Şou-biznes

Tanınmış xanəndəmiz adam döyüb - FOTO

30 Sentyabr 2014 11:29
4 Şərh     Baxış: 2 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Respublikanın əməkdar artisti, tanınmış xanəndə Təyyar Bayramovun publika.az-a müsahibəsi.

- Təyyar bəy, deyəsən, yaxın günlərdə yeni diskiniz işıq üzü görüb. Bu, sayca neçənci diskiniz oldu?

- Yay tətilində istirahət etmədim, dördüncü diskimi tamamladım və məni istəyənlərin ixtiyarına verdim. İlk diskim mahnı və təsniflərdən ibarət idi. İkinci diskimdə dəstgah şəklində muğamlar, üçüncüdə xalq mahnıları və təsniflər, dördüncüdə sırf klassik muğamlardı. Bu diskimdə "Mirzə Hüseyn" segahını və "Bayatı Şiraz" təsnifini ifa etmişəm.

 - Yəqin, bu il istirahət etməyəcəksiniz...

- Artıq beşinci diskimin də materialları hazırdır.

- Bu diskdə nələr olacaq?

- Xalq mahnıları və təsniflərdən ibarət olacaq.

- Məlumdur ki, indi disk satışı pul qazandırmır. Yəqin, bunlar həm sənətə xidmət, həm də tarixdə qalmaq naminə edilib...

- Bu, həm hesabatdır, həm də tarixdə qalmaq istəyidir. Gedirik, oxuyuruq, amma yazdırmırıq. Bunları peşəkar şəkildə yazdıranda daha yaxşı olur. Çünki heç kim həyatda əbədi deyil. Böyük sənətkarlarımız olub ki, biz bu gün onları lent yazılarından tanıyırıq, qulaq asırıq. Gələcəkdə musiqi xəzinəsində bizim də hansısa ifalarımız qalsa, yaxşı olar.

- Şou xarakterli verilişlərdə də iştirak etmirsiniz...

- Elə tədbirlərdə olmuram. Əvvəllər təklif edirdilər, indi, yəqin ki, xarakterimi bilib, dəvət eləmirlər. Muğam ciddiliyi sevən sənətdir. Köhnəliyin də tərəfdarı deyiləm, müəyyən mahnıların özəyinə toxunmamaq şərti ilə yeniliklər edirəm.

- Yetərincə tanınan xalq artistlərimiz var ki, o  cür verilişlərdə iştirak edirlər. Yəni bu sizin özünüzə qadağanızdır, yoxsa o cür verilişlərdə muğam təmsil oluna bilməz?

- Əvvəldən təbiətən belə olmuşam. Elə xanəndələrə pis də baxmıram. Bu da məni öz dünyagörüşümdür. Ola bilsin, yeni nəsil xanəndələrə muğamların sirlərini öyrənmək lazımdır.

- Artıq 38 yaşınız var. Amma sənətə xeyli gec gəldiniz. Nəyə görə muğam müsabiqəsindən əvvəl ortada deyildiniz?

- Muğam müsabiqəsi 2005-ci ildə keçirilib. Amma sənətə 2003-cü ildə  gəlmişəm. Həmin il ikinci ixtisas kimi Asəf Zeynallı adına musiqi kollecinə daxil oldum. Kollecdə oxuduğum illərdə muğam müsabiqəsinə sənəd vermişəm. Məni sənətə gətirən Mənsum İbrahimov olub.  2004-cü ildə Opera və Balet Teatrına dəvət almışam. Ümumiyyətlə, üzərimdə işləməyi sevən insanam. Nəsə tapşırıldısa, gecə-gündüz çalışıb təhvil verirəm.  2006-cı ildə bizdən sonrakı il keçirilən müsabiqədə artıq mənim tələbələrim var idi. 2005-ci ildə oranı bitirdikdən sonra Bakı Mədəni Maarif Texnikumunda müəllimlik fəaliyyətinə başladım. Gələn il pedaqoji fəaliyyətimin 10 ili tamam  olur.  Üç ildir böyük sənətkarlarımız olan Arif Babayev, Ağaxan Abdullayev, Əlibaba Məmmədovla, Alim Qasımovla, Mənsum İbrahimovla çiyin-çiyinə muğamları yeni nəslə aşılayıram. Asəf Zeynallı adına kollecdə dərs deyirəm.

- Estradaya qulaq asırsınız?

- Yaxşı mahnıların hamısına qulaq asıram. Məsələn, Röya elə bir istedaddır ki, mən də sevə-sevə onu dinləyirəm. Səsi adama dəyən səsdir, üzərində işləyən ifaçıdır, hər zaman yeni mahnılar yazdırır. Muğam ifaçılığında yeni mahnıları az əldə edə bilirik. Bu üslubda yazan bəstəkarlarımız azdır. Ona görə təkrar musiqilərə müraciət etməli oluruq. Bu şans estrada ifaçılarımızda böyükdür. Eltona, Zamiqə, Ayaza da qulaq asıram...

- Adətən, xanəndələrin hobbiləri sırasında ov da olur. Sizin ovla aranız necədir?

- Ovu qətiyyən xoşlamıram. Babək Niftəliyev ov həvəskarıdır. Ova sərf elədiyim vaxta bir mahnı yazdıraram. Biz bu sənətin sahibiyiksə, tarixdə bu sənətlə qalmalıyıq. Boş vaxtlarımı mahnılara sərf edirəm.

- Bildiyimə görə, bir müddət idmanla məşğul olmuşunuz. Hansı nəticələriniz  olub?

- Mən Naxçıvan Özəl Universitetinin hüquq fakültəsini bitirmişəm. Əvvəllər uzun müddət "Dinamo" cəmiyyətində yunan-roma güləşi ilə məşğul olmuşam. O vaxt tələbələr arasında yarışlarda yerlər tutmuşam.  Məşqçim tanınmış mütəxəssis Əli Əliyev olub. Hərbçilər arasında, tələbələr arasında, Bakı birinciliyində nailiyyətlərim olub.

- Bunlar neçə yaşınıza qədər olub?

- Bunun hamısı 1999-cu ilə qədər olub.

- Nə vaxtsa toyda, məclisdə güc göstərməyə ehtiyac olub?

- Qətiyyən elə şey olmayıb. İnsan cavan olanda davaya meylli olur. İdmanla məşğul olandan sonra gücün ən axırıncı vasitə olduğunu başa düşürsən.

- Yəni heç vaxt davanız olmayıb, kimisə döyməmisiniz...

- Desəm ki, heç kimi döyməmişəm, müəyyən insanlar var ki, səmimiliyimə inanmazlar.

- Nə vaxt olub bu?

- Onun üstündən keçək. Olub da. Hamının başına gələ bilər. Dost-tanış arasında da problem olur. İçki məclisi olsa da, elə insanlardan uzaq olmuşam. Elit məclislərdə yarım saat, bir saat iştirak edirik. Problemli, davaya meylli insanlarla qarşılaşanda da çözüm yollarını tapırıq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.