Şou-biznes

"Azdrama"da "maraqlı" tamaşa, Samiraldonun oğlan dostu, Şəbnəmin 32 yaşlı nişanlısı - HƏFTƏBECƏR

5 Oktyabr 2015 00:03
144 Şərh     Baxış: 11 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (47-ci say) təqdim edir.

Ötən həftə metroda Leyla adlı bir oxucumla rastlaşdım. Xeyli razılığını bildirdi. Dedi ki, nəsillikcə "Həftəbecər"i oxuyuruq, gülürük, sevinirik, fərəhlənirik, ürəyimiz açılır. Amma hərdən daha aktual məsələlərə də toxunmaq lazımdır. Mən də oxucunun təklifini nəzərə alıb başlanğıcda çox aktual olan bir məsələ barədə yazmaq istəyirəm.

Deməli, Milli Televiziya və Radio Şurasının nə işlə məşğul olduğunu bu günlərdə bilmişəm. Axı son günlərdə teleməkandakı bir neçə veriliş bağlandı. Bax onda anladım ki, bu qurum təkcə lisenziya işinə baxmırmış. Qurum təzəlikcə toplanıb və qərar verib. Qərardan məlum olub ki, sən demə, bir neçə veriliş camaatın tərbiyəsinə zidd imiş. Ona görə də şura qərara alıb ki, həmin verilişlər bağlanmalıdır.

Sitat:
""Sən tək deyilsən", "Xoşqədəmlə axtarıram səni"  proqramlarında sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğunu, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna və sosial problemlərin şouya çevrildiyini, bir sıra mövzuların süni şəkildə günlərlə davam etdirildiyini, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradıldığını, ailələrin, qohumların üz-üzə qoyulduğunu, insanların heysiyyatı ilə oynanıldığını, süni gərginliyin yaradıldığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verildiyini, efirin şəxsi intriqalara alət edildiyini, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilmədiyini, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, proqrama verilmiş tələblərin, eyni zamanda sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq ANS televiziyasının efirində həftə ərzində şənbə və bazar günləri istisna olmaqla 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 16.20-dən 19.00-dək  yayımlanan "Sən tək deyilsən" proqramının, hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək yayımlanan "Xoşqədəmlə axtarıram səni" proqramının yayımının 05 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib".

Söhbətə bax ha. Əgər həmin verilişlər doğrudan da sitatda göstərilən kimi idisə, bəs niyə indi görürsünüz? Elə dünənmi sözügedən verilişlər qohumları üz-üzə qoymağa başladı, sponsorluqla bağlı qanunvericiliyin tələblərini pozdu? Məncə, bu uzunluqda adı olan qurumun belə qərarlar qəbul etməsi çox gülüncdür. Yox, əgər bu addım teleməkanda tamaşaçı zövqünü korlayan digər telelayihələrə də şamil ediləcəksə, ayaq üstə alqışlayıram.

Stilist Samiraldo yenə bərk qəzəblənib. Can e, can. Kişidir bu! Samiraldo müəllim müğənni Rəqsanənin Samir Bağırov haqda fikirlərinə sərt reaksiya verib:
"Bildiyiniz kimi, illərdir ki, Samir Bağırov efirlərdən uzaqdır. Depressiyaya düşmüşdü. Onu efirlərə geri qaytarmaq istəyirdim. Lakin müğənni Rəqsanə İsmayılova buna imkan vermədi. Belə ki, efirlərin birində Samir haqqında xoşagəlməz fikirlər səsləndirib. S.Bağırovun ünvanına deyib ki, acından ölür. Ona mən pul verirəm. Hansısa jurnalistin evində qalır. Yaşından böyük görünür. Bu sözlər nəyə lazımdır? Kiminsə şəxsi həyatını müzakirə etmək, Rəqsanə, sənlik deyil. Samir kimin evində qalır, acından ölür - özü bilər. Rəqsanə, sən kimsən ki, Samir haqda ağzına gələni danışırsan? Mən Samirin dostuyam. Onun pis və yaxşı gününü görmüşəm. Amma onu efirdə deməmişəm".

Mən demişəm də, Samiraldo kişi adamdır. O gün də eşitdim ki, nişanını geri qaytarıblar. Elə pis oldum ki. İlin-günün bu vaxtında Samiraldo kimi oğlanı haradan tapmaq olar? Pul qazanır, tanınır, mədəni insandır. Heç kişi paltarı da geyinmir. Arvadına bir dəst qəşəng paltar alacaq, ikisi də geyinəcəklər. Məsələn, Samiraldo tədbirə, arvadı toya gedəndə həmin libas işlərinə yarayacaq. Bir qutu saç boyası alsalar, ikisinə də bəsdir. Bu dəqiqə hamı istəyir ki, nişanlısı, əri içki içməsin, siqaret çəkməsin, başqa qadınla gəzməsin. Bu da nə içir, nə çəkir, nə də gəzir. Dostlarının çoxu da oğlandır. Vəssalam da.

Müğənni Şəbnəm Tapdıqdan təzə xəbər var. Sən demə, bu yaxınlarda 53 yaşlı sənətçiyə 32 yaşlı oğlan elçi düşübmüş. Amma Şəbnəm xanım razı olmayıb. Oğlan rusca bilmədiyinə görə söhbət yarımçıq qalıb. Axı özü beş xarici dil bilir. Ancaq elə bilməyin ki, sənətçi heç vaxt ailə qurmağa cəhd etməyib. Düz 25 il əvvəl yaraşıqlı nişanlısı olub. Oğlan da xaricdə işləyirmiş, bütün qızlar həmin oğlanın dərdindən ölürmüşlər. Hətta deyilənə görə, Bakı ətrafında o oğlanın dərdindən ölən qızların qəbristanlığı var imiş. Uzun sözün qısası, Şəbnəm xanımım oxumağına qoyduğu qadağaya görə evlilik baş tutmayıb. Beləcə, Şəbnəm xanım sağ qalıb. Allah üzümüzə baxıb...

Bir həftə əvvəl Xatun barədə yazmışdım. İndi ordan-burdan eşidirəm ki, məndən bərk incik düşüb. Keçmiş olsun.

O gün "Azdrama"da bir tamaşaya getmişdim. Tamaşa barədə indi yazacağım fikirlərə görə öncədən üzrxahlıq edirəm. Ümumi mənzərə belə idi: öpüşən kim, qucaqlaşan kim... Kim istəsə, şərhdə tamaşanın adını soruşar, yazaram.

Teatrdan söz düşmüşkən, Gəncə Dövlət Dram Teatrında da vəziyyət yaxşı deyil. Direktor Əli Qasımov məzuniyyət dövründə aktyorlara deyib ki, gəlin "Dəli yığıncağı" tamaşasının məşqini edin, əlavə məvacib alacaqsınız. İndi də aktyorlar vəd olunan pulu ala bilmirlər. Hətta aktyor Salamulla İsmayılovla direktorun söz atışması olub, aktyorun halı pisləşib. Fikrimcə, Mədəniyyət və Turizm Nazirliyi məsələyə əncam çəksə, pis olmaz. Gəncə ölkənin ikinci böyük şəhəri, mədəniyət beşiklərindən biridir. Bu şəhərdə aktyora qarşı belə münasibət Azərbaycan mədəniyyəti adına ləkədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.