Şou-biznes

Oksana Rəsulova: "Mən bu təklifdən sonra ağladım" - FOTOSESSİYA

19 Oktyabr 2014 14:25
16 Şərh     Baxış: 13 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu yaxınlarda Hindistanda böyük rəqs müsabiqəsinin qalibi olan rəqqasə Oksana Rəsulovanı "Brifinq"də qonaq etdik. Hind rəqslərinin mahir ifaçısı "İndias Best Cine Star Ki Khoj" şousunda yaşadığı anları "Gündəlik Teleqraf"ın əməkdaşları ilə bölüşdü. Pozitiv rəqqasəmiz məşhur hind aktyorları Şahrux Xan və Salman Xanla tanışlığından, Madhuri Dikşit tərəfindən ona edilən təklifdən danışdı. Yaradıcılığında Azərbaycan rəqsinə də yer ayıracağını söyləyən O.Rəsulova şəxsi həyatından da bəhs etdi. 

"Bu şouya 6 min iştirakçı qatılmışdı"
 
Nərgiz Ehlamqızı: Oksana xanım, Hindistandakı "İndias Best Cine Star Ki Khoj" müsabiqəsinə getməzdən öncə yarışı tez tərk edəcəyinizi deyirdiniz. Sanki qalibiyyətə inanmırdınız...

- Yox inanmırdım. Hind rəqsləri oynasam da, yenə də onlar üçün əcnəbi idim. Qalib gəlməyim mümkünsüz görünürdü. Müsabiqədə iştirak edənlərin hamısı hindistanlı idi, təkcə mən başqa ölkədən gəlmişdim. Hindistan böyük ölkədir, ayrı-ayrı ştatlar var və o ştatların hərəsinin öz ləhcəsi, hətta dili və mədəniyyəti mövcuddur. Həmin iştirakçılar ayrı-ayrı ləhcələrdə danışırdılar. Məsələn, Maharaştra ilə Laknau ştatlarındakı hindistanlılar bir-birini başa düşə bilməzlər. Çünki ayrı-ayrı dilləri var. Amma məktəbdə hind dilini tədris edirlər, o dili hamı bilməlidir. Məhz o dilə görə hindlilər ünsiyyət qura bilirlər. Hər ştatın isə öz ana dili ayrıdır. Bu şouya 6 min iştirakçı qatılmışdı. Öz videolarımı göndərmişdim, sonda 12 finalçı seçildi. Şou 6 qız, 6 oğlan iştirakçı ilə 3 ay davam elədi. Televiziyada həftədə 2 dəfə nümayiş olunurdu, hər həftə bir iştirakçı müsabiqəni tərk edirdi. Axıra da mən qaldım.

N.Ehlamqızı: Amma Hindistan sizə yad ölkə deyil, aktyorluq kursu keçmisiniz...

-  Əlbəttə, yad ölkə deyil. Mən Hindistanda bir neçə dəfə olmuşam, şəhərlərini gəzmişəm. Birinci dəfə Hindistanın Azərbaycandakı səfirliyi vasitəsilə toya dəvət etmişdilər. İkinci dəfə Anupam Hira məktəbində 5 aylıq kurs keçdim, dünya səviyyəli diplom aldım. Üçüncü dəfə isə müsabiqə üçün etdiyim səfər idi. Hindistana səfərlərimin hər üçü çox uğurlu oldu.

Naibə Qurbanova: Mükafatınızın forması diqqətimi çəkdi, anlamı nədir?

- "İndias Best Cine Star Ki Khoj" müsabiqəsi ən yaxşı hind kino ulduzunu seçirdi. Yəqin, mükafatda kino lentinin rəmzi öz əksini tapıb. "Zee" Tv Hindistanda ən məşhur kanallardan biridir. Uşaqlıqdan bu telekanala baxırdım, çünki bütün məşhur mükafatların təqdimetmə mərasimi göstərilir.
 
"Hind filmlərinə baxa-baxa dili öyrənməyə başlamışam"
 
Naibə Qurbanova: Hind dilini necə öyrənmisiniz?

