Şou-biznes

“Yekə arvaddır, “vid-fason”u da yoxdu, sponsor hesabına efirə çıxır”

28 May 2015 21:19
5 Şərh     Baxış: 13 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir vaxtlar onun yaratdığı qrup şou-biznes aləmində ən məşhur qrup idi. Hətta bu qrupun tərkibində fəaliyyət göstərən müğənnilər də sonradan şou aləmin ən "bərkgedən" sənətçilərinə çevrildilər. Söhbət "N-Brothers" qrupunun rəhbəri, tanınmış prodüser Namiq Qafarovdan gedir. O indi hardadır, niyə şou aləmdən uzaqlaşıb? 

Qrup rəhbəri gublika.az-a müsahibə verib.
 
- Çoxdandır görünmürsünüz, nə özünüz, nə də qrupunuz, haralardasınız?

- İndi hansı qrup efirdə tez-tez görünür ki,  "N-Brothers"  də görünsün. Qrupları efirlərə nadir hallarda çağırırlar. Mən özüm də hər çağırılan verilişə getmirəm. Çünki indiki şou-biznes əvvəlkindən qat-qat fərqlidir.
 
- Fərqi nədə görürsünüz ki?

- Əvvəlki kimi insanlarda şou-biznesə maraq qalmayıb. Keyfiyyətli layihələrə rast gəlmək olmur. Baxırsan ki, bu gün Azərbaycanda 70 qrup var. Çoxluq da yaxşı deyil. Hamısı da 3 oğlandan ibarətdir, eyni stildə geyinir və eyni stildə oxuyur. Efirə bir-iki dəfə çıxırlar ki, tanınsınlar, toya getsinlər. Toya da gedirlər 30-40 manata. Belə rəqabət aparmaq olar?
 
- Bəyəndiyiniz qruplardan hansının adını çəkə bilərsiniz?

- Baxıram ki, elə möhürünü vuran qrup yoxdur. Belə baxanda iki normal populyar qrup var, biri  "N-Brothers"  biri də "Şeron"dur. Mən oğlanlardan ibarət qrupu misal çəkdim.
 
- Amma etiraf edək ki, "N-Brothers"  qrupu əvvəlki şöhrətini saxlaya bilməyib?

- Ona qalsa heç "Şeron" da efirlərdə yoxdur.
 
- Sizcə, niyə?

- Çünki camaata qalmaqal lazımdır, biz də onu eləmirik. Hamı başını aşağı salıb toylarını oxuyur və toydan toy tutur. Heç kim klip çəkdirmir, təzə mahnı təqdim etmir. Qruplar belədir ki, 30 il davam etmir, uzaqbaşı 5-6 il gündəmdə olur, dağılır.
 
- Yəni "N-Brothers" əvvəlki kimi pul qazana bilir?

- Nəinki bizim qrup, bu gün heç bir müğənni deyə bilməz ki əvvəlki illərdə olduğu qədər pul qazanıram. Yalandan efirə çıxıb özünü tərifləməklə deyil e, bu faktdır.
 
- Yaman acıqlısınız ha! Sizi qıcıqlandıran və belə acıqlı danışmağa vadar edən səbəblər var yəqin?

