Şou-biznes

Azərbaycanlı müğənni: "Mən ona heç vaxt yol vermirəm"

20 Dekabr 2012 09:30
0 Şərh     Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Natavan Həbibinin Milli.Az-a müsahibəsi.

- Natavan Həbibi dedikdə ilk nə yada düşür?

- Üç il əvvəl deyəndə "W-trio" yada düşürdü, indi, məncə, "Damlalar" mahnım. Nə yaxşı ki, Natavan dedikdə mahnılarım yada düşür, yəni başqa söhbətlər yada düşmür.

- Natavan hal-hazırda "one"dır?

- Nata "one"dırsa, deməli, bu adı doğrulduram, bu mənim dostum Vasonun fikridir. Məncə, Nata elə "Nataone"dır.

- "Döymə taxta qapımı, sındıraram dəmir darvazanı" misalına Natavan nə dərəcədə əməl edir?

- Bu atalar sözü tam mənlikdir. Kim mənə hörmət edirsə, onqat hörmət göstərirəm, kim ki mənə qarşı pisdirsə, ona onqat pis oluram. Mən özümə qarşı hörmətsizlik görəndə onu dərhal həmin insana hiss elətdirirəm.

- Əldə etmədiyiniz nəsə və ya kimsə var?

- Mən o insanlardanam ki, kifayətlənmirəm. Hər zaman irəli getməyi, əldə etdikcə davamını gətirməyi sevirəm. Yerimdə sayan insan deyiləm.

- Sizə dəstək olan çoxdur, yoxsa ayağınızdan dartan?

- Mənə dəstək olanlar mənim ailəm, dostlarım, mənə əziz olan insanlardır. Yolumu kəsən, ayağımın altını qazanlar var, amma mən deyə bilmərəm ki, onlar öz istəklərinə nail olurlar, xeyr. Mən ona heç vaxt yol vermirəm. Ona görə də mənə dəstək olanlar daha çoxdur.

- Kimlər sizi həzm edə bilmirlər?

- Şou-biznesdə məni həzm edə bilməyənlər mənə çata bilməyən, mənim kimi oxuya bilməyən insanlardır.

- Müğənnidən adama dost olar?

- Son zamanlar bəzi həmkarlarım çıxıb efirdən deyirlər ki, müğənnidən insana dost olmaz. Əslində, sənət insanında eqo o qədər var ki, onlar istəyirlər ancaq onları sevsinlər, onların işlərindən danışsınlar, yəni bəlkə də, buna görə müğənnilər bir-birləri ilə dostluq etmirlər. Amma bir-birlərinə mane olmayan və dost münasibəti quran müğənnilər də var, mənim də dostlarım var. Mən deyə bilmərəm ki, hamı mənə paxıllıq edir, hamı mənə mane olmaq istəyir, yox, dostlarım var.

- Natavan Həbibi indi bizə nə desə, biz şoka düşə bilərik?

- Şoka salmaq yox, onu deyə bilərəm ki, bu yaxınlarda Beyonsun repertuarından mahnı ifa etmişəm, o mahnıda səsimi tam göstərmişəm. Mənim hələ ki, səs baxımından belə güclü mahnım olmamışdı. Bundan sonra belə çətin mahnılar ifa edəcəm. Bəstəkarlarıma da tələbim odur ki, mənə bu üslubda mahnılar yazsınlar.

- "Bağışlamayacam!" dediyiniz insanı nə vaxtsa bağışlamısınız?

- Yox. Bir dəfə dedimsə bağışlamayacam, elə sözümün də üstündə dururam. Əgər kimdənsə cüzi pislik görmüşəmsə, hə, ola bilər ki, onu bağışlayım. Amma yenə də heç nəyi unutmuram və çalışıram, o insanları ətrafımdan uzaq tutum.

- Elnarə, yoxsa Röya?

- Hər ikisi mənə əzizdir.

- Üzünüzə gülüb, arxanızca danışanların üzünə nəsə deyirsiz?

- Hər zaman deyirəm, ona görə çoxları məni xoşlamırlar ki, hər şeyi üzə deyirəm.

- Hansı mahnınıza dayanmadan qulaq asmısız?

- Mən yeni yazdırdığım bütün yeni mahnılarıma dayanmadan 1 həftə qulaq asıram, çalışıram mahnını özümünküləşdirim. Amma qaldi ki, sevdiyim mahnıya - "Qismət ayıranda", Muxtarın mahnısı, sözləri mənə məxsusdur, o mahnıya ayda üç dəfə qulaq asıram. Musiqisini çox bəyənirəm.

- Sizi təkrarlayanlar var?

- Var, görürəm, arada mənim boğazlarımı etmək istəyənlər olur, geyim stilimi təkrarlayanlar var. Amma dəqiqlik yoxdur, məni təkrarlamaq çox çətindir.

- Bu yaxınlarda Natavan Həbibini tamaşaçılar münsif olaraq da görəcəklər. Həbibi necə bir münsif olacaq?

- Çox-çox sərt. Bu iş baş tutsa, əsl Azərbaycan səsi axtaracam, tam özümə layiq müğənni axtaracam orada.

- Natavan Həbibi qarşıda hansı yeniliklərə imza atacaq?

- "Damlalar" klipinin son çəkilişləri oldu. Artıq o klipi ilin sonuna hazır edəcəyik, sonra "Düşünürəm" mahnımın yeni versiyasına klip çəkmək istəyirəm. Yeni ildə burada olmaq istəmirəm. Ya daha isti ölkəyə, ya da daha soyuq ölkəyə getmək istəyirəm, əslində xizək sürməyi öyrənmək istəyirəm. Hələ ki, fikirləşirəm, tam dəqiqləşdirməmişəm.

Lalə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.