- Çox adam deyir ki, sən 4 ay ərzində bu dili necə öyrəndin? Mən müsabiqəyə qatılanda öyrənməmişəm. 4 ay ərzində hind dilini öyrənmək qeyri-mümkündür. Uşaqlıqda hind filmlərinə baxa-baxa dili öyrənməyə başlamışam. Tövsiyə edərdim ki, kimsə hansısa dili öyrənmək istəyirsə, mütləq o ölkənin filmlərinə tərcüməsiz, subtitrlərlə baxsın.
 
"Rəqqasələr mahnının sözlərinə uyğun oynamır deyə davamız düşür"
 
Nərmin Muradova: Yəqin, rəqs edəndə mahnının sözlərinə fikir verirsiniz...

- Əlbəttə. Rəqs edəndə bilməlisən ki, sən hansı mahnıya oynayırsan. Çox vaxt rəqqasələrimiz mahnının sözlərinə uyğun oynamırlar, elə ona görə də davalarımız olur.

N.Qurbanova: Televiziyada tok-şoularda həmişə mübarizə aparırsınız, ancaq qalmaqalın içərisindəsiniz. Bu mükafat haqlı olduğunuzu sübut edib, bu müzakirələrə nöqtə qoyacaqmı?

- Nöqtəni 2009-cu ildə qoymuşam. Azərbaycan Rusiyada keçmiş SSRİ ölkələri arasında keçirilən beynəlxalq müsabiqədə qalib gələndə ölkəmizi mən təmsil edirdim, artıq nöqtə onda qoyuldu. Hind rəqsi o qədər çətindir, müxtəlif stillər var. Hansısa rəqqasə sadalayanda ki, filan stilləri bilirəm, gülürəm, çünki bu, mümkün deyil. Hər stilin dərinlikləri var, üstəgəl hər mahnıda sözlərə uyğun jestlər və mimikalar olur. 1200-ə qədər ancaq göz hərəkətləri var, hind rəqsi oynayırsansa, bunları bilməlisən. Məcbur deyil ki, mütləq hind dilini təmiz öyrənməlisən, hər mahnının internetdə tərcüməsi var. İnternetdə tapmasan belə, kimdənsə soruşmaq lazımdır, amma insanları aldatmaq olmaz. Mən heç vaxt Azərbaycan milli rəqsləri və ispan rəqslərində münsiflik edə bilmərəm. Həmişə demişəm, indi də deyirəm ki, Azərbaycanda Oksana Rəsulovadan başqa hind rəqsləri üzrə nömrə 1 rəqqasə yoxdur.  Bu mükafat da mənim sübutumdur.

N.Qurbanova: Sizdən başqa hind dilini bilən rəqqasə varmı?

- Tanınmış rəqqasələr içərisində yoxdur. Amma elə rəqqasələr var ki, hind dilini bilirlər.

N.Muradova: Onlar, yəqin ki, sizin tələbələrinizdir.

- Mən tələbələrimə bir jest, musiqi öyrədəndə cümləbəcümlə hər şeyi izah edirəm. Çünki tərcümə edəndə, mahnının sözlərini başa düşəndə hisslər də gəlir, bilirsən ki, bu məqamda hansı jesti etməlisən. Hindistan səfirliyi və Hindistanın Azərbaycandakı Assosiasiyası ilə 7 ildir çalışıram. Onların bütün tədbirlərində mən və qrupum iştirak edirik. Solmaz adlı bir qız var, məndən qabaq da oynayıb, o, hind rəqsini klassik janrda ifa edir, hind dilini bilir. İnsan gərək bir şeydən yapışırsa, dərinə gedib onu mükəmməl bilsin.

D.Əhməd: Neçə tələbəniz var?

- Hazırda 28 tələbəm var.

N.Qurbanova: Hind rəqslərinə maraq varmı?

