Şou-biznes

Lalə Dadaşova: "Sədaqət barədə pis yazanlar..."

20 Fevral 2016 19:19
130 Şərh     Baxış: 17 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az lent.az-a istinadən Xalq artisti Brilliant Dadaşovanın bacısı, müğənni Lalə Dadaşovanın müsahibəsini verib.

- Neçə vaxtdı efirlərdən uzaq düşmüsünüz.

- (Sözümü yarımçıq kəsir.) Bəli, oğlum Natiq dünyasını dəyişəndən, yəni 4 aydır ki, efirlərdə yoxam. Amma dəvət aldığım toylara gedirəm. Çünki biz sənətçiyik, pulumuz toydan çıxır. Oğlumun ili tamam olana qədər efirlərə çıxmamağa qərar vermişəm. Çünki bəzi insanların tənqidlərindən çəkinirəm. İndi efirə çıxsam, deyəcəklər ki, "oğlu təzə ölüb, efirə çıxır". Tənqid edənlər çox olur. Amma anlamırlar ki, mən sənətkaram, bir yerə baxıb, oxuya bilmərəm. Efir bizdən hərəkətli, şən olmağımızı tələb edir. Başqa ölkədə tanınmış müğənni olsaydım, oğlumun 40 mərasimindən sonra efirə çıxardım, bunu normal qarşılayardılar. Amma Azərbaycanda belə deyil.

- Oğlunuzun ölüm səbəbi nə idi?

- Ağ ciyər xərçəngindən dünyasını dəyişdi. Düz iki il xəstə yatdı. Heç bir dərman dərdinə əlac olmadı. ( Kövrəlir.) Ağır xəstəlik onu bizdən alıb, haqq dünyasına apardı. Düz 35 yaşında dünyasını dəyişdi. Özü də ailəli idi. 7 yaşında bir oğlu da var. Ondan bizə yadigar qalan xatirələri və elə bir tək balasıdır.

- Hiss edirəm ki, bu mövzuda danışmaq sizə çətindir. Söhbətimizin səmtini dəyişək. Yerli telekanallarımızın əksəriyyəti zaman-zaman bir çox tanınmış simalara müəyyən səbəblərdən qadağalar qoyurlar. Sizdə belə hal olub?

- Yox, əksinə çox sağ olsunlar ki, məni dəvət edirlər, amma oğlumun dünyasını dəyişdiyini səbəb gətirərək, efirə çıxmıram.

- Müğənni Elton Hüseynəliyev müsahibəsində bildirib ki, "Brilliant Dadaşova paxıldır. Paxıl insan sənətkar ola bilməz". Buna münasibətiniz?

- Əgər Brilliant Elton kimilərə fikir versəydi, sənətkar olmazdı. Bu, mənim şəxsi fikrimdir. Bu məsələyə Brilliant xanımın münasibətinin necə olacağını bilmirəm. Fikirləşirəm ki, Brilliant xanım bu cür insanlara əhəmiyyət vermir. Görün Brilliant hardadır, Elton harda. ( Gülür) Elton dağın dibindədir, bacım isə dağın zirvəsindədir. Müqayisə olunmaları heç düzgün də deyil.

- Ümumiyyətlə gənc ifaçıların özlərindən illərcə böyük müğənnilər barəsində fikir söyləməsi düzgündür?

- Elton gəncdir ki? Elton Brilliant xanımın yanında gənc yox, uşaqdır. Daha dəqiq desək, qarışqadır.

- Bacınız Sədaqət Dadaşovanın Türkiyədə "Zuhal Toralla İzdivac" adlı evlilik proqramına qatılmasına münasibətiniz?

- Bu, bacımın şəxsi işidir. O, azad ölkənin azad vətəndaşıdır. Yetkin, yaşa dolmuş bir insandır. Onun qərarlarına hörmətlə yanaşmalıyıq.

- Sədaqət xanım həmin verilişə çıxmadan öncə sizinlə və ya digər bacıları ilə məsləhətləşdimi?

