Mədəniyyət

"Aktyorlar yığışmışdı ki, mənə baxıb gülsünlər" - FOTO

21 Aprel 2014 18:52
1 Şərh     Baxış: 9 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səfa Mehdi: "Maaşımı yığıram, 10 il işləyəndən sonra o pulla evlənəcəm"

Tələbəlik illəri insan ömrünün ən mənalı və gözəl illəridir. Elə tələbə yoldaşları da həmçinin. Onları harada görürsək görək, o illəri xatırlayırıq. Bu gün onlardan hər hansı birinin uğurlarını efirdə, teatr səhnəsində görəndə onlarla birlikdə oxuduğumuz üçün fəxr edirik, desəm heç də yanılmaram.

Milli.Az kaspi.az-a istinadən xəbər verir ki, öz çalışqanlığı ilə bu gün teatr səhnəsində gənc aktyor kimi tanınan, serial qəhrəmanlarını ustalıqla canlandıran Səfa Mehdi "Gənclik qəzeti"nin qonağı oldu. Çəkinmədən deyə bilərik ki, Səfa Mehdi artıq gənclərin serial qəhrəmanına çevrilib. Onun "Sənə İnanıram" və "Qız yükü" seriallarında oynadığı rollar bunu deməyə əsas verir. Səfa bu gün aparıcı teatrlardan hesab olunan Rus Dram Teatrında çalışır.

Redaksiyamıza qonaq olan Sefa Mehdi uğurunun silərindən danışdı. Onunla müsahib kimi deyil, iki dost kimi söhbət etdik.

Artıq böyümüşəm

- Peşəkar səhnədə ilk addımlarını nə vaxt atmısan?

- 2010-cu ildə Qorxmaz Əlili "Estrada teatrı"nı bərpa etmişdi, mən də oraya sənət müəllimim Telman Adıgözəlovun dəvəti ilə getmişdim. Bir müddətdən sonra həmin teatr bağlandı və mən Region TV-də canlı veriliş aparmağa başladım. Universiteti bitirəndən sonra isə sənət müəllimim Cəfər Namiq Kamal məni Gənc Tamaşaçılar Teatrına göndərdi. Orada 2-3 ilə yaxın işlədim və hazırda Rus Dram Teatrında çalışıram.

- Nə üçün Gənc Tamaşaçılar Teatrını tərk etdin? Artıq səni teatrın siması kimi tanımağa yeni başlamışdıq.

- Mən orda sonuncu dəfə "Balaca və Damda yaşayan Karlson" tamaşasında baş rolun ifaçısı - "balaca" obrazının ifaçısı idim. Teatrdan çıxanda məndən soruşurdular ki, nə üçün çıxırsan, zarafat edib deyirdim ki, balaca artıq böyüməlidir. Mən də getdim böyüməyə (gülür).

- Böyüdün?

- Oxuduğum kitablar məni böyütdü. Böyümək üçün səbəb lazımdır. Düşünürəm ki, Gənc Tamaşaçılar Teatrında (GTT) mənə tələbat daha çox idi. Elə tamaşalar vardı ki, orada da artıq məni baş rolların əvəzinə salırdılar. Ancaq son günlər elə bir vəziyyət gəlib çatmışdı ki, mən heç bir yerə gedə, efirlərə çıxa bilmirdim. Beləcə, teatrdan başqa işlə məşğul ola bilmirdim. Artıq teatrdan çıxmağa məcbur idim. Çünki hər dəfə bir iş dalınca gedəndə teatrdan icazə almaq olmur. Bu kimi səbəblərdən çıxmağa qərar verdim.

- Rus Dram Teatrında sərbəstsən?

- Rus Dram Teatrında Lermontovun "Maskarad" tamaşasında oynuyuram bir də bu yaxınlarda primyerası olacaq "Məhəbbət ilə zarafat eləmirlər" tamaşasında rolum olacaq. Burada daha çox kənar işlərlə məşğul ola bilirəm. Rus Dram Teatrında məni daha çox anlayışla qarşılayırlar. Teatrımızın direktoru Ədalət Haciyev və truppa müdiri Raula Turkan aktyorlar üçün böyük şərait yaradırlar. Digər tərəfdən də aktyorun tanınması teatr üçün faydalıdır. Sabah aktyor tanınsa, tamaşaçı ona görə teatra gələcək. Onlar bunu yaxşı başa düşürlər. Ona görə imkan yaradırlar ki, aktyor tanınsın seriallara çəkilsin, verilişlərdə iştirak etsin. Azərbaycanda teatrda tanınmaq bir az çətin məsələdir. Amma efir elə bir məkandır ki, orada aktyor haradasa 60 % da olsa tanınır.

- Hansı sənin üçün daha rahatdır, serial, yoxsa teatr?

- Sən, deyəsən, məni ikisi ilə də düşmən eləmək istəyirsən (gülürük). İkisi də mənim üçün dəyərlidir. İkisində də sevə-sevə oynayıram. Ayrıseçkilik etmək istəmirəm. Efir mənim üçün daha önəmlidir. Çox sevinirəm ki, dövlətimiz tərəfindən kino, serial sahəsinə pul ayrılır. Düzdü bu sahədə işində qeyri peşəkar olanlar da var, vaxt gələcək ələkdən süzüləcək. Kim daha iridir o ələkdə qalacaq, yüngüllər isə əvvəl-axır ələkdən süzüləcək.

- Mənə maraqlıdır, bu qədər çalışırsan, bəs ümumi aylıq gəlirin nə qədərdir?

