Şou-biznes

"Ərim mənə yaxın adamımla xəyanət edib"

28 Avqust 2015 17:55
42 Şərh     Baxış: 14 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Roza Zərgərli şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib. 

Milli.Az-ın aile.lent.az-a istinadən məlumatına görə, sənətçi ilk həyat yoldaşının ona xəyanət etdiyini deyib:

"Ailəmi düşünmədən dağıtdım. Əgər ailə başçısı xəyanət edibsə, düşünmədən dağıtmaq olar. Mən də eyni şərti qoyuram, əgər xəyanət etsəm, yalan danışsam, məndən ayrıla bilərsən. Sevməsəydim, övladım olmazdı. Sevgidən nifrətə bir addım var. Bu addımı da atmayasan. Sevgi öyrəşmək, hörmət, anlayışdır. Sevgi o deməkdir ki, sən və mən - biz eyni insanıq. Xəyanət edəni rədd elə getsin, yerinə ondan da yaxşısı gələcək. Gələn adam görəcək ki, birincinin xəyanəti bağışlanmayıb, ona görə də daha diqqətli olacaq və düşüncək ki, mən bu səhvi etməyim, yoxsa mən də gedərəm. İkinci həyat yoldaşımla 10 ildir evliyik. Eyni bürcdənik. Dalaşanda da eyni anda dalaşırıq, hirsimiz də eyni anda soyuyur. İkimizin də hirsi 15 dəqiqə çəkir. Bizim mübahisəmiz çox olur. Amma mən artıq yolunu bilirəm. Mübahisə edəndə onun dediyi ilə razılaşıb gedirəm. 15 dəqiqədən sonra gəlib könlünü alıram və öz dediyimi edirəm (gülür). İlk ailə həyatımı gənc yaşımda qurmuşam deyə qadın sirlərini bilməmişəm, əfəl olmuşam. Amma ikinci evliliyimdə birincidəki səhvləri etmirəm. Axı həyat yoldaşım da mənə çox anlayış göstərir. Mən də bundan bacardığım qədər istifadə edirəm (gülür)".
 
R.Zərgərli "Ayrılmaq qərarına gəldiyiniz zaman övladlarınızı düşündünüz" sualına belə cavab verib:
 
"Övladlarım körpə idi. Övladlarım uşaqdır, çox balacadırlar deyə qorxmadım. Bir saatın içində ayrılıq qərarını verdim. Bir saatın içində verdiyim qərardan atam da məni döndərə bilməz. Baxmayaraq ki, mən atamla nəfəs alıram. Mən onun xəyanətini bağışlasaydım, 6 aydan sonra bir daha təkrar olunacaqdı, yenə bağışla, üçüncü dəfə yenə. Həm də bizim aramızda xəyanətdən başqa məsələlər də vardı. O insan bir az qəddar idi. Ona dözmək olardı, amma xəyanət final oldu. Xəyanətini özüm bildim. Etiraf etsəydi, bəlkə də başqa cür addım atardım. Amma bildim ki, mənə lap yaxın bir insanla xəyanət edib. Demə, qulağımın dibində "xaruqələr" yaşanırmış. Həmin gündən mənim həyatda dostum yoxdur. Heç kim heç kimin həyatını yaşamır. Mən hər gün özüm haqqında yeni "lətifələr" eşidirəm  və gülürəm. Artıq buna ailəm də öyrəşib. O vaxt klip çəkdirdim, başımı keçəl qırxdırdım, haqqımda olmazın sözlər dedilər. 5 il övladımın səhhəti ilə bağlı sənətdən getmişdim, omba sümüyü çıxıq idi. Onu xaricdə müalicə etdirirdim. Gah dedilər müflis olub, gah dedilər narkomandı. Konsertlərdə yuxusuz oluruq, gözümüz-başımız axır, deyirlər ki, narkomandır. Amma yanımda olan adamlar bilir ki, mən bütün günü işləyirəm. Bəlkə də biz şou-biznes nümayəndələri psixoloji xəstələrik. Bir il ailələrimiz bizi barışdırmaq istədilər. O da 6 il boşanma razılığı vermədi. Bir dəfə də barışmaq istədik, alınmadı. Şans verdim, amma gördüm ki, yox, o pis xatirələr gözümün qarşısından getmir, dedim səni bağışlaya bilmirəm".

Müğənni ikinci dəfə ailə qurmasından da bəhs edib:
 
"İkinci dəfə ailə qurmağım uzun çəkdi. Çox tərəddüd edirdim. 10 ildir evliyik, 4 il də sürünmələr olub. Ümumilikdə, 14 ildir bir-birimizi tanıyırıq. Sadəcə şərti şumda kəsdik ki, xırmanda yabalaşmayaq. Mən şərt kəsdim ki, sənətimə müdaxilə olmayacaq, hara gedirəmsə gedim, istəyirsənsə, gəl, yanımda dur. Amma bir dəfə də olsa gəlməyib, heç bir konsertimdə olmayıb, heç vaxt tamaşaçı kimi məni seyr etməyib. Deyir "sən sənətdən gedən günü gəlib tamaşaçı kimi səni seyr edəcəm". Onun şərti də odur ki, ailəmiz bir yerdə olanda sən orada olmalısan. Ona görə də öncədən elə planlaşdırıram ki, burun-buruna dəyməyək. Yaradıcılıqdan çox uzaq insandır. Təsadüfən tanış olduq. Təyyarədə yer üstündə dalaşmışdıq. Bizim tanış olmağımızdan ailə qurmağımıza qədər bir hind filmidir. Mən onun yerində oturmuşdum. Bir il sonra yenidən rastlaşdıq, bu dəfə o, mənim yerimdə oturmuşdu. Sonra təsadüfən bir ad günündə rastlaşdıq. Sonra isə münasibətlər başladı. Mən onun eşqinə mahnı yazan kimi başa düşdüm ki, onu sevirəm. "Qəlbdən sevən" mahnımı ona həsr etmişəm. 27 yaşımda mənə 27 dənə qızıl gül bağışladı. Romantik şam yeməyi, romantik etiraflar və ürəyimi ələ aldı. Sonra dedi ki, "ya mənə ərə gəlirsən, ya da çıxıb gedirəm, bəsdir daha əziyyət çəkdim". Romantik insan deyiləm. Amma demə, məni dəniz, 27 dənə qızıl gül, şam yeməyi ilə aldatmaq olurmuş (gülür)".
 
R.Zərgərli dəfələrlə evlilik təklifi aldığını da bildirib:
 
"21 yaşında boşandım, 27 yaşında ikinci dəfə ailə qurdum. Bu 6 ildə 3 dəfə nişanlı olmuşam. Üç dəfə razılıq vermişəm ki, ərə gedirəm, amma toy günü fikrimi dəyişmişəm. Anlamışam ki, alınmayacaq. Deyiblər sənətinlə məşğul ol. Amma sonra elə bir hərəkət edib ki, bilmişəm bu mənə "pişiyim-pişiyim" deyir, toydan sonra bunlar olmayacaq. İntuisiyam çox güclüdür. Bəzən özüm-özümü aldarıram, arxayınlaşdırıram ki, yaxşı olacaq. Şans verirəm. Amma görürəm ki, yox, hisslərim məni yanıltmır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.