Şou-biznes

"Məkkədən mənə zəng edirlər ki, bala, bunlar səndən nə istəyirlər?"

1 İyul 2015 18:25
46 Şərh     Baxış: 11 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün "Space" telekanalının efirində Vüsalə Kərimovanın aparıcılığı ilə təqdim olunan "Günaydın" verilişində xoşagəlməz anlar yaşanıb. Verilişdə baş verənlərlə bağlı Mətanət Əsədova gün.az-a müsahibə verib. Milli.Az həmin müsahibəni təqdim edir: 

- Verilişdə yazar Əziz Musaoğlunun sizin ünvanınıza söylədiklərindən sonra məhkəməyə müraciət edəcəksiniz?

- Verilişlə bağlı söhbət qaldıracağam. Proqrama o adamı kim və nəyə görə çağırıb? Kim öyrədibsə, onu və Əziz Musaoğlunu məhkəməyə verəcəyəm.

Deməli, məni efirə çağırdılar. Düzü, əvvəl getmək istəmirdim.

Dedim ki, hava istidir, gələ bilmirəm. Çünki ürəyimdə problem - oksigen çatışmazlığı var, hazırda müalicə olunuram. Evdən çox vaxt çıxmıram, müalicə olunuram. Yəni vəziyyətim pisdir, sistem köçürülür. Amma verilişdən dəfələrlə zəng elədilər ki, gəlin. Axırda razılaşdım.

Mənim musiqi aləmində hamı ilə gözəl münasibətim var. Amma dostlarım başqadır. Onlara dedim ki, tez-tez görüşdüyüm, ailəvi dost olduğum insanlardan çağırın ki, verilişdə mənimlə bərabər iştirak etsinlər.

Manaf Ağayevi, Əlikram Bayramovu, Vasif Məhərrəmlini, ya da Gülbahar Şükürlünü, Könül Kərimovanı çağırın. Zəng edən adam da razılaşdı. Uzun sözün qısası, bunlar Manaf Ağayevi dəvət etdilər.

Hamı da bilir ki, biz Manafla uzun illərdir dostuq, ailəvi yaxınıq. Soruşdum ki, verilişdə bizdən başqa kim olacaq?

Dedilər ki, bir jurnalist xanım olacaq. Nəsə, razılaşdım. Verilişə gələndə gördüm ki, müğənni Vaqif  Şıxəliyev də ordadır. O uşağın bizə nə problemi var ki, ağıllı, səviyyəli oğlandır.

O kişini görəndə tanımadım. Çünki onu birinci dəfə verilişdə görürdüm. O, əvvəlcə bizimlə salamlaşdı. Mənə "Mətanət xanım, necəsiniz?" - deyə, müraciət etdi. Mən də maraqla Manafdan soruşdum ki, bu kimdir? Manaf da cavab verdi ki, bilmirəm.

Verilişdə ölkəmizdə keçirilən Avropa Oyunlarından danışdım.

Xalqımızı təbrik etdim. Prezidentimiz İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya bu beynəlxalq tədbiri layiqincə reallaşdırdıqları üçün təşəkkürümü bildirdim. Dedim ki, biz bir daha bütün dünyaya qüdrətli xalq, dövlət olduğumuzu sübut etdik. Bu sevincimi xalqımla bölüşmək istəyirdim. Verilişə gəlmişdim ki, gözəl mahnılar oxuyum.

Verilişin mövzusu söz verib, sözünə əməl edən, düzgün adamlar haqqında idi. Aparıcılıqdan xəbəri olmayan aparıcı həmin Əziz Musaoğluna sual verəsən ki, müğənnilər haqqında nə deyə bilərsiniz?

Söyləyəsən ki, müğənnilər çox özlərindən deyəndirlər, bu haqda nə düşünürsünüz? Başladı, aranı qızışdırmağa... 

Kişi də cavab olaraq qayıdasan ki, müğənni? Mən bunların heç birini tanımıram, müğənniləri də düzgün adamlar saymıram.

