Şou-biznes

Azərbaycanlı müğənni: "Hətta bir nömrə Aygün Kazımova..."

13 Dekabr 2012 09:30
0 Şərh     Baxış: 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Samir Piriyevin Milli.Az-a müsahibəsi.

- Tamaşaçıların gözünü və qulağını yoran müğənnilər siyahısında özünüzü görmürsünüz?

- Mən hələ bu günə qədər yaradıcılığımda elə hərəkət etməmişəm ki, tamaşaçının gözündən düşəm və ya kimsə mənim səsimdən, özümdən yorulsun. Çox şükür ki, hələ mənə heç kəs "sən bizi bezdirmisən" sözünü deməyib.

-  Bəs sizin bir tamaşaçı olaraq efirdə gözünüzü yoran həmkarınız var?

- Mən adətən kimisə efirdə çox və mənasız şəkildə görəndə, sadəcə, kanalı dəyişirəm.

- Bu vaxta qədər hansısa həmkarınız ilə qalmaqalınız olub?

- Nəinki özümü reklam etmək və məqsədyönlü qalmaqallarım, heç doğruçu qalmaqallarım da olmayıb.

-  Bir çox kişi müğənnilər bir müddət gündəmdə qalmaq üçün Faiq Ağayevlə qalmaqal edib populyarlıq əldə ediblər. Sizin Faiq Ağayev ilə aranız dəyməyib ki?

- Əvvəla, mən böyük-kiçik yeri bilən insanam. Faiq Ağayev sənətdə də, yaşda da məndən böyükdür. Şou-biznesi yaradan adamlardan biridir. Onun savadına və sənətinə böyük hörmətim var. Və bu hörmət bilirəm ki, qarşılıqlıdır. Başqalarından fərqli olaraq mənlə Faiq Ağayev arasında heç bir qalmaqaldan söz ola bilməz.

- Təqribən neçə yaşda sənətdən ayrılmaq istərdiniz?

- Bir müddət uzaqlaşmışdım sənətdən. Amma gördüm ki, boğuluram, xəstələnirəm. Daxilimdə olan musiqi sevgisi mənə qalib gəldi. Hər kəsin musiqiyə sevgisi ola bilər, amma hər adama Allah Təala səs və istedad vermir. Əgər Allah mənə səsi əmanət veribsə, mən ona xəyanət edə bilmərəm. Özü nə vaxt məsləhət bilsə, o vaxt da məni sənətdən uzaqlaşdırar.

- Şou-biznesdə nəyi dəyişmək istərdiniz?

- İnanırsız, bu sual lap ürəyimdən xəbər verdi. Ümumiyyətlə, istərdim ki, toylarımız bir-iki saat keçsin. Gəlib toyda səhərdən axşama kimi oynamasınlar, axşam stollara israfçılıqla düzülən yeməkləri yeyib, gedib evdə mədələrinin ağrısını çəkməsinlər. Bütün bunlar səhhətə ziyandır. Cavanları, bəlkə də, başa düşmək olar, amma bir də görürsən yaşlı adamlar 6-7 saat oynayır, ifrat dərəcədə yeyirlər. Çox görmüşəm toydan sonra xəstəxanaya gedənləri. Ona görə də, məncə, toyların vaxtı və təqdim olunan qidalar məhdudlaşdırılsa, çox gözəl olar.

- Konsert verməməyinizin səbəbi maddi çətinliyinizdi, yoxsa tamaşaçı qıtlığıdı?

- Bilirsiniz, bizim tamaşaçılar yad ulduzlara daha çox dəyər verir, nəinki bizə. Bizi özlərinə əl çatan bildikləri üçün keçirəcəyimiz konsertlərə bilet almağı bizə çox görürlər. Amma başqa ölkənin az tanınan bir müğənnisi belə gəlsə, bizim tamaşaçılar o konsertə çox baha qiymətə biletlər əldə edirlər. Bu, məni, əlbəttə ki, incidir. Ona görə də mən tərəfdən heç bir konsertdən söz ola bilməz. Hətta bir nömrə Aygün Kazımova və bir çoxları da keçirdikləri konsertdən əminəm ki ziyanla çıxıblar. Mən prestijim üçün konsert verməyəcəm.

- Özünüz haqda yalan şayiə eşitmisiniz?

- Şayiə qalsın bir yana, hələ həmkarlarımın bəziləri məni axtaran toy yiyələrinə deyirlər ki, gah Samir Bakıda yaşamır, gah Türkiyəyə köçüb. Hələ deyirlər ki, guya Samirin səsi batıb oxuya bilmir. Bütün bunları toyları əlimdən almaq üçün edirlər. Amma bilmirlər ki, ruzini verən Allahdır. Paxıllıq çox pis xəstəlikdir. Allah həmin insanlara şəfa versin.

- Siz plastik və estetik əməliyyat keçirən kişi müğənnilərin siyahısında varsınız, yoxsa yox?

- (Gülür) Mən o plastik əməliyyat keçirən həmkarlarıma demək istəyirəm ki, Allah məsləhət bilsəydi, bizi elə yaradardı. İnsan hər halı ilə gözəldir. O, əsas vermir ki, sən səhnə adamısansa, mütləq plastik əməliyyat etdirib özünü min cildə salmalısan. Bəzi qadın müğənnilərimiz var ki, məndən inciməsinlər, amma onları görəndə elə bilirəm, əvvəl kişi olublar, sonra qadına çevriliblər. Plastik əməliyyatla gözəlləşmək əvəzinə, eybəcərləşir, bir birinə bənzəyirlər. Başqa ölkələrin o qədər yaraşığı olmayan, amma çox sevilən minlərlə sənətçiləri var ki. Məsələn, Kibariyyə, Sertap Erener, İşın Karaca, Mark Entoni və bir çoxları. Onlar plastik əməliyyat etdirməyiblər, sevilmirlər ki? Yəni onu demək istəyirəm ki, sevilmək üçün plastik əməliyyatlar bir bəhanədir.

Lalə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.