Şou-biznes

“Heç bir kişi deyə bilməz ki, Səidəyə pul buraxmışam”

14 Fevral 2016 20:09
27 Şərh     Baxış: 7 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Səidə Sultanla Heydər Əliyev Sarayında təşkil edilən "Mən gəncəm" konserti zamanı  görüşdük.
Milli.Az bildirir ki, musavat.com-un suallarını cavablandıran müğənni ilə  söhbətə şou-biznesdə yaşanan qalmaqallarla başlayırıq.

- Son günlər İlhamə Quliyeva ilə Aygün Kazımova arasında yaşanan qalmaqal gündəmi zəbt edib. İki xalq artisti bir-birini təhqir etməkdən də çəkinmir.

- İkisini də sevib, dəyər verirəm. Onlara nəsə deyə bilmərəm, ikisi də sənətinin  peşəkarıdır. Mən gözümü açıb onları görmüşəm,  onların səhnədə gördüyü işlər çox olub. Ona görə onların dalaşmasını istəməzdim.  Bir-birimizə dəyər verib mehriban olsaq, hər şey daha yaxşı olar. Qalmaqal edəndə düşmənlərimiz bizi daha rahat yıxırlar.  Bura Azərbaycandır, istədiyini edə, deyə bilməzsən, şəbədə qoşacaqlar.  Çünki biz birik, insanlar çoxdur. İndiki zamanda qalmaqallardan qorxmaq lazımdır. Çünki təqdimat çox pisdir.

-  Aygün Kazımova, Elza Seyidcahan və bir çox sənət adamları bildirdilər ki, İlhamə Quliyeva tərəfindən hədələnib. Sizə İ. Quliyeva və ya qeyri sənət yoldaşınız hədə-qorxu gəlibmi?

-  Heç vaxt hədələnməmişəm. Mən qorxaq adam da deyiləm. Məni hədələyən adam caynağımdan qurtara bilməz.

- Bəstəkarlar, müğənnilər deyirlər ki, şou-biznes "ölüb". Bu fikirlə razısınız?

-  Şou-biznes çoxdan ölüb. İndi şou var? Biznes də çox azdır. Hərə özünə görə qazanır. Bəziləri  bir-birini aldadır, badalaq gəlir, sonra da yerinə keçib pul qazanırlar.  Allah hər kəsin ruzisini versin. Bizdə şou yoxdur.

- Müğənnilər bildirirlər ki,  Azərbaycanda şou hazırlamağa dəyməz. Çünki əsas qazanc yerləri toylardır və heç kim toyunda onların şou göstərməsini istəməz.  Həm də şou hazırlamağa ölkəmizdə yetərincə rəqqas və xoreoqraf yoxdur.

- Bizim müğənnilər tək oxumağa üstünlük verir. Azərbaycanda stil budur. Sənət adamları da bu yolla gedir. Elə zamanda yaşayırıq ki, müğənni dəyişiklik etməyə qorxur. Mən sənət adamıyam, ürəyim istəyən geyimi geyinərəm. Lakin bizdə dəyişikliyi birmənalı qarşılamırlar, düzgün təqdim etmirlər. Hər şey təqdimatdan asılıdır. Azərbaycan şou-biznesinin bu hala düşməyinə səbəb səhv təqdimatdır. İnsanlara  hər şeyi sözbazlıqla nümayiş etdirir, müğənniləri "vururlar". Məncə, jurnalist müğənnini   təqdim edərkən öz mövqeyini də bildirməlidir.  Bizdə birinin tumanı düşən kimi hay-həşir salırlar.

- Vergilər Nazirliyi müğənniləri ciddi nəzarətə götürüb. Hətta vergi ödəməyən sənət adamlarının siyahısı açıqlandı. Sizin vergi borcunuz var?

- Mənim vergilərlə bağlı problemim yoxdur. Səhvi olan adamın problemi olur.  5 il olar ki, vergi ödəmirəm.  Onlardan kağız almışdım ki, mən  işləmirəm. Mənim kağızım olduğu üçün məndən vergi tələb etmirlər.

-  İşləmədiyinizi dediniz. Səidə niyə sənəti ilə ciddi məşğul olmur?

