Şou-biznes

2014-cü ilin dəbi: peşəkarlar danışır - FOTO

27 Dekabr 2013 18:25
5 Şərh     Baxış: 9 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2014-cü il at ili üzərində təhvil verilir. At hələ qədim zamanlardan insanların ən yaxın dostu, dözümlü və nəcib heyvan hesab olunur. At gözəlliyi və əməksevərliyi ilə insanların sevgisini qazanıb, at həm də murad deməkdir. Bəs at ilində nələr dəbə minəcək, nələr dəbdən düşəcək? Xanımlarımız geyimlərində nələrə diqqət etməlidir?

Milli.Az publika.az-a istinadən xəbər verir ki, işinin peşəkarı olan modelyer Gülnarə Xəlilova, gördüyü hər bir işə sayğı və diqqətlə yanaşan stilist-vizajist Nərmin 2014-cü ilin dəbi haqqında geniş məlumat verib:

Modelyer Gülnarə Xəlilova

- At ilində hansı parçalar dəbdə olacaq?

- Şərq təqviminə görə, bu il göy taxta at ili üzərində təhvil verilir. At hər zaman həyat eşqi, intellekt və hökmranlıq simvolu kimi təqdim olunub.

2014-cü ildə pambıq, atlas, ipək, yun, şifon, məxmər və digər təbii parçalardan hazırlanmış geyimlərə üstünlük veriləcək. Yeni il gecəsində təbii parçalardan hazırlanmış geyimlərə müraciət etmək daha məqsədəuyğundur. Parçalarda şərq motivləri, etnik və tarixi naxışlar, həmçinin damalar çox dəbdə olacaq. Bununla yanaşı, xəzlər və dərilər də həmişəki kimi aktualdır. Təbii xəzlər və dərilər həm də paltarların, çantaların üzərində akessuar kimi istifadə olunacaq.

- Hansı rənglər və tonlar aktual olacaq?

- Göy və yaşıl rənglər trend olacaq. Göy rəngin demək olar ki, bütün tonları: açıq mavidən tutmuş göy rəngin ən tünd çalarlarınadək istifadə ediləcək. Yaşıl rəngin də bir çox tonları, ot yaşılı, zeytun yaşılı, təbiətdə gördüyümüz bütün yaşıllıqların çalarları, bundan başqa, qara, təbii rənglər, krem rəngi, süd rəngi, firuzəyi, zümrüd rəngi və buğda sarısı aktual olacaq. Dəbdə olacaq əlvan rənglər arasında isə daha çox çəhrayı rəngin bir çox tonlarından istifadə ediləcək.

- Xanımlar geyimlərini hansı aksessuarlarla tamamlasınlar?

- Atı xatırladan və onunla bağlı olan aksessuarlar gündəmdə olacaq. At xoşbəxtlik rəmzi sayılır, həmçinin nal işarəsinin də uğur gətirdiyinə inanılır. Ata aid elementlərdən, naldan klon, yaxud da kəmərin toqqasında bəzək əşyası kimi istifadə edilə bilər.

- İri akessuarlar bir neçə ildir ki, çox aktualdır. Bu il də öz aktuallığını qoruyub saxlaya biləcəkmi?

- Aksessuarlar demək olar ki, hər il öz çeşidi və rəngarəngliyi ilə seçilir. Əlbəttə ki, həm incə, həm zərif, həm də həcmli aksessuarlardan bu il də istifadə ediləcək. Mütləqdir ki, bəzək əşyaları geyimə uyğun seçilsin. Geyim çox abartılı, rəngarəng, gözə girəndirsə, bu zaman orda zərif aksessuarlara müraciət etmək daha düzgündür. Geyim sadədirsə, onun üzərində gözə görünən həcmli, maraqlı, iri aksessuarlardan istifadə etmək olar. Təbii materialdan hazırlanan bəzək əşyalarına üstünlük vermək məsləhətdir. Üzümüzə gələn at ili, göytaxta at ili olduğundan daha təbii materiallardan, məsələn, taxtalardan, fərqli ağaclardan hazırlanan bəzək əşyalarından çox istifadə ediləcək. Həmçinin həsirdən, təbii daşlardan hazırlanmış bəzək əşyaları da at ilində üstünlük təşkil edəcək.

Təbii daşlardan, akvamarin, mirvari, topaz və zümrüddən daha çox istifadə ediləcək. Yeni il gecəsində də xanımların geyimlərini məhz bu daşlardan hazırlanan zinət əşyaları ilə tamamlamaları məsləhətdir.

- Geyim formalarında nə kimi dəyişiklik olacaq?

- 2014-cü ildə geyimlərdə forma olaraq həm rahat geyim üslubu, həm də bir neçə siluet forması dəbdə olacaq. Həcmli, sadə, həndəsi fiqurların fərqli formaları, dördbucaq, düzbucaq, trapesiya, dairə və oval formalar da bu ilin dəbinə daxildir. Gələn il bədəni saran sviterlər, düz və ya ətəyə doğru daralan şalvarlar, geniş kəsimli ətəklər, orta uzunluqda biçilən romantik paltarlar, uzun və qısa həcmli ətəklər, ətək-karandaşlar, geniş kəsimli uçuşan ətəklər, bədənəyatımlı koftalar, vadalaskalar, qısa jaketlər, həmçinin də ətəyə doğru enlənən şalvarlar aktual olacaq.

