Şou-biznes

Nüşabə Ələsgərli: "Əlbəttə, ailəliyəm"

22 Dekabr 2014 00:25
1 Şərh     Baxış: 11 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Nüşabə Ələsgərlinin Milli.Az-a müsahibəsi
 

- Nüşabə xanım, son zamanlar sizi tapmaq xeyli müşkülləşib. Özünüz məqsədli şəkildə mətbuatdan qaçırsınız, yoxsa vaxt olmur?

- Yox, heç vaxt müsahibələrdən qaçmamışam. İmkan olduqca jurnalistlərlə danışıram.
 

- İndiyə qədər mətbuatla, jurnalistlərlə probleminiz olub?
 

- Heç vaxt olmayıb.

- Yaradıcılığınızda hansı yeniliklər var?
 

- Yeni illə əlaqədar bir neçə mahnılar yazdırmışam.

- Bu mahnılar sırf bayram konsertləri üçün nəzərdə tutulub, yoxsa ilboyu repertuarınızda olacaqlar?
 

- Yox, repertuarıma daxil edəcəyəm. Çünki yaxşı mahnılardı.

- Mahnılar barədə bir neçə kəlmə danışardınız. Müəllifi kimlərdir, lirikadırmı, ritmik bəstələrdirmi?
 

- Lirik mahnılar da var, ritmik də. Mahnılardan birinin musiqisi gənc bəstəkar Aysel Nəcəfliyə aiddir. Digəri isə məşhur müğənni Ququşun repertuarındandır, sözləri Nüsrət Kəsəmənlinindir.
 

- Əvvəllər peşəkar bəstəkarlarla işləyirdiniz. Amma deyəsən, daha çox gənclərlə çalışmağa üstünlük verirsiniz.
 

- İndi də peşəkar bəstəkarlarla işləyirəm. Nadir Əzimovdan iki mahnı götürmüşəm. Elçin İmanov və Sevda Məmmədlinin də bəstələrini ifa edəcəyəm.
 

- Sizin ruhunuza daha yaxın bəstəkar kimdir?
 

- Əhval-ruhiyyəm hər zaman eyni cür olmur ki.
 

- Yəni kimin bəstələri sizə daha yaxındır, doğmadır?
 

- Konkret ad çəkə bilməyəcəyəm. Ümumiyyətlə, xoşuma gəlməyən mahnını oxumuram.
 

- Heç vaxt oxumamısınız?

- Heç vaxt deyə bilmərəm, olanda olub.
 

- Həmin mahnıları nəyin xatirinə oxumusunuz?

- Sifarişli mahnılar olub, tanışlıq xatirinə oxumuşam.
 

- Peşəkar müğənni üçün belə şeylər vaxt itkisi deyilmi? Yəni, kiminsə xatirinə oxumağı nəzərdə tuturam.

- Xeyr, vaxt itkisi deyil. Mənimçün insani dəyərlər hər şeydən yüksəkdir. Nə olar bir insanın mahnısını oxuyanda? İnsanın qəlbini qırmaq olmaz.
 

- Bilirəm ki, əvvəllər pedaqoji fəaliyyətiniz olub. Bəs indi?

- Mən Sumqayıtda böyümüşəm, orada orta ixtisas musiqi məktəbini, ardınca Konservatoriyanın dirijorluq fakültəsini bitirmişəm. Uzun illər filarmoniyada, AzTV-də solist olmuşam. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin estrada kafedrasının müəllimiyəm.
 

- Populyar tələbələrinizdən kimlər var?
 

- Aynişan Quliyeva, Elvin Abdullayev mənim tələbəm olublar.
 

- Nə vaxtdan universitetdə dərs deyirsiniz?
 

- Üç il olar.
 

- Deyirlər ki, təcrübəli sənətçilər, müəllimlər bildiklərini tələbələrinə axıra qədər öyrətmirlər. Bəs siz necə?

-Bunu ilk dəfə sizdən eşidirəm. Tədris proqramında nə varsa, hamısını bacardığım qədər öyrətməyə çalışıram.
 

- Toylar, konsertlər, çəkilişlər pedaqoji fəaliyyətinizə mane olmur?

- Mane olmur, amma yoruluram. Məni, eləcə də əksər müğənniləri yuxusuzluq yorur. Başqa problem yoxdur. Yuxusuz olduğum gün çox yoruluram.
 

- Teleaparıcı kimi fəaliyyətiniz yadımdadır. "Göz dəyməsin" adlı verilişiniz var idi. Ardınca "Yanmış körpülər" serialında aktrisa kimi də özünüzü sınadınız. Amma indi bunların heç biri yoxdur...

