Şou-biznes

Elza Seyidcahan: "Məndən olsaydı, qızımı yeniyetmə yaşında ərə verərdim"

25 İyul 2014 11:12
7 Şərh     Baxış: 10 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın qafqazinfo-ya müsahibəsini təqdim edir:

- Elza xanım, yaradıcılığınızda hansı yeniliklər var?

- Mətbuat günü ərəfəsində "Qafqazmedia" İctimai Birliyi tərəfindən "Yaxşıların yaxşısı" mükafatına layiq görülmüşəm.  İnşallah, podiumda  "Podium" adlı gözəl bir konsertim olacaq. Bir neçə mahnını aranjmana vermişəm.  "Azərbaycanın səsi" müsabiqəsində münsif  heyəti kimi uşaqlarla, demək olar ki, hər gün məşq edirik, proqram seçirik. Ona görə heç dincəlməyə də gedə bilmirəm. Çünki bu davamlı olan böyük bir layihədir, bütün gücümü  "Azərbaycanın səsi" layihəsinə yönəltmişəm. Bəstəkarlar İttifaqının üzvüyəm. İnşallah, ittifaqın ildönümü ərəfəsində dövlət tərəfindən təşkil olunmuş konsertdə mən də öz mahnılarımla iştirak edəcəm.

- Qızınız nişanlanıb, bu münasibətlə sizi təbrik edirəm. Qızınızın öz seçimi idi, yoxsa sizin məsləhətiniz?

- Yox, qızımın öz seçimi idi. Sadəcə, fikirlərimiz üst-üstə düşdü. Əgər mənim seçimimə qalsaydı, 16 yaşında da ərə verə bilərdim. Necə ki məni həmin yaşda ərə vermişdilər. Yəni hər gələn elçiyə "hə" cavabı vermədi. Daha sonra təhsil aldı. Universitetin hüquq fakultəsini bitirdi. Ondan  öz öyüd-nəsihətimi də əsirgəmədim. Dedim ki, qızım, yaxşı fikirləş. Sabahın barədə götür-qoy elə. Ailə qurmalısan. Bu həyatın qanunudur. Hər şeyin öz vaxtı var. Fikirləş, qərar ver. Şükür Allaha ki, oğlan da çox ağıllıdır. Allah xoşbəxt eləsin.

- Elza xanım, pərdəarxası ilə pərdəönündə fərq çoxdur?

- Bu dəqiqə pərdəarxası ilə pərdəönünü tamam unutmuşuq. Pərdəarxası önə çəkilib. Kişilikdən dəm vuranlar pərdəarxasında baş verənləri pərdəönünə gətirib adını səmimiyyət qoyublar. Nifrət edirəm belələrinə. Səmimiyyət başqa, tərbiyə başqa, pərdəönü ilə pərdəarxası tamam başqa-başqa şeylərdir. Pərdənin arxasında xırdalıqlar, incəliklər, insanın iniltisi, ağrı-acısı, çatışan-çatışmayan cəhətləri var.  Pərdənin bu üzündə  isə səmimiyyət, iradə, insanın özü var. Arxada baş verənləri tamaşaçı bilməməlidir. Təəssüflər olsun ki, evlərində, nəsil-köklərində pərdədən xəbəri olmayanlar sadəlikdən, səmimiyyətdən, tərbiyədən danışırlar. Evimizi günəşdən, soyuqdan, yad baxışlardan qorumaq üçün pərdə salırıq. Amma bəzi dar düşüncəli, cibində bir az pulu olanlar, mədəniyyətsiz insanlar özlərində olmayan şeylərdən danışırlar.

- Siz olduğunuz kimi görünə bilirsiz?

- Əslində, mən olduğum kimi görünmək istəmirəm. Çünki bəzi insanlar mənim sadəliyimdən, səmimiliyimdən sui-istifadə edirlər.

- Sizi nə sındıra bilər?

- Məni həyatda heç nə sındıra bilməz. Yalnız Allah mənə öz sevgisini azaltsa, sına bilərəm. Hər zaman dua edirəm ki, Allahım mənə verdiklərini çox görməsin. Tanrımdan bütün günahkar bəndələr kimi mənim də günahlarımın bağışlamasını istəyirəm.

- Ələkbərin ilk ailə uğursuzluğu həyatınızda dəyişiklik etmədi?

- Dəyişiklik etdi. Uğurlar elə uğursuzluqların nəticəsində əmələ gəlir. Hər bir insan öz uğurunun memarıdır. Daha bərkidim, daha möhkəm oldum. Hər kəsin həyatında keşməkeşli anlar olur. Bizə də həyat bunu yazdı.

