Şou-biznes

Azərbaycanlı müğənnilərin ramazan kefinə soğan doğradı: "Hansısa ölkəyə getmək istirahət yox, qudurğanlıqdır"

31 İyul 2014 11:28
3 Şərh     Baxış: 1 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Baloğlan Əşrəfov: "Öz doğma kəndimdə hər gün nərd oynamaqla istirahət etdim"; Elariz Məmmədoğlu: "Qubada istirahət edə bildim"; Əli Mirəliyev: "İnsanın gününün xoş keçməsi elə istirahətdir"; Elnur Məmmədov: "Artıq istirahətə yollanmağa ölkə tapmıram"
Artıq ramazan ayı yekunlaşıb və toy mövsümü başlayır. İstirahətdə olan müğənnilərimiz də fəaliyyətə başlamaq üçün yaxşıca dincəlib paytaxta dönüblər. Biz də onların harada və necə istirahət etdiyini öyrənmək üçün bəziləri ilə telefon əlaqəsi yaratdıq.

Əməkdar artist Baloğlan Əşrəfov doğulub böyüdüyü rayonda istirahət etdiyini dedi: "Mən yayı öz doğulduğum dədə-baba yurdum Masallı rayonunun Bədalan kəndində tikdirdiyim evdə ailəmlə birlikdə istirahət etdim. İstirahətin müxtəlif formaları var. Kimi bunu dəniz qırağında, əylənməkdə görür. Mən isə öz doğma kəndimdə dost-tanışlarımla bir yerdə hər gün nərd oynamaqla istirahət etdim. Mənim üçün bu, istirahətin ən gözəl növüdür. Azərbaycanın hər yeri, bütün bölgələri bir-birindən gözəldir. Bu dəfə qismət Masallı rayonuna oldu. Artıq sabahdan toylar başladığı üçün istirahətimi yekunlaşdırmışam".

Müğənni Əli Mirəliyev öz bağında istirahət etdiyini söylədi: "Dünyada gedən proseslər ondan xəbər verir ki, Azərbaycandan başqa heç yerdə əmin-amanlıq yoxdur. Müğənnilər yalandan deyir ki, xarici ölkələrdə istirahət etdim. Hamısı yalandır. Heç kəs heç yerə getməyib. Hamısı Bakıda oturub. Mənim Mərdəkanda bağım var. Orada istirahət etmişəm. İnsanın gününün xoş keçməsi elə istirahətdir.

Lazımdır ki, mütləq Antalyaya və ya Almaniyaya gedəsən?! Hansısa ölkəyə getmək istirahət yox, qudurğanlıqdır. Bir dəfə Bodruma gedib-gəlmək ən azı 500 manata başa gəlir. Mən 160 manat təqaüd alıram. Bu təqaüdlə necə Bodruma gedə bilərəm?! Bu pul mənim heç dərmanlarıma çatmır".

Müğənni Elariz Məmmədoğlunun Qubada istirahət etdiyi bəlli oldu: "Mən Quba tərəfdə bir neçə ərazidə olmuşam. Artıq istirahətimi yekunlaşdırmışam. Yaxşıca dincələ bildim".

"Onlar" verilişini sənət aləminin tanınmış simalarının yayda harada istirahət edəcəkləri haqqında keçirdiyi sorğuda iştirak edən müğənni Elnur Məmmədov isə bütün ölkələri gəzdiyini deyib: "Artıq istirahətə yollanmağa ölkə tapmıram. Təkrar yerlərə gedirəm. O qədər dövlət gəzmişəm ki... Braziliyaya getmək istəyirəm, amma yol uzundur, hövsələm çatmır. Ola bilsin, yenidən Maldiv adalarına gedim və ya elə Bakıda qalım. Rio-de Janeyroda karnavala qatılmaq istəyirdim, o da qurtarıb. Konsert və klip çəkilişləri üçün Amerikada olanda bir qəpik də xərcləmədim. Çünki hər şey qabaqcadan hazırlanıb, bütün xərclər ödənmişdi".

Sevda Yəhyayeva Türkiyədə dincəldiyini bildirib: "Ən çox sevdiyim ölkə Türkiyədir. İstanbulda dincəlməyi xoşlayıram. Hansı ölkədə olsam da, oradakı kimi zövq almıram. Yəqin, bizə yaxın olduqlarına görədir. Amerikaya gedəndə dünya miqyaslı şoulara qatıldım, pulumun çoxunu xərclədim. Dedim, bir də bunları görməyəcəm, qoy gəzim".

Eldar Qasımov da Türkiyədə istirahət edən müğənnilər sırasındadır: "Hara olursa-olsun, isti bir yeri seçirəm. Türkiyəyə, sonra isə Dubaya getməyi planlaşdırıram. Eşitmişəm ki, Dubayda dəniz suyunun hərarəti 30 dərəcədən yüksəkdir. İstirahətdə xərclədiyim pulları saymıram. Şoppinqi sevmirəm. Vaxtımı sırf dincəlməyə sərf edirəm".

Xumar Qədimova isə harada dincəldiyini demək istəməyib: "Ölkə adı çəkməyi sevmirəm. Harada oldum, haradan gəldim deməyin əleyhinəyəm. Məkan adi ola bilər, amma mən orada gözəl dincələrəm və yaxud da əksinə".

Meyxanaçı Namiq Qaraçuxurlu da istirahət etməyi sevdiyini bildirib: "İstirahət üçün ürəyim gedir. Ən rahatı və ağlımıza gələni Türkiyədir. Ən böyük məbləği İtaliyada xərcləmişəm. Harada brend görürdüm, oraya qaçırdım. Amma indi ağıllanmışam. Düşünürəm ki, İtaliya istehsalı olsun, brendliyi vacib deyil".

musavat.com
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.