Şou-biznes

Elnur: "Ebru Gündeşdən xahiş edəcəm ki…" - FOTO

21 May 2015 11:06
7 Şərh     Baxış: 8 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il 60-cı "Eurovision" mahnı müsabiqəsində ölkəmizi təmsil edən Elnur Hüseynov "Hürriyət"ə müsahibə verib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "O səs Türkiyə" birincisi olan müğənni müsabiqədən və gələcək planlarından danışıb. 

- "O səs Türkiyə"də birinci olduqdan dərhal sonra "Eurovision"da Azərbaycanı təmsil etmək üçün sənə təklif gəldi. Nə hiss etdin? 

- Doğrudan, hər şey çox sürətlə baş verdi. Bir yarışdan təzə çıxmışdım və başqa bir yeni müsabiqəyə qatılmağım istənilirdi. Hər iki layihə elə də kiçik iş deyil. Bu səbəbdən, çox həyəcanlandım. 

- 2008-ci ildə də ölkəni təmsil etmişdin və 8-ci olmuşdun. Səncə, Türkiyədəki uğuruna görə "Elnur bir də bizi təmsil etsin" dedilər? 

- Bəlkə də. "O səs Türkiyə"dəki performansım və aldığım dərəcədən təsirlənmiş ola bilərlər. 

- Rusiyadakı "The Voice"un yerinə "O səs Türkiyə"ni niyə seçdin? 

- Amsterdamda oxuyanda dostlarım mənim adımdan Rusiyadakı müsabiqəyə video göndəriblər. Amma orada yarışmaq istəmirdim. 

- Problem rus dili idi?

- Xeyr, dili bilirəm. Əlbəttə ki, rusca da mahnı oxumağı bacarıram. Türkiyəni daha çox istədim. Türkiyə bizim qanımızdır, iki dövlət bir millətik. 

- Rusiyada qalib gəlməyin də karyeran baxımından yaxşı olmazdı? 

- Bəlkə də. Amma ən əsası, insanlarla aranızdakı hissdir. Mənə də Türkiyə doğma gəldi. 

- Bu hiss qarşılıqsız deyil. Türk xalqının da gözü, qulağı səndədir. Küçədəki vətəndaşa mikrofonu uzadanda elə bil bizi təmsil edirmişsən kimi "Elnur, qalib gəl" deyirlər. Bu qədər diqqət səni bezdirmir ki? 

- Əksinə, qürur duyuram. Promo-turda olarkən Stokholmda bir marketə girdim. Aldıqlarımın pulunu vermək istəyəndə "Elnur, necəsən? Səndən heç pul götürərik?" dedilər. Çox duyğulandım. Hər şeydən əvvəl heç bir yerdə tək olmadığımı hiss edirəm. 

- Səsvermə ilə bağlı nə düşünürsən? "Hour of the Wolf" mahnın xaricdə yaşayan türklərin xoşuna gələcək? 

- Mahnımı bəyənən, mənim qalib gəlməyimi istəyənlər səs verəcəklər. Amma mən xüsusi olaraq kimdənsə səs istəyə bilmərəm. Mənim üçün daha önəmlisi tamaşaçıların işimi sevib bəyənmələridir. Səhnədə o hissi yaşatmaq, "nə qəşəng oxudu" dedirtmək bəsimdir. Ümid edirəm, bunu bacaracam. 

- "Eurovision" hər hansı bir konsert deyil, böyük müsabiqədir. Gecələr yata bilirsən? 

- Hərdən olur, yata bilmirəm. Gərgin qrafikdən başım şişib. Bir az da sakit vaxt keçirmək istəyirəm. Amma bir də gördün, qalib oldum. Nəticələr elan ediləndə səhnədə özümdən gedə bilərəm. 

- Səni bu qədər yoran nədir? 

- Promo-tura çıxdıq, ölkə-ölkə gəzdik, bir çox insanla tanış olub danışdıq. Bu müddət ərzində tək qalmaq mümkün deyildi. Bu, məni çox yordu. Amma bu yolu, hər necə olsa da, keçməliyəm. 

- Qalib gəlsən, nə olacaq? 

- Bütün xəyallarımı, istəklərimi həyata keçirəcəm. 

- Yarışdan sonra İstanbula gəlib albom çıxaracağını eşitdim... 

- Düzdür. Özü də bir yox, iki dənə. Biri Avropada yayımlanması üçün xarici mahnılardan, digəri türk bəstələrindən ibarət olacaq. 

- Türkcə necə danışırsan? 

- Getdikcə yaxşılaşır. Bir il əvvəl türk dilini bilmirdim. Türkcəni "Möhtəşəm yüz il" serialı ilə öyrəndim. 

- Neçə dil bilirsən? 

- Azərbaycan, türk, ingilis, rus, bir az da polyak. Türk xalq mahnılarını da oxumağı çox istəyirəm. Ebru Gündeşdən bu işin texniki tərəfini mənə öyrətməsini xahiş edəcəm.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.