- Hind rəqslərinə keçmişdən maraq böyükdür. Bu mükafatdan sonra maraq daha da artdı. İnsanlar mənimlə məşq etmək istəyirlər. Amma hələ ki işlərimlə əlaqədar məşqləri dayandırmışam.

N.Ehlamqızı: Xüsusi kursunuz var?

- Kursum yox idi, neçə illərdir icarəyə bir obyekt götürüb orada məşğul olurduq. Artıq bir yer alıb orada daimi çalışmaq istəyən məqamda Hindistan müsabiqəsi ortaya çıxdı, alınmadı, qaldı.

"Hind rəqsləri ilə bağlı layihəmə Mədəniyyət Nazirliyindən şəhadətnamə almışam"
 
Aqil Lətifov: Televiziyada hind rəqsləri ilə bağlı layihə həyata keçirmək planınız yoxdur?

- Məhz hind rəqslərilə bağlı müsabiqə keçirməyi çox istəyərdim. Hətta 2008-ci ildən Mədəniyyət Nazirliyi layihəmi təsdiqləyib, şəhadətnaməm də var. İndiyədək onu hələ də həyata keçirməmişəm.

N.Ehlamqızı: Maliyyə məsələsinə görə yarımçıq qalıb?

- Bəlkə də 2008-ci ildə sponsor problem olardı, o zaman bir o qədər tanınmış deyildim. İndi isə sponsor tapmaq asandır. Sadəcə, vaxt tapıb onu reallaşdıra bilmirəm.

N.Muradova: Hindistandakı uğurdan sonra sizi dəstəkləyənlər arasında gözləmədiyiniz insanlar var idi?

- Dəstəkləyənlər yox, təbrik edənlər arasında elə insanlar vardı. O insanların xarakterinə bələd olduğumdan, sadəcə, dedim ki, çox sağ ol. Gərək təbriki də dərk eləyib ünvanlayasan.

A.Lətifov: Yüksək səviyyədə təbrik oldu?

- Təbii ki, oldu. Əvvəla Hindistan səfirliyi adından təbrik oldu, Mədəniyyət Nazirliyinə dəvət edib təbrik elədilər, Ədalət müəllim Vəliyev çox yaxşı qarşıladı. Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) mənə böyük dəstək oldu, təbrik elədilər. Düşünürəm ki, bu, böyük nailiyyətdir. Ona görə ki, Azərbaycanı tanıdılar. Hindistanda 1 milyarda yaxın adam yaşayır, Azərbaycanı tanımayan da tanıdı. Fanatlarım Azərbaycanın xəritəsinin içərisində mənim şəklimi montaj edib plakat hazırlamışdılar, "Azərbaycanın gözəl Oksanası" kimi şüarlar yazırdılar.

N.Qurbanova: Sizdən başqa sırf hind rəqslərilə Azərbaycanı kənarda tanıtmaq üçün kimin potensialı var?

- Tələbələrim içərisində bir neçə qız var ki, onların potensialı var. Burada olmayanda səfirlikdəki tədbirlərdə mənim əvəzimə təmsil etdilər.

N.Qurbanova: Azərbaycanda hind rəqsi ilə kifayət qədər maliyyə qazanan rəqqasələr az deyil...

- O biznesdir də. Toyda mən də hind rəqsi oynayıram. Kim nə bacarır, oynaya bilər, amma söhbət ondan gedir ki, sənəti peşəkarcasına, texniki cəhətdən düzgün təqdim edəsən. Rusiyada 15 ilə yaxın yaşamışam, amma unutmamışam ki, azərbaycanlıyam, ona nailiyyət, uğur deyərəm ki, onu Azərbaycandan kənarda qazanasan. Ölkə daxilində nailiyyətlər məndə çoxdur.
 
"Hara gedirdim, deyirdilər Priti Zinta, mənə avtoqraf verin"
 
A.Lətifov: Qalibiyyətdən sonra Hindistana getdiniz? Sizi necə qarşılandılar?

