Mədəniyyət

Xanım Qafarova: "Dünya dağıla, qəbul etmərəm" - MÜSAHİBƏ

16 Aprel 2014 16:30
5 Şərh     Baxış: 4 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Özünü tanıt" rubrikasının budəfəki qonağı Respublikanın əməkdar artisti Xanım Qafarovadı. Həmsöhbətimizdən qan qrupunu soruşanda qəribə cavab eşitdik. Bu yaşa qədər onun bütün sənədlərində qan qrupunun (II) olduğu göstərilib. Bu yaxınlarda xəstəliyi ilə bağlı Türkiyədə olarkən müayinə olunduğu üç xəstəxananın hər birində isə qan qrupunun (I) olduğu təsdiqlənib.
Biz qan qrupunun, eyni zamanda, insan xarakterinin göstəricisi olduğunu deyib, müsahibimizə (I) qan qrupuna aid sualları ünvanladıq.

Ən qədim qan qrupu hesab edilən (I) qan qrupuna aid əsas xarakterik xüsusiyyətlər:

1.Güclü, özlərinə inamlı və dözümlü xarakterə malikdirlər,
2. İradəli, temperamentli və yalnız qələbə haqda düşünürlər.
3. Fiziki çalışmaların öhdəsindən yaxşı gələ bilirlər, fiziki iş onlara ruh yüksəkliyi verir.
4. Nə tənqidi, nə də təslim olmağı heç bir formada qəbul etmirlər.
5. Şöhrətpərəstlik.
6. Qısqanc və bir qədər paxıl
7. Güzəştə getməyi sevməyəndilər
8. Tez əsəbiləşən, özündən çıxan və səbirsizdirlər. Əsəbiləşərkən özünə nəzarəti itirir, həttə aqressiv olurlar.
9. Bir işi başdan sonuna qədər təkbaşına görməyə üstünlük verirlər
10. Gözəl təşkilatçı olsalar da, diplomatiyada yanlışlıqlara yol verir, nəticədə düşmən qazanırlar
11. Təriflənməkdən xoşlansalar da, tərifləməyi sevmirlər
12. Yardım üçün ona müraciət edənləri ümidsiz geri qaytarmazlar.


- Xaraktercə güclü, özünə inamlı adamsız?

- Məncə, hə. Belə bir xəstəliklə çarpışa bilirəmsə, demək güclüyəm, inamlıyam.

- Dediyinizdən belə çıxır ki, çox dözümlüsüz...

- Mənim yerimə kim olsaydı, bu qədər əzaba dözməzdi. Anam, bir də 6 yaşlı qızımla birlikdə ümumi həyətdəki şəraitsiz, kiçik evdə yaşayıram. Bir yandan da xəstəlik. Həkimlər deyir, bu xəstəlik həm də sümüklərimlə bağlıdı. Tapşırıblar ki, rütubətli yerdə qalmaq olmaz. Nə edim? Xəstəliyimlə bağlı ötən ilin dekabrında Mehriban xanıma müraciət etdim, iki saat ərzində cavab gəldi. Köməklik oldu, getdim Türkiyəyə...
Nə edim?! İndi yenidən Mehriban xanıma müraciət etə bilmərəm, utanıram. Düşünürəm ki, bu, lap ağ olar. Odur ki, dözürəm. İşdə də bəzən olur də, hansısa xoşagəlməzlik baş verir. Belə vaxtı səbr edirəm, üstündən keçirəm. Fikirləşirəm ki, hər işin düzünü Allah bilir, görür. O qədər olub ki...mən susmuşam, vaxt gəlib, həqiqət öz yerini tapıb.

- (I) qan qrupuna aid insanlar iradəli, həm də temperamentlidirlər...

- Doğrudu, elə də tez geri çəkilən adam deyiləm. Məndə belə xasiyyət var ki, bir işi başlamışamsa, qarşıma bir məqsəd qoymuşamsa, mütləq ona çatmalıyam.

- Fiziki işlər sizi yormur ki?

- Düzü, ev işlərilə elə də çox məşğul olmuram. Amma işimlə bağlı heç nədən yorulmuram. Tamaşalar, məşqlər, görüşlər nə qədər çox olur-olsun...Yəni, sənətimlə bağlı heç bir çətinlikdən bezmirəm, əksinə işimdən zövq alıram.

- Səhvinizə görə tənqidi fikir eşidəndə buna münasibətiz necə olur?

