Şou-biznes

Məşhurlardan Mətanətə REAKSİYA: "Özünü idarə edə bilmirsə..."

21 May 2015 12:36
51 Şərh     Baxış: 22 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teleaparıcı Mətanət Əliverdiyevanın səsləndirdiyi "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi" sözləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və teleaparıcı tənqid hədəfinə çevrilib. 

"Qafqazinfo"nun məlumatına görə, teleaparıcının fikirlərinə həmkarları və sənət adamları sosial şəbəkədə münasibət bildiriblər:

Teleaparıcı Elçin Əlibəyli:

"Baş verən hadisə böyük faciədir. Burada ən böyük məsuliyyət jurnalistlərin üzərinə düşür. Vaxtında araşdırma aparıb, nələri isə deməliydik. Şəxsən mən özümü günahkar sayıram. O sakinlərin önünə çıxıb nə deyə bilərəm? Neçə gündür gördüklərimə inanmaq istəmirəm, amma çox acı gerçəkdir. Mətanətin nə ağlına, nə istedadına şübhəm var, çox güman edirəm ki, o, sarsıntından belə danışıb, canlı efirin təzyiqini nəzərə alaq.  Biz canlı efirdə olsaydıq, necə fikrimizi ifadə edərdik? Bu sualı özümüzə verək".

Telejurnalist Afaq Vasifqizi

"Mətanəti efirdən uzaqlaşdırmaq lazımdır. Hər səhvin bir cəzası olsun gərək. Özünü idarə edə bilmirsə, getsin başqa işlə məşğul olsun. Biz ANS-də onunla bir yerdə işləmişik. Normal da münasibətimiz var. Sadəcə bu elədiyi adi səhv deyil ki, bağışlansın. ATV rəhbərliyi reaksiya verməsə, MTRŞ danışmalıdır. İctimai qınaq havada qala bilməz".

Jurnalist İlhamiyyə Rza

"Dünən ATV-də məlum aparıcının dediklərinə bir televizyonçu və bir vətəndaş olaraq münasibət bildirmək istərdim. Bir dəfə də bu barədə yazmışdım ki, vaxt vardı, şəxsiyyətə pərəstiş edilirdi, indi də şəxsiyyətsizliyə pərəstiş dövrüdür. Tanınmaq, populyar olmaq, qayğısız yaşamaq üçün mümkün qədər şəxsiyyətsiz olmalısan. Bu gün şəxsiyyətlər deyil, zombilər yetişdirilir. Öz fikri, mövqeyi olmayan, deyiləni qeyd-şərtsiz yerinə yetirən zombilər. Özü də bu siyasəti daha çox televiziyalar yerinə yetirir. Amma hər şeyin də bir həddi var... Əminəm ki, Mətanətə tapşırıq verilsəydi ki, bu faciədir, o, efirdə mərsiyə də deyərdi... Faciənin ilk gecəsi rəfiqəm hadisə yerinə çiçək dəstələri aparmışdı və polislər onunla kobud rəftar edib oradan uzaqlaşdırmışdılar. Bir gün sonra isə eyni məqsədlə gələnlərə imkan yaradıb güllər üçün xüsusi yer də ayrımışdılar. Çünki artıq bununla bağlı göstərişlər almışdılar. Ancaq öz vicdanı, mövqeyi olmayan zombilər belə edərlər... Mətanət prezidentin müşavirəsində deyilənləri eşitsəydi, prezidentin də bu hadisəni faciə adlandırmasını görsəydi, əlbəttə ki, belə danışmazdı... Yaxud, ölkədə matəm elan olunsaydı, başqa cür danışardı... Televiziyaların bizə sırıdıqları "qəhrəmanlara" yox deməyin zamanı gəlib çatıb. Mən Mətanətin dediklərinə haqq qazandıranları, empati qurmağa çağıranları qətiyyən anlamıram. Uzun illər canlı efirdə çalışan bir insan kimi, əmin edirəm ki, heç kimin üstünə tapançanı yönəldib, bunu de, bunu demə kimi bir durum yoxdur. Yadımdadır, bir dəfə Britaniya səfiri efirimizdə olanda, 20-ci əsrin əvvəlində Bakıya işğalçı olaraq gəlmiş Denstervil əsgərlərinin abidəsinə həqarət mövzusunu müzakirə edirdik. Efirin bitməsinə 40 dəqiqə qalmış, qulaqcıqla əmr gəldi ki, verilişi təcili olaraq major notlarla bitirim. Mən buna məhəl qoymadan verilişi necə planlaşdırmışdımsa, eləcə də bitirdim. Ertəsi gün isə, maraqlı veriliş üçün təşəkkür də aldım. Özümü örnək gətirmirəm, bu sadəcə efir təcrübəmdən bir nümunə idi. Canlı efirdə, vətəndaş mövqeyi olan insanlar olmalıdır. Vətəndaş yetişdirmək istəyiriksə, istəmiriksə, Sədərək bazarı üçün alıcı yetişdiririksə, sonu elə belə də olacaq".

Elnarə Xəlilova: "Allah ağıl versin".

Müğənni Nazim Məmmədov: "İynəni batır öz əlinə, bəyənsən, başqasına batırarsan"  Məhəmməd (s. a. s).  Bu qədər rahat fikir bildirmək nə qədər də rahat bir şeydir. Ölkə başçımız bu faciə ilə bağlı bütün hamını ayağa qaldırıb. Aparıcı deyir ki, biz bunu faciə etməli deyilik. Əməkdar artist Murad Dadaşov, nəhəng insan özü kimi də nəhəng, reklamlı və gəlirli verilişini 3 günlük dayandırıb. Hər halda kimin necə gücü çatırsa, elə də yanaşır. 15 insan həyatı, illah ki, 5 körpə olmaqla  bir film və külək ola bilməz. Allah ölənlərə rəhmət etsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.