Şou-biznes

Məşhurların məktəb illəri - öz dillərindən

16 Sentyabr 2014 15:18
0 Şərh     Baxış: 6 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Məşhurlar ilk dərs günü xatirələrini kövrələrək yada salır
Hər bir insanın həyatında dərin izlər buraxan anlar var. O anlar ki, sonradan ömür səhifələrində unudulmaz xatirələrə çevrilir. Belə xatirələrdən biri də ilk dərs günü hesab olunan "Bilik günü"ndə yaşadığıqlarımızdır. Həmin gün yaşananlar sonralar kimlər üçünsə xoş, kimlər üçünsə kədərli xatirəyə çevrilir. Amma fərqi yoxdur, bu, bütün hallarda ən əziz xatirələrdən biri olur. Az insan tapılar ki, ilk dərs gününü, qayğısız, xoşbəxt vaxtlarını xatırlamasın.

Maraqlıdır ki, insanların ən çox bölüşdüyü xatirələr də məhz məktəb illərinə aiddir. Aramızda az adam tapılar ki, məktəb xatirələri, özü də ilk "Bilik günü" ona maraqlı olmasın. Çünki yetkin, istedadlı, nüfuzlu bir şəxsiyyət kimi görməyə alışdığımız insanların balaca uşaqkən məktəb həyatındakı ilk həyəcanı adama həm təəccüblü, həm də məzəli gəlir.

Biz də azyaşlı uşaqların dünənki ilk dərs günü keçirdikləri həyəcanın şahidi olduq. Onların o həyəcanlı baxışları bizə o illəri xatırlatdı. İlk dərs gününün unudulmadığını əsas tutaraq, tanınmışlardan, bu gün mədəniyyət, şou aləmində üzdə olan məşhurlardan xatirələrini öyrəndik. Eşitdiyimiz məqamlar yəqin ki, sizin də maraq dairənizdədir.

Mənə gülürdülər

Müğənni Əlikram Bayramov bizimlə söhbətində ilk dərs gününü xatırlayıb ötən illərə səyahət etdi: "Mənim oxuduğum illərdə məktəb 1 sentyabrda açılırdı. Həmin gün məktəbimizin həyətində böyük həyəcanla dərsimizin başlamasını gözləyirdim. O, günü heç zaman unutmaram. Yuxarı siniflər gəldi və biz onlara gül dəstəsi verdik. İlk dərs günü sinif yoldaşlarımdan fərqli olaraq mən heç ağlamadım. Sinfimizdə qızların hamısı ağlayırdı. Sentyabrın 20-dən sonra biz pambıq yığmağa gedirdik. İlk parta yoldaşım Qəndilə adlı qız oldu. Hər il 8 Mart qadınlar günündə mən ona corab alırdım, o isə mənə ətir hədiyyə edirdi. 11 il 8 Martda o qızı təbrik etmişəm. Məktəb illərində çox maraqlı günlərimiz olub. Artıq müəllimlərimin bir çoxu dünyasını dəyişib. İlk sinif müəllimim Saday adlı müəllim olub. İndi o təqaüdçüdür. Dünən efir vasitəsi ilə ilk dəfə məktəbə gedən uşaqları izlədim. İndiki uşaqlar heç bizim kimi həyəcanlı deyillər. Biz məktəbə getməyi çox arzulayırdıq. Dərsin açılmasını səbirsizliklə gözləyirdik. Əvvəllər elə bilirdim ki, dərsə gedən şagird bir də geri qayıtmır. Ona görə də çantamın yarısını yeməklə doldururdum. Sinif yoldaşlarım buna görə mənə güldürdü. 10 dəqiqə fasilə edirdik, gətirdiyim yeməkləri uşaqlarla yeyirdik. Daha sonra düşündüm ki, nə üçün uşaqlar mənim yeməyimmi yeməlidir?"