- Qayınana kimi hansı qadağalarınız var?

- Şükür  Allaha ki, heç vaxt övladlarıma qadağa qoymamışam, söz deyirəm, sözümü eşidirlər. Məsləhətimə qulaq asırlar. Gəlinim də halal süd əmmiş bir nəsildəndir. Sözü bir dəfədən başa düşür. Heç zaman qadağa qoymuram. Məsləhət edirəm. Onlar elə ağıllıdırlar ki, hərdən mən onların məsləhətlərinə  qulaq asıram. Heç bilmirəm qaynanayam, yoxsa ana. Sanki uşaqlarımla bacı-qardaşıq.

- Xoşbəxt anasız. Sizcə, sevilməyə, qadın səadətinə ehtiyacınız yoxdur?

- Allah mənə bu həyatı veribsə, yəqin ki, o məhəbbəti də məndən əsirgəməyib. Xalqın məhəbbətini qazanmışam.

- Bir qadın üçün bu kifayətdir?

- Mənim də həyatım belə yazılıb. Hər şey üçün şükür edirəm. Razılaşıram. Bəlkə də çoxları mənim indiki həyatıma qibtə edirlər. Niyə küsməliyəm ki?

- İllərin xatirə yaddaşında unutmadığınız nə var?

- İllərin xatirə yaddaşında mənə yaxşılıq edən insanların yaxşılıqları var. İnsanları təmənnasız sevmişəm. Hətta Qənirə Paşayevanın sözlərinə də bu mövzuda mahnı bəstələmişəm. Elə insanlar var ki, nə qədər yaxşılıq eləmişəm, layiq olduğumu mənə verməyiblər. Amma elələri də var ki, heç nə etməmişəm,  mənə çox yaxşılıqları dəyib.

- Köhnə xatirələri silmisiz, yoxsa tənhalığa çəkiləndə qaranlıq buludlar dilə gəlir?

- Xeyr, köhnə xatirələr heç vaxt silinmir. Nə pisliklər, nə yaxşılıqlar. Amma kim mənə pislik edibsə, ona yaxşılıqla cavab vermişəm.

- Müğənnilikdən başqa nə bacarırsız?

- İnsanlıq mənimçün ön plandadır. Müğənnilikdən başqa bəstəkaram, anayam, ev xanımıyam, gözəl yeməklər hazırlayıram,  toxuyuram.  Bacarmadığım iş yoxdur. Çalışıram, insanlıq bacarığımı itirməyim.

- Çoxları fərqli görünüşünüzün  reklam üçün olduğunu düşünür. Ehtiyacınız varmı buna?

- Sizcə, mənim reklama ehtiyacım var?  Məni sənətə gələndən tanıyırsız. Bilirsiz ki, necə gəlmişəmsə, elə də qalmışam. Amma indi sənətə gələnlər  sabah tamamilə dəyişirlər.  Özlərini mənə oxşadırlar. Danışıqlarında, fərqliliklərində, saç düzümlərində, geyimlərində,  oturuşunda, duruşunda özlərini mənə bənzədənlər az  deyil. Bu qaynaq saçları, linzaları nə qədər qoymaq olar?! Xoşbəxtəm ki, Allah mənə bu təbii gözəlliyi bəxş edib. Deyirlər saçının, gözünün rəngini dəyiş. Qətiyyən razılaşmıram. Çünki bu Tanrının mənə bəxşişidir. Mənim haqqımda bu fikirləri hallandıranlar gündəmə gəlmək üçün çalışırlar. Bəstəkarlar İttifaqının sədri, dünya şöhrətli Firəngiz Əlizadənin dediyinə görə  hətta "Düz üzünə" verilişindən sonra məni kəşf edib. Və o, bildirdi ki, "mən səninlə fəxr edirəm".

- "Azərbaycanın səsi" sənət dostlarınızı kəşf etməkdə sizə kömək oldu?

- Əlbəttə, mən orada Namiq Qaraçuxurlunu kəşf etdim. Elnarə və Nadiri tanıyırdım. Namiqlə belə ünsiyyətimiz olmamışdı. Namiq çox gözəl dost, yoldaşdır. Çox sevinirəm ki, bu layihədə Namiqlə qarşılaşdım. Hansısa kiçik bir qüsuru belə veriliş öncəsi Namiq mənim yadıma salırdı. Kəşf etdim ki, Namiq uçuruma düşən insanı oradan qaytaran insandır. Hətta  onunla "Əcəb eləyəcəyik" adlı bir duetimiz də yaranıb. Tezliklə bu dueti eşidəcəksiz.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.