-  Orada küçəyə çox çıxmıram, çıxanda da hamı tanıyır. Məni Hindistanda Priti Zintaya da oxşadırlar. Əvvəllər başqa ölkələrdə də belə idi. Müğənni İlhamə Qasımova ilə yeni ili Hindistanda keçirirdik, o şahiddir ki, hara gedirdim, deyirdilər "Priti Zinta, mənə avtoqraf verin", mən də eynəyimi çıxarıb deyirdim, "axı mən Priti Zinta deyiləm".
 
N.Qurbanova: Cizgilərinizdə hind aktrisaları ilə oxşarlıq var. Uşaqlıqda kimisə hansısa məşhura oxşadanda adam özünü həmin şəxsə oxşatmağa başlayır. Sizdə belə bir şey olmayıb?

- Yox, Priti Zinta aktrisa kimi mənim favoritim olmayıb. Hindistanda yaşayan hindistanlılar daha çox Kəşmirdən gəliblər, çoxu müsəlmanlardır. Onlar ağ dərili, qaragöz, qara saçlıdırlar. Elə bil, bizim dağlı qızlarımızdır. Amma uşaqlıqda mənim sevimli aktrisa və rəqqasəm Madhuri Dikşit olub. 9 yaşımdan indiyədək, hazırda 31 yaşım var, arzum olub ki, nə zamansa Madhuri Dikşit rəqslərim və özüm haqda nə isə bir rəy desin, fərqi yoxdur, yaxşı söz desin, ya pis söz desin, amma desin (gülür). Mən özümü heç kəsə oxşatmamışam, amma rəqsdə elə bil Madhuri kimi oynayıram. Özümü rəqsdə ona o qədər oxşadıram ki. O, Hindistanda rəqs kraliçası sayılır. 
 
"Madhuri Dikşit 25 min nəfər içərisində məni bəyəndi"
 
N.Muradova: Bu arzunuz reallaşıb, haqqınızda danışıb...

- 1 il yarım qabaq "Dance with Madhuri" adlı onlayn səhifəsi açıldı, mən də həmin səhifəyə videomu göndərdim. "İndia" Tv kanalında Madhuri Dikşit çıxış edəndə dedi ki, 25 min nəfər içərisində Azərbaycandan Oksana Rəsulovanı bəyənmişəm. Hindistandakı uşaqlar bu barədə mənə xəbər edəndə şoka düşdüm. Bu videonu görəndən sonra öz-özümə deyirdim ki, bu, görəsən, mənəmmi? (gülür). Uşaqlıqdakı ən böyük arzum həyata keçdi. Mənə elə gəldi ki, Madhuri mənim rəqsimə baxıb özünü gördü. Onu o qədər sevirəm ki, bəlkə də dünyada onu məndən çox sevən yoxdur.

N.Muradova: Bu müddət ərzində görüşə bilmədiniz?

- Madhuri Dikşit başqa telekanalda rəqs şousunda münsifdir. Onun menecerindən mənə məktub gəldi ki, Madhuri xanımla görüş üçün sizi ofisimizə dəvət edirik. Gözlərimə inana bilmədim. Gəldim ofisə, özü yox idi, amma həyat yoldaşı məni elə hörmətlə qarşıladı ki. Madhurinin həyat yoldaşı Kanadada məşhur həkimdir, onların Madhuriyə həsr olunmuş ofisi var. "İndias Best Cine Star Ki Khoj" müsabiqəsinə Madhurinin rəqsi ilə keçmişdim. Onda Madhuri Dikşit forumu adından mənə təbrik gəlmişdi. Mən də gəlib özümü itirmişdim, dedi ki, Madhuri Malayziyada çəkilişdədir, başladı ki, bilirsənmi, Madhuri səni nə qədər çox istəyir. Qayıtdı ki, səni çox axtarırdıq. Dedi ki, səninlə işləmək, "Dance with Madhuri" ailəsinin üzvü olmağını istəyərdik. Mən bu təklifdən sonra ağladım. Çünki bu, mənim rəqs aləmimdə olan ən böyük arzudur. Mənim üçün Madhuridən o tərəfi yoxdur.

