Şou-biznes

Bizim səslər "O səs Türkiyə"də səs-səsə verib

28 Yanvar 2015 17:03
0 Şərh     Baxış: 5 134
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gövhər Həsənzadə: "Müğənnilərimizin o müsabiqəyə getməkdə məqsədi özlərini təsdiqləmək deyil, daha böyük auditoriyaya "mən də varam" deməkdir"

Hazırda şou aləmində "qonşudan geri qalma" prinsipi hökm sürməkdədir. Belə ki, yerli şou aləmində at oynadan ifaçılar üzlərini başqa bir istiqamətə tutaraq qonşu Türkiyə şou-biznesinə qatılmağı qarşılarına məqsəd qoyublar. Amma bir çox hallarda ifaçılarımız bu məqsədlə külli miqdarda pul xərcləsələr də, istədiklərinə nail ola bilmirlər.

Xarici rejissorlara klip çəkdirib, Türkiyə kanallarında yayımlatdırmağa böyük miqdarda pul xərcləyən müğənnilərimizin xarici şou-biznesə marağı səngimir. Pulu olmayan, amma tanınmaq və şöhrət qazanmaq üçün əldən-ayaqdan gedən ifaçılar isə çarəni yalnız bir yolda tapırlar - "O səs Türkiyə" musiqi yarışmasında iştirak etməkdə. Cəmi bir neçə il bundan öncə kifayət qədər tanınmayan Sevil və Sevinc bacılarının belə bir təcrübəsini nümunə götürən ifaçılarımız Türkiyə musiqi yarışmasına düşmək üçün bütün imkanlarını əsirgəmirlər.

Onların sırasında tanınmış ifaçılarımızdan Elnur Hüseynov, Nicat Məhərrəmov, Aygün İsmayılova və başqalarının adlarını çəkmək olar. Demək olar ki, müsabiqədə iştirak edən hər on iştirakçıdan ikisi azərbaycanlıdır. Türkiyə musiqi yarışmasında həmyerlilərimizin iştirakı ölkəmizdə birmənalı qarşılanmır. Belə ki, kimisi onları asan məşhurluq qazanmağa çalışmaqda günahlandırır, kimisi də ölkəmizdə musiqi yarışmalarının yetərli səviyyədə olmamağı səbəbindən belələrinə haqq qazandırır.

Biz də mövzu ilə bağlı mütəxəssislərin fikrini öyrəndik. Onlar hesab edirlər ki, yerli ifaçılarımızın əcnəbi musiqi yarışmalarında iştirakı heç də bizim üçün əskiklik gətirən hal deyil, hətta əksinə, ölkə şou aləmində tanınmaq üçün imkanı olmayan ifaçılar xarici musiqi yarışmasında iştirak etməklə həm Azərbaycanda tanınır, həm də Türkiyə musiqi dünyasında tanınmış şirkətlərlə əməkdaşlıq edirlər. Başqa sözlə, bu tip xarici müsabiqələrdə iştirak edən yerli ifaçılarımız bir güllə ilə iki dovşan vururlar.

Xalq artisti, bəstəkar Faiq Sücəddinov bizimlə söhbətində yerli ifaçılarımızın xarici müsabiqələrdə iştirakından razı qaldığını, bunu Azərbaycan üçün sevindirici hal kimi qəbul etdiyini bildirdi. Onun fikrincə, "O səs Türkiyə" musiqi yarışmasına qatılan iştirakçılarımız Azərbaycanın sərhədlərini aşaraq vətənlərini xaricdə tanıdırlar. Əgər xarici bir ölkədə Azərbaycan vətəndaşının səsi eşidilirsə, bununla yalnız fəxr etmək lazımdır: "Həmin müsabiqədə iştirak edən münsiflər heyəti tanınmış, peşəkar insanlardan ibarətdir. Orada əyləşən insanlar musiqini mükəmməl şəkildə bilirlər. Mən yerli televiziyalarımızda nümayiş olunan mahnı müsabiqələrini izləyirəm və onların ürəkaçan olmadığını görürəm. 2004-cü ildə "Azəri Star" yarışmasında münsif heyəti qismində çıxış edirdim. Biz ən gözəl səsləri seçib, onları yetişdirirdik. Həmin müsabiqənin qalibləri bu gün Azərbaycan şou-biznesində tanınmış insanlardır".

