Dəniz obrazını canlandırırsınız. Çəkilişlər necə gedir?

- Çəkilişlər əla gedir. Kollektivimiz pozitiv insanlardan ibarətdir, bol-bol gülüb əylənirik.  Bütün insanlara bizim kimi bir kollektivlə çalışmağı arzulayıram. Serialda dəli ailəyə gəlin düşmüşəm. Obrazım çox  müzakirə edilən və qınanılan oldu. Dəniz xarakterinin bu qədər hay-küylə qarşılanacağını düşünmürdüm. Amma maraqlı iş alınacağını bilirdim. Çünki tərəf-müqabillərimin işləri daima müzakirələrə səbəb olub. İlk işim "Bacanaqlar" serialında oldu. "Qardaşlar"da isə baş roldayam. Şəhərdə gəzəndə adi məktəbli uşaq da "Dəniz, Novruzun (serialda Dənizin həyat yoldaşı) üstünə bəsdir də qışqırdın. Yazıq Novruz" deyə mənə səslənir. Əslində isə o ailədə yeganə ağıllı insan Dənizdir, o da yad yerdən gəlib. O ailənin psixoloji durumu yerində deyil. Bu cür ailələr çoxdur. Novruz həyat yoldaşının və onun qohumlarının hesabına yaşayır deyə Dənizin sözündən çıxmır. Onun kimi kişilər çoxdur.

- Dəniz ailədə hegemonluq edir. Bəs Vüsalə özü  ailədə necə gəlin olub?

- Bu haqda çox danışmaq istəmirəm. Hərdən deyirəm ki,  kaş əvvəl Dəniz obrazını canlandırıb, sonra ailə qurardım. Bəlkə, o zaman hər şey fərqli olardı. Dənizdən təcrübə yığardım,  sözünü demək qabiliyyətim, bacarığım olardı.

- Hər aparıcının aktrisalıq etməyi qəbul olunmur. Amma Vüsalə tənqidlərə məruz qalmadı. Sizi digərlərindən fərqləndirən nələrdir? Tamaşaçıların sizə olan münasibəti necədir?

- Mən İncəsənət Universitetinin Rejissor-aktyor fakültəsini  bitirmişəm.  Müəllimlərim də aktrisalığımı bəyənirlər. Həmkarlarımın çoxu televiziya, kamera görməyəndə mən dövlət televiziyasında böyümüşəm. Gözümün qabağında Oqtay Ağayev, Mirzə Babayev olublar, onların  yanında tədbir aparan uşaq olmuşam. Ona görə də mənim üçün aktrisalıq etmək çətin olmadı. 

Dəniz obrazına qarşı bəzi insanlarda isə antipatiya yaranıb. Bir aktyor, aktrisa yaratdığı obrazla özünə qarşı sevgi və ya nifrət yaradıbsa, deməli, alınıb. Mən uşaq ikən Muxtar Maniyevə nifrət edirdim. Televiziyaya gələndən, sənət aləminə qoşulandan sonra  onu insan kimi tanıdım və sevgim min qat artdı. O qədər peşəkar aktyordur ki, obrazıyla tamaşaçısında nifrət yarada bilib.  Bizim yaşımızda olan xanımların hamısı Rasim Balayevə aşiq olublar. Ötən həftə Həmidə Ömərova verilişimdə qonaq idi, onun danışığına, davranışına, baxışına valeh olurdum. Onun kimi insanlar  kumirimiz olublar.  Mən böyüklərdən öyrənməyə çalışan biriyəm, aktrisalığımın da zamanla daha da mükəmməl olacağına inanıram.

- Canlandırmaq arzusunda olduğunuz rol var?

- Dram janrında olan filmdə oynamaq istəyirəm. Ruhi xəstə qadının yaşadıqları barədə kitab oxumuşdum. Ən böyük arzum onun həyatını canlandırmaqdır. Oxuduqlarım məni gərginləşdirmişdi. Bəlkə də, o hekayəni ekranlaşdırmaq özümə qismət olacaq. Mənim rejissor təhsilim var.  Lakin heç vaxt istəməmişəm ki, uğursuz, keyfiyyətsiz  iş görüm. Maddi  dəstəyim olar, imkan yaranarsa,  məmnuniyyətlə  film çəkərəm. Baş rolda da özüm oynayaram. Dramı sevirəm. Romantikanı da gözəl canlandırıram. Özümü isə heç vaxt komediyada görməmişəm, "Qardaşlar"da isə tam komik obraz deyiləm. Öz ciddiliyim var, sadəcə atmacalarla gülüş bəxş edirəm.

- ATV-də "Qadına görə" proqramını təqdim edirsiniz.  Adətən, qalmaqalsız proqramlar reytinqsiz olur. 

