Şou-biznes

Azərbaycanlı müğənni: "Canlı yayımda bizə söz atdı"

28 Sentyabr 2014 13:42
1 Şərh     Baxış: 3 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Belə bir deyim var: "Xalqın gözü tərəzidir". Xalqımız görür ki, kim, kimdir. Kim nədir. Bizə elə bir insan irad tutsun ki, özü zövqlü olsun. Birinci özünə baxsın, eyiblərini görsün, sonra başqasına söz desin". Bu sözləri lent.az-a müsahibəsində Opera və Balet Teatrının solisti, əməkdar artist Gülyaz Məmmədova deyib. O, bizimlə müsahibədə bir çox məqamlara toxundu. Aparıcı Mətanət Əliverdiyeva ilə olan qalmaqaldan, oğlunun müğənnilik sevdasından və şou-biznesin qəribəliklərinə qədər.
 
- Başlayaq ənənəvi sualdan. Yaradıcılığınızda nə kimi yenilik var? 
 
- Demək olar ki, mən bu yay istirahət edə bilmədim. İstirahət etmədim, yeni mahnılar yazdırdım. Görkəmli bəstəkar Şəfiqə Axundovanın oğlunun bəstəsi olan "Belə qəmli dayanma" adlı bəstəni oxumuşam. Açığı, bu mahnını çox adam oxuyub. Amma bu mahnıya mən yeni nəfəs vermişəm. Qulaq asanlar deyirlər ki, fərqli, gözəl alınıb. Bu da son deyil. Yeni işlər hələ qarşıdadır.
 
- İfaçılıqla yanaşı, pedaqoq kimi də fəaliyyət göstərirsiniz. İkisi bir arada çətin deyil?
 
- Bəli, artıq yeni tədris ilinə başlamışıq. Artıq illərdir ki, tələbələrimlə məşğulam. Çətin olsa da, öhdəsindən gəlirəm. 
 
- Əvvəllər efirlərdə, tədbirlərdə Gülyanaq xanımla birgə çox görünürdünüz. Amma son zamanlar nədənsə tək...
 
- (Sözümü yarımçıq kəsir) Yox, əksər yerlərə Gülyanaqla birlikdə gedirik. Arada bir yerdə iştirakımız mümkün olmur. Çünki ailə məsələrinə başımız qarışır. Bu il Gülyanağın övladı 1-ci sinfə gedir. Onun başı bir az uşaqlarına qarışıb.
 
- Bayaq müsahibəyə başlamazdan öncə söylədiniz ki, oğlunuz da müğənnilik sevdasına düşüb. Maraqlıdır, Gülyaz xanım oğluna dəstək olacaq? Yoxsa...
 
- Oğlum tar ifaçısıdır. Hətta o üzrə təhsili də var. Lakin  gözlənilmədən qərara aldı ki, müğənni olacaq. Mən də onun bu istəyinə qarşı çıxmadım. Onun üslubu, ifa tərzi də başqadır. Oğlum da bizim kimi bu sənətə şan-şöhrət, pul-para üçün gəlməyib. Bizi yaşadan xalqın sevgisidir. Oğlum da bu sevgini qazanmaq üçün çalışacaq. Onun üslubu estradaya, şou-biznesə yaxındır.
 
- Şou-biznes dediniz, demək, oğlunuz qalmaqallarla da üzləşəcək...
 
- Hə, razıyam, şou-biznesdə qalmaqallar çox olur. Amma mən oğlumu bu qalmaqallardan qoruyacam. Mən çalışacam ki, sənəti, səsi ilə öz sözünü desin. Əgər ona kimsə söz atıb, qalmaqal etmək istəsə, sakit və xoş cavabını verəcək.
 
- İfaçının tanınması üçün əsas olan nədir?
 
- Düşünürəm ki, əsas səsdir. Daha sonra isə pul və digər amillərdir. Bizim sənətdə dedi-qodudan çox, sənət öndə olmalıdır. Ümumiyyətlə, müğənni elə olmalıdır ki, ifa etdiyi zaman bütün xarakteri bəlli olsun. İfaçının əsas sənəti müzakirə olunmalıdır. Ən əsası da bu suallar cavab tapmalıdır. Mən necəyəm? Kiməm? Özümü tamaşaçıya necə təqdim edirəm?
 
