Şou-biznes

Gənc aktyor: "Amaliya xanım dedi, mənə xəyanət edirsən" - FOTO

30 Sentyabr 2014 15:14
1 Şərh     Baxış: 2 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Akademik Milli Dram Teatrının aktyoru Ramin Şıxəliyevin publika.az-a müsahibəsini təqdim edir.

- Ramin bəy, uzun müddət Bakı Bələdiyyə Teatrında çalışmısınız. Necə oldu ki, oradan ayrıldınız?

- 1998-2002-ci illərdə "İlham" Miniatür Teatrında işləmişəm. 2003-cü ildən 2011-ci ilə qədər Bakı Bələdiyyə Teatrında - xalq  artisti Amaliya Pənahovanın Teatrında çalışmışam. Teatrda Anarın "Zəncirbənd" əsəri əsasında hazırlanmış qaravəllidə baş rolu oynamışam. Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov tamaşaya baxıb və xoşuna gəlib. Tamaşanın rejissoru Rövşən Almuradlı mənə dedi ki, İsrafil müəllim səni "Azdrama"da görmək istəyir. Bura böyük teatrdır, gələcəyi var deyə, böyük məmnuniyyətlə gəldim.

- Düşünürdünüz ki, Bakı Bələdiyyə Teatrının gələcəyi yoxdur?

- Amaliya xanımdan narazı deyildim. Amma bilinirdi ki, teatrın gələcəyi yoxdur. Teatrın binası yoxdur, ildə bir dəfə premyera ya olur, ya olmur.

- Teatrdan çıxmaq istədiyinizi Amaliya Pənahovaya demişdiniz?

- O, çox qısqanc insandır. İstədim deyəm, bildim ki, pis olacaq. "Azdrama"da "Don Juan" tamaşasında oynayırdım, Amaliya xanımın da xəbəri yox imiş. Dəvətnamə alıb tamaşaya gəlirmiş. Teatra çathaçatda dəvətnamədə mənim adımı görüb, maşını geriyə sürdürüb. Səhər iclas elədi, dedi ki, mənə qarşı xəyanət edirsən, məni satırsan... Dedi, kim hara istəyir getsin, teatrda tək qalacağam. Amma məncə, yaradıcı adam azad olmalıdır. Heç kim aktyoru məcbur edə bilməz ki, bu tamaşanı oynamalısan, ya filan teatrda işləməlisən. Azad olmayan aktyorun şəxsiyyəti də olmaz.

- O zaman Bakı Bələdiyyə Teatrında işləyirdiniz?

- Bəli. Amma hər bir aktyor istənilən teatrda işləyə bilər. Həmin iclasdan sonra gördüm ki, pis olub, teatrda qalıb işlədim. Sonra gedib İsrafil İsrafilova vəziyyəti danışdım. İsrafil İsrafilov hirsləndi. Dedi ki, bura ana teatrdır və hər bir aktyor burada işləyə bilər.

- Amaliya Pənahovayla İsrafil İsrafilov bu məsələyə görə mübahisə etmişdilər?

- Amaliya xanım bildirmişdi ki, "Azdrama" aktyorlarımı əlimdən alır. Buna görə İsrafil müəllim bir az da əsəbiləşdi və məni ştata götürdü. O deyir ki, burada da işlə, başqa yerdə də. Amma işlərin bir-birinə mane olmasın. Sağ olsun, aktyorların maaşlarını verir. Amma o teatrda yaradıcılıq baxımından heç nə yoxdur.

- Niyə sizə nadir hallarda baş rollar verilir?

- Xarakterik aktyoram. Belə aktyorlar nadir hallarda baş rol alıblar. Əliağa Ağayev xarakterik aktyordu, cəmi bir-iki baş rolu var. Nəsibə Zeynalova da xarakterik aktrisa olub. Sadiq Hüseynov, Muxtar Avşarov da boş rol oynamayıblar.

- Bəlkə, fakturanız baş rol oynamağa imkan vermir?

- Düz deyirsiniz, faktura çox şeyi həll edir. Azərbaycan realist teatr məktəbinin banisi Mirzağa Əliyevin yubileyi üçün hazırlanmış "Məşədi İbad" tamaşasında rejissor Mehriban Ələkbərzadə mənə Məşədi İbad rolunu verdi və çox yaxşı da alındı.

- Sosial şəbəkələrdə bəzi aktyorlar sizə kinayə ilə yanaşırlar, deyirlər ki, "massovka" aktyoru idi, indi "Azdrama"da işləyir...

- Onu ancaq paxıl adamlar deyir, hamısını da cavabını verirəm. Dörd il oxudum və dördüncü kursda hər kəs şahid oldu ki, mən Molyerin "Meşşanın zadəganlığı" əsərində baş rolu - Cənab Jurdeni oynadım. O rolu Lui De Fines filmdə oynayıb. Sonradan gedib filmə baxdım, gördüm ki, kişi nə edib mən də eləmişəm. Yəni xətti düz aparmışam.

- Toylara tamada qismində gedirsiniz?

- Toylara tamada da gedirəm, parodiyaçı da gedirəm. Toylara kloun kimi də getmişəm. Atam mən ali məktəbi bitirəndə rəhmətə getdi. Hər şeyə sıfırdan başlamışam. Klounluğun pulu ilə ailə də saxlamışam. Ötən dəfə "Xəzər" televiziyasındakı serialın rejissoru xəbər göndərib. Deyib, Ramin xarakterik aktyordu, biz onu elə bu rola çəkərdik. Sən kimsən ki, mənə amplua qoyursan? Sən mənim dramatik rollarımı görmüsən?.. İctimai Televiziyada bir serial çəkilirdi. Məşhur türk aktyorlar da gəlmişdilər. Türk rejissorlar şəklimi götürüb deyib ki, bu, obraza yaraşır. Bizimkilərdən kimsə deyib ki, abi, onun səsi buna yetməz. Birincisi səsim necə lazımdır, yetər. İkincisi, səs sonradan yazılır. Belə vicdansızlar var...

- Deməli, sənətdə sizə badalaq vururlar...

- Əlbəttə. Mən ali məktəbi bitirəndə diplom tamaşasında baş rolu oynadım və magistraturaya saxlanıldım. Atamın yeddi mərasimində gəlib diplom tamaşası - komediya oynamışam. Eyni zamanda da "Muskomediya"nın "Qızıl toy" tamaşasında əsas rollardan olan Rəhim rolunda çıxış etmişəm. "İlham" Miniatür Teatrında da, Bakı Bələdiyyə Teatrında da sənət baxımından sözümü demişəm. İnşallah, burada da sözümü deyəcəyəm.

- Dolanışıq necədir?

-Teatrdan 210 manat alıram. O pul ancaq mənim yolpuluma və yeməyimə çatır. Gəlirimiz toylardan və çəkilişlərdəndir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.