- İnsan bir mərhələni keçəndən sonra başqa bir şey etmək istəyir. Veriliş aparmaq eşqim, istəyim var idi, onu da həyata keçirdim. İndi yeni bir şey istəyirəm.
 

- İndi istəməzdiniz ki, öz verilişiniz olsun?

- Fərqli formatda veriliş olsa, istəyərəm. Məsələn, Azərbaycanda bir ilk olsun.
 

- Azərbaycanda o cür verilişlər nadir hallarda olur. Çünki əksər telelayihələr Rusiya və Türkiyədəkilərin təkrarıdır.

- Amma Roza Zərgərlinin "Bakı vaxtı ilə" verilişi xoşuma gəlir.
 

- Ümumiyyətlə, teleməkanımızda xüsusi izlədiyiniz verilişlər var?
 

- Xüsusi gözlədiyim veriliş olmur. Hətta özüm çəkildiyim verilişləri də oturub gözləmirəm. Əvvəllər verilişlər az olanda bir nəfər iştirak etdiyim bütün verilişləri kasetə yazırdı. O adam mənim köməkçim idi.
 

- Bu nə vaxta qədər belə idi?

- Təxminən, 2010-cu ilə qədər.
 

- Bəs indi niyə etmirsiniz?
 

- Verilişlər internetə yüklənəndən sonra buna ehtiyac qalmadı.
 

- Sənətçi xanımlar arasında ilk biznes-ledilərdən birisiniz. Yenə də bizneslə məşğulsunuz?

- Biznes fəaliyyətim var, amma əvvəlki kimi deyil. Çünki bizneslə məşğul olursansa, gərək o yolla gedəsən. Bir əldə iki-üç qarpız tutmaq adamı Əli aşından da edir, Vəli aşından da.
 

- Amma siz həm müəllimliklə, həm müğənniliklə məşğulsunuz. Bunun özü də sizin təbirinizcə desək, bir əldə iki qarpız tutmaq deyilmi?

- Biznes başqa sahədir. Amma müəllimlik də, müğənnilik də yaradıcılığımla bağlıdır. Mən gedib riyaziyyatdan, cəbrdən dərs demirəm ki. Supermarketin incəsənətə dəxli yoxdur axı.
 

- Fəxri adı nə vaxt aldınız?

- Ötən ilin bu vaxtları idi. Dekabrın 21-də bütün dostlar ad günümə yığışmışdılar. Həm də fəxri ad almağımı qeyd edirdik.
 

- Eşitdiyimə görə fəxri ad alandan sonra toy qiymətinizdə artım olub...

- Yox, heç bir təsir etməyib. Mən heç vaxt açıq qiymət deməmişəm.
 

- Amma toy qiymətləri siyahısında göstərilir ki, 4-5 minə gedirsiniz toya.
 

- O siyahıların necə tərtib olunduğunu bilmirəm. Şəxsən məndən soruşub yazmayıblar.
 

- Sizcə, göstərilən toy qiymətləri şişirdilmiş olur?
 

- Toy qiymətiylə köməkçi, menecer, prodüser məşğul olur. Mən özüm qiymət danışmıram. Amma özüm danışdığım hallar da olur. Onlar mənim tanışlarımdır. Zəng ediblərsə, o adamları köməkçinin üstünə göndərmirəm. Şablon səslənməsin, amma təmənnasız oxuduğum toylar da olur.
 

- Bu yaxınlarda sizi həyat yoldaşınızla bir layihəyə dəvət ediblər. Bildirmisiniz ki, mən harda evli olduğumu demişəm? Doğrudanmı, ailəli deyilsiniz?

- Bir verilişdən çıxmışdım. Orada da xoşuma gəlməyən şeylər olmuşdu. Həmin vaxt xanım jurnalist yaxınlaşıb dedi ki, sizi ailəvi çəkmək istəyirik. Heç vaxt ailəmlə bağlı danışmağı xoşlamamışam. Hətta evimdən çəkiliş olmayıb. Bu formatda olan verilişlərə qatılmıram.
 

- Suala cavab verin. Hazırda ailəlisiniz?

- Əlbəttə, ailəliyəm. Hətta yaxınlarım da buna görə mənə zəng etmişdilər. Dedim ki, hirsli vaxtımda çox söz deyirəm. Bir də yazıların altında gedən şərhlərə əsəbləşirəm.
 

- Amma nəzərə alın ki, o da tamaşaçı rəyidir.

- Var rəy, var qərəzlilik, təhqir. Bunu siz məndən gözəl bilirsiniz.
 

- Düşünürsünüz ki, bunu hansısa sənət yoldaşınız elətdirir?
 

- Bunu sənət yoldaşlarımla bağlaya bilmərəm.
 

Elçin Tağıyev

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.