Şou-biznes

"Ailə-məişət verilişlərində iştirak edəndə danlanıram"

1 Avqust 2014 19:39
0 Şərh     Baxış: 2 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Faytonçu" Nazim: "İstəmirəm anam buna görə utanıb, xəcalət çəksin. İstəmirəm desinlər ki, bu uşaqların atası "bambılı"dır"
Ötən gün "Faytonçu" ləqəbi ilə tanınan Nazim Pişiyari redaksiyamızın qonağı oldu. Bizimlə söhbətində ifaçı israilli müğənni Hava Dolevlə layihəsindən danışdı. Onun sözlərinə görə, Hava Dolev yeganə israilli müğənnidir ki, ölkəsində Azərbaycan musiqisini təmsil edir: "Hava Dolev Azərbaycan xalq mahnılarını çox mahircəsinə ifa edir. Hava xanımla "Mən ölərəm ikimizin yerinə" adlı mahnını ifa edəcəyik. Bu mahnını vaxtilə Flora Kərimova ilə Mirzə Babayev ifa etmişdilər. Flora xanımdan mahnının halallığını almışam. Biz Hava xanımla albom çıxarmaq istəyirik. Albom 3 dildə - dağ yəhudilərinin, Azərbaycan və rus dillərində hazırlanacaq. Onun təqdimat mərasimini konsert şəklində həyata keçirəcəyik. Albomun təqdimatı isə İsraildə, Rusiyada və Azərbaycanda baş tutacaq".

Mənə 2000 dollar pul verdilər

- Sizi daha çox xarici ölkələrin verilişlərində görürük. Maraqlıdır, bizim televiziya verilişləri ilə onlar arasında nə kimi fərqlər var?

- İsraildə olarkən onların televiziya verilişlərində qonaq oldum. Onlar televiziyaya dəvət etdikləri qonaqla böyük nəvazişlə davranırlar. Halbuki, bizim efirlərdə elə qayğıya rast gəlmək mümkün deyil. Mən onların komandasında böyük bir peşəkarlıq gördüm. Koordinatorundan tutmuş, menecer, operator, səs rejissoru, ekran arxasında oturan hər bir işçiyədək hər kəsin öz peşəsinin sənətkarı olduğunu gördüm. Orada özümü sözün əsl mənasında ulduz hesab etdim. Studiyaya girən kimi üzümü qrimləyib saçımı istiqamətləndirdilər. İşıqları I-pad-larla idarə edirdilər. Səs rejissoru səsi elə tənzimləmişdi ki, musiqi sanki maqnitofondan eşidilirdi. Çəkiliş kiçik pavilyonda olsa da, efirdən o, çox böyük görünürdü. İsraildə bir neçə verilişdə iştirak etdim. Orada "masofka"da əyləşən tamaşaçıların eynilik təşkil etdiyini görmədim. Hər verilişin öz auditoriyası var idi. Bizdə isə bir qrup tamaşaçı kanalları gəzib müxtəlif verilişlərdə "masofka" qismində iştirak edir. Veriliş başlamamışdan önə mənə veriləcək sualları təqdim etdilər. Hansı sual məndə qıcıq yaradacaqsa, ondan imtina etməmi söylədilər. Orada mənə dedilər ki, nə İsraildə, nə də Avropada artıq reytinq deyə bir şey qalmayıb. Əgər veriliş hazırlanırsa, komanda o qədər peşəkar çalışmalıdır ki, həmin veriliş baxımlı olsun. Baxılmayan veriliş efirə buraxılmır. Sonda isə mənə zərfdə 2000 dollar pul verdilər. Pula baxanda düşündüm ki, birinci dəfədir televiziyadan pul alıram (gülür).

- Nazim bəy, bəs yerli telekanallarda nə üçün görünmürsünüz?

- Mənim yaradıcılığımı izləsəniz görərsiniz ki, mən gündəmdə, efirlərdə həm varam, həm də yoxam.

- O necə olur?..