"Şahrux Xanla görüşdüm, balacaboy və arıq imiş"
 
N.Muradova: Şahrux Xanla görüşmüsünüz?

- Şahrux Xanla ötən il dekabrın 1-də Dubayda görüşmüşəm. Konsertdən sonra partidə görüşdük. Necə sizinlə oturub danışırıq, onunla da divanda oturub söhbət etmişəm. Yaxşı aktyordur, Azərbaycanda çoxsaylı fanatları var. Mən onu aktyorluğundan çox, xarizmasına görə bəyənirdim. Amma boyu balaca və çox arıq idi. Ümumiyyətlə, mən Xan soyadlı Amir və Salmanı da çox bəyənirəm. Amir Xanı aktyorluğuna, Salman Xanı isə individuallığına görə xoşlayıram. Salman Xan Hindistanda nömrə birdir, çox adama kömək edir.

N.Muradova: Deyirlər, Salman Xan çox kobud insandır.

- Şəxsi həyatında olan problemlər bizə aid deyil, onunla bağlı kobud ola bilər. Amma insanlara çox yardım edir. Mən Anupam Hira məktəbində oxuyanda 5 ay qaldığım evdə Hanif adlı köməkçim vardı, o gəlib yemək bişirirdi, 56 yaşında kişi idi, mədəsində problemi vardı. Mən kursdan sonra Azərbaycana gələndə zəngləşmişdik, dedi ki, əməliyyat olunmuşam, bilirsənmi, mənə kim kömək elədi? Soruşdum, kim? Dedi ki, Salman Xan. Söylədi ki, səhər saat 5-də evinin yanına getmişdim, velosiped sürürdü, dedim, əməliyyat üçün 3500 dollara qədər pul lazımdır, o da soruşmadan çıxarıb pulu verdi.

N.Muradova: Sizə müsabiqədə pul mükafatı verdilər?

- 12 nəfər finala daxil olanda hərəmizə 500 dollar verdilər. Udanda qaliblərə min dollar, 2 min dollarlıq kafel-metlax materiallarını almaq üçün kupon təqdim etdilər. Mən də onu digər qalibə hədiyyə etdim, Hindistandan bura kafel gətirmək mümkünsüzdür (gülür).

N.Muradova: Bəs özünüzün nə qədər xərciniz çıxdı?

- Çox xərcim çıxdı, çünki orada bədxərclik edirdim. Biz "Rac Kapur" film studiyasında 4 ay məşq keçirdik, xərci müsabiqə təşkilatçısı qarşılayırdı. Bizə ev də verdilər, sadəcə, xoşuma gəlmədi deyə öz puluma ev tutdum. Yeməkdən tutmuş saç, makiyaj, hər çıxışımdakı geyimlərə qədər xərcləri təşkilatçılar ödədilər. Müsabiqədə geydiyim kostyumları bizə bağışladılar, Azərbaycana gətirdim.

D.Əhməd: Azərbaycana hansı məşhur hind aktyorunu gətirə bilərsiniz?

- Kimi istəyirsiniz, gətirmək mümkündür. Sadəcə, yaxşı sponsor lazımdır. Sponsorlar hindlilərin ajiotaj yaradacağına inanmırlar. Amma mən deyirəm ki, məsələn, Şahrux Xan ajiotaj yaradacaq.

A.Lətifov: Siyasətlə maraqlanırsınız?

- Düzü heç televiziyaya baxmağa vaxtım olmur. Hindistanda olanda isə 4 ay ərzində heç nəyi izləyə bilməmişəm.
 
"Romantik trillerdə baş rola çəkiləcəyəm"
 
A.Lətifov: Qalib gəldiniz, daha hansı pilləyə çıxmaq istərdiniz?

