Şou-biznes

Xalq artistindən etiraf: "Rəşid Behbudov mənimlə şərt kəsdi ki..." - FOTO

31 Yanvar 2015 12:11
0 Şərh     Baxış: 2 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün xalq artisti, sevilən sənətkar Mübariz Tağıyevin ad günüdür. Estradamızın həmişəcavan ulduzunu təbrik edib, doğum günü təəssüratlarını paylaşdıq

Publika.az-a danışan xalq artistinin ad günündə gözünü yolda qoyan da olub. Həmin adamın həyatda olmamağı sənətkarı göz yaşlarına boğub...
 
- Ad gününüzdə sizi ilk təbrik edən kim olur?

- Uşaqlıq illərimdən ta indiyədək məni ən birinci təbrik edən iki əziz adamım olub - biri qardaşım, biri də bacım. Qardaşım üç ildir ki, məni təbrik etmir, çünki dünyasını dəyişib. Bir ayın içində əriyib gedən qardaşımın yoxluğu məni çox yandırır. Hər ad günümdə qulağım səsdə, gözüm yolda olur, amma bilirəm ki, mənası yoxdur (kövrəlir). Allah bacıma cansağlığı versin, hər ad günümdə məni təbrik edir və elə bilirəm, dünyanı mənə bağışlayırlar. Qardaşımın ətrini də ondan alıram.
 
- Bəs bu gün ilk təbriki kimdən aldınız?

- Birinci bacım təbrik etdi, sonra bəstəkar dostum Siyavuş Kərimi. Üçüncü siz oldunuz. Sağ olun ki, unutmamısınız.
 
- Bu il ad gününüzü kimlərlə, necə qeyd etməyi planlaşdırırsınız?

- Ailəm və doğmalarımla qeyd edəcəyəm. Evdə belə məsləhət bildik. Yaş keçir, insan qocalır, bu gün varsan, sabah yoxsan. Srağagün Vaqif Səmədoğlunu son mənzilə yola saldıq. Evə qayıdanda oturub öz-özümə fikirləşdim. Onsuz da hamımız köçüb gedəcəyik. İnsan gərək özündən sonra bir iz buraxsın...
 
- Kövrəlirsiniz, mən də pis oluram. Getməkdən danışmaq hələ tezdir axı. Hələ deyin görək, indiyədək ən yaddaqalan ad gününüz hansı yaşınıza təsadüf edib?

- Uşaqlıq illərimdə keçirdiyim bütün ad günlərim maraqlı və yaddaqalan olub. Amma axır vaxtlarda ən yadda qalan ad günüm 50 illiyimə təsadüf edib. Heydər Əliyev Sarayda solo-konsertim oldu, sonra da yubileyimi Gülüstan Sarayında dostlarla qeyd etdik. Çox qəribədir ki, son vaxtlar uşaqlığımı daha çox xatırlayıram. Beş yaşıma qədər başıma gələn hadisələr, hətta Stalinin ölüm xəbəri, qadınların küçədəki ağlaşması - hamısı yadımdadır. Kino lenti kimi gəlib durur gözümün qabağında. Məsələ burasındadır ki, 20 il əvvəl hadisələri çox dumanlı xatırlayırdım, bəlkə, heç yadıma da düşmürdü. Amma yaşa dolduqca elə bil zehnim də açılır. Evin sonbeşiyi idim, məni hədiyyə yağışına tuturdular.
 
- Ən yaddaqalan hədiyyənizi xatırlayırsınız?

- Əlbəttə, atamgil üçtəkərli velosiped almışdılar mənə, məhlədə avtoşluq edirdim. Velosipedə o qədər bəzək-düzək vermişdim ki, elə bilirdin, gəlin maşınıdır.
 
- Dönüb həyat yolunuza baxanda hafizənizdə qalan ən dəhşətli hadisə və ən xoş gününüz nə zamana təsadüf edib?