- Efirlərdə sərasər görsənməyi sevməmişəm. Bu gün isə heç kim məndən inciməsin, elə verilişlər var ki, özümü orada görmürəm. Verilişdə dekorasiya kimi iştirak etmək istəmirəm. Ona görə də bir sıra verilişlərdə iştirak etməkdən imtina edirəm. Mənim bu il 46 yaşım olacaq. Qızımın 22, oğlumun 21 yaşı var. İstəmirəm veriliş bitdikdən sonra övladlarım mənə nə üçün həmin verilişdə iştirak etdiyimlə bağlı sual versinlər. İstəmirəm, anam utanıb, xəcalət çəksin ki, oğlu ailə-məişət mövzuları müzakirə olunan verilişlərdə iştirak edir. Həmin verilişlərdə iştirak etdikdən sonra evdə danlanırdım, çünki evdəkilər də tamaşaçıdır. Çalışıram elə verilişlərə gedim ki, sabah ailəm tərəfindən qınaq obyektinə çevrilməyim. Ən azından, oğlumun dostları, qızımın rəfiqələri var. Qoy onlara deməsinlər ki, bu uşaqların atası "bambılı"dır.

Oların özünə ekspert lazımdır

- Bəs, müğənnilərin efirlərdə ekspert kimi çıxış etməsinə necə baxırsınız?

- Ekspert sözünə nəzər yetirsək, görərik ki, bu, dünyagörüşü zəngin olan, həyatda sözünü kifayət qədər deməyi bacarmış, bilik bazası, intellekt səviyyəsi yüksək olan insanlara deyilir. Bu gün isə hər hansı rayondan müsabiqə yolu ilə gəlib iştirak edən, bu sənətdə yeni-yeni addım atmağa başlayan, 2-3 il səhnədə olan ifaçını ekspert qismində efirə çıxarırlar. Bunu heç cür anlaya bilmirəm. Günahı onda deyil, onu ekspert qismində təqdim edən insanlarda görürəm. Tez-tez efirlərdə 3 il səhnədə mahnı oxuyan müğənnilərin yeniyetmələrə məsləhət verdiyini görürük. Onların özünə ekspert lazımdır. Axı onların buna nə savadı imkan verir, nə də dünyagörüşü. 25-27 yaşındakı ifaçı tamaşaçılara nə məsləhət verə bilər axı?

- Yeri gəlmişkən, bir neçə dəfə ailə həyatı qurmuş müğənnilərimiz efirlərdə gənc qızlara ailəni necə idarə etməyi, qaynana ilə necə münasibət saxlamağı öyrədirlər...

- Onlar başqa xanımlara məsləhət verməkdənsə, özlərinə güzgüdə nəzər yetirsələr, daha yaxşı olar. Əlləri yağlıdırsa, öz başlarına çəksinlər. Bəzi ifaçı kişilərimiz də var ki, bir neçə dəfə evlənib-boşanıb, bir qadında qərar tuta bilmirlər. Onlar bir növ evlənmək adətkarına çevriliblər. İnsan taleləri ilə oynamaq olmaz. Xüsusilə də sənətkarların. Hər hansı qapıya elçi getmək istəyəndə qız atası deyir ki, "qızı halvaçı ilə zurnaçıya verməzlər". Ona görə sabah oğlum üçün elçi gedəndə istəmirəm ki, orada mənə başqa cür baxsınlar. Şükürlər olsun ki, mən və digər həmkarlarım bu kütlədən ədəb-ərkanımız, davranışımızla seçilirik. Ona görə də bir neçə dəfə evlənib-boşananlara heç də yaxşı baxmıram. Məhz onlara görə şou adamlarına etibar etmirlər, bizə yüngül baxırlar. Ancaq halbuki incəsənət bütün sahələrin şahıdır.

- Deyirsiniz ki, zurnaçı ilə halvaçıya qız verməzlər. Bəs özünüz necə, elçi gedərkən sizə o sözü deyiblərmi?

