Şou-biznes

Azərbaycanlı bəstəkar: "Oğlana yaşımı dedim, dedi ki, fərqi yoxdur" - FOTOSESSİYA

30 Oktyabr 2014 15:54
5 Şərh     Baxış: 5 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son zamanlar bu xanımla müsahibə üçün bir neçə dəfə cəhd etsəm də, hər dəfə bir problem çıxırdı

Gah onun, gah da mənim vaxtım olmurdu, görüşə bilmirdik. Amma bu dəfə alındı... Çox şeylərdən danışdıq. Dekabrdakı konsertindən, paxıl insanlardan, ona sevgi etirafı edən gənclərdən...
 
Beləliklə, Milli.Az publika.az-a istinadən, tanınmış bəstəkar və rəssam İmruzə Hüseynova ilə müsahibəni təqdim edir.
 
- İmruzə xanım, son zamanlar sizinlə görüşmək problemə çevrilib. Deyəsən, başınız yaradıcılıq işlərinə qarışıb.

- Dekabrın 8-də ölkənin əsas konsert salonu olan Heydər Əliyev adına Sarayda konsertim olacaq. Hazırda başım məhz bu konsertə qarışıb. Bilsəydim, bu qədər ağırdır, heç məsuliyyətin altına girməzdim (gülür).
 
- Niyə ötən il yox, gələn il yox, məhz bu il konsert vermək qərarına gəldiniz? Yəqin ki, bir səbəb var.

- Onsuz da, hər dörd-beş ildən bir hesabat xarakterli konsertim olur. Mən at ilində anadan olmuşam. Bəlkə də, ona görədir. İyirmi ildir musiqi bəstələyirəm. Qərara aldım ki, bu, mənim sonuncu konsertim, özümə və tamaşaçılarıma hesabatım olsun. Bununla da konsert məsələsini bitirirəm.
Bu illər ərzində nələr etdiyimi, hansı uğurlar qazandığımı bilmək özümə də maraqlıdır. Əgər o möhtəşəm sarayda konsert edə bildimsə, deməli, bu illəri hədər yaşamadım. Həm də daha konsert təşkil etməyə gücüm yoxdur, çox çətin işdir.
 
- Konsertinizdə kimlər olacaq?

- Azərbaycanın ən yaxşı müğənniləri - xalq artistləri Flora Kərimova, Nisə Qasımova, Brilliant Dadaşova, Ağadadaş Ağayev, əməkdar artistlər Lalə Məmmədova, Tünzalə Ağayeva, İlqar Muradov, Abbas Bağırov, müğənnilər Rəşad İlyasov, Samir Piriyev, Elnur Məmmədov, Hüseyn Bakılı, Pərviz Abdullayev, Aygün Mahmudova, Cəlal Abbasov, Murad Sadıq, Mirkamil Kamilov konsertimdə iştirak edəcəklər. Adlarını çəkdiyim bu müğənnilər mənim mahnılarımı oxuyublar.
 
- Konsertin məşqləri başlayıb?

- Bir ay bir həftə vaxtımız qalır. İnşallah, bu gündən məşqlərimiz başlayıb. Çünki orada canlı musiqidir, fonoqram olmayacaq. Ona görə lap çətindir.
 
- Konsertin aparıcısı kim olacaq?

- Söz verən insanlar var ki, onlarla əlaqə saxlaya bilməmişəm. Amma çox istərdim ki, tanınmış aparıcılardan, şoumenlərdən biri olsun. Hələ tam dəqiqləşməyib.
 
- Çoxları Sarayın icarə qiymətlərindən şikayətlənirlər. Ona görə də konsert verən müğənnilərin də sayı azalıb. Bəs Siz maliyyə məsələsini necə həll edəcəksiniz?

- Çox çətindir, başımı itirmişəm. Bir neçə yerə müraciət etmişəm ki, mənə yardımçı olsunlar. Çünki Sarayın icarə haqqı, ansamblın pulu, çəkiliş... Məbləğ çox böyükdür və hələ də müraciət etdiyim heç bir yerdən müsbət cavab almamışam. Ümidim Allahadır.
 
- Hansı məbləğdən söhbət gedir?

- Heç olmasa, 20-25 min lazımdır ki, xərclər ödənsin.
 
- Konsertinizdə öz ifanız da olacaq?


- Sürpriz qalsın da.
 
- Deməli, ola bilər...

- Ola bilər (gülür). Müğənni olmasam da, canlı oxumalıyam. Onu məşqlər göstərəcək.
 
- Siz həm də rəssamsınız. Bu konsertdən sonra rəsm əsərlərinizin sərgisini keçirmək planınız varmı?

- Mənə təklif etdilər ki, konsert vaxtı sərgimi də keçirim. Amma tam hazır olmadığıma görə təxirə saldım. Sərgim yazda, havalar isinəndə ola bilər. Tələskənlik etmək istəmirəm ki, hər şey ürəyimcə olsun.
 
- Deyəsən, əksər rəsm əsərlərinizi də hədiyyə verirsiniz...

- Bəli, əvvəl daha çox hədiyyə verirdim. Amma indi rəfiqələrim, yaxın insanlar deyirlər ki, sərgidə işlərinə qiymət qoyulacaq, zəhmətini qiymətləndir. Bundan sonra hər şey ancaq pulladır (gülür).
 
- Bu qayda mahnılarınız üçün də keçərli olacaq?

- Ola bilər.
 
