Şou-biznes

Cabir İmanov: "Restoranda 10 min hesab vermişəm"

3 Sentyabr 2015 11:25
45 Şərh     Baxış: 10 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cabir İmanov öz dili ilə desək "yaman yerdə axşamladı"... Çünki söhbət şablon mövzulardan yox, onun damaq dadından gedəcəkdi. Yəqin bu səbəbdən danışmağa razılıq verdi və hətta bizi təəccübləndirdi də...

- Cabir və yemək... Bir-birinizlə necə uzlaşırsız?

- Əla. Ən gözəl təamlar mənlikdi. Heç vaxt da pəhriz-filan saxlamadım. Yeməyə qarşı da heç bir kaprizim yoxdur. Mənimçün hər fəslin öz menyusu var. Qışda qarabaşaq-kotlet, qarabaşaq-qulyaş, yarpaq dolması menyudan eskik olmaz. Yayda isə mənimki kotlet-badımcan-kartof qızartması, badımcan dolmasıdır. Bir də qatıqlı aş... Gün ərzində bir balon yeyərəm. Amma hər ailədə olduğu kimi bizim evin də şah yeməyi var. Bu, şüyüdlü plovdur: yumurtalı qazmaq və quzu əti.. Ürəyim gedir bu yeməkçün.

- Hansı dünya mətbəxi sənin ağız dadına uyğundur?

- Türk mətbəxini xoşlayıram. İtalyanlıların da mətbəxi bizimkinə yaxındır. Fransa mətbəxi isə heç mənlik deyil.

- Onda sən yəqin restoranlara tez-tez getməzsən?

- Restoranı neynirəm? Heyf deyil, ərzaqları özün alıb bişirəsən?! Min restorandan yaxşıdı.

- Restoranda ən çox xərclədiyin məbləğ nə qədər olub?

- 10 min manat... (gülür) Toyumda xərcləmişəm də... Axı mənim toyum restoranda olub.

- Demə ki, yemək bişirmək bacarığın da var.

- Əlbəttə var. Milli mətbəximizin bütün plovlarını bişirirəm. Hələ ocaq üstündə bir özbək plovu hazırlayıram gəl görəsən. Hələ təndirdə çörək də bişirə bilirəm.

- Etiraf edim ki, məni təəccübləndirdin. Axı özbək plovunu bişirmək böyük məharət və hövsələ tələb edir.

- Hə, hardasa iki saata yaxın vaxt aparır. Əsas nəticədir ki, o da ləzzətli olur. Mən hələ saciçidən danışmıram. Dadından doymaq olmur.

- Dediklərinə o vaxt inanaram ki, bütün bunları gözlərimlə görüm...

- Qurbandı sizə... Ürəyiniz nə vaxt istəsə, gəlin bağa, qonağımız olun. Onda Cabirin əlinin məharətini görərsiniz.

- Bax, qonaq çağırdın ha...

- Amma bu istilərdə yox da... Bir az keçsin sonra...

- Bağın hardadı?

- Bilgəhdə. Amma atamın bağıdı. Nə fərqi var? O bağda o qədər sərbəst, rahat oluram ki... Özümü çox azad hiss edirəm. Gözəl güllərim, ağaclarım var. İlin 200 gününü orada keçirirəm.

- Demə, bağbanlığın da varmış.

- Mən ömür boyu bağban olmuşam. Bir ağaclar əkmişəm ki... Feyxoa, xurma, əzgil, vişnə, heyva, şaftalı... Hətta muşmula da var.

- Atan əkdiyi agaclardır?

- Atam əkənlər də var, öz əkdiklərim də... Maşallah, hamısı da bar verir.

- Ağacların dilini bilərsən yəqin...

- Dostlarım bağla bağlı bütün məsləhətləri məndən alırlar. Ağacları kəsməkdi, hansı ağacı necə, nə vaxt sulamaq lazımdı... mən bunların mahir bilicisiyəm.

- Bəs güllər...

- Ölürəm güllər üçün... Siz yəqin mənim İnstagram səhifəmi izləmirsiz. Orada həyətimdəki güllərin şəklini bölüşürəm.

- Gülləri də həmişə qadınlarla müqayisə edirlər. Bu müqayisə sənin anlamında da maraqlıdı.

- İkisi də gözəldi: qadın da, güllər də... Qadın olmasa, bu dünyanın anlamı olmaz.

Show.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.