- Mənə o sözü atam deyib. Məktəbdən sonra Konservatoriyaya daxil olmaq istəyirdim. O zaman atam dedi ki, istəyirəm, ciddi bir sənətlə məşğul olasan. İlk sözü o oldu ki, yadında saxla, heç vaxt halvaçı ilə zurnaçıya qız vermirlər. Bu gün zurnaçı olsam da, çalışıram, insanlar desinlər ki, Nazim müğənniliklə bağlı özü-özlüyündə bir şəxsiyyətdir, ağır təbiətli bir insandır. İyulun 21-də evliliyimin 24 ili tamam oldu. Artıq 25 ildir ki, evliyəm. Heç zaman ailəmdən ayrılmamışam, ayrılmaram da.

- Bəs bütün bu saydığınız mənfi cəhətlərini əsas götürsək və sizin dilinizlə desək, "zurnaçı" olmağınıza görə peşman olmusunuzmu?

- Heç vaxt. Çünki mən bu sənəti çox sevirəm. Bu sənətə onu sevərək gəlmişəm. Övladlarım da musiqi ixtisaslıdırlar. Amma mənim qədər bu sənətə həvəsləri olmadığı üçün onları musiqiçi olmağa qoymadım. Onlar korifeylərimizin mahnılarını dinləyib, onların üslublarına dərindən bələddirlər. İstəmirəm ki, övladlarım bayağı, mənasız musiqilərə qulaq assınlar. Həyatı boyu razı olmaram ki, mənim övladlarım bayağı mahnılara qulaq asıb beyinlərini doldursunlar.

- Amma buna baxmayaraq, təəssüf ki, bu gün bayağı mahnılar ayaq açıb yeriyir...

- Bəli, təəssüf hissi ilə qeyd edim ki, sosial şəbəkələrdə onların izlənmə sayı milyonu keçir. Halbuki, dəyərli sənətkarların musiqilərinin izlənmə sayına baxanda bir neçə mindən o yana keçmir. Ancaq heç kimə lazım olmayan mahnı yüz minlərlə bəyənilmə yığır.

Əjdahadansa faytonçu yaxşıdır

- Nazim bəy, indi müğənnilərimiz "Əjdaha", "Kərtənkələ", "Kraliça" ləqəbi götürdüyü halda, siz nə üçün "Faytonçu" ləqəbi götürmüsünüz?

- Elə ifaçılar var ki, özü-özünə ləqəb götürür, elələri də var ki, ona bu adı xalq verir. Misal üçün, Əlibaba Məmmədova xalq "əmi" deyə müraciət edir. Burada bir qəbahət görmürəm. Heç vaxt "Faytonçu" ləqəbinin müəllifiyəm deyə öyünməmişəm. İfa etdiyim "Faytonçu" mahnısı insanlar tərəfindən sevildiyi üçün mənə "Faytonçu Nazim" ləqəbi qoydular. Fayton minik vasitəsidir. İllər öncə fayton dənizkənarı parkımızın atributuna çevrilmişdi. Hesab edirəm ki, "Əjdaha"dansa "Faytonçu" yaxşıdır. "Əjdaha" mif, əsatirdir. Eləcə də "Kərtənkələ" olmaqdansa, "Faytonçu" olmağa üstünlük verərdim.

- Bəs, faytonunuz varmı?

- Var, amma faytonum 4 təkər üstündədir (gülür). Müasir dövrdə yaşadığımıza görə faytonum fərqlidir, müasirdir.

- Soyadınızın Pişiyari olması bizdə qəribə sual yaratdı. Əslən iranlısınız?

- Xeyr. Mən lənkəranlıyam. İranla heç bir bağlılığım yoxdur. Babamla nənəm İrana getdiklərinə görə atam orada Ərdəbil şəhərində anadan olub. Babam inqilabçılara qoşulub, inqilabçılar da Pişəvərinin yaxın dostu olub. Ona görə də babam özünə Pişiyari soyadını götürüb. Babam rəhmətə getməmişdən əvvəl isə son sözündə vəsiyyət edib ki, soyadını Pişiyari olaraq dəyişdirsinlər. Onun vəsiyyətinə əməl ediblər. Nəticədə ondan sonra hamımızın soyadı belə gedir. Beləcə, camaatın babası nəvələrinə var-dövlət qoyub getdiyi halda, bizim babamızdan da bizə bu soyad miras qalıb (gülür).

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.