Şou-biznes

Azərbaycanlı müğənni: "Elə bir insanla ailə həyatı qurmaq istərdim ki..." - FOTOSESSİYA

29 Aprel 2013 09:30
0 Şərh     Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Leyla Ramazanlının Milli.Az-a müsahibəsi.

- Leyla xanım, sənətə kimlərin köməkliyi ilə gəlmisiniz?

- Mən hələ uşaqlıqdan "Cücələrim" rəqs ansamblında çıxış etmişəm. İlk çıxışım 3 yaşımda Heydər Əliyev Sarayında olub. Bundan başqa, dövlət  televiziyasında "Pəncərə", "Sehrli güzgü" adlı uşaq verilişlərinin də aparıcısı olmuşam. Sonradan peşəkar səhnəyə qədəm qoydum.

- Ailənizdə sizdən başqa incəsənət sahəsində olan varmı?

- Mənim babam da, dayım da şairdirlər. Müğənni olmaq ailədən tək mənə qismət oldu.

- Sizin bu seçiminizə ailənizdə necə münasibət bəslədilər?

- Bizim ailəmiz ziyalı bir ailədir. Babalarımın ikisi də professordur. İncəsənətə gələndə başqalarının fikri mənim üçün önəmli deyildi. "Bu nə dedi, o nə dedi" kimi sözlərin mənim üçün heç bir əhəmiyyəti yox idi. Mən özüm bilirəm ki, düz yolda irəliləyirəm. Ona görə də boş sözlərə bir o qədər də önəm vermirəm. Vaxtilə kimlərsə də məni dəstəkləmirdilərsə, bu gün onlar məni çox gözəl dəstəkləyirlər (gülür). Düşünürəm ki, bu sənətdə uğur əldə etmişəm.

- "Ulduz" sözü ilə "müğənni" sözünün fərqi nədədir?

- Bütün dünyada müğənnilərə, tanınmış simalara "ulduz" deyə müraciət edirlər. Bizdə bu sözü çox vaxt lağ mənasında işlədirlər. Məsələn, "O artıq ulduzdur, özündən razıdır" kimi sözləri eşidirik. Bu sözə də münasibətim çox normaldır. Təbii ki, lağ mənasında işlədilməyəndə...

- Özünüzü hansına aid edirsiz - ulduza, yoxsa müğənniyə?

- Mən müğənniyəm, amma ulduz deyirlərsə, lap yaxşı, qoy desinlər (gülür).

- Bildiyimə görə, daha çox dayınızın mahnılarına müraciət edirsiniz...

- Dayım Arzu Əsədovun bir neçə seirlər kitabı var. Mahnılarımın sözlərini daha çox dayım yazır. Bir çox müğənnilərimiz də ondan mahnı sözləri istəyiblər. Hətta mənə də müraciət edənlər olub. Amma hələ ki, yazdığı mahnı sözlərini eksklüziv olaraq mən oxuyuram. Dayımla işləmək mənə çox rahatdır. Amma Nadir Əzimov, Baba Vəziroğlu, Vahid Əziz, Faiq Sücəddinov, İsmayıl Əsədov, Pərviz Mahmudov, Vüsalə Hikmət, Nailə Mirməmmədli kimi bəstəkarlarla da işləmişəm. Demək olar ki, 6-7 yaşımdan sırf peşəkar bəstəkarla çalışmışam. Əsas odur ki, mahnı və mahnının sözləri ürəyimə yatsın.

- Leyla xanım, bu günə kimi hansısa müğənni ilə duet oxumamısınız. Duet oxumaq istəsəniz, kimlə oxuyardınız?

- Çox vaxt mənə deyirlər ki, niyə duet oxumursan? Sözün düzü, təkliflər çox olub, sadəcə, qeyri-adi, mən istədiyim bir təklif almamışam. Duet haqda düşünürəm, amma hələ ki, bu bir sirr olaraq qalsın (gülür).

- Pərəstiş etdiyiniz azərbaycanlı müğənni varmı?

- Mən Brilliant Dadaşovanın səsini çox bəyənirəm. Çox gözəl incəliklə mahnılarını ifa edir. Zeynəb Xanlarova, Flora Kərimova kimi sənətkarları da sevirəm. Biz onların mahnıları ilə böyümüşük.

- Müğənni olmağınız şəxsi həyatınıza mənfi təsir etdimi?

- Əksər müğənnilər deyirlər ki, müğənni oldum, ailə həyatı qura bilmədim. Yaxud şəxsi həyatımda işlərim yolunda getmədi. Onlar, yəqin, bu cür sözlər deməklə öz "imiclərini" dəyişmək istəyirlər. Bu sahə elə bir müqəddəs sahədir ki, sən ancaq yeni işlər üzərində çalışmalısan. Mən müğənni olandan sonra həyatımda bir çox şeylər dəyişdi. Tamaşaçılar tərəfindən sevildim, mahnılarım dillər əzbəri oldu. Hara gedirəmsə, çox böyük hörmətlə məni qarşılayırlar. Bunlar da yəqin, müğənninin şəxsiyyətinə verilən bir hörmətdir.

O ki qaldı şəxsi həyatıma... Mən inanıram ki, vaxtı gələndə məni və sənətimi sevən birisi ilə ailə həyatı quracağam. Elə bir insan da yoxdur ki, mənə nəsə qadağalar qoysun. Təbii ki, qadağalar da qoyulsa, özüm də qəbul etmərəm. Çünki mənə yaxınlaşan insan artıq bilir ki, mən müğənniyəm. Elə bir insanla ailə həyatı qurmaq istərdim ki, sənətimdə həmişə mənə dəstək olsun. İnanıram ki, belə də olacaq.

