Şou-biznes

Azərbaycannın ulduzu sönmüş ulduzları

7 İyul 2015 17:58
1 Şərh     Baxış: 2 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın çox zəngin musiqisi, xalq mahnıları, istedadlı gəncləri var. Deyilənə görə, musiqinin sərhədi olmur. Hər bir xalqı beynəlxaq arenalarda təbliğ edən, mədəniyyətini, musiqini dünyaya nümayiş etdirən isə sənətçilərdir. Onların sayəsində musiqilərimiz dillər əzbərinə çevrilir, tanınır. Bu baxımdan ifaçıların boynuna böyük yük düşür. Belə ki, bu gün beynəlxalq musiqi yarışmalarında səsləri, ifa tərzləri ilə imic formalaşdıran sənət əhlimiz kifayət qədərdir.

Ancaq gənc ifaçılar həmin arenalara elə-belə çıxmır. Onlar burada böyük süzgəcdən keçərək, münsiflər heyəti tərəfindən saf-çürük edildikdən sonra həmin musiqi yarışmalarında iştirak etmək hüququ qazanırlar. Di gəl ki müsabiqə ərəfəsində sözügedən ifaçılar diqqət mərkəzində olsalar da, sonradan həmin ifaçıların yaradıcılığında durğunluq yaranır. Elə götürək, Avropa ölkələrinin diqqət mərkəzində olan "Eurovision" musiqi yarışmasını. Yarışmanın ilk iştirakçılarından olan Elnur və Samir ölkəmizə döndükdən sonra demək olar ki, yaradıclıqlarında heç bir irəliləyiş olmadı. Elnurun sonradan "O səs Türkiyə" yarışmasındakı qalibiyyəti ona ikinci dəfə həmin yarışmada iştirak etmək hüququ qazandırdı. Daha sonra Aysel Əlizadə, Safurə Əlizadə yarışmadan sonra ailə həyatı quraraq sənətlərinə son qoyduqlarını bildirdilər. Ondan sonrakılar da göz önündədir. Ümumiyyətlə, söhbət təkcə həmin müsabiqədən getmir. Ölkəmizin iştirak etdiyi "Türkvision" musiqi yraışmasının qalibləri də hazırda nə gündəmdə, nə də bu sənətdədirlər.

Belə olan halda, ortalığıa bir sual çıxır. Necə olur ki, beynəlxalq arenalarda səsləri ilə insanları heyrətləndirən gənc ifaçılarımız vətənə geri döndükdən sonra yerli şou-biznesdə itib-batırlar? Yaradıcılıqlarını öz ölkələrində davam etdirmək üçün onlara mane olan nədir?

Bəstəkar Gövhər Həsənzadə bizimlə söhbətində burada həmin ifaçıların özlərini təsdiqləmələri üçün kifayət qədər şəraitin yaradılmadığından şikayətləndi: "Beynəlxalq müsabiqələrdə iştirak edən ifaçılarımız estrada janrında ifa edirlər. O janrda isə bu gün Azərbaycanda caz musiqisindən başqa iş yoxdur. Bu gün Azərbaycanda sırf estrada janrı ilə məşğul olan ifaçılar barmaqla sayılası qədərdir. Estrada aranjirovkasında mahnı oxumaq başqa şeydir, estrada janrı başqa. Sintezatorda mahnı yazdırıb efirə çıxmaq estrada ifaçısı olmaq demək deyil. Estradanın öz qolları var. Bu gün efirlərimizdə estrada janrı qeyri-peşəkar səviyydə təbliğ olunur. Hətta mən deyərdim ki, təbliğ olunmur. Bunun günahını ilk növbədə telekanallarda görürəm. Sistemli şəkildə təbliğat yoxdur. Beynəlxalq arenada bir dəfə çıxıb mahnı ifa etmək, sonra öz ölkənə gəlib burada itib-batmaq estradanın inkişafı demək deyil. Bu janrı inkişaf etdirib, davamçılarını yetişdirmək lazımdır. Hazırda efirlədə estrada adı altında keçirilən müsabiqələrin hamısına qarşıyam. Çünki həmin verilişlər də qeyri-peşəkar, səviyyəsiz şəkildə hazırlanır. Bir ifaçını gündəmdə saxlamaq üçün onun ifa tərzinə uyğun olan msuiqini, janrı gündəmdə saxlamaq, onu təbliğ etmək lazımdır. Estrada janrının bariz nümayəndələri olan Natavan Şeyxova, Yalçın Rzazadə, Rauf Babayev və digələri, şükürlər olsun ki, bu gün sağ-salamatdırlar. Siz bunları efirdə neçə dəfə görürsünz?"

