Şou-biznes

Aygünün bir yeri, İradənin doğuşu, Doğuşun Xoşqədəmi HƏFTƏBECƏR

31 Yanvar 2016 22:03
112 Şərh     Baxış: 16 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (64-cü say) təqdim edir.

Deyir, yenə gəldi yaz ayları, bülbül gülə naz eyləyir. Mən demirəm, qonşumuzdakı aşıq Qulpqoyan Bəyənməzov Aygün Kazımovanın 45 illik yubileyindən çəkilmiş şəkillərə baxa-baxa belə oxuyurdu.

Qulpqoyan dayının yaşı yetmişi keçib, əlli ildən artıqdır ki, dastan deyir, vedrə bağlayır, saz çalır, qulp qoşur, təkər qaraldır, konduktor işləyir. Elə ona görə mən də qonşumun Aygün haqda dediklərini bura yazmıram. Amma öz aramızdı, Aygün ad günündə yaman geyimsizləşmişdi ha. Başa düşürəm, geyinmişdi yazmalıydım. İnanıram ki, siz o şəkillərə baxandan sonra mənim dilimizə gətirdiyim bu "yeniliyə" haqq qazandıracaqsınız.
Söz düşmüşkən, bunu da deyim, ürəyimdə qalmasın. Aygün ad günündən həmin şəkilləri sosial şəbəkədə paylaşandan sonra camaat dedi ki, bəs ayıf döyülmü, xalq artisti də strateji nöqtələrini çöldə qoyarmı?

Aygün də bu kimi şərhləri oxuyan kimi deyib ki, sizin yazdığınız şərhlər mənim bir yerimə. Yəni o strateji nöqtəyə. Tələsməyin, ağlınıza pis şey gətirməyin. Aygün sonra deyib ki, mən bir yerim deyəndə ürəyimi nəzərdə tuturdum. Şəxsən tanımasam da, danışanlardan eşitmişəm ki, yaman bir yeri var Aygünün. Yəni çox ürəkli qadındı. Qarabağda da döyüşüb. Hafiz Hacıyevlə Kazımovanın söz atışması haqda heç nə yazmıram. Çünki sənətçi-siyasətçi atışması qurşaqdan aşağı zərbələr üzərində qurulmuşdu.

İradə İbrahimova beş ildir Azərbaycan səhnəsində demək olar ki, yoxdur. Bir dəfə ərə gedəndə gündəmə gəlmişdi, bir dəfə ilk dəfə doğanda. İndi isə sənətçi bakılılar demişkən, gül vurub. Götürüb doğuş videosunu paylayıb saytlara. Daha doğrusu, bilmirəm, saytlaramı paylayıb, sosial şəbəkədəmi paylaşıb. Amma indi Xoşqədəmin əri Doğuşun da adını yazıb axtarış verəndə İradənin doğmaq videosu çıxır. Bayaq yadımdan çıxdı Qulpqoyan kişinin bir əhvalatını danışmadım. Əhvalat deyəndə ki, o gün eşidirəm arvadına deyir ki, arvad, bir az möhkəm dayan, görək bir uşağımız olurmu?! Arvad da acıqlandı ki, bəs nəvələrindən ayıb deyilmi, bu yaşda uşaq əkmək haqda düşünürsən? Kişi də qayıtdı ki, az yox e, yenilik eləmək istəyirəm. Uşağı əkməyimi çəkib camaata göstərəjəm. Master-klass fason bir şey dana.

Doğuş demişkən, Xoşqədəm deyib ki, jurnalistlər mənim doğmağımdan, hamiləliyimdən yazıb özlərinə reytinq qazanmasınlar. Özlərinə reytinq qazanmaq üçün başqa yol tapsınlar. Məsələn, bir adam tapıb onun olan-olmaz, basma-keçmə həyat əhvalatlarını yazsınlar, çəksinlər, efirə versinlər. Sonra da veriliş açıb adını "Səni tutsam bilirsən də neynəyəcəm" qoysunlar.

Amma axırdakı sözü lap xoşuma gəldi:
"Bəzi içi kin-küdurətlə dolu insanlara isə bircə sözüm var. Allah sizə hidayət etsin".
Amin deməyən dillər qurusun...

(Müəllif bu yerdə amin demədiyi üçün yazını tamamlaya bilməmişdir - red.)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.