Şou-biznes

Serial qəhrəmanı, doktor Kəmalə Mehdiyeva: "Hamı gərginlikdə yaşayır"

26 İyul 2015 20:19
2 Şərh     Baxış: 9 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Sputnik-ə istinadən Azərbaycan Dövlət Mədəniyyət və İncənət Universitetinin (ADMİU) müəllimi, tamaşaçılara "Bir ailəm var" teleserialından tanış olan, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Mehdiyevanın müsahibəsini təqdim edir:

- 1993-cü ildən ADMİU-da dərs deməyə başlamışam. Müəllimlik peşəsini özüm seçmişəm. Əlbəttə ki, institutu qurtaranda aktrisa da ola bilərdim, amma müəllimlik peşəsini üstün tutdum. Ona görə ki, səhnə danışığı nəzəriyyəsiylə məşğul olmaq istədim. İndiyə qədər də səhnə danışığı fənninin nəzəri tərəflərini araşdırıram. Bir sıra elmi-metodik göstərişlərin müəllifiyəm. Sənətşünaslıq üzrə fəlsəfə doktoruyam. "Aktyor yaradıcılığında ifadə vasitələri" mövzusunda dissertasiya müdafiə etmişəm. Bir neçə aktyorun yaradıcılığından bəhs edən dissertasiya işim monoqrafiya şəklində bu yaxınlarda çap olunacaq.

Bundan əlavə istedadlı tələbələrim var. Tələbələrimdən əməkdar artist, xalq artisti adına layiq görülənlər var. Azərbaycanın müxtəlif teatrlarında işləyən tələbələrim var, onlar göz qabağındadır. 

- Kəmalə xanım, hər il ADMİU-nun Aktyor sənəti və Rejissor sənəti fakültələrinə kifayət qədər tələbə qəbul olunur. Sizcə ölkədə bu qədər rejissor və aktyorun hazırlanmasına ehtiyac varmı?

- Düzü çətin sual oldu. Statistik rəqəmlər bizlik deyil. Belə qərar verilibsə, deməli bu, yerinə yetirilməlidir. Əsas odur ki, bunların arasından bir neçə nəfər yetişsin. Biz tələbə olanda, o dövrün görkəmli aktyoru Məlik Dadaşov (bizə aktyor sənəti fənnindən dərs deyib) deyirdi ki, on-on beş nəfər tələbədən biri aktyor kimi yetişsə, mənə bəs edər. Yəni indi qəbul olunan tələbələrin hamısının rejissor və ya aktyor olması ağılasığmazdır. Onlardan dörd-beş nəfər rejissor və ya aktyor yetişsə, bu bizə bəs edər. Düzdür, qrupda nə qədər az tələbə olsa, bir o qədər yaxşı olar. Məsələn, "Səhnə danışığı" fənninin tədrisi zamanı gərək hər bir tələbə ilə fərdi məşğul olasan. Onun səsi, diksiyası üzərində işləyəsən. Belə olmayan halda yaxşı tələbə yetişdirmə ehtimalı çox azdır. Tələbə sayı az olan qrupda bu işləri görmək və istənilən nəticəni əldə etmək olur.

- Bir çoxları keçmiş nəsil aktyor və aktrisaların davamçılarının olmamasından danışırlar. Həqiqətən belədirmi? Belədirsə, səbəb nədir?

- Bu sözdə həqiqət var. Mən də razılaşıram ki, əvvəlki aktyor və aktrisalar çox az yetişir. Səbəblərdən biri də odur ki, çoxları bu sənətə yüngül sənət kimi baxır, hamı istəyir bu sənətlə məşğul olsun. Sənətə gələnlər çoxluq təşkil etdiyindən yaxşı və pis eyni səviyyəyə gəlir. Amma demək olmaz ki, heç yetişmir. Bizim istedadlı gənc aktyor və aktrisalarımız var. Əvvəlkilər kimi olmasa da, potensialları və bacarıqları ilə digər həmkarlarından fərqlənirlər. Məsələn, Şövqi Hüseynov, Elşən Rüstəmov, Gülər Nəbiyeva və başqaları var. Sadəcə bu dəqiqə ağlıma gələn onlardı ki, öz istedadları ilə digərlərindən fərqlənirlər.