- Ailədə tək uşağam. Valideynlərim də işləyir. Nə mən onlardan pul alıram, nə də onlar məndən. Aldığım qonorar mənə bəs edir. Haradasa iki min manat desəm, yalan olar (gülümsəyir)...

- Desən də, mən inanmaram...

- İki mindən azdır, çox az, lap az (gülür)... Əlimə toplum pul gəlmir. Onlar bir yerə toplansaydı görərdim ki, bu nə qədər olur.

- Yəni Səfa Mehdi aylıq gəlirini bilmir?

- Teatr kartıma nə qədər pulun gələcəyini bilirəm, ancaq çəkilişdən gələn pulu tələbatım üçün xərcləyirəm. Teatrdan aldığımı kartda ehtiyat üçün saxlayıram. Evlənəcəm o pulla. 10 il işləyəndən sonra...

Onları məcbur etdim ki...

- İndiki gənclər türk və ingilis dilinə meyillidirlər. Sən də Azərbaycan dilli teatrdan rus dilli teatra getmisən, çətin deyilmi?

- Mən Rus Dram Teatrına gedəndə bir-iki ay Şahbaz bəy obrazını mənə həvalə etdilər. Bu baş rolu oynamaq teatra yeni gələn aktyor üçün bir az çətindir. Tamaşadan qabaq o həddə çatmışdım ki, bəlkə qaçım gedim, çıxmayım tamaşaya. Yəni o qədər məsuliyyət hiss edirdim və buna görə də həyəcanlı idim. Mən ora gedəndə bilirdilər ki, rus dilini onlar qədər bilmirəm. Amma sağ olsunlar ki, istedadıma inanıb məni işə götürdülər.

- Rus Dram Teatrında səni necə qarşıladılar?

- "Çox gözəl". Orada yaxın insanlar var ki, onları tələbə vaxtlarımdan tanıyıram. Elə insanlar var ki, onları birinci dəfədir ki, görürdüm. Əvvəlcə aktyorlarda təəccüb yarandı, Şahbazı oynayanda onların çoxu yığışmışdı ki, mənim oyunuma baxıb gülsünlər. Amma onları məcbur etdim ki, sonda gəlib məni təbrik etdilər.

- Gülmədilər?

- Yox. Çox ciddi şəkildə təbrik edib getdilər. Yəni arada aqresiya hiss etmək olur. Buna aqressiya da demək olmaz, qısqanclıqdır. O da teatrda, sənət adamlarında olur. Niyə məndə yoxdur, bilmirəm. Ancaq bəzilərində hiss edirəm ki, qısqanırlar.

- Gənc Tamaşaçılardan çıxanda dostlarından ayrı düşməyi gözə almışdın?

- Dostlarım çox üzüldülər. Asya Atakişiyeva ilə hər dəfə görüşəndə gözlərimiz dolur, "heyf, o günlərdən" deyirik. O kollektivlə çox yaxınam. Çoxu mənim qardaşım, bacım kimidir. Teatr elədir ki, orada bir ailənin üzvlərinə çevrilirsən. Orada olanda bütün günü bir yerdə olurduq. İndi mən Rus Dramda, onlar Gənc Tamaşaçılarda, alınmır. Çəkilişlərdən də vaxt olmur görüşməyə. Manaf, Elnur, Asya, Nigar, Roza Eşqin və doxsan altı aktyordan bir neçəsi (gülür)... Hamısının da xətrini çox istəyirəm.

- Həm aktyor, həm aparıcı, həm də şair olmaq çətin deyilmi?

- Həyat çox qısadır. Bunu anlayan biri üçün bu anlayış normaldır. Viktor Hüqonun bir fikri var, deyir ki, "Öləndən sonra yaşamaq istəyirsənsə, ya oxumağa layiq şeylər yaz, ya da yazılmağa dəyər şeylər yaşa". Mən yazar deyiləm, amma arada hisslərimi vərəqə tökürəm. Bəlkə də indi yazdıqlarıma neçə il sonra baxıb güləcəm amma bu gün bunlar mənim həqiqətlərimdir. Aktyorluq mənim sənətimdir, bu yolda irəliləyirəmsə ən yaxşılarından olmalıyam bunun üçün var gücümlə çalışıram və mən tək deyiləm çox istedadlı gənclərimiz var. Hazırda rəqabət yaranıb, rejissorların rəqabəti getdikcə güclənir ki, bu da daha keyfiyyətli filmlər ərsəyə gətirməyə kömək edir. Mənə inanan, seriala, filmə dəvət edən insanlara təşəkkürümü bildirirəm, bu inamı da doğrultmağa çalışıram.

- İndi elə bir vəziyyət yaranıb ki, insanlar işdən çıxdıqdan 10 il sonra könüllərincə bir iş tapa bilirlər. Səndə isə vəziyyət heç də elə olmadı. Qabaqcadan hər şeyi planlaşdırmışdın?

- Ötən il Gənc Tamaşaçılar Teatrında xorvatiyalı rejissor Smitçin "Buratino" tamaşasında Pyero rolunu oynayırdım. Rus Dram Teatrının truppa müdiri Raula xanım da GTT-ya o tamaşanın rəqsini qurmağa gəlmişdi. O ərəfədə Britaniya konsulluğu ilə GTT müqavilə bağlamışdı ingilis dili dərsləri keçirdik, əlimdə bütün günü dəftər-qələm, kitablar olurdu. Bu xüsusiyyətim Raula xanımın diqqətini çəkmişdi. Bir gün onunla söhbət etdik, dedi ki, sənin çalışqanlığın xoşuma gəlir və vəziyyət elə gətirdi ki, onun teatrda işləmək təklifini dəyərləndirdim.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.