Şou-biznes

Manaf Ağayev: "Oğlum nazirlikdə işləyir"

27 Noyabr 2014 00:20
6 Şərh     Baxış: 21 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İyirmi il əvvəl onu məclislərdən tanıyırdılarsa, son 10-15 ildə tamaşaçı onu ara-sıra efirlərdən tanımağa başladı. "Toylar kralı" musiqi yarışması isə onun məşhurluğunun pik nöqtəsidir desək, yəqin ki, yanılmarıq. Hər halda, özü də dəfələrlə bunu etiraf edib. Amma nədənsə, son zamanlar əvvəlki qədər efirlərdə görünmür. Maraqlandıq, məlum oldu ki, başı qarışıqdır. Davamını Manaf Ağayev Milli.Az-a müsahibəsində açıqlayır.

- Manaf bəy, xeyli vaxtdır görünmürsünüz. Yaradıcılıqda yeniliklər varmı?
 

- Hazırda studiyadayam, mahnılar yazdırıram. Hər gün səhər tezdən studiyaya girib, axşam çıxıram. Çox sevilən mahnıların müəllifi, bəstəkar Rauf Məmmədovdan "Qarabağsız" adlı bir mahnı ifa etmişəm. Artıq dünən mahnı aranjman olunub.
 

- Yəqin ki, lirikadır.
 

- Lirikadır. Qarabağ adı gələndə "çıkıdı-çıkıdı" ola bilməz. Bu ad gələndə ağlamaq lazımdır. Mən ona mahnı yox, əsər deyərdim.
 

- Bu mahnıya klip çəkiləcək?
 

- Yüz faiz bu əsərə klip çəkdirəcəyəm. Amma indi yox, təxminən aprel-may aylarında. Yeni oynaq mahnılar da yazdırırıq.
 

- Oynaq mahnılar öz bəstələrinizdir?
 

- İyirmi il əvvəl oxuduğum mahnılar var, onları yenidən yazdırıram. Məsələn, Məmmədhəsən Bəhmənlidən oxuduğum mahnılar təzədən lentə yazdırılır, həmin bəstələr bir daha aranjman olunur.
 

- Populyarsınız, sevənləriniz də var. Amma sizi məşhurlaşdıran "Ay canı yanmış" kimi "tutan" mahnınız olmadı son zamanlar.
 

- Əslində çoxdur. Sadəcə, "Ay canı yanmış" dillər əzbəri oldu. O mahnının yazılmağından on ildən artıq vaxt keçib, amma bu gün də oxunur. Çox sevinirəm ki, nə yaxşı, mən o mahnını oxumuşam. O mahnıyla hamı məni tanıyıb. Halbuki, "Ay canı yanmış"dan gözəl mahnılarım var, ancaq ən yaddaqalanı o oldu.
 

- Düşünürsünüz ki, repertuarınızda ondan musiqi baxımdan daha səviyyəli bəstələr var idi?
 

- Bəli, təbii ki, var. Sadəcə, adı maraqlı olduğu üçün yadda qaldı.
 

- Sizcə, nəyə görə musiqi baxımından o qədər də zəngin olmayan mahnılar...
 

- (Sözümü kəsir - E.T.) Bəli, bəli, kim deyir ki, "Ay canı yanmış" səviyyəli mahnıdır? Əslində dəxli olmayan bir mahnıdır. Bilirsiniz necədir? İstər məclislərdə, istər efirlərdə qulaq asmalı mahnılar da var, oynamalı mahnılar da. "Can cana"ya hamı lağ edir, amma toyda hamı da oynayır. Çünki ritmik mahnıdır. Bizim camaat toy mahnısı ilə bəstəkar mahnısını səhv salır.
 

- Oynamalı mahnı keyfiyyətli ola bilərmi?
 

- Təbii ki, var. Sizə adi bir misal deyim. Azərbaycanda olmadığım kənd, rayon yoxdur. İndiyə kimi nə vaxt gəlib deyiblər ki, filan dahi bəstəkarımızın mahnısını oxuyun? Adlarını çəkmək istəmirəm də. Yaxşı deyil ki, o boyda sənətkarların adını çəkim.
 

- Səs imkanlarınız imkan verər ki, hansısa dəstgahı oxuyasınız. Nə əcəb, cəhd etmirsiniz?
 

- Əslində tar-kamança ilə muğamlar oxumuşam. Amma dəstgah ifa etməmişəm. Belə bir fikrim var. Muğam oxuyan olmasam da, müəyyən qədər bilirəm. Hər halda muğam ustadları qədər bilməsəm də, digərlərindən yaxşı anlayışlıyam.

- Amma deyirlər ki, sənətkar 30 yaşdan 50 yaşa kimi oxuyur və sonra "yola verir". Sizin yaşınız isə əllini keçib...

- Mənim səsim hələ indi açılır. Mən nə orta oxuyanam, nə də zil oxuyan. Səsim həmişə var. Əksinə, ilbəil səsim yaxşıya doğru dəyişir.

- Sizcə, sənətçilərin açıqladığı toy qiymətləri doğrudur?

- Onların heç biri düz qiymət demir. Burada standart qiymət yoxdur. Mən necə deyə bilərəm ki, dörd, yaxud beş min manata toya gedirəm? Elə toy var ki, pulsuz gedirəm. Elə də olur ki, toyu o qədər təmtəraqlı yerdə edirlər ki, aşağı qiymət deyəndə məclis sahibinin özü xəcalət çəkir. Şəxsən mən öz adımdan danışıram. Bir də görürsən Füzulidən, Zəngilandan, Laçından gəlib, məni istəyən adamdır, imkanı çatmır, şadlıq evi də ucuzvaridir, hiss edirsən ki, doğrudan da pulu yoxdur. Elə olanda nəzərə alırsan. Amma bərkgedən şadlıq evində olanda qiymətini deyib pulunu da alırsan. Yəni mənim üçün konkret yoldaşlıq, insanlıq və danışıq çox önəmlidir.
 

- Amma buradan Rusiyaya 30 minə gedən müğənnilər var.

- Vallah, o barədə məlumatlı deyiləm, məni elə dərinə çəkmə. Kim neçəyə gedir, öz işidir. Mən Rusiyaya pulsuz da gedirəm. Bir də görürsən, yaxşı bir oğlan toyuna dəvət edir. Məsələn, 10 min alacaqdımsa, onun yerinə bir maşın bağışlayır. Elə olanda məcbursan ki, o adamın dediyi beş toya pulsuz gedəsən.
 

- Deməli, belə şeylər də olurmuş...
 

- Bəli, əlbəttə, olur. Əlli minə toya getmirik ki. Sağ olsun dostlarım. Ev hədiyyə edən də olub, maşın hədiyyə edən də. Manafın fərqi odur ki, yaxşı ətrafı var. Vaxtında əziyyət çəkmişəm, yedirtmişəm, yedizdirmişəm. İndi də sağ olsunlar, yaxşı mənada əvəzini çıxırlar. Biri klipimi çəkdirir, biri ev hədiyyə edir, biri maşın bağışlayır.
 

- Oğlanlarınızdan birinin səsi var idi.

- Bəli. Birinin səsi var, amma oxumur.
 

- Nə əcəb, dəstək olmadınız ki, oxusun?

- Heç özüm də istəmirəm ki, oxusun.
 

- Niyə?

- Çünki həmin oğlum İqtisadiyyat və Sənaye Nazirliyində işləyir. Orada işləmək lazımdır, yoxsa oxumaq? Qoy biri də dövlət işçisi olsun da, hamısı oxuyan olmayacaq ki.

Elçin Tağıyev

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.