Məktəb illərindən danışan Əlikram Bayramov çox yaxşı şagird olduğunu, hərdən də müəllimlərini incitdiyini deyir: "Çox nadinc şagird idim. Dərsə gedəndə də partanın üstünü yazırdım. Bu hərəkətimə görə, sonradan peşman olurdum. Uşaqlıqdan saf olmuşam. Sinif yoldaşlarım məni aldadırdılar, hər işi mənə gördürürdülər. İşin üstü açılanda da günahkar mən olurdum. Məktəb illərində çalışqan olmuşuq. Bizim dövrünüzdə pambıq sahələri var idi. Gedib sahələrdə pambıq yığırdıq. Birinci siniflə bağlı xatirələrim demək olar ki, beynimdən silinib. Sinifdə 32 uşaq idik. Mən bu günkü uşaqlarımıza bilikli olmalarını arzulayıram. Azərbaycana istedadlı gənclər lazımdır. Biz sovet dönəmində oxumuşuq. İndiki gənclərin imkanı bizdən daha genişdir. Qoy onlar var gücləri ilə oxusunlar. Dünənki "Bilik günü" münasibəti ilə də birinciləri səmimi qəlbdən təbrik edirəm".

İlk dərs günümü xəyal kimi xatırlayıram

Əməkdar artist Baloğlan Əşrəfov ilk dərs gününü yaxşı xatırlamadığını bildirdi. İlk dərs günündən 60 il keçdiyini söyləyən ifaçı məktəb illərindən danışdı: "Təqribən 60 il bundan qabaq Masallının bir kəndində oxumuşam. O illəri güclə xatırlayıram. Yəqin ki, atam məni evimizin yaxınlığındakı bir məktəbə aparıb. İlk dərs günüm mənim yaddaşımda xəyal kimi qalıb. Ancaq o yadımdadır ki, dərsi yaxşı mənimsəyən şagirdlərdən idim. Sinif yoldaşlarıma nisbətən çox yaxşı oxuyurdum. Musiqi duyumum vardı deyə, hər şeyə daha tez nail olurdum. Dərs vaxtı tədbirlərdə iştirak edirdim, musiqi ilə məşğul olurdum. Orta məktəbdə oxuya-oxuya radio qovşağında veriliş aparırdım. Orta məktəbdə yuxarı siniflərdə keçirilən konsert proqramlarında çıxış edirdim. Çox istəyərdim ki, yenidən məktəb illərinə qayıdım. Kaş, ilk dərs günümə qayıdaydım. Məktəb illərində etdiyim səhvləri indi etməzdim. Çox təəssüf edirəm ki, bu, mümkün deyil. Ona görə də öz övladıma, nəvələrimə edə bilmədiyim şeyləri etməyə çalışıram. Onlara hər zaman doğru yol göstərirəm".

Ömrün ən vacib illəri

Xalq artisti Məleykə Əsədova açıqlamasında ilk dərs gününün onun üçün unudulmaz olduğunu dilə gətirdi. O, qeyd etdi ki, məktəbə getdiyi ilk gün ömrünün ən gözəl günü kimi yaddaşına yazılıb: "İlk dərs günümdə anamla atam əlimdən tutub məni dərsə aparmışdı. Əlimdə bir dəstə gül, başımda isə ağ bant var idi. Məktəbin qarşısında xeyli uşaq toplaşmışdı. Çox sevincli gün idi. Sizə bunları danışdıqca, o günlər gözümün qarşısında canlanır. Uşaqlıq illəri insan ömrünün ən vacib illəridir. Həmin dövrdə biz uşaqlar dərdsiz, problemsiz, valideynlərimiz yanımızda xoş günlər keçirirdik. Deyərdim ki, uşaqlıq illəri ömrümün ən gözəl illəri idi. Xəyallarımda o günlərə yenidən qayıda bilərəm. Ancaq bilirəm ki, bu, real deyil. Dünən qızım dördüncü sinfə keçdi. Onu özüm məktəbə apardım. O yaşadıqca, mən də məktəb illərimi, o günləri yaşayıram. Məktəb vaxtı çox çalışqan şagird olmuşam, dərslərimi çox yaxşı oxuyurdum".

