Şou-biznes

Nadir Qafarzadə: "Mən qudurmamışam!"

30 Avqust 2014 11:50
16 Şərh     Baxış: 4 231
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az müğənni Nadir Qafarzadənin qafqazinfo-ya müsahibəsini təqdim edir:

- Yaradıcılığınızda yeni mövsümdə hansı yeniliklər olacaq?

- Sözləri və musiqisi Fərid Kərimliyə məxsus olan  yeni evlənənlər üçün vals yazdırmışam. Ona Gürcüstanda klip çəkdirmək istəyirəm, ora xoşuma gəldi. "Göndər" mahnım TMB kanalında top onluqdadır. Məndən başqa, Zülfiyyə Xanbabayeva ilə Miri Yusifin mahnısı da onluqdadır.  Bu mənim üçün böyük uğurdur. Klip, mahnı keyfiyyətli olanda yaxşı qarşılanır.

- Klipi niyə Azərbaycanda çəkdirmirsiniz?

- Bizdə yaxşı klip çəkən rejissorlar var. Lakin istədiyim keyfiyyəti burada ala bilmirəm. Gürcülər daha maraqlı klip çəkirlər.  Orada kazinoda "Göndər mesajını" mahnısına klip çəkdirdim. Çox bəyənildi. Onlar daha fərqli düşünürlər.  Bizimkilərə zəng edib deyəndə ki, klip çəkdirmək istəyirəm, deyir, nə qədər pul verəcəksən? Xaricilər isə puldan öncə keyfiyyətli işi düşünürlər.

- Qadınlara konsert verəcəyinizi bildirmisiniz...

- Bu yay öz xanımım üçün konsert verdim, mətbuat da işıqlandırdı. Bəziləri dedilər ki, Nadir özünü göstərir, getsin o pulları uşaq evinə ödəsin. Bu başqa şeydir.  Mənim konsertim bütün xanımlara diqqət, kişilərə mesaj idi.  Gəlin qadınlarımızın qədrini bilək. bu gün milyonlarla qadın zorakılığa məruz qalır, döyülür, təhqir edilir, zorlanırlar. Boşanmalar baş alıb gedir. Bu konsert təbliğat idi. Bunu kimsə qanmırsa, bu mənim problemim deyil. Lakin bu konserti bəyənən, alqışlayan insanlar çox idi. Mən ruhdan düşmürəm. Gələn il qadınlar üçün pulsuz konsert verəcəm. Əsasən, burada analar və nənələrin iştirak etməsini istəyirəm. Ağbirçək analar yaralı yerimdir. Burada repertuarıma aid olmayan mahnılar da yer alacaq. Çünki istəyirəm, konsert hər yaşda olan xanımların ürəyincə olsun. Gənclərə baxanda bizim yaşda olan müğənnilər daha çox işləyirlər.

 - Gənc müğənnilərdən kimləri dinləyirsiniz?

- Son zamanlar xoşum gəlir Günay İbrahimlidən. Öz üzərində çox çalışır, lakin tənqidlərə məruz qalır. Tənqid olunmaq o deməkdir ki, sən varsan. Sevda Yahyayeva xoşuma gəlir. Eltonun oxumasını çox bəyənirəm. Amma heç kim böyük işlər görmək istəmir.

- Bəlkə, maddi problemlərə görə böyük işlər görülmür?

- Bəlkə, maddi tərəfi düşünürlər, bəlkə, düşünürlər ki, artıq Azərbaycanda tanınmışıq. Aygün Kazımova isə ömrünü, həyatını qurban verib. Bəlkə də yemir-içmir, amma sənəti üçün hər şey edir. Röya çoxlu işlər görür. Onlara baxanda sevinirəm, onlar qədər iş görməsəm də bacardığım qədər sponsorsuz, köməksiz çalışıram. Komandam çox kiçikdir. Pul qazanmaq  üçün işləməlisən. Elə olub, 3 gün yuxusuz qalmışam. Bakıda toyda oxuyub, Moskvaya getmişəm, oradan qayıdıb rayonda toyda iştirak etmişəm. Bu gün azad ölkədə yaşayırıq, çalışan adam yaxşı qazana bilir. Mən bunu yaltaqlıq üçün demirəm. Həqiqətən belədir.

Hamı istəyir kürsüdə oturub əmr etsin. Əmr etmək üçün birinci əmrə tabe olmaq lazımdır. Gənclərdən bu gün çox narazıyam.  Ancaq qulaqlarına qulaqlıq taxıb gəzirlər. Savadsızlıq çoxalıb. Günah müəllimlərdə deyil, tələbə dəftəri şalvarın belinə salıb, dönər yeyib universitetdən evə qayıdır. Valideynlər uşaqlarını özbaşına buraxıblar. Şəhərə çox çıxmıram, keçən dəfə gecə şəhərdən keçirəm, görürəm 17-18 yaşlı qızlar, oğlanlar gəzirlər. Bunların valideyni düşünmür ki, gecə ikidə uşağım küçədə nə edir? Mən evə gec gələndə yoldaşım zəng edib axtarır.

- Nadir bəy, özünüzü sənətkar adlandırmanız birmənalı qarşılanmadı...

- Niyə də sənətkar olmayaq ki? Mən öləndən sonramı sənətkar olmalıyam? Xanım Qafarova bu yaxınlarda dünyasını dəyişdi. O, diqqətdən kənarda qalmışdı. İçərisində mən olmaqla heç kim onun qayğısına qalmadı. Öləndən sonra isə hamı onun haqda yazdı, sosial şəbəkədə şəkillərini yaydılar. Sağlığında qiymət verək insanlara. Qiymət verə bilmiriksə, heç olmasa, qiymətsiz də etməyək. Mən öləndən sonra mənə sənətkar deyəcəklərsə, istəmirəm. Sənətkarın buynuzu, quyruğu olur? Yaşıma, təcrübəmə görə kifayət qədər işlər görmüşəm. Klassik əsərlərdən tutmuş müasir mahnılara qədər oxumuşam. Sənətimi də davam edirəm. Münsiflər heyətindəyəm, tələbələrim var, öyrədirəm, öyrənirəm. İnsan özündən kiçiklərdən də nəsə öyrənə bilər. Ölənə qədər öyrənəcəm və öyrədəcəm.

- Nadir bəy, sizi tənqid edənlərə münasibətiniz necədir?

- Mən zamanında pis və yaxşı günü görmüşəm. Bu gün mən qudurmamışam, çaşmamışam. Hərdən deyirlər, saytlarda şərhlər yazırlar ki, Nadir qudurub, harınlayıb. İt qudurar, insan qudurmaz. Mən elə əvvəlki Nadirəm. Ola bilər, çox pul insanların başını hərləndirər. Amma pul nədir ki, məni dəyişsin. Heç vaxt halal puluma haram qatmamışam. Bu müsahibəni də anlayan anlayacaq, anlamayanlar isə yenə tənqid edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.