Bunlar hamısı bazar adamlarıdır. Bazara gedib, 30-50 qəpiyə nəsə almırsan? Müğənnilər də elədir. Yəni bu adam bizi qəpik-quruş, səviyyəsiz elədi...

Mən bazarda satıcı olanlara pis baxmıram, bu həyatda hər kəsin bir işi var. Amma musiqini bazara qatmaq nə dərəcədə doğrudur?

Allah mənə bu fitri istedadı verib. Sən kimsən ki, Allahın yaratdığını sözlə əzirsən? Mən səhər yuxudan gözəl əhval-ruhiyyədə oyanmışam. Salona getmişəm, efir üçün hazırlanmışam ki, xalqımın qarşısına çıxacağam. Mükafatım bu idi?

Verilişə 10 milyon adam, hətta ölkəmizin hüdudlarından kənarda insanlar baxdı. Sən mənim bu böyüklükdə sənətimi, şəxsiyyətimi efirə çağırıb niyə alçaldırsan?

- Sizcə, bu vəziyyətdə günahı verilişin aparıcısında görmək olar?

- Bəli. Efirlərə aparıcı kimi çıxanların əksəriyyəti aparıcılıqdan xəbəri olmayanlardır. Əgər sən verilişinin reytinqini qaldırmaq istəyirsənsə, Mətanət Əsədova kimi nəhəng sənətçini oxut. Qoy, səsi xalqın könlünü oxşasın.

Bu da sənə reytinq olsun. Yoxsa, müğənnini çağırır, yersiz suallar verir: sənin həyatında kim var? Hansı "duxi"ni neçəyə aldın? Sənə nə bağışladılar? Ay qız, sənə nə var ki, necə yaşayıram? Mənə sənətimdən sual ver. Çünki xalqa sənətim maraqlıdır.

Sənətə səsimlə, oxumağımla gəlmişəm. Nə geyindim, kimi sevdim, həyatımda kim oldu, nə vaxt boşandım...

Ay balam, sən mənim sənətimdən danış. Aşpaz deyiləm ki, bişirdiyim yeməklərdən danışım, dərzi deyiləm ki, yaratdığım eskizlərdən danışım. Rəqqasə də deyiləm ki, ortalığa düşüb, oynayım. Mən sənətkaram. Özü də xalqın sevimli sənətkarıyam, səsimlə tanınıram. Nə sponsorum, nə də "dayday"ım yoxdur, arxamda heç kim yoxdur.

Üzərimdə yalnız Allahın nəzəri, diqqəti var. Heç kimin də şəxsi həyatına, yaşamına qarışmıram. Kim kimə nə dedi, niyə dedi, qətiyyən qarışmaram. Amma sənin həyatını araşdırsam, ortalığa elə faktlar çıxar ki.

- Əziz Musaoğlu sizin geyiminizlə bağlı xoşagəlməz ifadələr işlətdi. Bu haqda nə deyə bilərsiniz?

- İndi nə edim? Allah mənim bədən quruluşumu belə yaradıb. Verilişə gələndə bədənimi gizlətdim, torba geyindim. Mənə deyəsən ki, bu nə geyimdir?! Sifətimi də gizlədəcəyəm? Məndən nə istəyirsiniz? Ay bacı, məni verilişə oxumağa çağırmısan. Sən orada camaata sual verib, qızışdırırsan. O da qızışdırılmış, öyrədilmiş adamdır.

Gündəmə gəlmək istəyir. Gülləsinə də mən tuş gəldim...

- Geyimlərinizdən əlavə, estetik-plastik əməliyyatlara da çox müraciət etdiyiniz deyilir.

- Gedin, həkimlərdən soruşun, burnumdan başqa heç bir estetik əməliyyat etdirməmişəm. Qohumların maşınında avtomobil qəzasına düşmüşdüm, burnumu əməliyyat etdirmək məcburiyyətində qaldım. Lap belə əməliyyat etdirsəm də, bu, mənim şəxsi işimdir.