- Bu gün filmlərin çoxuna baxanda peşəkar aktyor və aktrisalarımızın qıraqda qaldığın görürük. Səbəb nədir?

-  Mənə elə gəlir ki, hər bir peşəkar aktyor və ya aktrisa yaxşı filmdə çəkilmək, yaxşı rejissorla işləmək istəyər. Əgər onlara təklif gəlmirsə, önə çəkilmirlərsə, demək səbəb rejissorlardır.

- Ölkədə əksəriyyət milli serialların çox zəif olduğunu deyir. Serialda çəkilən biri kimi nə deyə bilərsiniz?

- Hamı istəyir hər şey birdən-birə yaxşı olsun. Nəzərə almalıyıq ki, bizdə serial çəkiminə çox az zamandır başlanıb. Vaxt keçdikcə bizim seriallar daha da professionallaşacaq və tamaşaçı kütləsinin zövqünü oxşayacaq. Özüm iki ilə yaxındır ki, serialların birində çəkilirəm və tamaşaçılarla ünsüyyət zamanı görürəm ki, onlar serialları izləyir və maraqları böyükdür.

Mən özüm də tamaşaçı kimi seriallarımıza baxıram və hiss edirəm ki, əgər peşəkar aktyorlar və aktrisalar cəlb olunsa, seriallarımız gözəl və baxımlı olacaq. Onların da cəlb olunması üçün mütləqdir ki, yaxşı maliyyə ayrılsın. Ümumiyyətlə, getdikcə seriallarımızın daha yaxşı olacağını düşünürəm. 

- Serialların çoxunda səhnə danışığı ilə bağlı problemlər var. Məsələn, dialoqlarda daha çox qüsurlar görmək mümkündür. Səhnə danışığını tədris edən mütəxəssis olaraq, sizcə bu niyə belədir?

- Mən düşünürəm ki, bugünkü gün üçün hazırkı səviyyə yaxşıdır. Gələcəkdə daha da püxtələşəcəklər, daha yaxşı ssenarilər yazılacaq. Seriallardakı ssenari qrupu və onların baş ssenaristləri işlərini bilən gənclərdir. Tamaşaçılar növbəti serialda nələrin baş verəcəyini gözləyirsə, bu həm də ssenari qrupunun uğurudur. Bu gün bizim seriallarda bunu görmək mümkündür. Zamanla hər şey daha yaxşı olacaq.

- Son vaxtlar kommersiya filmlərinin özəyini komediya janrlı filmlər təşkil edir. Sizcə bu niyə belədir? 

- Komediya filmlərini də çəkmək böyük zəhmət tələb edir. Yəqin rejissorlarımız da görür ki, bu gün tamaçılarımızın, ümumilikdə xalqımızın yumora ehtiyacı var. Çünki hazırda vəziyyət elədir ki, hamı gərginliklər içində yaşayır və rejissorlar da bu vasitəylə tamaşaçılara kömək etmək istəyirlər. Hazırda çəkilən komediya filmlərində tamaşaçının efirdən tanıdığı simalar çəkildilər və bu da tamaşaçı kütləsi toplamaqda böyük rol oynadı.  Əlbəttə ki, rejissorlarımız digər janrlara da müraciət etməlidirlər. Düzdür, başqa janrlarda az da olsa filmlər çəkildi. Amma tamaşaçı kütləsi toplaya bilmədi. Yəqin bu səbəbdən digər janra üstünlük verirlər. İnanıram ki, peşəkar aktyor və aktrisaların iştirak etdiyi istənilən film uğurlu alınar. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.