Şou-biznes

Müğənni Rəhim Rəhimli Röya ilə davalardan danışdı

18 Aprel 2014 02:00
0 Şərh     Baxış: 2 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Rəhim Rəhimlinin Milli.Az-a müsahibəsi.
 

- Rəhim Rəhimli neçə ildir ki, səhnədədir?

- Vallah mənim 13 yaşım var idi, bir də ayıldım ki, avtobusda gedirəm və barmaqla görsədirlər məni. Çünki mən bir həftə bundan öncə "Bənövşə" uşaq xorunun solisti idim. Və mən eləmə tənbəllik getdiyim avtobusda mənzilə çatmışdım, amma düşmürdüm yenidən geriyə qayıdırdım ki, mənə bir də baxsınlar, bir də məni barmaqla göstərsinlər, xoşuma gəlmişdi tanınmaq. Dəfələrlə bunu təkrar edirdim (gülür).

Bir vaxt keçəndən sonra radioya dəvət olundum və səsim orada çox bəyənildi. Azərbaycan radiosunda "Göy qurşağı" gənclər verilişinin aparıcısı oldum. Daha sonra Azərbaycan Televiziyasına keçdim, aparıcılıq etdim. 20 yaşımda mən tam populyar insan idim.

- Bəs nə zaman bəstəkar kimi fəaliyyət göstərdiniz?

- Musiqini çox sevdiyim üçün bəstələrim yarandı, bir çox müğənnilər mənə müraciət etdi, mahnılarımı oxudu və bu, mənə status verdi. Bir dönəm belə yaşadım.
 

- Məşhurluğun zirvəsində ikən nəyə görə Türkiyəyə köçdünüz?

- 8 il Türkiyədə yaşadım. Səhnədən, televiziyadan uzaqlaşdım.
 

- Küsüb getdiniz? O zamanlar çox böyük səs-küyə səbəb olmuşdu sizin vətəni tərk etməniz?

- Xeyr, küsməmişdim, o vaxt yayılan şayiələrin heç biri doğru deyil. Ora getməmin səbəbi sırf mənə aid idi, özəl səbəb idi. Heç kim məni incitməmişdi, nə də məni heç kim vətəndən qovmamışdı. Əgər məni vətəndən uzaqlaşdırsaydılar, mən təkrar necə qayıda bildim bəs? Sadəcə, özüm istədim və getdim.
 

- Bəlkə məşhurluqdan bezdiz?

- Bəli, ola bilərdi. Çox tanınırdım, şəhərə tək çıxa bilmirdim, sərbəst deyildim. Bir az yoruldum o dönəm. Getdim mən başqa ölkəyə və o zaman başa düşdüm ki, şandı, şöhrətdi, var-dövlətdi, bunlar hamısı gəldi keçərdir. Ona görə mən efirdən hər zaman o var-dövlətlərini, maşınını, evini göstərən həmkarlarıma baxanda gülməli deyil də, anormal gəlir mənə. O insanlar dərk etmirlər ki, bir gün bütün bunlar yox ola bilər, onunla öyünməsinlər, sinələrinə döyməsinlər. O maşın, ev, o şan-şöhrət bir gün elə yox ola bilər ki, gözləmədiyin anda baş verir hər şey. Bunu dərk edin, əziz həmkarlarım. Bir az təvazökar olun, az mən-mən deyin. Mən onlara yazıq kimi baxıram, düşünürəm ki, 30 yaşı keçmiş insan belə düşünə bilməz, bunu düşünə bilər 18- 20 yaşlı insanlar. Sən artıq illərini vermisən buna, sən axı bilirsən zamanında qalxıb-düşənlər çox olub.
 

- Hal-hazırda, yəqin ki, maqazin proqramlarını izləyirsiz? Müğənnilərin bir-birinə olan tənqidləri ilə razısınız?

