Şou-biznes

Tahir İmanov: "Dedilər ki, Ermənistan millisinin paradına belə sərt reaksiya doğru deyildi" - FOTO

27 İyun 2015 15:40
10 Şərh     Baxış: 4 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı 2015-in voleybol idman növü üzrə ulduz səfiri, aktyor Tahir İmanov təmsil etdiyi idman növü və Birinci Avropa Oyunları barədə fikirlərini bölüşüb.
Milli.Az axşam.az-a istinadən həmin yazını təqdim edir:

Azərbaycan voleybol millisi Avropa Oyunları ərzində bizi bir neçə qələbəsilə sevindirdi. Hər dəfə idmançılarımız qələbə qazanıb himnimizi səsləndirərkən sözlə ifadə edə bilməyəcəyim qədər gözəl hisslər yaşayıram. Kollektiv şəkildə ən güclü komandamız, təbii ki, voleybol yığmamızdır. Futbolda, digər idman növlərində uduzsaq da, voleybolçu qızlarımız bizi nadir hallarda məyus edirlər. Mən həqiqətən fəxr edirəm ki, bizim belə güclü komandamız var.

Voleybol oyunlarını digər yarışlarda olduğu kimi cənab prezidentimiz İlham Əliyev öz ailəsiylə izləyirdi. Mənim diqqətimi çəkən daha bir məqam arenada digər yüksək rütbəli məmurların olması idi. Həmişə televiziya vasitəsilə izlədiyimiz, qəbuluna düşməyin, demək olar ki, mümkün olmadığı məmurlar indi hamı ilə bərabər oturub yarışları izləyir, komandalara dəstək olurlar. Təbii ki, komandamız güclüdür, amma güclü dəstək olmasa, heç bir qələbədən söhbət gedə bilməz.

Mən voleybol yarışlarından başqa digər idman növləri üzrə də oyunlarda azarkeşlik edirəm və fikir verirəm ki, arenalarda boş yer olmur. Azərbaycanda idmana belə münasibət heç vaxt olmayıb. Bu bir daha sübut edir ki, ölkəmizdə idmana böyük maraq var və gələcəkdə bundan da yaxşı olacaq.

Bu gün Avropa oyunları kimi nüfuzlu bir yarışı keçirmək Azərbaycana həvalə olunursa, burada əlavə sözə ehtiyac yoxdur. Dünya mediası hələ də Açılış mərasimi haqqında yazır. Mən həmin gün möhtəşəm bir şou olacağını təxmin edirdim, amma düzünü desəm, beləsini gözləmirdim. Bu, Avropa səviyyəli yox, dünya səviyyəli bir açılış mərasimiydi. Mən bir çox Olimpiadaları izləmişəm, amma heç yerdə görməmişəm ki, Açılışda bir ölkənin tarixi, mədəniyyəti, musiqisi bu qədər təbliğ olunsun. Komandalarım paradı zamanı Azərbaycan milli komandası arenaya daxil olanda orada "Qarabağ şikəstəsi"nin səslənməsi, açığını desəm, məni kövrəltdi.

Açılış mərasimini arenadan izləyən bir çox məşhur simalar var idi. Rusiyanın tanınmış aparıcıları Andrey Malaxov, Yekaterina Andreyeva, Aleksandr Tsekalo bizimlə birgə əyləşmişdi və mən onların reaksiyasına fikir verirdim. Bizə dedilər ki, Ermənistan millisinin paradında arenadakı insanların belə sərt reaksiya verməyi doğru deyildi. Dedim, bəs Ermənistanın bizim torpaqlarımızı 20 ildən çoxdur işğal altında saxlamağı doğrudurmu?! Düşünürəm ki, idman yarışlarında rəqib komandaların azarkeşləri arasında belə gərginlik olur.

Sonda hamınızı Avropa Oyunlarının Bağlanış mərasiminə dəvət edirəm, çünki bu anlar təkrarolunmazdır. Bir də belə olmayacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.