- İndi sənədlərimi gözləyirəm, "Zee" Tv ilə 3 illik müqavilə imzalamışam, mənə viza veriləcək və Hindistana gedib film çəkişinə başlayacağıq. Rejissor Maxeş Bxattın filmində çəkiləcəyəm. Film romantik triller olacaq. Maxeş Bxatt Hindistanda elə bir rejissordur ki, onun 3 saatlıq filmində 10 dəqiqəlik rol alsan da bu, sənin üçün xoşbəxtlikdir.

N.Ehlamqızı: Tərəf-müqabiliniz kim olacaq?

- Tərəf müqabili hələ bəlli deyil, amma məşhurlardan biri olacaq.

N.Muradova: Hindistanda həmişəlik yaşayardınız?

- Yox. Orada yaşamaq üçün birinci növbədə özünə təmiz şərait qurmalısan. Həm də Hindistandan qayıdanda bədənim zəifləyir, gözümün altı qaralır. Oksigenlə zəngin olan bir ölkədən gedirik, orada adam çoxdur, qapqara boğuluram. Çölə çıxanda  bilirəm ki, çöldə qoxu məni vuracaq.

Elçin Murad: Hindistanın mətbəxi sizə yaxındır?

- Hindistanın mətbəxi mənə tamamilə uzaqdır. Axır vaxtlar çalışırdım ki, ümumiyyətlə oranın yeməyini yeməyim. Peçenye, bir də düyü ilə qidalanırdım. Hamı Hindistan düyüsünü tərifləyir, mənimsə heç xoşuma gəlmir. Azərbaycandakı Hindistan düyüləri o düyülərdən deyildi.

A.Lətifov: Hindistan səfirinin də açıqlaması vardı ki, Azərbaycandakı hind çayları əslində Hindistan çayı deyil.

- Bizdə uzun düyülərdən plov dəmləyirlər ha, orada düyü xırda və nazik idi, adi ağ aş hazırlayırlar, duz, istiot da vurmurlar.
 
"Salman Xan Hindistanda kraldır"
 
D.Əhməd: Sevdiyiniz ölkənin Pakistanla Kəşmir kimi problemi var. Hindistanın müasir tarixi ilə maraqlanırsınız?

- Hindistanla Pakistan arasında hər zaman problem olub. Bombey çox müasir şəhərdir, amma buna baxmayaraq insanların psixologiyasında hindli-müsəlman ayrı-seçkiliyi var. Mənimlə yanaşı qalib gələn oğlan Səyyad Mamun da müsəlman idi. Bizim ikimizdən başqa şouda müsəlman yox idi. Müsabiqənin əvvəlindən Səyyada deyirdim ki, əgər mən udsam, sən udmayacaqsan, sən udsan, mən qalib gəlməyəcəyəm. İki müsəlmanın o boyda hindlilərə qalib gəlməsi qeyri-mümkün görünürdü. Özü də nə münsiflər, nə də işçilər arasında bir nəfər də olsun müsəlman vardı. Bayramları olanda "Zee"Tv-nin çəkiliş qrupu kimi bizi də apardılar, Səyyadla mən bütlərə dua etmədik, məcbur etsələr də kənarda dayandıq. Buna görə çox xoşbəxt idik. Səyyad çox kasıb ailədəndir, 300 dollara evdə 6 nəfəri dolandırır. Çox gözəl həyat yoldaşı və övladı var. O artıq qalib oldu, pul qazandı, buna çox sevindim. Hindistanda kimsə başqasının müsəlman olduğunu bilən kimi dərhal bir-birinə kömək edəcək. Orada addan bilirlər ki, kim müsəlmandır. Öz səhnəmi Salman Xanın qarşısında göstərəndə o təkcə mənim çıxışım barədə danışdı. O, çox sərt xasiyyətlidir və Hindistanın kralıdır. O hətta soruşdu ki, Oksana müsəlmandır? Adım Oksana olduğuna görə inanmırdı. Salman Xanın ətrafında ancaq müsəlmanlardır. O, Allahdan qorxan insandır. Eyni zamanda, Şahrux Xan da, Amir Xan da belədirlər.

İsrail Musayev: Əmin oldunuz ki, hindlilər obyektivdirlər...