- Hazırda iş yoxdur. Əvvəllər zaman, dövran başqa idi. İndi hamı elə bilir ki, müğənnisənsə, evin, maşının, çoxlu pulun var.  Öz adımdan deyə bilərəm ki, Azərbaycanda müğənnilik elə sənətdir ki, gərək bahalı müğənni olasan, toylara yaxşı qiymətə gedəsən, sənə pul maddi dəstək verən olsun. İndi yüksək qiyməti olan müğənni sənəti ilə bağlı yaxşı işlər görə bilər. Kənardan məni bəyənməyib deyirlər ki, şıltaq adamdır. Mənə pis gözlə baxanlar da var. Mən özümü tanıyanı heç vaxt sənətimə görə heç kimdən istifadə eləməmişəm, bu yaşdan sonra da etmərəm. Pis yaxşı hər şeyi öz gücümə edirəm. Heç bir kişi, qadın  deyə bilməz ki, Səidəyə  pul  buraxmışam. Heç vaxt "sponsor"um olmayıb, olmayacaq. 

- "Space" telekanalında təqdim etdiyiniz "Əsl şou" verilişi bir çox qalmaqallarla yadda qaldı. Yenidən aparıcı olaraq özünüzü sınamaq istəyirsiniz?

- Veriliş aparmaq istəyirəm, amma Azərbaycanda yox.  Başqa bir ölkədə sevərək proqram təqdim edərdim.

- "Əsl şou"dan getməyiniz barədə müxtəlif iddialar ortaya atıldı. Gah Səidənin "Space"dən qovulduğunu, gah da öz istəyi ilə telekanalla yollarını ayırdığını dedilər.

- Telekanaldan nə küsmüşəm, nə də qovulmuşam. Şou-biznesdə bir komanda var ki, ancaq mənim qara piarımı aparırlar. Bu yazını oxuyanda onlardan danışdığımı biləcəklər. Onlar yayırlar ki, Səidə "Space"dən qovulub.  Mən elə insanam ki, tamaşaçımın da  qarafikirli, sözbaz olmamağını istəyirəm.  İzləyicilərimin hər şeyə düz baxmağını, dünyagörüşlü olmasını istəyirəm.  Mən verilişdə adi "suka" sözünü işlətdim.  Mən o sözü söyüş kimi işlətmədim. Amma mənim qara piarımı aparıb dedilər ki, Səidə söyüş söydü. İntellektual səviyyəsi güclü olan şəxslər bilir ki, mən söyüş mənasında işlətməmişəm. Mən rahat insanam,  tamaşaçılarımın da mənim kimi olmasını istəyirəm. Hər şeyi şişirdib dağ başına qoyanları sevmirəm.  Ona görə də aparıcı kimi efirə çıxmayacağam, yoxsa yenə də məni xalqın gözündən salmağa çalışacaqlar.

- Səidəni gözdən salmaq istəyənlər kimlərdir? Sizinlə niyə ədavət aparırlar?

-  Vaxtnda o komanda şou-biznesdə at oynadırdı, indi gücdən düşüblər. Onlar gözləyirlər ki, Səidə kiçik səhv etsin, onlar da məni gözdən salsın. Demişəm ki, onlar Azərbaycan şou-biznesini pozublar.  Sözüm də onların xoşuna gəlməyib. O gündən bu vaxta qədər mənimlə düşmən olublar.

-  Verilişdə rəqs edərkən sinənizin açılması  uzun müddət müzakirə olundu. Bəziləri sizi tənqid, hətta təhqir etdi. Bu münasibətlər Səidəyə necə təsir edirdi?

- O hadisəni də düşmənlərim şişirtdilər. Rəqs edərkən anidən oldu, mən də özümü itirdim. Hamının başına gələ bilər. İnsanların məni başa düşməsini istəyərdim.  Anlayışlı olmaq lazımdır.

- Ailə qurmağı, ana olmağı düşünmürsünüz?

- Təbii ki, ailə qurmaq, ana olmaq  istəyirəm. Sadəcə olaraq evlilikdən qorxuram, ailə qurmaq üçün addım atmağa ürəyim gəlmir.  Hazırda Moskvada yaşayan, uzaq qohumumuz mənimlə evlənmək istəyir, üç dəfə elçi göndərib. Qorxduğum üçün razılaşmıram. Elə bilirəm ki, ərə gedib boşanacağam. Ərə getmək xətrinə də ailə qurmaq istəmirəm. Bir dəfə ailə qurmaq istəyirəm.

- Ana olmaq istədiyinizi dediniz. Nikahdankənar  uşaq dünyaya gətirərsiniz?

- Həyatda hamının başına hər şey gələ bilər. Nikahdankənar övlad dünyaya gətirənlərə pis baxmıram, amma özüm o addımı atmaq istəmirəm.  Nikahdankənar uşaq dünyaya gətirə bilmərəm.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.