İlk dərs günü möhtəşəm idi

Xalq artisti Mənsum İbrahimov orta məktəbi Ağdamın İmamqulu məktəbində oxuduğunu, ilk dərs günü çox həyəcanlı olduğunu dedi: "Dərsə gedəcəyim günün axşamı həyəcandan gözümə yuxu getməmişdi. Mənim üçün ilk dərs günü möhtəşəm idi. İlk dərs günümü təntənəli surətdə xatırlayıram. Bir müddət keçəndən sonra məktəbdəki tədbirlərdə çıxış etməyə başladım. İlk dərs günü həm çox həyəcanlı, həm də çox sevincli idim. Ancaq buna baxmayaraq, sinif yoldaşlarımdan fərqli olaraq mən ağlamadım. Dərsə sevinə-sevinə gedirdim. Oxumağa çox həvəsim var idi. Məktəb illərində əlaçı olmuşam, olimpiadalarda çıxış etmişəm. Ən çox humanitar fənləri sevirdim. Azərbaycan dili, ədəbiyyat və tarixi daha yaxşı oxumuşam. Ona görə də bu gün mənim qəzəl seçimimdə orta məktəbdə oxuduğum təhsil köməyimə çox yaxşı çatır. Fürsətdən istifadə edib bütün şagirdləri təbrik edirəm. Biz yeni tədris ilini Konservatoriyanın yeni binasında qarşıladıq və bu mənim üçün ikiqat bayramdır. Oğlum məktəbə gedir, qızım isə tələbədir. Yoldaşımla mən müəlliməliyik. Yəni dünənki "Bilik günü"nü ailəvi qeyd etdik".

Ağ bantikli qız

Əməkdar artist Gülyaz Məmmədova bizimlə söhbətində ilk dərs günü çox həyəcanlı olduğunu, həmin günləri heç vaxt unutmayacağını dedi: "İlk dərs günündə saçımda ağ bantikim və ağ köynəyim var idi. Çox istərdim ki, yenidən o günlərə geri dönüm. Məktəb illəri ömrümün ən qayğısız gözəl günləri idi. İndi hər dəfə azyaşlı şagird görəndə öz ilk dərs günümü xatırlayıram. Mən dünənki "Bilik günü" münasibəti ilə bütün şagirdləri, xüsusən də birinci sinfə gedən şagirdləri təbrik edirəm, onlara dərslərində müvəffəqiyyətlər arzulayıram".

İlk hərf yazdığı dəftər və qələmini saxlayır

Caz ifaçısı Şölə Səfərəliyeva Bakıda yerləşən 200 nömrəli məktəbdə təhsil aldığını, ilk dərs gününün onun yaddaşında böyük xatirələrlə qaldığını qeyd etdi: "İlk dərs gününə mən bir neçə həftə öncədən hazırlaşmışdım. Ailəmizlə birlikdə məktəbdə lazım olan ləvazimatları alıb, hazır qoymuşduq".

İlk dərs günü əlinə çanta alan Şölə ağ bant, məktəbli forması ilə həyəcanla dərsinin başlamasını gözləyib: "Həmin gün məktəbin qarşısında qarşılama mərasimi keçirilirdi. Nadir adamlardanam ki, birinci sinifdəki yazı dəftərimi və gündəliyi, qələm qabımı 20 ildən çox vaxt keçməsinə baxmayaraq, saxlayıram. İlk dərs günümü gözəl xatirələrlə xatırlayıram. İlk dəfə məni rus bölməsinə qəbul etmişdilər. Daha sonra Azərbaycan bölməsinə keçdim. 2 həftə valideynlərim məni dərsə özləri apardılar. Onlar işləməyə məcbur olduqları üçün birinci sinifdən maşın yolunu keçərək Gənclikdəki 200 nömrəli məktəbə tək gedib-gəlməyə başladım. Mən də bütün şagirdləri, tələbələri "Bilik günü" münasibəti ilə təbrik edirəm. Onlara dərslərində müvəffəqiyyətlər arzulayıram".

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.