Faiq Sücəddinov musiqinin dövlətləri, insanları birləşdirdiyini və onun sərhədləri aşmaq bacarığına malik olduğunu da qeyd etdi. O, hesab edir ki, ifaçılarımızın əcnəbi ölkələrin müsabiqələrinə qatılması həmin ifaçılar üçün həm də böyük təcrübədir.

Əməkdar artist, bəstəkar Gövhər Həsənzadə də "Kaspi"yə açıqlamasında "O səs Türkiyə" yarışmasında iştirak edən həmvətənlərimizi qınamadığını qeyd etdi: "Gəlin diqqət edək ki, bizim həmvətənlərimiz nə üçün yerli müsabiqələrə deyil, məhz xarici musiqi yarışmalarına qatılırlar. Ona görə ki, sözügedən layihə böyük bir auditoriyanı əhatə edir. Bu müsabiqəyə dünya tamaşaçılarının böyük marağı var. Özünə güvənən hər bir ifaçı arzulayar ki, belə bir layihədə özünü göstərsin. Həmin müsabiqəni Azərbaycanda keçirilən müsabiqələrlə müqayisə etmək ədalətsizlikdir. Çünki səviyyə baxımından ortada çox böyük fərq var. Həm auditoriya, həm efir yayımı, təşkilati işlər, həm də ən əsası, təcrübə baxımından "O səs Türkiyə" yarışması bizim yarışmalardan çox fərqlənir. Yəqin ki, biz də belə layihələri izləyə-izləyə onlardan nəsə götürə bilərik. Azərbaycan efir məkanında elə bir müsabiqə yuaranar ki, həmin müsabiqə dünyada əks-səda doğurar. O zaman bizim müsabiqələrə də başqa ölkələrdən axın yaranar. Həmin müsabiqənin baxımlılığı və reytinqi üstün olduğuna görə, hər bir ölkənin vətəndaşı orada çıxış etmək istəyir. Ən əsası odur ki, orada iştirak edən uşaqlarımızın hamısı çox güclü və istedadlıdırlar, indiyə kimi heç biri istehza ilə qarşılanmayıb. Şükürlər olsun ki, onlar qonşu ölkənin musiqi yarışmasında üzümüzü ağ ediblər".

Azərbaycan ifaçılarının çox istedadlı olduğunu söyləyən G.Həsənzadə onların xarici münsiflər heyətini dəfələrlə təəccübləndirdiklərinin şahidi olduğunu deyir: "Sözügedən müsabiqədə iştirak edən əksər ifaçılar bizim yerli müsabiqələrdən çıxıblar. "O səs Türkiyə" isə tanınmaq üçün çox gözəl bir vasitədir. Bizim ifaçılarımız özlərinə nə qədər güvənirlərsə, hətta yarımfinala qədər gəlib çıxırlar. Müğənnilərimiz əgər o müsabiqəyə gedirlərsə, onların niyyəti özlərini təsdiqləmək deyil, daha böyük auditoriyaya "mən də varam" deməkdir. Oradan ifaçılara bir çox təkliflər də gələ bilər. Tək müsabiqə ilə iş bitmir. O səhnəyə çıxmaq artıq bir sıra şirkətlərdən əməkdaşlıq təklifi almaq kimi bir şeydir".

G.Həsənzadə hesab edir ki, hər ölkənin öz şou-biznes qanunları var. Türkiyənin tanınmış hər hansı bir ulduzu bizim yerli müsabiqələrdə münsif kimi çıxış edə bilməz: "Əgər kimisə münsiflər heyəti kürsüsündə oturmağa layiq görüblərsə, bu o demək deyil ki, o, güclü səsə malikdir. Bu kimi məsələləri təşkilatçılar müəyyən edir. Məgər həmin kürsüdə oturan münsiflər heyəti Türkiyənin ən güclü səsləridirmi? Münsiflər heyəti üzvlərini özləri bəzən səhnəyə çıxdıqda, həyəcan keçirirlər. Onlar özlərini hər şeyi bilən mükəmməl kimi də aparmırlar. Orada bir idarəedici heyət var, o da Acun Ilıcalıdır. Həmin müsabiqədə səhnədəki iştirakçı ilə münsiflər heyəti eyni statusu daşıyır. Bu tip müsabiqələr dünyanın müxtəlif ölkələrində mövcuddur".