- Heç birimiz ona məsləhət görməmişik. Böyük bacımıza nə məsləhət görə bilərik ki? İzdivac proqramına getməsi şəxsi işidir. Onun bu addımını Azərbaycandan fərqli olaraq, Türkiyədə yaxşı qarşıladılar. Gözəl sənətkarlarımız Gülşən Qurbanova, Xanım Qafarova bu həyatda tək oldular. Yanlarında onlara ruhən dayaq olan bir kişi olmadı. Onlara dayaq olan bir kişi olsaydı, məncə, indi onlar həyatda olardılar. Amma bəzi jurnalistlər bacımın evlilik proqramına çıxması xəbərini yazanda bu cür nüanslara fikir vermirlər.

- Bacınızın evlilik proqramına çıxmasını tənqid edənlər yalnız jurnalistlər deyil... Sosial şəbəkədə bir çox insanlar bu addımı çox müzakirə etdi.

- Sosial şəbəkədə tənqidi fikirlər yazanların özləri kimdir ki? Onların nə sənətdən, nə insanlıqdan anlayışı yoxdur. Axtarsaq, onların qohum-əqrəbalarında elə şeylər taparıq ki.... Məəttəl qalarsınız. Ağıllı insanlar bacım barədə pis şeylər fikirləşməz. Yalnız qəlbi qara insanlar bacım barədə pis rəylər yaza bilər. Jurnalistlərə gəldikdə isə sənətdən yazsınlar. Gərək şəxsi həyatdan yazalar?

- Şou-biznesin hazırkı durumu sizi qane edirmi?

- Şou aləmində istedadlı gənclər çoxdur. Bu, da məni sevindirir. Danılmaz faktdır ki, istedadsızları da var. Buna hər bir sahədə rast gəlmək olar.

- Hər zaman eşitmişik ki, illərin sənətkarları yeni çıxan ifaçılara nümunədir. Yəqin ki, xalq artistləri İlhamə Quliyeva ilə Aygün Kazımova arasında olan qalmaqaldan xəbərdarsınız. Onların bu hərəkətləri yenilərə nümunədirmi?

- Heç zaman onların işinə qarışmaram. Bu, mənə düşməz. İndi deyəcəyim sözlərin Aygün xanımla İlhamə xanıma aidiyyəti yoxdur. Qalmaqala gəldikdə isə... Qalmaqallar indi bir xəstəliyə çevrilib. Bir-birlərini təhqir etməklə nəyə nail olmaq istədiklərini başa düşə bilmirəm. Hər kəsin öz dünyagörüşü, tərbiyəsi var. Öz tərbiyələrinə görə davranırlar.

- Qalmaqallardan çıxış yolu varmı?

- Yox, qalmaqallar sovet vaxtı da olub. O vaxt da tanınmış sənətkarlar qalmaqal ediblər. Sadəcə həmin vaxtı televiziyalar qalmaqalı işıqlandırmırdı. İndi isə vəziyyət başqadır.

- Sizin meyxanaçı Samirə Yusifqızı ilə olan qalmaqalınız da efirdə çox müzakirə olundu.

- Düzdür, qalmaqalımız oldu, bitdi. Amma olmamalı idi.

- Artıq barışmısınız?

- Bəli, barışmışıq.

- Barışıq necə baş verdi?

- Oğlum dünyasını dəyişəndə Samirə xanım yas mərasiminə gəldi, başsağlığı verdi. Elə yas mərasimində barışdıq. Onun bu addımını müsbət qiymətləndirirəm. Çox sağ olsun ki, jest edib mənim oğlumun hüzrünə gəldi. Çox təşəkkür edirəm ki, oğlumun 40 mərasiminə də gəldi.

- Yeni çıxan ifaçılara tövsiyəniz nə olardı?

- Tanınmaq istəyən gənclər əmək sərf eləməlidir. Qalmaqal edib, tanınmaq sənət deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.