Şou-biznes

İbrahim Borçalı: "Bəzi mahnılara hətta "bozbaş" da deyil, "qatıq" mahnılar demək lazımdır"

1 Oktyabr 2014 17:09
1 Şərh     Baxış: 6 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İbrahim Borçalı: "Bəzi mahnılara hətta "bozbaş" da deyil, "qatıq" mahnılar demək lazımdır"
Milli.Az İbrahim Borçalının kaspi.az-a müsahibəsini təqdim edir

- İbrahim bəy, biz indiyə kimi sizin kliplərinizə rastlamamışıq. Müğənninin tanınması üçün isə klipin olması önəmli amillərdəndir. Özünüzü reklam etmədən tamaşaçı toplamağı necə bacarırsınız?

- Hesab edirəm ki, klip müğənni üçün o qədər də önəmli deyil. Mənim üçün hər zaman xalq artistimiz Niyaməddin Musayev nümunə olub. Onunla söhbətimizdə deyirdi ki, neçə illərdir oxuyur, amma heç bir klipi yoxdur. Müğənni üçün ən önəmli məsələ odur ki, onun ifa etdiyi, tamaşaçılara təqdim etdiyi mahnı yaddaqalan olsun. Mən yaradıcılıq fəaliyyətimi bu prinsiplə davam etdirirəm. Hər bir sənətçinin ən azı iki mahnısı tamaşaçıların yadında qalmalıdır. Müğənnilik elə bir sənətdir ki, bu gün televiziyada olur, sabah isə yox. Efir üçün çalışan müğənnilər zaman keçdikcə unudulmağa başlayır. Müğənninin işi mahnını seçmək və tamaşaçılara sevdirməkdir. Ona görə də mən hər zaman efir üçün deyil, mahnılarımın uzun müddət yaşaması üçün çalışıram. Misal üçün, İbrahim Borçalı dedikdə, "Unutmaq olarmı Borçalımızı" mahnısı və digər mahnılarım tamaşaçılarımızın yadına düşür və o zaman mənim kim olduğumu xatırlayırlar.

- Müğənnilər toylarda sizin mahnılarınızı tez-tez ifa edirlər. Onlar sizdən halallıq alıblarmı? Ümumiyyətlə, başqa ifaçıların sizin mahnılarınızı ifa etməsinə necə baxırsınız?

- Mən buna pis baxıram desəm, çox gülməli çıxar. Sənətçinin mahnısını oxuyarlar. Mən də toylara gedəndə demək olar ki, öz mahınımı oxumuram. Uzağı beş mahnımı ifa edirəm, ondan sonra isə xalq mahnılarımızı, tanınmış bəstəkarların mahnılarına üstünlük verirəm. Atalar deyib ki, söz ağızdan çıxdısa, o, artıq sənin deyil. Mahnı da bir dəfə ifa olundusa, o, artıq xalqındır. Ona görə kiməsə qadağa qoya bilmərəm ki, mənim mahnımı oxumasın.

- İndi şou-biznes nümayəndələri kateqoriyalara bölünüb. Siz özünüzü hansı kateqoriyaya mənsub hesab edirsiniz?

- 10 il qabaq ifaçılar arasında dedi-qodu var idi. İndi elə söhbətlər qalmayıb. İndi müğənnilər özlərini "A" və "B" kateqoriyalı hesab edirlər. Müğənnilərin bu fikirləri məni heç də qane etmir. Səhnədə olan ifaçıya qiyməti xalq verməlidir, çünki xalqın gözü tərəzidir. Mən özümə desəm ki, hansı kateqoriyadanam, heç də yaxşı çıxmaz. Tamaşaçılar özləri bilir ki, kim hansı kateqoriyaya aiddir.

- Bəs "bozbaş" müğənnilərə münasibətiniz necədir?

- Bəzi müğənnilər elə mahnılar oxuyur ki, adamın əti tökülür. Onların mahnılarını "07"-lərin qarşısını qaldırıb küçələrdə musiqiyə gur səs verən gənclər dinləyir. Bu tip mahnılar uşaqların da tərbiyəsinə mane olur. Mən oğluma bozbaş musiqilərə qulaq asmağı qadağan etmişəm.

Şou-biznesdə öz yerim var

- Onlar necə mahnılardır ki?