- Ayaqqabı modelləri haqqında da məlumat verərdiniz.

- Artıq döşüyastı olan ayaqqabı modelləri daha çox gündəmdədir. Uc hissəsi yarpaqvari və daha çox üçbucaq formalı ayaqqabılara da üstünlük veriləcək. Bunlarla yanaşı, döş hissəsi hündür, oval formalı olan ayaqqabı modelləri də yerini qoruyub saxlayır. Ayaqqabılarda daha çox gümüşü, qızılı rənglər üstünlük təşkil edəcək. Çəkmələrdə isə dizədək, dizdən hündür, topuqdan bir az hündür olan çəkmələr öz aktuallığını qoruyacaq. Gələn il həm yastıdaban, həm də dikdaban ayaqqabılar dəbdə olacaq.

- At ilində çanta dəbində xanımları nə kimi yeniliklər gözləyir?

- Demək olar ki, dəbdə bir çox formalar öz yerini qoruyub saxlayır və istifadə olunur. Hər zaman olduğu kimi həm kiçik, həm də böyük ölçülü çantalardan istifadə olunacaq. Qeyri-adi elementlər özünü göstərsə də, sakit formalar hər zaman zövqlə, rahatlıqla istifadə edilir, mövqeyini qoruyub saxlayır. Çantalar insanın xarakterinə, rahatlığına uyğun olaraq istifadə olunan bir aksesuardır. Ona görə də xanımlar istədikləri çantalardan istifadə edə biləcəklər. Qeyri-adi və konvert formalarda olan çantalar da dəbdə olacaq.

- Üst geyimlərdə hansı formalar daha çox özünü göstərəcək?

- Paltolara dəb aləmində daha çox diqqət yönəldiləcək. Əsasən həcmli görüntüsü olan, trapesiya formalı, qaşların və aksesuarların köməyi ilə heyrətamiz formalı paltolar aktual olacaq. Gələn ildə təqdim olunan geyim formalarının əksəriyyəti düz və bədənə yatımlı siluetlərlə daha çox zəngindir. Sadə formalar fərqli ölçülü və həcmli xanımların hamar və xoş görünüşünə nail olur. Klassik və asimmetrik palto formaları həcmli xanımlara çox gözəl yaraşır. Oval siluetlər, geniş və həcmli formalar, enli çiyinlər və s. dəbə geri dönəcək.

- Nələr dəbdən düşəcək?

- Tam olaraq heç nə dəbdən getmir. Çünki dəbdə olan geyim üzərinə naxışlar və başqa detallar əlavə olunur. Bununla yanaşı, köhnə illərin modası aktuallaşır və yeni interpretasiyada təqdim olunursa, son zamanlarda heç nə tam olaraq dəbdən uzaqlaşmır. 70-80-ci, həmçinin 90-cı illərin modası da bu il özünü göstərəcək. Çox az insan var ki, dəbə uyğun geyinməyə çalışır. Zövqlü görünmək və getdiyin yerə uyğun geyinmək çox önəmlidir.

Stilist-vizajist Nərmin

- Makiyajda hansı rənglər dəbdə olacaq?

- Makiyajda dodaqlar ön planda olacaq. Məsələn, zoğalı dodaq boyası çox aktualdır. Qəhvəyinin tünd tonları və qaraya çalan zoğalı rənglər çox dəbdədir.

- Göz makiyajında nələr aktual olacaq?

- Dodaqlarda çox qabarıq rənglər aktual olduğu üçün sadə göz makiyajları dəbdə olacaq. Bir çox göz kölgəsi indi bir o qədər də dəbdə deyil. Ağ dəri daha çox gündəmdədir.

- Saç kəsimləri və rənglərində nələr dəbdə olacaq?

- Qısa saçlar, qısa kəsimlər, qısa havalı buruqlar, və kare saçlar çox aktualdır. Amma bu o demək deyil ki, yaraşdı-yaraşmadı hamı saçlarını qısa kəsdirməlidir. Qısa saçlar dəbdə olmasına baxmayaraq, uzun saç modelləri, havalı dalğalar da aktualdır. Açıq rənglər aktual deyil, əsasən qəhvəyinin çalarları və qaraya doğru gedən rənglər dəbdədir.

- "Brejnevsayağı" qalın qaşlar neçə ildir ki, dəbdədir. At ilində də öz aktuallığını qoruyub saxlayacaq?

- Qalın, alınmamış və təbii qaşlar bu il də dəbdə olacaq. Amma üz quruluşu da nəzərə alınmalıdır.

- Keçən illə müqayisədə nələr dəbdə olmayacaq?

- Qara göz kölgələri, ərəbsayağı makiyajlar dəbdə deyil. Daha çox Avropa üslubunda olan makiyajlar aktualdır.

- Makiyajda nə trend olacaq?

- Zoğalı dodaq boyaları trend olacaq. Amma zoğalı tonları hər dodaq quruluşuna yaraşmır. Dodaqlar çox gözəl olmalıdır ki, o rəngi gözəl daşıya bilsin.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.