Şou-biznes

Tünzalə: "Kameraya oynamıram, süni deyiləm" - MÜSAHİBƏ - FOTO

18 Fevral 2016 13:07
7 Şərh     Baxış: 2 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az primetime.az-a istinadən ölkənin əsas telelayihəsinin münsiflərindən biri olan Tünzalə Ağayevanın müsahibəsini təqdim edir:

- Bir neçə müddətdir ki, sizinlə görüşə bilmirdik... Səbəb də ki münsif olduğunuz layihədir. Tünzalə Ağayeva son aylar özünü sırf "Səs Azərbaycan" layihəsinə həsr edib?

-Bəli, telelayihə olaraq vaxtım ancaq "Ses Azərbaycan"a gedir. Təvazökarlıqdan uzaq olsa da deyim ki, uşaqların üzərində əziyyətim var. İştirakçıların üzərində vokal müəllimləri ilə birgə çalışıram və bu işdən inanılmaz zövq alıram. Səhnə təcrübəsi az olan ifaçılar gözümün önündə təcrübə toplayır, püxtələşirlər.

- Layihədə dönmədiyiniz Ruslan adlı iştirakçı Türkiyədə yayımlanan "O səs Türkiyə"yə qatılıb və seçilib. Bu da "Səs Azərbaycan" münsiflərinin tənqid olunmağına səbəb oldu...

-Gəlin önəmli bir faktı unutmayaq ki, "O səs Türkiyə"nin bu mövsümündə bütün qaydalar dəyişib. Hər münsifə 14 əvəzinə, 60-70 nəfər iştirakçı düşüb. Bu 60 nə deməkdir? Münsiflər artıq keyfiyyətə yox, komanda yığmağa önəm veriblər. Orada əyləşən münsif zəif, yaxşı oxuyan, lazım olan və olmayan iştirakçıları seçir. Bu ticari bir topdansatışa bənzəyir. Bu durumda da keyfiyyət aşağı düşür. Layihənin prodüseri verilişə sırf ticari cəhətdən yanaşdığı üçün, reytinq yüksək olsun deyə bu cür addım atır. Fikir vermisinizsə, əhalinin zövqü də nəzərə alınır. Orada qərb musiqisi az səslənir. Layihədə daha çox türk folkloru və estrada musiqisi səslənir. Orada format köklü şəkildə dəyişib. Ruslan mənim tanıdığım, səsinə bələd olduğum gənclərdən biri idi. O mənə deyəndə ki, səs layihəsinə gələcəyəm, düzgün repertuar seçməsini tövsiyə etdim. Amma sözümü dinləməyərək layihəyə yanlış mahnı ilə qatıldı və buna görə də ona heç kim dönmədi. Ruslan Türkiyəyə gedəndə artıq səhvlərini bilirdi və növbəti tura keçmək üçün hansı detallara önəm verməli olduğunu öyrənib getmişdir. Yenə də xatırladıram, gəlin unutmayaq ki, oradakı münsiflərə qrupuna 60 nəfər toplamaq lazım idi. Bildiyimə görə, Ruslan ələnən iştirakçılardan biri oldu.

- "O səs Türkiye"də heç bir həmyerlimiz yüksələ bilmədi. Zemfira, Aynişan, Leyla - bu adlar 4/1 finala keçə bilmədilər...

- Bu, əslində məntiqli nəticədir. Onlar bizim iştirakçıları saxlamayacaqdılar. Mən, bəlkə də peşəkar olduğum üçün, efiri izləyən kimi başa düşürdüm. Uşaqların aqibətinin məhz bu cür olacağını təxmin edirdim. Bu da onlar üçün bir təcrübə oldu. Qoy gedib özlərini tanıtsınlar.

- Leyla adlı həmyerlimizin ələnməsi türklərin özü tərəfindən sosial mediada etirazla qarşılandı. Dəstək olduqlarını yazsalar da sms göndərmədilər. Həmyerlimizin səs toplamamasının Elnur Huseynovun ötənilki qalibiyyəti ilə bir bağlantısı var?

- Türk tamaşaçısı bizimkini bəyənir, heyran olur, amma sms-i öz həmyerlisinə verir, bu da normal haldır. Biz də belə etməliyik. Toplum olaraq özümüzünkinə dəstək olmalıyıq. Leylaya gəldikdə isə, onun üçün Türkiyədə menecer tapılacaq və o qız bir layihə edəcək. O, mütləq bir prodüserin diqqətini cəlb edəcək. Belə istedadlar ortada qalmırlar. Allah onun yolunu açıq etsin. Burada səsi sms yollayanlar verir, əhali yox. Bir də ki millətçilik faktoru var. Onlar bizə qardaş deyir, biz də onlara, amma... Elnur bir dəfə möhürü qoydu, hər dəfə bizimkinə yaşıl işıq yandırmayacaqlar ki...

- "Səs Azərbaycan" qarşımıza fərqli Tünzalə çıxardı. Ciddi, sakit Tünzalə getdi, yerinə pozitiv, çılğın, yeri gəldi, canlı efirdə kövrələn, sevincdən yerində dayana bilməyən müğənni gəldi... Təbii ki, tamaşaçı "yeni" Tünzaləni birmənalı qarşılamadı, qəbul edənlər kimi etməyənlər də oldu.

- (gülür) Bizim tamaşaçı Tünzaləni bu cür görməyə öyrəşməyib. Azərbaycan teleməkanında belə nəhəng, yüksək keyfiyyətli, dünya standartlarına uyğun gələn layihə olmayıb. "Eurovision" tam başqa formatdır. Layihənin məqsədlərindən biri də, tanınmışları insani tərəfdən xalqa göstərməkdir. Mən doğrudan da indi efirdən izlədiyiniz kimiyəm, kameraya oynamıram, süni deyiləm. Sadəcə Tünzalə bu günədək bu şəraitdə deyildi. 10 dəqiqəlik gəlirəm efirə, o zaman da müxtəlif mövzulardan söhbət açılır.

- Ən çətin məqam, iki ifaçı arasındakı seçim zamanı yaşanır. Tünzaləni kövrəldən, təsirləndirən qarşılaşma hansı olub?

- Ləmanla Nailə arasında seçim edə bilmirdim, çox ağır dəqiqələr yaşadım. İştirakçılarımın hər biri əzizdir mənə, amma o qarşılaşma zamanı həqiqətən çətin anlar yaşadım...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.