Şou-biznes

Qapısı daldan qayırılan direktor, dil mütəxəssisi olan aparıcı, 90-60-90 Nanə və sponsorun təklifi - HƏFTƏBECƏR

30 Noyabr 2015 08:01
13 Şərh     Baxış: 7 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (55-ci say) təqdim edir.

Ha deyirəm, tanınmayan müğənnilərdən yazmayım, ürəyim yol vermir. Axı onlar da nə vaxtsa reklam olunmalı, tanınmalı, sponsor tapmalı, pul qazanmalıdırlar. Ancaq indi haqqında danışacağım gənc müğənni İradə Mehrini, müğənnilərin elə öz dilləri ilə desək, sponsor vurub cənnətə salmaq istəyir, intəhası, özü razılaşmır. Sponsor deyir ki, gəl sənə ev alım, İradə deyir, yox, deyir, maşın alım, deyir, olmaz. Nə isə, bax vəziyyət belə qəlizləşib. O gün də özü açıqlama verib ki, mənə sponsorluq eləmək istəyənlərlə yatmayacam. Elə xəbəri dostumla bir yerdə oxuyurduq. O da dünyagörmüş adamdır. Mənə dedi ki, görəndə özündən soruşarsan, bəlkə, deyib, sponsor olmaq istəyənlərlə yatmayacam, özümün yatdığım var? Dedim ki, əşşi, gic-gic danışma. Uzun sözün qısası, oğul axtarıram ki, İradə ilə mehrləşə bilsin. Yeri gəlmişkən, "mehrləşmək" pis söz deyil, ünsiyyət qurmaq, mehribanlaşmaq mənasını daşıyır.

Bu günlərdə bir təşkilat yenə çal-çağır tayfasını başına yığıb hərənin əlinə şüşədən qayırtdırdığı bir mükafat verib. Şəkillərə baxdım. İnsafən mükafatı alanlar arasında xeyli layiqli adamlar var. İntəhası, o mükafatı verənin özü kimdir, nə işin sahibidir, hansı nüfuza malikdir - bunu bilən yoxdur. Ümumiyyətlə, istənilən halda sənət adamı dəvət olunarkən haraya getdiyini mütləq bilməlidir. Yadınızdadırsa, bir ara Gülağa Tənha adlı biznesmen-şair də ildə bir dəfə nəsə yığıncaq keçirib mükafat-zad paylayırdı.

Yusif Ağayev neçə illərdi efirdə yox idi, bir müddətdir qayıdıb və yenə öz ampluasındadır. Bildiyimə görə, Yusif Ağayev həm də xarici dil mütəxəssisidir. Fikrimcə, onun teleməkanda olması elə teleməkanın özü üçün itkidir. Bu şəxs, bəlkə də, yaxşı dil mütəxəssisi ola bilərdi, olmadı. Elə bəlkə də, çox yaxşı dil mütəxəssisidir, nə bilmək olar. O gün verilişində aparıcı Nanə qonaq olub. Qıza xeyli tərif yağdırıb ki, ay beləsən, ay eləsən, bəyənməsəm, deməzdim. Lap axırda gül vurub. Deyib, bədənin 90-60-90-dır, Nanə də etiraz eləməyib. Şükür məsləhətinə, Xudaya...

Fədayə Laçın haqqında elə bu layihədə bir neçə dəfə yazmışam. Yalan deyərəm ki, yazıdan sonra zəng vurub, irad bildirib. Amma sağ olsun, hər dəfə nəyi tənqid eləmişəmsə, bir az da üstünə qoyub. Bu dəfə də "ağbirçəkski" çıxış edib. Oxuyaq:

"Kimsə kiminləsə duet oxuyursa, haqqında dedi-qodu yayılır. Şou-biznesdə şayiələr çoxdur. Mən sənətimdən başqa heç bir söhbətdən danışmamışam. Gələcəyə baxıram, şəxsi həyatımla gündəmə gəlmirəm. Qəsdən haqlarında şayiələr yayan oxuyanlarımız da var. Ər-arvaddırlar, özləri qəsdən dalaşırlar, sonra barışırlar ki, camaat bunlardan danışsın. Ssenariləşdirilmiş şəkildə nələrsə edirlər. Bunlardan uzağam".

Oxudunuz? Fədayə Laçın deyir ki, şəxsi həyatımla gündəmə gəlmirəm. Elə bil Tacir Şahmalıoğlu ilə ər-arvad münasibətində altı il yaşadıqlarını deyən bu deyilmiş. Yaşamısan? Əcəb eləmisən, öz işindir. Amma durub ağıllı-ağıllı məsləhətlər vermə də.

Gəncə Azərbaycanın qədim şəhərlərindəndir, mədəniyyət beşiklərindən sayılır. Amma bu gün şəhərin mədəniyyətini elə ağlar günə qoyublar ki, yazdığım yazıya görə Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov beş gündür, Balakən Mədəniyyət və Turizm Şöbəsinin müdirinə xahiş-minnət edir. Deyəsən, bir az qəliz oldu. İndi izah edirəm. Deməli, nazirlikdən Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsinə tövsiyə ediblər ki, filan tamaşa üçün geyimləri Gəncə Teatrından götürün. Bunlar da gediblər. Görüblər ki, direktor otağında bir sarısaç xanımla, türklər demişkən, "muhabbet yapır". Direktorun gözü "rezki" içəri girən adamlara sataşıb. Qeyri-ixtiyarı deyib ki, o qapını bəri elə. Yəni qapının dalını qayır, görürsən ki, söz danışırıq.

Bu yerdə bir məqamı xatırlatmaq yerinə düşər. Deməli, Gəncə Teatrının aparıcı aktrisası Kəmalə Məmmədova bir ilə yaxındır ki, bu teatrda rol almır. İndi vəziyyət elə gətirib ki, aktrisa Şəki Teatrında yeni tamaşaya dəvət olunub. Hələ mən onu demirəm ki, bu mədəniyyət ocağından neçə-neçə istedadlı aktyorlar qəbulolunmaz münasibətə görə teatrdan uzaqlaşıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.