- Söylədiniz ki, ifaçının əsas ifası müzakirə olunmalıdır. Amma sizin sənətinizdən çox, geyim tərziniz müzakirə olunur...
 
- Müzakirə olunur? Deməzdim ki, müzakirə olunur. Sadəcə, bir nəfərin fikrinə görə zövqsüzük. Ancaq tamaşaçıların hamısı bilir ki, biz zövqsüz deyilik. Bu günə xalqımızın sevgisi, məhəbbəti ilə gəlmişik. Düşünürəm ki, geyimlərimiz pis deyil.
 
- Gəlin konkret danışaq. Sizə zövqsüz sözünü aparıcı Mətanət Əliverdiyeva deyib...
 
- Kiminsə fikri bizim üçün göstərici deyil. Bu gün ilk dəfə açığını deyəcəm. Onun bizim haqqımızda dediyi sözlər səbəbsiz olmayıb. Çünki o, bizi bir neçə dəfə verilişinə çağırıb, getməmişik. Əvəzində canlı yayımda bizə söz atdı. Çox sağ olsun Elza Seyidcahan, verilişdə bizim tərəfimizi tutdu. Atmaca ilə bizi şou aləminə salmaq istəyirlər. Amma bunu biz istəmirik. Belə bir deyim var: "Xalqın gözü tərəzidir". Xalqımız görür ki, kim kimdir. Ona görə də  dedi-qodu istəmirik.
 
- Mətanət xanımın barənizdə dediyi sözlərdən sonra onunla danışığınız oldu?
 
- Yox. Özü yox. Sadəcə həmin verilişdə işləyənlərdən biri zəng edib üzr istədi. Bir nəfərin dediyi sözə görə biz o boyda kollektivlə pis ola bilmərik. Yenidən həmin verilişə dəvət etdilər. Getmədim. Çünki incimişəmsə, niyə gedim? Bilirsiniz, çox söz demək istəmirəm. Sonra deyəcəklər ki, qalmaqal, dedi-qodu istəmir, amma danışır. Ona görə çox şeyləri açıqlamaq istəmirəm.
 
- Belə çıxır ki, Mətanət xanımın təqdimatı ilə olan verilişə çıxmaq istəmirsiz?
 
- Bəli. Nə vaxt  canlı efirdə bizdən üzr istəyər, dediyi sözü geri götürər, o zaman iştirak edərik. Bilirsiniz, məndən elə bir insan irad tutsun ki, özü zövqlü olsun. Birinci özünə baxsın, eyiblərini görsün, sonra başqasına söz desin. Mən bu sözləri bütün insanlara deyirəm. İnsanlar hamısı həyata eyni gözlə baxa bilməzlər. Biri qara, o biri ağ rəng sevir. Hamı eyni düşünə bilməz.
 
- Gəlin Mətanət xanımla olan qalmaqalı bir kənara qoyaq. Siz özünüz öz geyiminizdən nə qədər razısınız?
 
- Mənə elə gəlir ki, biz pis geyinmirik. Bizim öz üslubumuz var. Qısa və uzun da geyinirik. Hərəsinin öz yeri var.
 
- Geyimlərinizi özünüz seçirsiniz?
 
- Öz seçdiyimiz geyimlər də olur, stilistin seçdiyi də. Əsasən efir geyimlərimizi modelyerlərlə seçirik. Bir çox geyimlərimizi isə Gülyanaq Türkiyədən gətizdirir. Həmin libasları Türkiyənin bir çox tanınmış müğənniləri də  geyiniblər.
 
- Fikrinizcə şou aləmində nə çatmır?
 
- Çox şey. Məsələn, hansısa proqrama çağırırlar, gedirik. Gedən kimi deyirlər ki, muğamsız mahnı olsun. Mən başa düşə bilmirəm, muğam niyə olmasın? Axı muğam bizim kökümüz, keçmişimiz, gələcəyimizdir. Deyirlər ki, ritmik mahnı oxu. Axı bizim sənətkarlarımızın yazdığı gözəl lirik mahnılar da var. Müsahibəmizi burada bitirsək yaxşıdır. Yoxsa mən bir çox şeyləri açıqlayacam. Qalmaqal olacaq. Bu da mənə gərək deyil.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.