- Əslində tənqidi xoşlamıram. Əgər günahım yoxdursa, heç cürə razılaşmaram, dünya dağıla, qəbul etmərəm. Amma haqlı tənqidi qəbul edirəm. O da baxır necə tənqidi...
Danlamaq rəhmətlik Hacıbaba müəllimin xasiyyəti idi. Deyirdim ki, cavanam, ola bilər səhvim olsun. Amma məni adam içində yox, təklikdə danlayın, böyüyümsüz, qəbul edərəm. Doğrudan da, bir ata kimi ona çox hörmətim vardı. Buna baxmayaraq, kollektiv içində bir söz desə, ya gərək cavab qaytaraydım, ya da gərək o teatrdan çıxaydım. Yəni, qətiyyən söz götürən deyiləm. Odur ki, bir səhvim olanda "Xanıma deyin gözümə görünməsin ki, ortadan pərdə götürülməsin" deyərdi. 3-4 gün sonra gedirdim yanına, ərklə deyirdim ki, Hacıbaba müəllim, gəlmişəm barışaq...

- İncəsənət adamları şöhrətpərəst olurlar, siz necə?

- Düzü, tamaşalarda, tədbirlərdə tamaşaçıların mənə olan diqqətini görməyi çox istəyirəm. Harasa gedəndə baxırlar, tanıyırlar, bundan xoşlanıram. Əgər tamaşaçılar tərəfindən diqqətsizlik, laqeydlik olsa, bu, mənə pis təsir edər, özümü çox pis hiss edərəm. Amma mən buna şöhrətpərəstlik deməzdim.

- Kiməsə paxıllıq etmisiz?

-Yox, qətiyyən, məndə paxıllıq hissi olsaydı, bu gündə olmazdım ki..

- Adamlara güzəştə gedə bilirsiz?

- Bilmirəm bunu güzəşt hesab etmək olar, ya yox, sadəcə, mən heç bir məsələdə dərinliyə getməyi xoşlamıram.

- Tez əsəbiləşən, özündən çıxan insansız?

- Hərdən olur bir sözü deyirəm, ya bir hərəkət edirəm. Sonradan fikirləşirəm, öz-özümə deyirəm ki, gərək belə etməyəydim, bunu deməyəydim. Hə, olub, özü də çox. Həmişə də sonradan özümü danlamışam.

- Bir işi təkbaşına görməyə üstünlük verirsiz, ya kömək üçün kiməsə müraciət edirsiz?

- Heç kəsdən kömək istəmirəm. Ancaq özüm başa çatdırımağa çalışıram. Elə bilirəm məndən başqa heç kəs bu işi ürəklə görməz, ya da düz eləməz, səhv olar..

- Sizinlə düşmənçilik edənlər olurmu, əgər varsa, sizcə bu, hansı səbəbdən yaranır?

- Mənə elə gəlir ki, insanlara çox inandığıma görə belə olur. Bilirsız, mən çox da qaynayıb-qarışan adam deyiləm. Hamı ilə normal münasibət yaradıram, hal-əhval tuturam, vəssalam. Gedib öz işimlə məşğul oluram - məşqlərimi edirəm, tamaşalarımı oynayıram. Teatrda nə oldu, nə baş verdi, maraqlanmıram. Ya da heç vaxt heç kəsin şəxsi işinə qarışmıram. Nəyimə lazımdı kim-kiminlə yola gedir, ya getmir. Bu da bəzi insanları qıcıqlandırır. Xoşlayırlar ki, otursunlar söhbət etsinlər, onlar beşin deyəndə, birini də mən deyim. Sonra desinlər ki, bax, Xanım da oradaydı. Yəni ki, məni özlərinə tərəf çəkə bilməyənlər mənə qarşı kinli, qəzəbli olurlar.

- Bəs adamların müsbət cəhətlərini, yaxşı əməllərini görəndə buna reaksiyanız necə olur, xoş söz deyib tərifləyirsizmi?

- Hansısa yaxşı bir işə, əlbəttə, sevinirəm, xoş söz deyirəm. Amma oturub kimisə tərifləmək? Yox, heç vaxt. Ona görə ki, əgər bir insanı ürəkdən istəyirəmsə, hər dəqiqə gedib ona deyə bilmərəm ki, səni çox istəyirəm. Hətta onun haqqında başqası xoşagəlməz bir söz desə, onunla dalaşaram, sözləşərəm, amma özünə bildirmərəm ki, sənə görə dalaşdım. Heç vaxt demərəm. Bu xasiyyətimə görə insanlarda belə təəssürat yaranır ki, mən özümdən razıyam, heç kəsə qaynayıb-qarışan deyiləm. Bəziləri də hesab edir ki, laqeyd insanam.

- Kimliyindən asılı olmayaraq sizdən kömək istəyənlərə əl tutursuz?

- Nəyə gücüm, imkanım çatarsa, mənə müraciət edəni naümid qaytarmaram. Beş manat artıq pulum varsa, ona verərəm. Olur ki, kiminə teatra bilet verirəm, yaxud tamaşaya dəvət edirəm. Ya da bir xeyir işləri olanda gedib bir saat oxuyuram. Söhbət təkcə maddiyyatdan getmir. Yəni, bu cür hallara laqeyd qalan deyiləm.

Simsar.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.