- Ola bilər, kimsə kiminsə ifasını və ya mahnısını bəyənməsin, məsələn, hansısa həmkarım mənim "Dön geri" adlı mahnımı bəyənmir, ifamı bəyənmir və bunu efirdən dilə gətirir. Amma mən məcbur deyiləm ki, ona çıxıb cavab verim ki, sən get özündən danış, sən heç oxuya bilmirsən, yəni cavab vermək məcburiyyəti yoxdur. Mən bunu təhqir hesab edirəm. Buna hörmətlə yanaşmaq lazımdır. Bəli, bu insan mahnını gördü, klipi gördü bəyənmədi, bu da onun fikridir. Başqasının fikrinə hörmət etməyi öyrənməliyik.
 

- Rəhim Rəhimli dedikdə bir çox ilklər yada düşür, hansılar ki onları siz gətirmisiz səhnəyə, kişi sənətçinin make up etməsi, saç uzatması, sırğa taxması, fərqli geyim tərzi və s.

- Ümümiyyətlə, mənim anlayışımda "mən" kəliməsi yalnız və yalnız Allaha məxsusdur. Biz bəndələr nəkarəyik ki, mən-mən deyək? Biz çox balaca bir ölkəyik, kimin nə etdiyini hər kəs çox gözəl bilir. Bizim sənətçilər əlçatmaz deyil, ona görə də hər kəsin kim olduğu göz qabağındadır, bunu bəzi tamaşaçılar bilməsə də, o sənətçinin qonşusu, yaxını, dostları bilir. Bilənlər mənim nələr etdiyimi çox gözəl bilir, ehtiyac yoxdur xatırlatmağa ki, pop janrında olan mahnıda birinci bənd, ikinci bənd təkrarlansın. Bunu hansı bəstəkar etmişdir ilk dəfə? İlk dəfə sallanma sırğanı kim taxmışdır? İlk dəfə saçını boyayan, filan kim olmuşdur, ilk dəfə şou məkanda rəqqaslarla səhnəyə çıxan kim olmuşdur? Bunları mənim etdiyimi demək mənə yaraşmaz, bunu bilənlər bilir.
 

- Amma bir çox həmkarlarınız bunları öz adlarına çıxırlar, sizin etdiyiniz ilkləri özləri etdiklərini düşünürlər.

- Qoy düşünsünlər, qoy desinlər (gülür). Normaldır. Mən indi onlara ayıbdır, deməyin filan belə şeylər demərəm heç vaxt. Araşdırsalar, hər şey ortaya çıxacaq və kimin ilk nə etdiyi bilinəcək. Ona görə mən-mən deməyə ehtiyac yoxdur.
 

- Deyirlər müğənnidən adama dost olmaz. Ümümiyyətcə, şou aləmində dostluq var?

- Hərçənd ki, deyirlər ki, yoxdur, amma mən hər zaman mümkün olmayanı mümkün etməyə çalışmışam. Mən dostluq edirəm və bu, əsl dostluqdur. Məsələn, Röya, siz elə bilirsiz mənim onunla davalarım düşməyib? Düşüb, biz dalaşmışıq da, barışmışıq da, amma bundan heç kimin xəbəri olmayıb, bax budur dostluq. O çıxıb efirdən heç nə deməyib, nə də mən. Elə şeylər var ki, onlar iki insan arasında qalmalıdır. Mən nəyə görə yaxşı dostam? Çünki mən sirr saxlaya bilirəm. İnsan susmağı, sirr saxlamağı bacarmalıdır.
 

- Olub ki, Rəhim Rəhimli öz bəstələrini ifa edən həmkarının ifasını bəyənməsin?

- Olub, bəli. Mən əslində həmkarlarıma professional səhnədə olanlara mahnılarımı satmamışam hədiyyə etmişəm. Onlar arasında Flora Kərimova, Aygün Kazımova, Röya, Ayaz, Elton, Sevda, Samir Bağırov, Faiq Ağayev və s. var. Mən yeni çıxan müğənnilərə mahnı satmışam və çox zaman da onların ifasını bəyənməmişəm. Oda ki normaldır. Mahnı sənin ovladın kimidir, kimsə ona yaxşı baxmayanda sən inciyirsən, pis olursan. Amma bir şey deyim ki, gələcəkdə belə bir albom buraxmaq istəyirəm, öz mahnlıarımdan ibarət albom.

Aysel
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.