- Amma hər dəfə siz fikirləşdiyiniz kimi də olmur...

- Olmasa da, vallah, olmayacaq (gülür). Bu problem təkcə müğənnilikdə deyil. Elə kişilər var ki, istəmirlər ki, qadınları müəllim, həkim, yəni hər hansı peşənin sahibi olsunlar. Bizim də elə müğənnilərimiz var ki, ailə həyatı qurandan sonra sənətlərini davam etdirmirlər. Bu da onların öz ailələri arasında olan anlaşmadır. Şəxsən mən ailə qurandan sonra da mütləq sənətimi, yaradıcılığımı davam etdirəcəyəm. Əgər sənətimi davam etdirməyəcəyəmsə, niyə bu qədər əziyyətlər çəkirəm? Bütün bunların hamısını gələcəyimə görə edirəm.

- Klip çəkdirirsiniz, mahnı yazdırırsınız, bəs maddiyat tərəfdən necə, qane olursunuz?

- Səhnədə yeni addımlayanda dayım Arzu Əsədov mənə həm maddi, həm də mənəvi dəstək oldu. Artıq bu sahədə püxtələşə-püxtələşə öz qazancım da olur. Qazancımı da sırf kliplərimin, mahnılarımın, geyimlərimin üzərinə qoyuram. Bunu hamı bilir ki, müğənni konsertdən heç bir şey qazanmır. Bizdə də  elə bir sponsor yoxdur ki, müğənninin bütün konsert ehtiyaclarını qarşılasın. Bunun üçün də toylara, digər məclislərə gedirəm.  

- Toya gedərkən sizdən ən çox hansı mahnınızı oxumağınızı istəyirlər?

- Elə mahnım var ki, məni toya sırf ona görə çağırırlar. "Mənim bütün mahnılarım sənin üçün oxunur" adlı mahnımın sədaları altında gəlinlə bəy toyda ilk rəqslərini edirlər. Bundan başqa, "Sehrbaz" adlı mahnıma da toylarda tələbat var.

- Konsertlər, kliplər və fotosessiyalar edərkən stilistlərlə çalışırsınızmı?

- Bacım Xavər həm də mənim kliplərimin rejissorudur. Bu işlərdə həmişə o mənə kömək edir. Səhnə geyimlərimi də özüm seçirəm. Konsertdə ola bilər ki, hansısa stilist, vizajist mənə yardımçı olsun. Öz zövqümə güvənirəm, ona görə də fikiləşmirəm ki, xüsusi stilist ilə çalışım. Məni başqa insan makiyaj edəndə xoşlamıram, çünki mənə yaraşan makiyajı yalnız özüm bilirəm.

- Kaprizli xanımsınız?

- Yox, bir o qədər də kaprizim yoxdur. Amma çox vaxt əsəbi, deyingən ola bilirəm. Bunu boynuma alıram (gülür). İşlərimə qarşı həddindən artıq məsuliyyətliyəm. Öz işimi heç kimə etibar etmirəm.

- Ən böyük uğurunuz hansı olub?

- Mən artıq neçə illərdir səhnədəyəm. Bu illər ərzində çox uğurlarım olub. 17-ci klipimin işıq üzü görməyinə çox az qalıb. Türk müğənnisi Emre Aydınla olan konsertim mənə çox uğur gətirdi. İnşallah, bu konsert efirdə də yayımlanacaq. Ortada bir iş yoxdursa, "konsert verdim" deyə heç vaxt konsert vermərəm. Həmişə də çalışıram ki, üzərində işlədiyim iş kənardan gülünc görünməsin.

- Yeni mahnı, yaxud klip üzərində çalışırsınızmı?

- "Göy qurşağı" adlı yeni mahnım artıq hazırdır. Yay fəslinə uyğun ritmik bir mahnıdır. Bu mahnıma da tezliklə klip çəkdirməyi düşünürəm. Bir neçə mahnı da var ki, onları yaxın zamanlarda təqdim edəcəyəm. Mən, ümumiyyətlə, xaraktercə çox qoçaq insanam, işləməkdən heç bir zaman qorxmuram.

- Amma bir çox müğənnilər bu gün qalmaqal ilə də gündəmə gəlirlər...

- Heç bir vaxt qalmaqalla gündəmə gəlməmişəm. Qalmaqal müğənniyə piar üçün lazımdır. Çalışıram ki, adımı qoruyum, heç bir qalmaqalda adım olmasın. Ancaq qalmaqal olanda da olur da (gülür). İndiyə kimi heç bir müğənni ilə problem yaşamamışam. Mən öz həmkarlarıma qarşı çox mehribanam, hamısı ilə də münasibətim çox yaxşıdır. Vaxtım da yoxdur ki, günümü bu cür işlərə sərf edim.

- Əylənməyi sevirsiniz?

- Bəli, əyləncəni sevirəm. Yay aylarında anamla bərabər gəzintiyə çıxıram. Səs-küylü yerdə dincəlməyi xoşlamıram. Gözlər üzərində olanda insan rahat olmur. İnsanların içərisində heç bir kompleks yaşamıram. Darıxanda isə rəqslə məşğul oluram, boş vaxtımda canlı məşqlərimiz olur. Dincəlməyim də hamısı işlə bağlı olan əyləncələrdir. Mən həmişə bütün çıxışlarımı rəqqaslarımla edirəm. Bunun üçün də biz mütəmadi məşqlər edirik. Çox sevinirəm ki, insanlar məni Azərbaycan şou-biznesində çox dinamik və fərqli performanslar göstərən sənətçi kimi sevirlər.

Əli Novruzəliyev
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

















































































Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.