Şou-biznes

Efir yoldaşı

2 İyul 2015 20:15
3 Şərh     Baxış: 2 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlər gündəmin əsas mövzusu teleaparıcı Vüsalə Kərimovanın təqdim etdiyi "Günaydın" verilişində baş verən qalmqaldır. Belə ki, verilişin qonağı olan yazar Əziz Musaoğlu müğənni Mətanət Əsədovanın geyiminə iradını bildirib və ona abırlı geyinməyi təklif edib. Yazarın sözlərindən qəzəblənən müğənni əvvəl onun üzərinə hücum edib. Daha sonra mübahisəni davam etdirən Mətanət yazarlar haqqında mübahisə yaradacaq fikirlər səsləndirib və bildirib ki, müğənnilər olmasa, yazarlar tanınmaz, onların yazıları oxunmaz. Əziz Musaoğlunun "Mən aliməm, sən də fahişəsən" sözləri isə müğənnini lap özündən çıxarıb, M.Əsədova yazarın üzərinə hücum edərək, onu məhkəməyə verməklə hədələyib.

Mətbuata açıqlama verən Mətanət Əsədova bildirib ki, bu həftə ərzində qeydiyyatda olduğu Nəsimi rayonu üzrə məhkəməyə müraciət edəcək: "Onun mənə nə maddi təzminatı, nə də üzr istəməsi lazım deyil. O sürünməlidir, cəzasını çəkməlidir. Mənim bu boyda sənətimi yerə vurmaq olmaz. Heç kimin ixtiyarı yoxdur ki, məni təhqir etsin".

Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov isə bildirib ki, "Space"dəki verilişdə insanların şərəf və ləyaqətinin alçaldılması halı qeydə alınıb: "Düzdür, söyüşlər efirə getməyib, qapadılıb. Söyüşlər açıq efirə getsə, bu, artıq digər bir qanunvericilik normasının, yetkinlik yaşına çatmayanlarla bağlı qəbul edilmiş qaydaların pozulması demək olacaqdı. "Space"dəki verilişdə başqasının şərəf və ləyaqətinin təhqir olunması müddəası var. Bu da proqrama verilmiş tələblərin pozulması deməkdir". Aparat rəhbəri qeyd edib ki, məsələ MTRŞ tərəfindən araşdırılacaq.

Əslində, şou nümayəndələri hər zaman mətbuata açıqlamalarında bildirirlər ki, onlar efirə çıxmamışdan öncə ilk növbədə verilişdə qonaqların kimlər olacağını öyrənir, bundan sonra verilişə çıxmağa razılıq verirlər. Amma belə də olub ki, sənət əhli canlı efirdə qalmaqal yaradıb, sonradan isə "əgər onun mənimlə eyni verilişə gəldiyini bilsəydim, efirə çıxmazdım" kimi fikirlər səsləndirib.

Vəziyyətin bu yerə çatmasında kimisi verilişin redaktorlarını günahlandırır, kimisi də aparıcıların bu kimi halları öncədən hazırladıqlarını deyir. "Space" TV-dəki "Günaydın" verilişinin aparıcısı Vüsalə Kərimova isə "Kaspi"-yə açıqlamasında heç də belə olmadığını, hər bir sənətçini onların zamanlarına uyğun şəkildə efirə dəvət etdiklərini bildirdi: "Adətən verilişə hər hansı qonağı dəvət ediriksə, onların zamanına uyğun mövzu hazırlayırıq. Hər təbəqədən olan müğənnini verilişə dəvət edirik. Misal üçün, el sözü ilə desək, bütün "bozbaşları" yığıb veriliş hazırlamırıq. Verilişimizdə hər təbəqənin nümayəndəsinə yer veririk. Ümumiyyətlə, hər bir təbəqənin öz izləyicisi var. Biz heç zaman tanınmamış müğənniləri efirə dəvət etmirik. Ən azından, mahnları sevilən, özü tanınan olmalıdır. Kimsə yerindən durub gəlib verilişə çıxmaq istəyir, elə bir şey yoxdur. Efirə ödənişli müğənni çıxarmırıq".

Vüsalə aparıcılq etdiyi verilişdə yaşanan xoşagəlməz hadisəyə gəlincə, məyus olduğunu qeyd etdi: "İstəyərdim ki, bu məsələni öz aralarında həll etsinlər. Çünki Əziz müəllim də hörmət etdiyim insanlardan, yazarlardandır. Onun qələminə də, özünə də hörmət edirəm. Özü də başa düşdü ki, efirdə düzgün ifadə səsləndirmədi. O, dəfələrlə mənim qonağım olub. Əziz müəllim vəziyyətin ciddiliyini görüb, dərhal üzr istədi. Mətanət xanım çox əsəbi və gərgin olduğu üçün onun üzrünü qəbul etmədi. Hesab edirəm ki, üzərindən bir müddət keçəndən, əsəbləri sakitləşəndən sonra bəlkə o da bağışlayacaq. Çünki Mətanət xanım qəddar adam deyil. Ürəyiyumşaq qadındır. Sadəcə olaraq yazıçı ağzından pis ifadə çıxartdı, kim də olsa həmin an özünü müdafiə edərdi. Mətanət özünü müdafiəyə qalxdı və üzrü qəbul etmədi. Onun yerində mən də olsaydım, həmin an üzrü qəbul etməzdim. Amma ümumiyyətlə, istəyərəm ki, barışıq olsun, kimsənin işi məhkəməyə düşməsin".

