Şou-biznes

Məleykəylə gəzmək, Mətanətin naməlum əri, Tünzalədən "bacı qadağası" - HƏFTƏBECƏR

29 İyun 2015 09:15
31 Şərh     Baxış: 11 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (33-cü say) təqdim edir.

Həftənin xəbərlərinə keçməzdən əvvəl "Həftəbecər"ə şərh yazan bütün oxuculara təşəkkürümü bildirirəm. Oxucularla yanaşı, şərhlərdə məni yıxıb-sürüyən müğənni "oxucularıma", onların yaxınlarına, şərhyazma prosesində cani-dildən iştirak edən dostlarına da "çox sağ olun" deyirəm. İnanın ki, hər birinizin şərhindən kim olduğunuzu da başa düşürəm. Canınız yanmasın, komediyasınız e...

Candan və yanmaqdan söz düşmüşkən, bu canıyanmamış stilist Samiraldonu qabağa salaq ki, oxuyun, görün nələr deyib. Deməli, Samir təzəlikcə müsahibə verib. Açığı, bir ara yoxa çıxdı, əməllicə darıxmışdım. Yenə hərdən efirə çıxıb xalqımızı bolluca əyləndirir. El arasında "Erkək Samir" kimi tanınan stilist müsahibədə deyib ki, onun var-yoxunu söyürlər. Dediyinə görə, son beş ildə ən çox təhqir olunan məşhur simalardan biridir. Yeri gəlmişkən, görəsən, o biri məşhurların da var-yoxunu söyürlər, yoxsa elə-belə yüngülvari? Samirin bu statistikanı əldə etdiyindən xəbərsizəm. Amma sən bir populyarlığın göstəricisinə bax e. Kimi çox söyürlərsə, deməli, onu daha çox tanıyırlar. Allah kəssin elə populyarlığı.

Parodiyaçı, aktrisa, stilist, vizajist və nəhayət müğənni Xatun deyib ki, oğlunun 18 yaşı var və o kikboksinqlə məşğul olmaq istəyir. Hərçənd ki, həmkarımız bu sözü "kik-boks" kimi yazmışdı. Ona görə mən məhz bu qənaətə gəldim ki, "kik-boks" sözünə ən yaxın idman növü kikboksinq ola bilər. Amma məncə, bir az tezdir. Çünki 18 yaşda insanın sümükləri tam bərkimir. Ona görə də məsləhət görərdim ki, Xatun xanımın oğlu bu idman növü ilə 29 yaşından sonra məşğul olsun. Mən də o yaşda həmin idman növü ilə məşğul idim, uzaqlaşdım, təzəlikcə yenidən başlamışam.

Tanınmış aktyor-yumorist Fərda Xudaverdiyev də durdu, dayandı, susdu, kiridi... ilişməyə adam tapdı. Sizcə, kim olsa yaxşıdır? "Sevimli şou"nun aparıcısı Mikayıl Güləddinoğlu. Ay Fərda, əgər bu veriliş belə maraqsızdırsa, baxılmırsa, bəs niyə Space-in ən reytinqli proqramı hesab olunur? Vallah-billah, tamaşaçının əlinə dəsmal verib ağladan verilişlərə baxanda şükürlüdür.

Gözünüz aydın, ay camaaaat... Müğənni Mətanət Əsədova ərə gedir. Kimə? Nə vaxt? Harada? Bu haqda heç bir məlumatım yoxdur. Eləcə eşitmişəm ki, "prosto" ərə gedir. Xoşbəxt olsun.

Tünzalə Ağayevanı hələ bandanalı vaxtlarından tanıyıram. Özünəməxsus imici, ifa tərzi var idi. Hələ Yaltada bir festivalın da baş mükafatını qazanmışdı. Özü də hələ festivala getməmişdən əvvəl Bakıdakı restoranlardan birində qalibiyyət qonaqlığı vermişdi. Bu uzaqgörənliyin qarşısında baş əyirəm. Adam festivala getməzdən öncə qələbəsinə nə qədər inanıbsa, qonaqlıq da verib. Sözüm onda deyil. Əməkdar artist deyib ki, qızını bacısıyla görüşməyə qoymur. Məsələni bir balaca aydınlaşdırım. Yəni Tünzalə Ağayevanın vaxtilə ailəli olduğu şəxsin başqa xanımdan da qız övladı var. Sənətçi deyib ki, qızımı keçmişimdəki heç kimlə görüşdürmürəm:

"Mənim buna görə öz səbəblərim var. Bütün övladlar gözəldir. Amma o balaları böyüdən valideynlər var. Mənim problemim onlarladır. Peşman olacağım addım atmaq istəmirəm. Övladım üçün həm atayam, həm də anayam. Bir yerdə xoşbəxtik. Fidana istədiyim qədər vaxt ayıra bilmirəm. O, ömür boyu nənə-baba yanında böyüyüb. Uşaqlıqda şikayət edirdi ki, "Niyə özünə başqa iş tapmırsan?" Sonradan bu halıma öyrəşdi. Fidan sevmir ki, məktəbdə, dostları arasında, cəmiyyətdə onu Tünzalənin qızı kimi tanısınlar. Bu ona narahatlıq verir".

Şərh vermək bir qədər çətindir. Amma bacını bacıdan uzaq tutmaq bütün hallarda yaxşı əməl sayıla bilməz.

Xalq artisti Məleykə Əsədova Litvaya sanatoriyaya gedir. Ondan sonra isə tura çıxacaq. Amma turdan öncə istirahətinin bir hissəsini bulvarda qızı ilə gəzməklə keçirir:

"Hər gün axşam qızım Gülərlə dəniz kənarına gəzintiyə çıxırıq. Kim məni görmək istəyirsə, "Ağ şəhər" bulvarına gəlsin".

Çox böyük fəxrdir bu boyda tanınmış aktrisa, xalq artistiylə gəzmək, gəzişmək, həmsöhbət olmaq. Görəsən, indiyə kimi neçə nəfər xoşbəxt olub?

Yeri gəlmişkən, buradan oxucularıma səslənirəm. Hər axşam Yasamal qəbristanlığının yanından üzü Lökbatan istiqamətinə piyada yürüş keçirirəm. Kefim yaxşı olanda Salyana qədər gedib çıxıram. Yorğun vaxtımda isə maşın bazarının yanından dönüb qayıdıram. İstəyən olsa, hər gün axşam saat 8-də qoşula bilər. Zarafat eləyirəm ha, birdən ciddiyə alarsınız. Di salamat qalın, mən getdim yürüşə hazırlaşmağa...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.