G.Həsənzadəyə "bəlkə estradaya bu gün tələbat yoxdur?" deyə sual etdik. O isə təbliğatdan çox şeyin asılı olduğunu bildirdi: "Əgər evin içində otururamsa, kim mənim qapımı döyüb, bizə elçi gələcək? Bu gün 2 dəfə efirə çıxan ifaçı müəyyən bir mövzu barədə fikir yürüdürsə, hansı peşəkarlıqdan danışmaq olar. Sintezatorda iki ritm tutan adam efirə çıxıb deyir ki, "Mən belə dağıdıram, yaradıram". Soruşan lazımdır ki, hansı janrda oxuyursan? Bilirsinizmi, bütün bunlar təcürbəsizlikdən, qeyri-peşəkarlıqdan irəli gəlir. Bugünə kimi mən anlaya bilmədim ki, reytinq necə yaranır. Deyirlər ki, reytinqi təsbit etmək üçün televiziyalara aparat qoymuşuq. O aparatı biz niyə görmürük? Bu gün dünyaca məşhur olan Rihannaya, Ceniffer Lopezə baxan tamaşaçı kifayət qədərdir. Reytinqləri göstərir ki, bizim bəzi səviyyəsiz verilişlərimizlə onların konsertlərinin göstərildiyi an eyni reytinq yığılıb. Məgər belə şey ola bilərmi? Kim gözəllikdən imtina edər? Keyfiyyətsiz verilişlər necə reytinq yığa bilər? Bu, Azərbaycan tamaşaçısı üçün təhqirdən başqa bir şey deyil. Bu gün kimin yanından keçirsən, efirlərimizdən, verilişlərimizdən narazıdır. Verilişlərimizdə söyüşlər baş alıb gedir. Bundan əlavə, sintezator mahnıları ilə reytinq toplamaq mümkün deyil. Beynəlxalq yarışmalarda oxuyan ifaçılar daha çox reytinq gətirər, nəinki elə verilişlər. Tələbat üçün camaat hara zəng edirsə, bizə də desinlər, biz də zəng edib nə istədiyimizi deyək. Bu gün istedadlı, ancaq efirlərdə görünməyən gənclərimiz çoxdur. Sadəcə olaraq onları təbliğ etmək lazımdır. Televiziyalar səviyyə istəyirsə, onlara müraciət etsinlər".

Mətbuata mövzu ilə bağlı açıqlama verən "Eurovision" təmsilçimiz Səbinə Babayeva bildirib ki, ona bir çox insanlar öz üzərində çalışmadığını deyir və o, bununla razı deyil: "Əksinə, mən üzərimdə çox çalışıram, hər zaman da sənətlə məşğulam. Ailə həyatı qurmağım sənətimə maneçilik törətməyib. Allah hər kəsə ailə qurmağı nəsib etsin. Çox gözəl duyğudur".
S.Babayeva "Eurovision" təmsilçilərindən ən çox Eldar Qasımovun fəaliyyətini bəyəndiyini də dilə gətirib: "Yarışdan sonra Eldar öz üzərində çox çalışır. Eldarın gördüyü işləri çox bəyənirəm".

"Eurovision-2008" mahnı müsabiqəsinin iştirakçısı Samir Cavadzadə də daima öz üzərində işlədiyini deyir: "Hər kəs bizə tənbəl deyir. "Eurovision" musiqi yraışmasındakı tərəf müqabilim Elnurla biz toy, pul haqqında fikirləşən müğənni deyilik. Biz başqa tamaşaçılar üçün çalışırıq, dinləyicilərimiz fərqlidir. Əgər Elnur üçün burada hər şey yaxşı olsaydı, o getməzdi. Bizə təsir edən odur ki, 6 ildir Elnur burada bəzi klublarda konsertlər verirdi. Ondan da gözəl performans göstərirdi. Niyə gedib onu dinləmirdik? Bizi Avropa qəbul etdi. Bizdən tələb olunanı biz etdik, qayıdıb gəldik. Nə oldu? Haqqımızda ağızlarına gələni danışdılar. Boş-boş söhbətlər çıxardılar".

"Geri çəkilib, küsməyinizə bu söz-söhbətlər səbəb oldu" sualına S.Cavadzadənin cavabı belə olub: "Əlbəttə... Biz insanıq, dəmir deyilik ki, bu üzümüzə sillə vuranda, o birini çevirək. Mən pula görə səsimi satan deyiləm. Bu səsi Allah verib. Heç bir bəndənin yanında onu alçaltmayacam, əyilməyəcəm. Hər kəs yazır ki, Rusiyaya, Türkiyəyə get. Bilmirəm... Hərdən istəyirəm insanlara yazım ki, niyə məni qovursunuz? Niyə istəyirsiniz ki, yaxşı ifaçılarınız başqa ölkəyə getsin, oxusun, sonra onları alqışlayasınız? Başa düşə bilmirəm... Burada dinləyicilərimiz var. Amma biz başqa tərzdəyik".

Göründüyü kimi, gündəmdə olmamağa görə kimisi telekanalları qınayır, kimisi də ifaçıların tənbəl oluğunu deyir. Bəlkə də ortada hər kəsə bəlli olmayan hansısa səbəblər də var. Ancaq hər nə olursa-olsun, bir günün içərisində bütün ölkədə məşhurlaşan, Azərbaycan adına dünya səhnəsində çıxış edən sənətçilərin sonradan izsiz-tozsuz yoxa çıxmasında böyük məntiqsizlik var...

Kaspi.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.