Verilişdə baş verənlərə gəlincə, mənim hökumətim, qanunlarım, prezidentim, nazirlərim var. Onların bəzilərinin pulları, arxasında adamları var. Mənim xalqım, prezidentim var. Sağlıq olsun, prezidentə qədər gedəcəyəm.

Verilişlə bağlı söhbət qaldıracağam. Məni təhqir edən adam və verilişə çağıranlar məhkəmə qarşısında cavab verəcəklər. Hər gələn məni təhqir edir, bəsdir artıq. Geyimimə söz atırlar. Nə qədər olar, adamı bu qədər tapdalıyarlar? Dözə bilmirəm artıq.

Birinə, ikisinə cavab vermirsən, amma belə olmur. Mən abır-həyamdan utanıram. Ay Əziz Musaoğlu, sən kimsən ki, mənə "küçə qızı" deyirsən? Mən səsimlə əziyyətimlə 25 ildir ki, sənətdəyəm.

Allah mənə səs verib, oxuyuram. Dərdim olanda dərdimi çəkirəm, problemim olanda həll edirəm. Qısası, dərddən-sərdən problemlərdən vaxtım yoxdur ki, kiminsə həyatına qarışam, yanlış fikir ortaya qoyam.

- Baş verənlərdən sonra telekanallara çıxmaq məsələsində hər hansı bir məhdudiyyətləriniz olacaq?

- Bəli. Bundan sonra hər telekanalın efirinə çıxmağı yığışdıracağam. Mən artıq bu aparıcıların əlindən ölürəm.

Məni ortalığa qoyublar. Bu efir böyükləri, telekanal rəhbərlikləri hara baxırlar? Bütün kanallara aiddir - hər küçədən keçəni gətirib, aparıcı edirlər. Gəlib oturur orada, əlinə də alır bir kağız.

Ay balam, bir özünə, həyat tərzinə bax. Bax gör kimsən, haradan gəlmisən, ondan sonra camaatın həyatını ortalığa qoy...

Onların bəzilərinin keçmişini, həyatını ortalığa qoysaq, görərik ki, müğənnilər onların yanında şükürlüdür.

Müğənnilərdən nə istəyirsiniz? Nə vermisiniz ki, ala bilmirsiniz?

Azərbaycanda sayılıb-seçilən, 3 sənətçi varsa, biri mənəm. Alim Qasımovdan sonra ikinci sənətkaram. Yaxşı, məni də belə etdiniz. Bəs hanı sizin digər oxuyanlarınız? Gətirin, heç olmazsa, Mətanətdən zəif oxuyanın birini çıxarın ortalığa.

Bir daha deyirəm, məni təhqir edəni məhkəməyə verəcəyəm.

Onu kimlər öyrədib, verilişə kimlər çağırıb məhkəməyə verəcəyəm. Çünki mənimlə belə danışılmamışdı. Mənə deyilmişdi ki, gəl, mahnı oxu. Həmin adamı öyrədib, ora çıxarıblar. Neçə gündür, həkimlərdəyəm, ürəyim xəstədir. 

Mənim gəlir mənbəyim, obyektim yoxdur ki, səsim batsa, dolana bilim. Vallah-billah, çox kasıb bir qızam. Sadəcə, geyimləri uyğunlaşdırıb geyinmək, mənim varlı olmağımdan xəbər vermir.

Mənim imkanlı, pullu insanlardan da böyük, geniş ürəyim var. 

Bir tikə çörəyimi hamı ilə paylaşaraq yeyən insanam. Varlı insanların da işinə qarışmıram. Deməyim odur ki, imkan verin, oxuyum, yetimlərimi saxlayım. Mən bu boyda nəslə baxıram, məndən nə istəyirsiniz?

Dünəndən Qazaxıstan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Azərbaycan, Moskva, Rumıniya və Fransadan mənə məclislərində oxuduğum insanlardan fasiləsiz zənglər olunur.

Axı nəyə görə, müqəddəs ayda bu qədər insan mənə görə narahat olmalıdır? Məkkədən mənə zəng edirlər ki, bala, bunlar səndən nə istəyirlər? Hamı mənə görə narahatdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.