- Əsasən, meyxana tipli mahnılardır. Onlardan heç baş açmaq da olmur. "Xodda maşını dənizə gedək", "Mənim balam bal dadır" tipli mahnılar bu gün cəmiyyətimizə lazım deyil. Məncə, elə mahnılara "bozbaş" deyil, "qatıq" mahnılar demək lazımdır.

- Özünüzü şou-biznes nümayəndəsi hesab edirsinizmi?

- Necə hesab etməyək ki, şou-biznesdə bir dənə İbrahim Borçalı var. Pis-yaxşı, İbrahim Borçalının da öz tamaşaçıları var. Mən bu gün adıma, qeyrətimə görə şou-biznesdə öz yerimi tutmuşam. Məni bilən bilir, görən görür.

Hədiyyəlik oğlan deyiləm

- Siz hamıdan çox toya gedirsiniz. Bu, sənət yoldaşlarınız arasında qısqanclığa səbəb olurmu?

- Məni bir çox restoranlar dəvət edirlər ki, onlar efirlərdə mənim simamdan istifadə edib reklam olunsunlar. Ancaq mən heç bir reklamda iştirak etmirəm. Səbəb isə odur ki, toylarım çoxdur, özüm də gözütox insanam. Restoranın müdiri öz müştərisinə menyunu təqdim edərkən menyunun içərisində müğənninin də olduğunu söyləyir və müğənnini bir növ hədiyyə edir. Mən isə hədiyyəlik oğlan deyiləm. Bəlkə toy edən insan məni istəmir. Gedib onun toyunda niyə oxumalıyam? Ancaq mənə diqqət və hörmət qoyulan toylara gedirəm.

- Bilmək olarmı, toylara neçəyə gedirsiniz?

- Mən heç vaxt toy qiymətimi tamaşaçılardan gizli saxlamamışam. Azərbaycandan kənara gedəndə 7-8 min dollar, ansamblla gedəndə isə 12-15 min arası pul alıram. Bakıda isə 5 min manata bütün toyu ifa edirəm. Hesab edərəm ki, qoyduğum bu qiymət heç də baha deyil. 8 nəfərlik ansamblla bütün toyu idarə edirəm. 8 ildir ki, qiyməti olduğu kimi saxlamışam. Elə insanlar olub ki, deyiblər, 4 minim var, mən onun toyunu da yola vermişəm. Xalqı başa düşmək lazımdır. Mən bilirəm ki, hara nə qiymət demək lazımdır. Çalışıram ki, insanları başa düşüm. Ruzini verən Allahdır. Allah hər kəsə ürəyinə görə verir. Allah insana ruzi verdikdən sonra onu hara necə xərcləyəcəyini gözləyir. Biz ailədə 9 bacı, 3 qardaşıq. Bilirəm ki, 9 bacımın dördü və yaxud da qardaşımın biri çətinliklərlə üz-üzədirsə, onlara kömək edirəm. Allah ailədə bir insana ruzi-bərəkət verir. Sənə ona görə verir ki, o birilərə də əl uzadasan. Onu tək yesən, sənin burnundan gələr. Ona görə ilk növbədə ailəmi düşünürəm.

- Çoxdandır sizdən yeni mahnı eşitmirik.

- Bu yaxınlarda "Azərbaycanlıyam" mahnısını aranjeman etdirib ifa etdim. Azərbaycan təkdir, torpağımızı bölgələrə bölməyək. O mahnını Niyaməddin Musayev, Namiq Məna, Səyyad Əlizadə və mən ifa etmişdik. Bu dəfə tək oxudum. "Birdənəm" mahnısı da işıq üzü gördü. Hər kəsin birdənəsi var. Retro mahnılarımızı yeni aranjeman etdirdim, "Yenilməz batalyon", "Gün keçdi" filmindən "Ömür keçdi, gün keçdi, cavan olmam bir də mən" mahnısını yeni aranjemanda oxudum. Yeniliyim odur ki, hər zaman öz mahnılarımı ifa edirdim, bu dəfə retro mahnılara üz tutdum. "Yenilməz batalyon" mahnısına klip də çəkdirəcəyəm. Yəni yaradıcılığımı əvvəlki addımlarla davam etdirəcəyəm.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.