Şou-biznes

Anar Nağılbaz: "Bığıburma kişilərin rəqs etməkləri..."

19 Fevral 2016 12:35
0 Şərh     Baxış: 2 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın ilk məşhur rep ifaçılarından biri, 1993-cü ildə "Narkodünya" mahnısı ilə şöhrət qazanan Anar Nağılbaz hazırda ağır günlərini yaşayır. O, çox gileyli və depressivdir. Nağılbaz ruh düşkünlüyü yaşamasa da, maddi çatışmazlığından şikayətlənir.

Milli.Az  bildirir ki, primetime.az-ın əməkdaşının suallarını cavablandıran Anar Nağılbaz üzləşdiyi problemlərdən danışıb.

- Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının direktor müavinisiniz. Demək olar ki, fəaliyyətiniz haqqında tamamilə xəbər yoxdur. Bu, kamuflyajdır?

- Xeyr, hal-hazırda işsizəm. İş axtarışındayam. Ərizəmlə 2013-cü ildə həmin işdən azad olmuşam.

- Belə aydın oldu ki, hazırda sabit gəlir mənbəyiniz yoxdur.

- Bəli, hazırda yoxdur. Şəxsi yaradıcılığımla, tələbələrim ilə işbirliyim var. İnşallah, bir neçə böyük  film və konsert layihələrimiz olacaq.

- Nə isə bədbin danışırsınız. Nə kimi probleminiz var?

- Bu dövrdə problemsiz insan var ki?! Mən də xalqın nümayəndələrindən biri kimi sadə insanam. Amma işsiz olduğuma görə əhvalım belədir.

- Qarşıdan mart ayında Hüseyn Dəryanın il mərasimi gəlir. Hər halda yad edəcəksiniz.

- Allah Hüseynə rəhmət eləsin! Hüseyn ilə aramızda yaradıcılıqla bağlı bir sıra problemlər olsa da, necə deyərlər, ətimizi yesək də, sümüyümüzü kimsələrə atmırıq.

- Bir zamanlar rəqabət var idi. İndi vəziyyətiniz necədir?

-Hazırda gənclər gündəmdə qalmaq üçün qalmaqallara üstünlük verirlər. Həmin proseslər mənim üçün keçmişdə qalıb. Buna görə də maraqlı deyil. Amma gənclərə məsləhətlərimi verirəm, onlara dəstək olmağa çalışıram.

- Daha çox kimlər qalmaqala meyllidir?

- Son zamanlar bığıburma kişilərin dava-dalaşları, rəqs etməkləri, ümumiyyətlə, yaşlarına uyğun olmayan hərəkətləri sosial şəbəkələrdə yayımlanır. Bilmirəm, bu, işsizlikdən irəli gəlir, ya da digər bir səbəbi var. Xeyli sayda da baxışları olur. Onların sırasında repçilər də, kifayət qədər tanınmış simalar da var.

- Dəqiq olaq, sosial şəbəkədə hansı tanınmışların videolarını görmüsünüz?

- Vallah, kimlər olduğunu bilmirəm. Onlardan biri olan gənc oğlanı həmin qalmaqal yolundan çəkindirdim. Həmin adam Ceyhun Bayramlı adında gənc repçidir. Hələ yeni tanınmağa başlayıb. Təxəllüsü də Cekadır. Onunla da birgə işbirliyinə başladıq.  

- Deyirsiniz ki, kişilər işsizlikdən belə videolar paylaşır. Bəs siz işsizlikdən nə ilə məşğul olursunuz?

- Bu dəqiqə layihələrim üzərində çalışıram. Allahın kəraməti ilə namaza başlamışam. Sadəcə olaraq, problemlərim çox olub. Evsizlik, işsizlik və üstəlik səhhətimlə bağlı da çox sıxıntılar keçirirəm.

- Anarın bu günə qədər şəxsi evi olmayıb?

-Yox, ata evində yaşamışam. Sonradan isə kirayədə qalmışam. Hazırda da ev kirayələyirəm.

- Bəs səhhətində nə problemin var?

- Ürək sıxıntılarım var idi. Böyrəyimdən, ciyərimdən müalicə kursu götürmüşdüm. Allaha şükür, indi sağlamlığıma qovuşmaq üzrəyəm. Çalışıram ki, imkan daxilində piyada çox gəzim. Gün ərzində daha çox fiziki hərəkətlərlə məşğul olmağa üstünlük verirəm.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.