Efirlərə tez-tez dəvət alan ifaçı Elza Seyidcahan bizimlə söhbətində əvəllər efirə çıxarkən onunla birgə kimlərin həmsöhət olacağı ilə maraqlanmadığını qeyd etdi: "Maraqlanmırdım ki, mənimlə bərabər efirə kimlər çıxacaq. Ancaq bəzi müğənnilər özündən aşağı səviyyədə olan, yeni meydana çıxan müğənnilərlə bir verilişə getmirlər. Mənsə heç zaman elə düşünməmişəm. Gənclərə dəstək olmağa çalışmışam. Amma sonradan görmüşəm ki, özlərini yuxarıdan aparan müğənnilər düz edirlər. Yəqin belə hadisələrlə tez-tez rastlaşıblar ki, öncədən belə tədbirli yanaşırlar. Son zamanlar mənə dedilər ki, verilişlərin çoxuna bəzi aparıcılar yaşlı kişiləri dəvət edirlər. Gətirilər ki, filan adamı təhqir etməlisən. Deyirlər ki, Elzanın yazısını pisləyərsiniz, biz də bitərəf oluruq. Bunun belə olduğunu mənə çatdırdılar. Reytinqə görə Elzanı mövzu kimi qoyurdular ki, camaat baxsın. Mən özüm də belə hallarla bir neçə dəfə rastlaşmışam.

Baba Vəziroğlunun qardaşı ilə dəfələrlə eyni verilişdə olmuşam. O, verilişə gəlir qadınları təhqir edir, kobud sözlər deyir. Onun üçün qarşı tərəfin fərqi yoxdur. Verilişə gələndə aparıcıya deyir ki, mənim hədəfimi göstərin, onu yıxım-sürüyüm. Bundan sonra qərara gəlmişəm ki, çox verilişə getməyim. Doğrudan heç vaxtım da yoxdur. Aparıcıların xətrinə gedirəm verilişlərə. Hazırda əlimdə ciddi işlərim, əsərlərim var. Verilişə gedirsən, görürsən ki, mənasız, ömrü boyu özü haqqında gözəl sözlər eşitməyən insanlar usanmadan Azərbaycan qadınını təhqir edirlər. Hansı ki, onlar milyonlarla insanın sevgisini qazanıb".

Son hadisəyə gəldikdə isə, əgər Mətanət yazarı məhkəməyə verərsə, Elza Seyidcahan axıra qədər ona dəstək olacağını bildirdi: "Mən bir çoxlarını Allahın məhkəməsinə vermişəm, onlar da ikiqat cəzalanıblar. Məhkəməyə verdiklərim də olub. Əgər məni təhqir edənlərin hamısını məhkməyə verəsi olsaydım, gərək bütün günü məhkəmənin qapısında yataydım. O alim səhv etdi. Mətanət xanıma hörmətim var. İzlədim o verilişi, paltarı uzun idi, qəbahətli heç nə yox idi. Əgər o kişinin xoşuna gəmirdisə, verilişdən gedə bilərdi və yaxud da təklikdə deyərdi. Onun alimliyinə yaraşdırmadım. Başa düşmədim, o niyə Mətanətin əlindən alışıb-yanırdı. Bizim sənət dostlarımız da pis vəziyyətdə qalmışdılar. Alim elə söz deyərmi? Verilişin aparıcısı Vüsalə xanımı da yaxşı tanıyıram. O istəməzdi ki, aparıcılq etdiyi verilişdə belə hallar baş versin. Bilsəydi ki, o kişi belə ifadə səsləndirəcək, heç onu efirə dəvət etməzdi".

Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz Baloğlan Əşrəfov dəvət aldığı verilişlərdə qarşı tərəfdən hər zaman böyük hörmət gördüyünü, digər qonalqarın onun ünvanına xoşagəlməz sözlər işlətmədiyini bildirdi: "Çox nadir hallarda verilişlərdə məndən başqa kimin dəvət olunmağı ilə maraqlanıram. Çünki məni tanıyanlar bilir ki, tərəf müaqabilim küçədən keçən olmamalıdır. Görünən, tanınan adamlar olmalıdır. Elə nüanslar var ki, maraqlanmaq lazımdır. Yəni yaş, dünyagörüşü bir olmaldır. Ancaq biz də gənc olmuşuq, indi də gənclərə dəstək olmağa etiraz etmirik. O dövrü biz özmüz də yaşamışıq. Görmüşük ki, bizə qarşı yuxarıdan aşağı baxırdılar. Biz istəmirik ki, onların etdiklərini indiki gənclərə edək. Hər zaman mehriban olmaq lazımdır. Qanqaraçılıq heç kimə lazım deyil. Nə tamaşaçıya, nə də ifaçıya. Çox nadir hallarda efirlə bağlı peşmançılıq hissi keçirmişəm".

Vasif Məhərrəmli isə getdiyi verilişlərdə qarşı tərəflə hər zaman maraqlandığını və tanıdığı insanlar olduğu halda efirə çıxdığını bildirdi: "Hər zaman maraqlanıram. Bir dəfə bir verilişdə məni aldatdılar, ona görə də hər dəfə hər hansı bir verilişə dəvət aldıqda, digər qonaqlarla maraqlanıram".

Kaspi.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.