- Mahnını hədiyyə verirsiniz, rəsm əsərlərinizi bağışlayırsınız. Amma bu işlərin başa gəlməsi üçün xeyli vəsait lazım olur...

- Elə ona görə böyük həcmli işlər üçün material ala bilmirəm. Vaxtında yoldaşım mənə maddi cəhətdən çox kömək olub. Amma indi edə bilmir. Ona görə də bundan sonra zəhmətimi özüm qiymətləndirəcəyəm.
 
- İndiyə kimi heç bir mahnınızı satmamısınız?

- Desəm ki, olmayıb, yalan olar. Bir neçə dəfə satmışam. Amma əksər hallarda hədiyyə vermişəm. Filmə, seriala yazdıqlarımın isə qonorarını almışam. Dostuma, sevdiyim müğənniyə hədiyyə edə bilərəm.
 
- Mahnılarınızı hansı müğənnilərə hədiyyə etmisiniz?

- Əksəriyyətinə. Ona görə açıqlamaq istəmirəm.
 
- Konsertin hazırlıq planları ürəyinizcə gedir?

- İnşallah, Allaha güvənirəm. Buna qədər üç dəfə konsert etmişəm və çox yaddaqalan olub. İnanıram ki, yenə də belə olacaq. Hətta onlardan da yaxşı olmalıdır.
 
- Bu il həm də bəstəkar kimi yaradıcılığınızın 20 ili tamam olur...

- Bəli, 20 ildir musiqi bəstələyirəm.
 
- Sizcə, bu iyirmi ildə yazdıqlarınızın zirvəsi hansı bəstənizdir?


- Təvazökarlıqdan uzaq olmasın, maşallah, yaxşı mahnılarım həddən artıq çoxdur. Övladları, nəvələri necə ayırmaq, fərqləndirmək olar? Mənimçün mahnılarımın hamısı doğmadır. Amma insanlar arasında daha çox sevilən bəstəm Flora Kərimovanın Nadir Qafarzadə ilə duet oxuduğu "Darıxmışam sənin üçün"dür. Elə konsertim də "Darıxmışam sənin üçün" adlanır. "Yuxu" mahnımı isə bilməyən yoxdur. Azərbaycanda elə insan yoxdur ki, o mahnını bəyənməsin. Hərdən pəncərəmin altından keçən maşınlardan "Yuxu"nu eşidirəm...
 
- O məqamda hansı hissləri yaşadığınız maraqlıdır...


- Sadəcə, üzümdə təbəssüm yaranır və özümü xoşbəxt hiss edirəm. Nə gözəl ki, yazdığım  əsərdən kimsə yararlanır, kiməsə xoş anlar, dəqiqələr bəxş edirəm. Toylarda məclislərdə cavanlar məni görəndə gəlib əlimdən öpürlər ki, nə gözəl əsər yaratmısınız.
 
- Bəstəkarlar müxtəlif mövzularda yazırlar. Sizin yaradıcılığınızda isə lirika qırmızı xətt kimi keçir. Bunu məqsədli şəkildə edirsiniz, yoxsa lirika, sevgi mövzuları Sizdə daha yaxşı alınır?


- Şairlər sevgidən başqa bir şey yazmırlar. Məsələn, "Heç nə istəmirəm səndən, ay dünya"nı yazanda Abbas Bağırov dedi ki, bu mahnıda qadın sevgisi olmasın, başqa bir şey olsun. "Yuxu" mahnısının sözlərini isə şair Asif öz xanımına həsr edib. Uzun müddət ayrılıq yaşayıblar və xanımını yuxularında görürmüş... Lirikaya gəlincə, mən özüm başdan ayağa lirikayam da, neyniyim? (gülür) Mənim ürəyim lirikadır. Şən mahnıları hərdən - sifariş olanda yazıram.
 
- Yetərincə pozitiv insansınız. İllər xasiyyətinizdə, daxili aləminizdə nələri dəyişib? Hər halda, yaşınız, təcrübəniz bu sualı cavablandırmağa imkan verir.

- Əlbəttə, az yaşamamışam. Çox romantik insanam. Deməzdim ki, mənimçün nəsə dəyişib. Hərdən düşünürəm ki, bu yaşda da həyatsevər olmaq, insanları sevmək olarmı? İnsana qarşı o qədər paxıllıq edən, ayağının altını qazanlar olur ki... Bu illərdə çox  belə insan gormüşəm. Amma inanın ki, heç vaxt onlara qarşı kinim olmayıb. Ona görə də xasiyyətimdə dəyişiklik hiss etmirəm. Daxilən 25-35 yaşım var, ondan o tərəfə getmir.
 
- Müsahibələrimizin birində bildirmişdiniz ki, tələbəniz Sizə vurulmuşdu. Hətta bu hal bir neçə dəfə təkrar olunub. Gənc insanların Sizə qarşı diqqəti yenə də o səviyyədədirmi?

- Gənclər məni həmişə seviblər və sevəcəklər (gülür). Bu, aksiomdur. Çünki ürəyim gəncdir. Mənin yaşım 35-dən o yana deyil.
 
- Deməli, hələ də  sevgi etirafları olur.


- Təbii ki, olur. Yorulmuşam e. Hərdən bezirəm (gülür) Hərdən yazıram ki, heç bilirsən mənim neçə yaşım var? Deyir ki, fərqi yoxdur. Amma doğrudan da, hərdən bezirəm. Belə getsə, konsertimdən sonra sosial şəbəkədəki profilimi bağlayacağam.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.