Şou-biznes

Efirdə fahişə söhbəti, toy edənlər və Samir Bağırov - HƏFTƏBECƏR

6 İyul 2015 09:06
22 Şərh     Baxış: 9 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (34-cü say) təqdim edir.

Bu həftə də yazıya ötən həftə şərh yazıb fikrini bildirən oxuculara təşəkkürümü bildirməklə başlamaq istəyirəm. Yeri gəlmişkən, ötən "Həftəbecərdə"ki şərhlərdən birini məhz yazıda adı çəkilən sənətçi yazmışdı. "Diqqətinə" görə xüsusi təşəkkürlər. İndi isə keçək həftənin əsas şou hadisələrinə.

Söhbətə müğənni Mətanət Əsədova ilə yazar Əziz Musa arasındakı məlum olaydan başlamasam, günah olar. Mən də günaha batmaq istəmirəm... Bilməyənlər üçün xatırladım ki, yazar Əziz Musa ilə müğənni Mətanət Əsədova verilişlərin birində qonaq idilər. Söhbət əsnasında müzakirə mübahisəyə, ardınca isə davaya çevrildi və Əziz Musa Əsədova barəsində nalayiq ifadələr işlətdi.

Eşitdiyimə görə, məsələ artıq məhkəməyə qədər gedib çıxıb.

Adətən, belə məsələlərə yumoristik yanaşmam olur. Ancaq məsələ kifayət qədər ciddi olduğundan yumora ehtiyac duymuram. Şəxsi qənaətimə görə, burada hər iki tərəfin müəyyən dərəcədə təqsiri var. Şübhəsiz ki, kiminsə kimisə təhqir etmək ("fahişə" sözü işlədilmişdi) haqqı və hüququ yoxdur və bu, tərbiyəsizlikdir. Bəs sizcə, həmin təhqiri efirə vermək nədir? Bu suala şərhlərdə cavablarınızı gözləyirəm.

O gün dostum məndən soruşur ki, eşitmişəm, hansısa müğənni özünə toy çaldıracaq, xəbərin yoxdur? Açığı, duruxdum. Çünki şou-biznesdə onsuz da toy çoxdur. Ona görə də heç adını, qadın, yaxud kişi olmasını soruşmadan məsələnin üstündən sakitcə keçdim. Hər kimdirsə, Allah xoşbəxt eləsin. Amma toy etmək yaxşı şeydir. Sonra camaat adama nə deyər? Bəs deməzlər ki, əgər bu ərə gedirsə, yaxud evlənirsə, niyə özünə toy etmədi?

Səidə Sultan da Rəhimə "səni cıraram" deməyinin zibilinə düşdü. Artıq onun apardığı verilişin yeni aparıcıları da məlumdur. Səidə də deyir ki, niyə mənim "Rəhimi cırmağım" gözə görünür, amma kiminsə erməni mahnısı oxuması, efirdə nalayiq hərəkətlər etməsi və o hərəkətləri efirə verməsi gözə görünmür?

Gözünüz aydın olsun, əfsanə geri dönür. Samir Bağırovu deyirəm. Azərbaycanın ən ekstravaqant kişi müğənnisi Rəqsanə ilə duet oxuyacaq. Mən indidən həmin dueti təsəvvür eləməyə çalışıram, amma ağlıma bir fikir gəlmir. Pis çıxmasın, təxminən Gülyaz-Gülyanaq dueti kimi bir şey canlanır xəyalımda. O dəqiqə düşünməyin ki, təhqir edirəm, aşağılayıram. Bax bir anlıq təsəvvür edin. Rəqsanə hündürboy xanımdır, Samir Bağırov da həmçinin. İkisinin da saçı uzundur, qədd-qamətlidirlər... Oxşamadı?

Yəqin, ötən həftə Xoşqədəm Baxşəliyevanın bir qız uşağını övladlığa götürəcəyi ilə bağlı xəbərləri oxumuşdunuz. "Uje" götürəsi olmadı. Baxşəliyevanın sözündən belə çıxıb ki, uşağın atası onlardan nəsə umub. Ona görə də uşağı övladlığa götürməkdən vaz keçiblər. Yəni, həyat yoldaşı Doğuşla birgə. Kamran Həsənlinin məşhur bir ifadəsi var idi ha, əlini ekrana sarı tutub sağdan-sola fırladırdı...Yadınıza düşdü? Ay sağ olun... Bax həmin söhbət...

P.S. Ötən həftə düz iki saat oxucularımı Yasamal qəbristanlığının yanında gözləmişəm. Gözlədim, gördüm ki, mənimlə yürüşə çıxan yoxdur, qayıtdım evə. Gələn həftə yürüşümüz Xutor tərəfdən başlayacaq, görüşənədək...
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.