- Səhnəyə yeni çıxdığım vaxtlarda İrəvanda fəaliyyət göstərən Estrada ansamblında oxuyurdum. Bir gün evdəkilərə dedim ki, məni televizorda göstərəcəklər. Atam, anam, qardaşım televizorun qabağında oturub, həyəcanla mənim ifamı gözləyirdilər. Mən də fəxarətlə onlara baxırdım ki, indi məni tərifləyəcəklər. Amma gözlədiyimin tam əksi oldu. Konsert zamanı etdiyim ifamı kəsib atmışdılar. O anda şok keçirdim və həyatım boyu o hadisəni unuda bilmədim. İndi də o hadisə yadıma düşəndə çox pis oluram. Amma xoş günlərim çox olub, hansı birini sadalayım?
 
- Mənə çox maraqlıdır, ad günlərinizdə heç dünyasını dəyişən doğmalarınız yuxunuza girir?

- Elə bil ürəyimi oxudun, ay Cəvahir. Mən hələm-hələm yuxu görən adam deyiləm. Çox qəribədir ki, hər ad günümdə anam yuxuma girir. Bu gecə də onu yuxuda gördüm.
 
- Necə gördünüz?

- Anam xasiyyətcə çox şən, pozitiv qadın olsa da, həmişə mənə amansız yanaşıb, məni tənqid edib. Bəlkə də, sənətlə məşğul olduğuma görə idi, tamaşaçılarımı nəzərə alırdı. Bir də gördün, deyirdi, bu nə qalstukdur taxmısan, bu nə saç düzümüdür və sair. Maraqlısı bundadır ki, ötən gecə də anam yuxuma girdi. Məni məzəmmət elədi ki, artıq yaşlaşırsan, bu nə yerişdir e belə...
 
- Özünüzdə xoşlamadığınız hansı xasiyyətiniz var ki, məmnuniyyətlə silib atardınız?

- Çox dözümlüyəm, özümü cilovlamağı bacarıram, amma müəyyən məqamlarda özümə hakim ola bilmirəm. Səbir kasam daşanda səsimi çıxarıram. Ən pis xüsusiyyətim budur ki, insanları bağışlayıram. Hətta günahkar olsalar da belə, onlara bəraət qazandırmağa çalışıram. Özümü tapdalanmış hiss edirəm, zəif olduğumu düşünürəm, amma neyləyim ki, qarşı tərəfi də nəzərə alıram, bağışlayıram. Dolça bürcündənəm, bu bürcdə doğulan insanlar belə olur... Amma bir məsələ də var, bağışlasam da, üzüm dönən insanlara geri qayıtmıram. Son ana qədər güzəşt edirəm. Bağışlayıram, amma son anda bütün körpüləri yandırıram.
 
- Bəs bəyəndiyiniz xasiyyətiniz hansıdır?

- Təvazökarlıq kimi çıxmasın, çox səmimiyəm. Bəzən insanlar var e, yalandan Qurana, Allaha and içirlər. Mən söz verdimsə, eləyirəm. Sizə bir sirr açım: uzun illər bundan əvvəl xalq artisti Rəşid Behbudov mənə qadağa qoydu ki, heç vaxt restoran toyuna getməyəcəksən. Mən ona söz verdim və bu günə qədər də o sözü tuturam.
 
- Buna görə peşman deyilsiniz ki?

- Yox, şükür Allaha, ac qalmırıq, dolanışığımız da var. Demirəm, ildə 2-3 maşın dəyişirəm, yox, amma naşükür deyiləm. Sonuncu qəpiyimi də kiməsə verə bilərəm. Bu xasiyyətimi də bəyənirəm.
 
- Bəs Allahdan özünüzə nə arzulayırsınız?

- Arzularım o qədər çoxdur ki, hansı birini deyim? Yaş artdıqca arzular da çoxalır. Bəzən insandan soruşurlar ki, sənin üçün xoşbəxtlik nədir? Hərə bir cür cavab verir. Mənim üçün xoşbəxtlik bir mahnımın ərsəyə gəlməsi və sevilməsidir. Xoşbəxt anlarım, günlərim çox olub. İstərdim ki, yenə də o xoşbəxt anların davamını yaşayım

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.