Bəstəkarın istəyi odur ki, yarışmanın finalında iki azərbaycanlı iştirakçının üz-üzə yarışdığının şahidi olsun. O, əmindir ki, əvvəl-axır ən azı bir azərbaycanlı iştirakçı o müsabiqədə qalib olacaq.

Aparıcı, bəstəkar Murad Arif məsələyə başqa səmtdən yanaşdı. O deyir ki, kiçik ölkələrin vətəndaşları çalışır ki, qonşu ölkələrin şou bazarlarına daxil ola bilsinlər. İmkanı məhdud olan gənclər üçün də bu, ən real bir vasitədir ki, xarici şou aləmində az da olsa tanınsa, hansısa bir prodakşın onunla müqavilə imzalayar: "Ukrayna, Belarus və digər rusdilli ölkələrin vətəndaşları Rusiya şou bazarına daxil olmaq istədikləri kimi, azərbaycanlı ifaçılar da Türkiyə şou bazarına girmək istəyirlər. Bu gün Türkiyə şou aləminə qatılmaq istəyən gənc ifaçılarımız kifayət qədərdir ki, bu da təbii haldır. Əsas məsələ ifaçılarımızın iştirak etdiyi müsabiqənin ölkədə nə qədər tanınmasıdır. Türkiyədə 10 faiz də olsa tanınan müğənni o verilişə getmir. Azərbaycandan tanınmış müğənnilər gedir və bunun Türkiyə bazarına heç bir aidiyyəti yoxdur. Hazırda Azərbaycanın ən məşhur müğənnisi Türkiyədə tanınmırsa, həmin müğənninin Rusiya və ya Türkiyə, Avropa ölkələrindəki müsabiqələrə qatılmağı normal haldır. İfaçının tanınmadığı bir bazarda özünü tanıtmağa çalışması təqdirəlayiqdir".

Murad Arif tanınmış ifaçılarımızın həmin müsabiqədə iştirakı ilə bağlı sualımıza isə "Əgər ifaçı öz ölkəsində bəlli bir status əldə edib maliyyə qazana bilməyibsə və ya qazandığı məşhurluğu əldə saxlaya bilməyibsə, onun üçün xarici ölkələrdəki müsabiqədə iştirakını normal qəbul etmək lazımdır" deyə cavab verdi: "Əgər Eldar Qasımov əsas Türkiyə müsabiqəsində iştirak etsəydi, bu bir qədər onun üçün uyğun olmazdı. Çünki onun Azərbaycanda bəlli bir mövqeyi var. Əgər sözü Elnur Hüseynova və Aygünə gətirirsinizsə, onlar Azərbaycanda məşhurluqlarını itirmiş ifaçılardır. Onlar bir müddət tanındılar və bu gün vətənimizdə öz populyarlıqlarını itiriblər. Onlar üçün qardaş ölkənin musiqi yarışmasında iştirak etmək gözəl bir şansdır. Yəni, adıçəkilən ifaçılar həm öz vətənlərində yada düşür, həm də başqa bir məmləkətdə gündəmə gəlirlər. Burada aşağılayıcı heç nə yoxdur. Əslində, nə Elnurun, nə də Aygünün özlərini Hadisənin qarşısında sınamasına ehtiyacları var. Sadəcə, onlar yeni bazar və yeni coğrafiya əhatə etmək istəyirlər. Bu inkişafdır. Ümumiyyətlə, sənət riski çox sevir. Risk edən insan hər zaman qazanır. Əgər Azərbaycanda ifaçılara nəsə etmək maraqsız gəlirsə, qoy özlərinə maraqlı ölkələrdə müsabiqələr axtarsınlar. Hər zaman təcrübə müğənninin inkişafına xidmət edib".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.