Şou-biznes

Azərbaycanlı müğənni: "Facebook-da sevgi məktubu yazırlar"

30 Oktyabr 2014 12:37
4 Şərh     Baxış: 2 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az tabloid.az-a istinadən Leyla Ramazanlının müsahibəsini təqdim edir.

- Biz sizinlə təxminən 5 il öncə elə bu məkandaca müsahibə üçün görüşmüşdük.

- Vaxt çox tez keçir...

- O illərdən bu yana şəxsi həyatınızda və yaradıcılığınızda nə kimi yeniliklər, dəyişikliklər olub?

- Yaradıcılığımda çox dəyişikliklər olub. Bu müddət ərzində 7-8 mahnım işıq üzü gördü. Səhv etmirəmsə, 4-5 klipimi təqdim etdim. Türkiyəli müğənni Əmrə Aydınla birgə konsert verdim. Təbii ki, yeni mahnıların yaranması üçün də müəyyən vaxt lazımdır. Mən müğənniyəm, üzərimdə daim işləyirəm. Sadəcə, gündəm xatirinə efirə çıxım, verilişdə görünüm- bu şeylərdən qaçıram. Çox vaxt mənə deyirlər ki, az-az görünürsən. Mən də deyirəm ki, özümə uyğun verilişlərdə, yaradıcılıq işləri ilə görünürəm. Efirə çıxıb, boş-boş nə danışım? Ola bilər, bəzi müğənnilər belə edirlər, buna pis baxmıram. Hər bir müğənninin öz fikri, düşüncəsi, yolu var. Şəxsi həyatıma gəlincə, böyük bir dəyişiklik olmayıb. Köklü dəyişiklik təbii ki, mənim ailə həyatı qurmağım ola bilər. Hələ ki, ailə qurmaq fikrim yoxdur. Çünki sevdiyim şəxs yoxdur. Bunu da Allahın qisməti ilə bağlayıram. Ürəyim istəyən kimi məni başa düşəcək bir insan qarşıma çıxarsa, təbii ki, ailə qurmağı düşünürəm.

- Necə düşünürsünüz, Azərbaycanda gənclər arasında qadın-kişi münasibətləri hansı səviyyədədir? Sizə görə, cəmiyyətdə bu yöndə hər hansı problem varmı?

- Hərənin öz yanaşma tərzi, baxışı var. Sadəcə olaraq, mən heç vaxt şəxsi həyatımla gündəmə gəlməmişəm. Bu kimi münasibətlər hər ailədə bir cür qarşılanır. Bizim ailəmiz bir az mühafizəkar və ciddidir. Ailəm ciddidir deyə, davranışlarımı onlara hesablamıram. Bu ailədə tərbiyə aldığıma görə fikirləşirəm ki, həyatımda hər şey bir dəfə olacaq. Hər şey ciddi və qanuni şəkildə olmalıdır. İstəyirəm ki, kim-kimi sevirsə, onunla evlənib, xoşbəxt yaşasın. Yoxsa qeyri-rəsmi münasibətlər olur... Yenə də bu  insanların şəxsi həyatıdır, özlərinin seçimidir. Bu seçimə qarışa bilmərik. Sadəcə olaraq, mən fikirləşirəm ki, bir insanı sevib, onunla ailə qurub, ömrünün sonuna qədər xoşbəxt yaşamaq olar. Bunun üçün də düzgün fikirləşib, doğru addım atmaq lazımdır.

- Bir çoxları iddia edirlər ki, sevgi yoxdur. Bunu son zamanlar daha çox kişilərin dilindən eşitmək mümkündür. Sizcə bu doğrudan belədir? Ümumiyyətlə, sizin üçün sevgi anlayışı nədir?

- İndiki zəmanədə sevgini çox ucuzlaşdırıblar. Bəlkə də gənclərimiz fikirləşirlər ki, müasir zəmanədə yaşayırıq. Avropada da belədir, bizdə də qadın-kişi münasibətləri azad şəkildə formalaşsın. Dərd ondadır ki, bizdə Avropadakı kimi formalaşmır. Açıq danışaq, Avropada bir insanla vətəndaş nikahında yaşayırlarsa, onların övladları olur. Sonradan rəsmi nikaha girib, ailə qururlar. Buna misal olaraq məşhur cütlük Ancelina Coli ilə Bred Pitti göstərmək olar. Onlar bir-birinə olan sevgilərini təsdiqlədilər, buna əmin oldular. Sonra da gördülər ki, sevgiləri böyüyür-filan, bu addımı atdılar. Yəni bizdə də bir oğlan bir qızı sevirsə, ona ciddi şəkildə yanaşmalıdır. Bax bu kimi anlaşılmaz amillər ucbatından çoxlu sayda intiharlar olur. Nə qədər cavan qız  hansısa oğlan görə həyatlarına son qoyurlar... Fikirləşir ki, bu oğlan bunu atdısa, deməli, dünyanın axırıdır. Yəni iki insan arşında elə münasibət olmalıdır ki, belə pis nəticələrə gətirib çıxarmasın. Bunların arxasında səviyyə faktoru dayanır. Maariflənmək, qeyri-ciddi yanaşmamaq lazımdır.

 - Leyla Ramazanlı gənc olmasına baxmayaraq, populyar müğənnidir. Onun üçün bu məsələlərdə çətin deyil ki?

- Çətindir. Özümü tərifləməyi sevmirəm. Çoxdur, ətrafdan, qohumlardan istəyənlər var. Sadəcə, bu məsələlərə ciddi yanaşıram. Ailə qurmaq istəyənlər var. Mənim üçün isə münasibətdə yalnız ailə ola bilər. Sadəcə, buna hazır olmalıyam ki, bu qərarı verim. Başım hazırda yaradıcılığıma qarışıb. Hazırda yeni mahnılar da yazdırıram (gülür).