- Qıcıqlanaram də. Çıxırlar efirə hamısı yalan danışırlar, üzə gülür, artistlik edirlər. Bayağı mahnılar oxuyurlar, məqsədləri də budur ki, toy tutum. Verilişlərin aparıcıları da  reytinq xatirinə qalmaqal axtarır. Kim yaxşı qışqırırsa, söyüş söyürsə efirə onu dəvət edirlər. Açırsan kanalı, eyni müğənnini görürsən. Nə qədər eyni müğənnilərin sifətini görmək olar. Əlli min müğənni var e, amma efirə baxırsan onunu görürsən. Şou aləmdə belə bir söz var e, tutuzdurmaq. Bax o tutuzdurmaq söhbətinə görə ağızlarına gələni danışırlar. Bağışla məni, çanta daşıyan efirə çıxıb deyir ki, mən prodüserəm. Prodüsersən göstər görək kimi tanıtmısan, hansı müğənnini heç olmasa orta səviyyəyə qaldırmısan? Populyarla nənəm də işləyər. Bu saat gedim Ədalət Şükürovla işbirliyi qurum, sonra da yalandan deyim ki, Ədalət Şükürovu mən tanıtmışam. Ya da Faiq Ağayevi, gülünc söhbətdir. Prodüsersən tanınmamış bir müğənnini  sıfırdan hamıya tanıt.  Mən yorulmuşam bu camaatı başa salmağa ki, prodüserin vəzifəsi nədir? Axırda efirdə başa salmışam ki, bir var əsl prodüser, bir də var elə-belə.
 
- Siz indi özünüzü hansı kateqoriyadan sayırsınız?

- Mən əsl prodüserəm. Mən bu saat mərcə girib istənilən bir gənc müğənnini  bir ilin içində populyar edərəm.
 
- Bəs niyə etmirsiniz?

- Sadəcə olaraq mənə müraciət etmirlər. Çox adam elə bilir ki, mən qrupdan başqa müğənni ilə işləmirəm. Bu yaxınlarda yanıma bir cavan qız gəlmişdi, yazıq qız gedib düşüb bir fırıldaqçının əlinə, 30 min manatını alıb yemişdilər. Mən ondan soruşdum ki, bəs niyə mənə müraciət etmədin? Dedi ki çox adamdan soruşmuşam. Deyiblər Namiq müəllim  "N-Brothers"dən başqa heç kimlə işləmir. Əslində mən həmin pulla onu yaxşı tanıda bilərdim.
 
- Kimlərdi o adamlar ki, belə hər yerdə işinizə pəl vururlar?

- Mənim şou aləmdə düşmənim yoxdur. Hamı ilə münasibətim var.
 
- Bəs hamının sizinlə münasibəti normaldır?

- Heç kim deyə bilməz ki, hamıyla münasibəti əladır. Məni də bəyənməyənlər var. Adam var üzümə gülür, dalımca danışır. O söz-söhbət də gəlib qulağıma çatır. Mən həmin adamlara demək istəyirəm ki, hələ möhürünü vur, mənim səviyyəmə çat, sonra arxamca danış. Üzlərinə heç nə demirəm də. Xalqın gözü tərəzidir, hamı hamını yaxşı tanıyır. Mən o vaxt şou-biznesdə qan-qan edəndə həmin adamlar masa arxasında şirin çay içirdilər.
 
- Bir ara səhhətinizdə kəskin problemlər yaşandığı deyildi...

- Elə bir ciddi problemim yoxdur. Uşaqlıqdan bir balaca problemim var, mədəm sözümə baxmır. Arada bir kurs müalicələr alıram. Bu xəbəri də düşmənçiliklə yayırlar.
 
- Nədənsə, elə bil yorulmusunuz e bu şou-biznes aləmindən?

- Yorulmamışam e, sadəcə olaraq bir balaca iyrənmişəm. Gic-gic hərəkətlər, qalmaqallar məni bu aləmdən iyrəndirib. Nə ağsaqqalında qalıb, nə ağbirçəyində. Yekə arvaddır, nə vidi var, nə fasonu, sponsor hesabına efirə çıxır. Bayaq Aqil. M.Quliyevlə söhbət edirik, deyir biz köhnə qurdlarıq. Biz doğrudan da köhnə canavarlarıq. Bizim vaxtımızda vəziyyət ayrı cür idi. Qrupun da qrup yeri vardı, pulun da pul yeri. Hamı mahnısını da yazdırırdı, klipini də çəkdirirdi. Bu işdən başları çıxmayanlar tapış və dayday şotuna gəlib adam olublar.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.