Şou-biznes

Cazibədar aparıcı: "Ərə gedib ev xanımı olmaq istəyirəm" - FOTO

3 İyul 2015 17:19
13 Şərh     Baxış: 7 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nə az, nə çox, düz 16 il telejurnalist olaraq fəaliyyət göstərəndən sonra çox sevdiyi işdən bezərək uzaqlaşıb. Vaxtilə yerli teleməkanın gözəl, baxımlı və sevilən aparıcılarından olan Gülnarə Məmmədovanın ikinci dəfə ailə quracağı xəbəri ölkə mətbuatında işıq sürəti ilə yayıldı. Bu dəfə Türkiyə vətəndaşı ilə həyatını birləşdirməyə hazırlaşan tanınmış aparıcı publika.az-a müsahibə verib. Artıq bir neçə ildir İstanbulda yaşayan keçmiş teleaparıcı ilə müsahibəni təqdim edirik.

- Niyə Türkiyədəsiniz? Orada yaşamaq qərarınıza səbəb nədir?

- Artıq 2 ilə yaxındır ki, Azərbaycandan çıxmışam. Ancaq televiziyadan ondan da əvvəl uzaqlaşmışdım. Çünki işimdən bezmişdim. 16 il ardıcıl efirdə oldum. Hər gün çəkilişlər, canlı yayımlar... Artıq dəyişiklik etmək istədim və uzaqlaşdım. Bu ərəfədə də özümə qapanmışdım. Depressiyada idim. Türkiyəyə gəzməyə, istirahət etməyə gəlmişdim. Burada dostlarım və qohumlarım yaşayır. Və bir gün qərar verdim ki, mən artıq Türkiyədə qalacağam. Halbuki, Türkiyədə yaşamaq ağlıma da gəlmirdi. Əvvəllər burada məskunlaşmaq, birdəfəlik qalmaq fikrim olmayıb.
 
- İstanbulda nə işlə məşğul olursunuz?

- Öz sahəm üzrə, ümumiyyətlə, işləmədim. Təkliflər alsam da, heç birini dəyərləndirmədim. Burada yeni işə başladım. Turizm  agentliyi işlədirəm. Düzdür, azərbaycanlılar elə bilir ki, Türkiyədəsənsə, deməli, ailəlisən. İndiyədək də mənə ən çox verilən sual da məhz bu olub: "Türkə ərə getmisiniz?"  Hətta məndən xəbərsiz bir çoxu özündən xəbərlər uydurub saytlarda yazıb. Məndən soruşdular ki, nişanlınız nə işlə məşğul olur? Cavablandırdım ki, öz işi var. Türkiyədə belədir. Kiçik və ya böyük, burada hər kəsin öz işi var. Onu da yazıblar ki, Gülnarə iş adamına ərə gedir. Xahiş edirəm bunu xüsusi vurğulayasınız.
 
- Nişanlınızla tanışlığınız necə oldu?

- İş yerlərimiz çox  yaxındır. Həmçinin, ortaq  dostlarımız var. Dostluq münasibətlərimiz bir ildən çoxdur ki, davam edir. İnsan kimi çox hörmət edirdim. Onunla nə vaxtsa ailə quracağım fikrimdən keçməyib. Evlilik təklif edəndə tərəddüd etmədim. Halbuki fikirləşirdim ki, ikinci dəfə ailə qurmayacağam. Amma çox gözəl və mükəmməl insan çıxsa, bəlkə də, qərarımı dəyişərəm. Allahın köməkliyi ilə belə bir insan qarşıma çıxdı. Mən də ona "hə" dedim. Tanınmış olmaq, gözəl və baxımlı olmaq gözəl hiss olsa da, hər kəsin arxalana biləcəyi birinin olmasına ehtiyacı olur. Hər bir normal qadın kimi mən də istəyirəm ailəm, yuvam, uşağım olsun. Deyə bilmərəm, tezdir. Hətta gecdir...
 
- Toy tarixini dəqiqləşdirmisiniz?

- Hələ bəlli deyil. Bakıya gəlib sənədlərimi yığmalıyam. Nikah tarixi sənədlər hazır olandan sonra bəlli olacaq. Yəni, sənədlər hazır olan kimi evlənəcəyik.
 
- Nişanlınızın valideynlərilə tanışlıq necə oldu? Nişanlınıza azərbaycanlı qızla ailə qurduğunu irad tutmadılarmı?

- Bəyimizin valideynlərini ilk tanışlıqdan çox sevdim. Reaksiyaları da normal oldu. Dünyagörmüş insanlardır. Anlayırlar ki, milliyyətin  fərqi yoxdur. Əsas insani keyfiyyətlərdir.
 
- Yəqin ki, toyunuz həm Azərbaycanda, həm də Türkiyədə olacaq?

- Bəli, belə düşünürük. Azərbaycanda kiçik məclis quracağıq. Orada qohumlarım yaşayır. Hətta məni istəmək üçün də Azərbaycana gəlmişdilər. Nişanım isə İstanbulda olacaq.

- Ailə qurduqdan sonra da işləyəcəksiniz?

- İşləməyimə qadağa olmasa da, işləmək istəmirəm. İxtisasım üzrə işləmək arzum olsaydı, Azərbaycanda seriallara da çəkilərdim, verilişlərə də "hə" cavabı verərdim. Ev xanımı olmaq istəyirəm.
 
- Ailə qurduqdan sonra hansı ölkədə yaşamaq istəyirsiniz?

- Əlbəttə ki, Türkiyədə. Nişanlım İstanbulda yaşayır. Onun evi və işi buradadır. Bakıya isə gedib-gələcəyəm. Mənim Bakıda valideynlərim, qardaşım, qardaşım balaları, qohumlarım yaşayır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.