- Sonra gec olmaz ki?

- Düşünmürəm ki, gec olar. Çünki bu yaxınlarda 26 yaşımı qeyd etdim. Hələ bir-iki il var (gülür). Ətrafımda olan xanımların əksəriyyətinin 27-28 yaşları var. Onlar da mənim kimi subaydırlar. Düşünürəm ki, bunun müğənniliklə əlaqəsi yoxdur. Adamın qarsısına düzgün zamanda, doğru, düzgün insan çıxmalıdır. Çünki ailəni bir dəfə qurursan və istəyirsən ki, yaxşı olsun.

- Xaraktercə tez vurulan adamsınız, yoxsa ürəyinizi ələ almaq çətin məsələdir?

- Ümumiyyətlə, mən həssas insanam. Hisslərimlə hərəkət edən adamam, eyni zamanda ağlımla da hesablaşmalı oluram. Ailə quracağım insan istədiyim və onunla həyatımı bölüşə biləcəyim biri olmalıdır. Bizim bir çox müğənnilərimiz var ki, çox gözəl ailələri olmaqla yanaşı, uğurlu karyeraları var. Buna dünya praktikasında da rast gəlinir. Təbii ki, bu insanın özündən asılıdır. Bizdə çox vaxt deyirlər ki, müğənninin normal ailəsi olmur. O dövrlər, düşüncələr artıq keçmişdə qalıb. İndi çox müasir və sivil ölkədə yaşayırıq. Hamı bu şəhərdə bir-birini tanıyır. İndi insanları da aldatmaq olmur. Çünki indi hamı hər şeyin fərqindədir, bilir. Bu günə qədər vurulduğum şəxs olmayıb. Orta məktəbdə, ya da universitet illərində bütün qızlar kimi kimdənsə xoşum gəlib. Bəzən, yaraşıqlı oğlan görürsən, deyirsən ki, nə qəşəngdir?!

- İstifadəçisi olduğunuz sosial şəbəkələrdə sizə sevgi məktubu yazırlar?

- Çox. "Facebook"da da, "İnstagram"da da yazırlar. Orada məni izləyənlər, real insanlardır, saxta profillər deyil. Öz sevgilərini bildirilər. Bəzən şikayət edirlər ki, niyə cavab yazmırsan. O qədər adama cavab yazmaq olmur axı?! Status yazıram ki, çox sağ olun, minnətdaram. Təbii ki, bu çox xoşdur. Çalışıram ki, mənə deyilən xoş sözlərə görə öz təşəkkürümü bildirirəm. Xaraktercə sadə insanam. Hər şeyi çox şişirtməyi sevmirəm. Reklam xatirinə nəsə etməyi sevmirəm. Məni tanıyanlar bunu yaxşı bilirlər. Çox sağ olsunlar, bu günə qədər oxuduğum mahnılarımı, çəkdirdiyim kliplərimi və çıxışlarımı tamaşaçılara görə etmişəm. Onlara minnətdaram. Bunları tamaşaçıların sevgisini qazanmaq üçün etmişəm. Şükür ki, az-çox mənə qarşı tamaşaçı sevgisi, rəğbəti var. Düzü, özümü şou-biznesdən kənarda görürəm. Qalmaqal, dedi-qodu, ümumiyyətlə, səs-küylü olaylardan uzağam.

- Dedi-qodulardan, qalmaqallardan danışdınız. Bir çox müğənnilər hesab edirlər ki, sənət aləmi çirkabdır. Bu fikirdəsiniz? Sənətə gəlməyinizə görə peşmanlıq hissi yaşamırsınız?

- Yox, peşman deyiləm. Sizə deyim, bunlar insanın əhatəsindən asılıdır. Sağlam ətrafın olandan sonra çirkabdan-filan şikayətlənmirsən. Bir-birinin arxasınca danışmaq, çirkin fikirlər bütün sahələrdə var. Dünyanın hər yerində var. Sadəcə, şou-biznes, sənət aləmi göz önündə olduğu üçün müğənnilərin hər söz-söhbəti danışılır. Onlar göz önündə olduqları üçün hər addımları şişirdilib, qabardılır. Bu günə qədər sənətdə peşmanlıq hissim olmayıb, şükür. Sənət aləmidir. Kimsə nəsə deyir, emosiyalara qapılıb, bir-birinin arxasınca nəsə danışırlar. Bu kimi hallardan uzağam. Heç kimdən çəkinmirəm, qorxum ki, nəsə ola bilər, üstümə şər atıla bilər. Elə insan da deyiləm. Öz yaradıcılığımla məşğulam. Fikirləşirəm ki, belə şeylərə qapılanda adamın həm vaxtı, həm də əsəbləri gedir.

- Sizi qalmaqala çəkən olub?

- Düzü, olmayıb. Mənim hamı ilə münasibətim yaxşıdır. Yalandan üzə gülüb, hamı ilə yaxşı münasibət saxlamıram. Əsla. Mənim də xoşuma gələn və gəlməyən insanlar var. Yəni hansısa müğənnini görüm, salamlaşmayım, ya da qalmaqalda olum- elə bir həmkarım yoxdur. Qısası, heç bir müğənni ilə problemim yoxdur. Bəzən düşünürəm ki, niyə bir müğənninin digərindən səbəbsiz yerə zəhləsi gedir? Deməli, qarşısındakı müğənnini özündən yüksəkdə görür. Elə bir müğənni yoxdur ki, onu özümdən ya artıq görüm, ya da ki, əksik...

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.