- Onlar çox obyektiv insanlardır. Mən ayrı ölkədən gəlmişdim, bilirdilər ki, Azərbaycanda tanınmış rəqqasəyəm, Hindistan səfirliyi və Mədəniyyət Nazirliyi də mənə dəstəkdir. Axıra qədər düşündüm ki, onlar məni "vuracaqlar". Bəlkə də səsimi saxtakarlıq edib kiməsə versəydilər, bunun üzə çıxacağından qorxdular. Məndə səslər də yüksək idi. Sonda 6 nəfər qalmışdı, deyirdilər ki, Oksana 6 nəfərin hamısından 3-4 dəfə çox səs toplamışdı.

N.Ehlamqızı: Bildiyim qədərilə atanız da, ananız da azərbaycanlıdır. Çox adam adınıza görə sizin başqa millətin nümayəndəsi olduğunu düşünür.

- Oksana - əslində, Ukraynada yayılmış qız adıdır. Atamla anamın övladı olmayıb, Anam Ağabəyovlar nəslinin nümayəndəsidir.  7 ildən sonra anam rəhmətlik babam Ağabəyov Bünyamini görüb, babam da deyib ki, sənin 1 ildən sonra qızın olacaq, adını Oksana qoyarsan. Mən də fikirləşirəm ki, yəqin, babamın hansısa sevgilisinin adı olub (gülür).

N.Muradova: Necə olub Rusiyaya gedib orada yaşamısınız?

- Atam Şabrandandır, ixtisasca hərbi mühəndisdir, anamsa Salyandandır. Hər ikisi eyni institutu qurtarıb, onları təyinatla Əli Bayramlıya, indiki Şirvan şəhərinə göndəriblər. Orada da mən doğulmuşam, bir müddət orada yaşadıq, Baykal-Amur magistralı tikilirdi, işdən Rusiyaya göndəriblər. Çox maraqlıdır ki, "Oksana mat" hind dilində "qıcıqlandırma" deməkdir.
 
"Tələbəm 17 yaşında qarpızdan zəhərlənərək rəhmətə getdi"
 
N.Ehlamqızı: İxtisasca həkimsiniz, amma rəqsə daha çox meyil etmisiniz...

- Rusiyada rəqsə uşaqlıqdan başlamışam. Həkimlik ixtisası üzrə Tibb Akademiyasını da bitirmişəm. Mən bir çox mükafatlar almışam. Hətta Rusiya Prezidenti Vladimir Putin tərəfindən də mükafat verilib. Yetim uşaqlar evində dəstək olmuşduq, Rusiyada olanda hind rəqsləri üzrə 150-dən çox diplom qazanmışam. Uşaq vaxtı məktəbdə Azərbaycan rəqsi də oynamışam, amma texniki cəhətdən bilmədiyimə görə oynamağa utandım. Bu yaxınlarda mənim "Eşq" adlı klipimin təqdimatı oldu. Atəşgahda çəkiliş etdik, ümumiyyətlə, bir iş üzərində çalışanda istəyirəm ki, Azərbaycan və Hindistan mədəniyyətini sintez edim. "Leyli və Məcnun" əsərinə həsr olunmuş klipdə bəzi sözləri Nizami Gəncəvidən götürdük, hind sözləri və musiqisi ilə birləşdirdik. Leyli ilə Məcnunun sevgisinin yaranmasından tutmuş bitməyinə qədər bütün hissləri etnik rəqsdə göstərdik. Bu klipi tələbəm Gülarə Həsənliyə həsr etmişəm. Tələbəm 17 yaşında qarpızdan zəhərlənərək rəhmətə getdi. Onun axırıncı işi bu oldu. Sizi inandırım ki, bu klip insanı elə vahimələndirir ki. Elə bil bu klip məhz Gülarə üçün yaranıb. Onun valideynlərinə səbr diləyirəm, Allah rəhmət eləsin! Bu yaxınlarda mən Azərbaycan rəqsinə klip çəkmişəm. Artıq rəqsi qurmuşam. Məni hind rəqqasəsi kimi necə tanıyırlarsa, arzu edirəm ki, Hindistanda Azərbaycan rəqsini mənim təqdimatımda görsünlər.

