Şou-biznes

Azərbaycanlı müğənni: "Anamın qızılını satıb mahnı aldım" - FOTOSESSİYA

15 Sentyabr 2014 02:30
17 Şərh     Baxış: 13 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Günay İbrahimlinin Milli.Az-a müsahibəsi.

-​ Günay xanım, "Dəlisiyəm gecənin" adlı mahnıya çəkdirdiyiniz klipdə kifayət qədər açıq sayılan geyimlərdən istifadə etmisiniz. Buna görə "qınaq atəşi"nə tuş gəldiniz?

-​ Düzdür, həmin klipdə çimərlik geyimindən istifadə etmişəm. Ola bilər ki, kimlərsə bunu özlüyündə bəyənməsin və məni qınasın. Ancaq mahnının motivi bunu tələb edirdi, həm də rejissorun fantaziyası idi. Hovuzun kənarında çəkilən klipdə uzun paltar geyinəsi deyildim ki...

-​ Əslində, bu geyimi sizin üçün normal saymaq olar. Çünki klipdən öncə verdiyiniz solo konsertdə istifadə etdiyiniz libas da hər yana səs saldı... Əvvəl o, sonra bu, ardı olacaq?

-​ Sizinlə razıyam, konsertimdəki geyim də açıq sayıla bilər. Lakin mən bunda bir qəbahət görmürəm. Müğənniyəmsə, səhnədə təkcə səsimlə yox, vizual görünüşümlə də diqqət çəkməyi bacarmalıyam. Düşünürəm ki, bu, məndə alınır. Geyindiyim paltarlar da bədənimə görədir. Mənə yaraşmasa, hər halda geyinmərəm.

-​ Özünüzə bu qədər arxayınsınız?

-​ Az da olsa, diqqət çəkə bilirəmsə, arxayın olmağa haqqım var. Ən azından bədənimin heç bir yerində, nə də simamda heç bir əməliyyat olunmayıb (gülür).

-​ Buna ehtiyac görmürsünüz, yoxsa?..

-​ Həm ehtiyac görmürəm, həm də bir az ehtiyat edirəm. Daha doğrusu, qorxuram. Amma ola bilər ki, yaşım tədricən artdıqca nəyəsə ehtiyac duyulsun. O zaman bəlkə fikirləşərəm.

-​ "Külək, niyə belə əsirsən, külək" bu sözləri eşitdikcə yadınıza nə düşür?

-​ Fərda Xudaverdiyevin konserti (gülür).

-​ Maraqlıdır, həmin an vəziyyətdən çıxmaq çox çətin idi?

-​ Məsələ bir az qarışıq oldu. Mən, əslində, həmin geyimdə olmalı deyildim. Konsertdən öncə başqa geyimdə idim. Külək də yox idi. Beynimə düşdü ki, həmin yubkanı geyinim. O da başıma bəla oldu (gülür). Konsertə çatanda küləyin başladığını gördüm, Fərdaya işarə etmək istədim ki, məni hələ səhnəyə dəvət etməsin. Amma gec idi. Bir də gördüm ki, artıq səhnədəyəm. Külək də elə bil məni gözləyirdi, səhnəyə çıxan kimi əsib yubkamı qaldırdı (gülür).

-​ Bu hadisə uzun müddət dillərdən düşmədi. Çoxları bunu düşünülmüş bir addım kimi qələmə verdi.

-​ Elədir, xəbər portallarında, sosial şəbəkələrdə sözügedən kadrın baxış sayı rekord həddə çatmışdı. Ancaq bu, qətiyyən düşünülmüş bir addım ola bilməzdi. Təsadüfən düşdüyüm çıxılmaz bir vəziyyət idi.

-​ Lakin ondan sonra yenə də açıq-saçıq geyimdə şəkliniz yayıldı. O da klip çəkilişindən idi. Həmin ərəfədə də rəylər birmənalı olmadı. Baxış sayı da həmişəki kimi öz yerində. Bəs buna necə reaksiya göstərdiniz?

-​ Mən həmin şəkli sosial şəbəkədə öz profilimdə paylaşmışdım. Xəbər saytları da bundan bir "xəbər" yaratmaq istədilər. Hətta buna görə evdə də narazılıq oldu. Ona görə də klip çəkilişi zamanı çəkilən şəkillərimi bir daha sosial şəbəkələrdə paylaşmadım.

-​ "Subaylıq daşı"nı nə vaxt var gücünüzlə uzaq sahillərə atmaq fikriniz var?

-​ Bu barədə hələ düşünmürəm. İndi karyeram barədə düşünürəm. Sırf ailə qurmaq xatirinə görə ərə getməyə dəyməz. Ərə gedib boşanmaqdansa, hələ ki, subay qalmaq yaxşıdır.

-​ Neçə uşaq arzulayırsınız?

-​ Ən azı üç.

-​ Hər şeyi öz gücünüzə edirsiniz?

-​ Bəli, mənim sponsora ehtiyacım yoxdur. Şükürlər olsun ki, öz qazancımla özümü təmin edə bilirəm.

-​ Vaxtında sponsorunuz olmayıb?

-​ Olub. "Yeni ulduz" mahnı müsabiqəsindən sonra bir xanım məni dəvət etdi və mənimlə çalışmaq istədiyini dedi. Mən də razılaşdım. Ətrafına yaxşı bir heyət toplayıb mənimlə çalşmağa başladı. İş birliyimiz bir neçə il davam etdi. Lakin sonradan heyət "parçalandı". Mən də özüm qazanıb özümə xərcləməyə başladım.

-​ Onda siz əlinizi cibinizə salmırdınız?

-​ Xeyr, bütün xərclərimi həmin xanım ödəyirdi.

-​ "Yeni ulduz" müsabiqəsindən öncə müğənni kimi fəaliyyət göstərirdiniz?

-​ Yaxşı səsim olduğunu deyirdilər. Sənətin üstünə düşmək istəyirdim, lakin bunun üçün külli miqdarda vəsaitin gərək olduğunu düşünəndə narahat olurdum. Alınmayacağından ehtiyat edirdim. Çünki maddi imkanımız o qədər də yaxşı deyildi. Amma heç yadımdan çıxmaz, bir dəfə bir mahnıdan çox xoşum gəlmişdi. Onu almaq istəyirdim. Amma pulum yox idi. İçimdə o qədər sənət eşqi var idi ki, anamdan xahiş etdim. O da qızılını satdı, pulunu mənə verdi. Yeddi yüz dollara həmin mahnını aldım.

-​ O mahnı hələ üzə çıxmayıb?

-​ Xeyr, bir xatirə kimi, hələ də məndə qalır.

Cavidan Abdullayev
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.