- Proqram istədiyim nəticəni verdi. Qadınlardan xoş sözlər eşidirəm, bu da məni sevindirir. Tez-tez qadınlar mənə sosial şəbəkələrdən yazırlar, saatlarla yazışırıq, mənimlə dərdlərini bölürlər.  Bizdə düşünürlər ki, həftə ərzində 10-12 reytinq  olursa, veriliş baxımlıdır. Reytinqi evlərə quraşdırılmış xüsusi cihazlar bəlli edir. Mənə görə, reytinq cədvəli cəmiyyətdə gördüyümüz insanların rəyidir. Yolda 10 qadın məni saxlayıb təşəkkür edirsə, deməli, proqramım baxımlıdır, sevilir. 10 qadın 10 ailənin üzvü, anası, qadınıdır. Hər verilişin öz tamaşaçısı var. Qadın proqramına başlayanda bilirdim ki, reytinqim orta səviyyədə olacaq. Cəmiyyətə yararlı iş görürəm. Qadın, ana statusu alandan sonra həmcinslərimə dəstək olmaq istəyirəm. Xanımlardan ibarət güclü komandam var, yalnız operatorla, montajçı oğlandır.  Biz qadın həyatı üçün çalışırıq. Bir-biri ilə ağız büzərək danışanda, dava-dalaş edəndə insanın işi uğurlu alınmır. Qadın proqramları arasında öndə gedirik. Təvazökarlıqdan uzaq olsa da, deyəcəyəm ki, hazırda reytinqdə birinci olan, baryerləri aşan qadın proqramı yoxdur. Millət vəkilindən tutmuş sıravi qadınlar da qonağımız olublar. Gözəl əl qabiliyyəti olan qadınlar öz işlərini bizim vasitəmizlə  nümayiş etdirə bilirlər. Heç kim bu dünyadan heç nə aparmır, bacardığımız qədər yardımçı olmalıyıq. 

- Dediniz ki, ana olandan sonra həyata, insanlara daha çox qayğı ilə yanaşırsınız. Vüsalə necə anadır?

- Qızım Dilək mənim həyatım, canım, hər şeyim, başımın tatlı bəlasıdır. Gün ərzinin bütün yorğunlunu, stressini  onunla unuduram.  Zəng edib "Ay mama, hələ gəlmirsən?" deməsi mənə həyat verir. Bilirəm ki,  məni kimsə sevir, axtarır. Ana olmadan öncə bacılarımı qısqanırdım. Bacımın qızı bacımı bərk qucaqlayıb içdən öpəndə qısqanclıq hissi keçirirdim. Düşünürdüm ki, görəsən, məni belə sevən olacaq? "Sənsiz ölərəm" deyən adam da övlad qədər insanı sevə bilməz. Valideynlər gərək  övladlarına sevgi versin, onlara qarşı biganə olmasınlar. 

- Cəmiyyətimiz həyat yoldaşı vəfat edən və ya boşanan qadınlara ikinci şans vermək istəmir.  Növbəti dəfə ailə qurmaq istəyən xanımlara qarşı aqressiya var. Sizin də gənc yaşda ailəniz dağılıb. Yenidən ailə qurmaq istəmirsiniz? 

- Əvvəl deyirdim ki, ikinci dəfə ailə qurmaram. Cəmiyyətimiz qadınlara qarşı biganə yanaşır. Qadınlar qınaq obyekti olmamaq üçün növbəti dəfə ailə qurmaqdan qorxurlar. Mənə də müxtəlif məsləhətlər verirlər. Bəziləri "Yenidən ailə qur",  bəziləri "Qız anası ərə getməz, övladın üçün yaşa" deyir.  Hər şey qadının özündən asılıdır. Ağlı başında olan xanım  ailə də qurar, övladı ilə əri arasında münasibətləri də tənzimləyər. Özü güclü olmayan və ayaqları üzərində dayana bilməyən qadınlar  ailə qurmağa qorxmalıdır. Mən  güclü qadınam.  Çünki hər şeyimi, qazandığım hörməti, məşhurluğu, işimi yenidən geri qaytardım. Hər şeyi yenidən başlamaq mənə sıxıntılı günlər yaşatdı, lakin daima güldüm. Dəstək olsunlar deyə heç kimə sığınmadım. Mənim yerim boş idi, 10 gün efirdə olmayanda unudulanlardan deyiləm. 

- Bu aralar həmkarlarınız  biznes qurmağa üstünlük verirlər. Sizin ikinci işlə məşğul olmaq planınız var? 

- 50-60 yaşıma kimi aparıcılıq etmək fikrim yoxdur. Uşaqlıqdan xəyalımda biznes-layihə var, ona da maliyyə dəstəyi lazımdır. İşimi qurub televiziyadan uzaqlaşacam. İndi vəziyət elədir ki, hansısa işə 5-10 min yatıra bilmərəm. Dünya biznesmenləri belə yatırım etmirlər.  Yaxın gələcəkdə özümə uyğun karyera quracağam. Üzü danlaqlılardan olmaq istəmirəm, vaxtında  getmək istəyirəm. 

- Televiziyaya yeni simalar gəlmir. İllərdir ki,  eyni teleaparıcılar efirdədirlər. Eyni simaları görmək də insanların televiziyaya olan marağını azaldır. 

-  Bu fikirlə razıyam, televiziyada qıtlıq var. Yararlı olmayan aparıcı televiziyadan getməlidir ki, bacarıqlı gənclərə yol açılsın. O qədər bacarıqlı gənclərimiz var. Onlar teleməkana gəlsələr, irəliləyişlər olar. Hər dövrün adamı var. Biz gənclərə dəstək olmalıyıq. Təəssüf ki, həmkarlarımın 90%-i gənclərə paxıllıq edir. Televiziyanın inkişaf etməsi üçün istedadlı insanlara yol açılmalıdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.