N.Ehlamqızı: Hansı rəqsdir?

- "Sarı gəlin".

İ.Musayev: Azərbaycanın rəqs klassikası ilə tanışsınız?

- Mən Təranə Vəlizadənin klipində  "Sarı gəlin" obrazında çəkilmişəm. Hətta saçımı saraltmışdılar. "Sarı gəlin" ətrafında ermənilərlə mübahisə başlayan ərəfədə Nail Naiboğlu İsmayıllıda çəkdi, çox ajiotaj yarandı. Əslində, Azərbaycan rəqs dünyası haqqında anlayışım çox azdır. Amma rəqqas dostum Şəhriyara zəng edib demişəm ki, xahiş edirəm, mənə rəqslər barədə danış da (gülür). Əminə Dilbazi, Roza Cəlilova, Təranə Muradovanı tanıyıram. Təranə xanımın fanatıyam. 2008-ci ildə Rusiyadan Bakıya qayıdanda Təranə xanımın yanına getdim. O, mənə dəstək oldu, düzgün yol göstərdi, bəzi hallarda isə mən öz emosiyalarımı cilovlaya bilmədim və bəzi adamlara cavab verdim, amma lazım deyilmiş.

N.Muradova: Hind rəqsi ilə toylarda çıxış edirsiniz? Gəlir əldə edə bilirsiniz?

- Hind rəqsindən hər zaman mənə gəlir gəlib. Hind rəqsini elə bir insanlar istəyir ki, adamın inanmağı gəlmir. Mən toylara gedəndə seçim edirəm. Özümü o qədər çox istəyirəm ki, çox yorulmaq istəmirəm.

N.Muradova: Bir ara deyirdiniz ki, restoran və kafelərdə çıxış etmirəm.

- Heç vaxt şou-proqramlarda çıxış etməmişəm. Hətta toya gedəndə menecerim toy sahibi ilə danışır ki, orada uşaqdan tutmuş böyüyə qədər nə badə Oksanaya yaxınlaşaq... Mənə səhnəcik qurulmalıdır, orada oynamalıyam. Pul gözü bağlayanda adam istəyir ki, bir gündə bu toydan çıxıb başqasına getsin. Amma fikirləşəndə görürsən ki, belə olan halda rəqsin keyfiyyəti itir, ikincisi adiləşir.

N.Muradova: Rusiyada da toylara gedirsiniz?


- Orada heç vaxt getməmişəm.

N.Ehlamqızı: Həmkarınız Fatimə ilə münasibətiniz necədir?

- Mənim xətrimə dəyməsinlər, dəyəndə çox inciyirəm. Bağışlaya bilərəm, amma inciyirəm və danışmaq istəmirəm. Artıq kiminsə Fatimə haqda bir kəlmə belə nəsə soruşmasına razı deyiləm. Qoy gedib öz işi ilə məşğul olsun, Hindistana getməzdən qabaq hədsiz dərəcədə çox xətrimə dəymişdi. Yaxşı da cavabını aldı, sonra sakitləşdi. Qalib olanda məni təbrik də elədi. Bu, normaldır, çünki burada mənim adım yox, Azərbaycanın adıdır. Düşünürəm ki, təbrik etmək hər bir azərbaycanlının borcudur.

N.Muradova: O da qalib olsa, siz də təbrik edərsiniz?

- Bu səviyyədə nailiyyət qazansa, mən onu mütləq təbrik edərəm.

N.Muradova: Şəxsi həyatınızda nə yenilik var?


- Təkəm, həyatımda heç kim yoxdur. Buna nə vaxt, nə də istək var. İş imkan vermir. Bu nailiyyətdən insan istəyir ki, yenə nəsə qazansın. Mən heç vaxt yerimdə dayanmamışam.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.